Məhkəmə qərarları › İş №2-1(103)-751/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-751/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-751/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «ehtiyata buraxılması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8005/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək N nömrəli hərbi hissənin rabitə şöbə rəisinin radirabitə üzrə baş köməkçisi vəzifəsindən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (‘'öz arzusu ilə”) əsasən ehiyata buraxılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il tarixdən Ordu Sıralarında xidmətdədir. xx.xx.2002-ci il tarixdən leytenant rütbəsini alaraq xidmətə başlamışdır. Hal-hazırda N nömrəli hərbi hissənin rabitə şöbə rəisinin radiorabitə üzrə baş köməkçisi vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddənin “J” bəndinə (öz arzusu ilə) əsasən ehtiyata buraxılmağı üçün yuxarı komandanlığa raportla müraciət etsə də, artıq 5 aydan çox vaxt keçməsinə baxmayaraq iddiaçının hüquqları kobud şəkildə pozularaq Ordu sıralarından tərxis olunmamışdır. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə yenidən ərizə ilə Müdafiə Nazirinə müraciət edərək Ordu Sıralarından tərxis olunmağı xahiş etmişdir. Lakin cavabdeh orqan hərəkətsizlik nümayiş etdirmişdir Cаvаbdеh iddia ərizəsinə dair münasibətini yazılı vəsatətlə ifaddə edərək bildirmişdir ki, iş üzrə icraat dayandırılmalıdır. Belə ki, İddiaçı ehtiyata buraxılmasına dair N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 29 sentyabr 2022-ci il tarixli raportu N nömrəli hərbi hissədə hazırda baxılmaqdadır. Bakı İnzibati Məhkəməsi tərəfindən 01 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin həmin vəsatəti, iddiaçının Müdafiə Nazirliyi 550 №-li Hərbi Hissənin xx.xx.2023-cü il tarixli 18 saylı arayışına əsasənhəmin hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant rütbəsində xx.xx.1998-ci il tarixdən xx.xx.2002-ci il tarixədək kursant, xx.xx.2002-ci il tarixdən bu günədək zabit qismində Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdə olduğu əsas gətirilməklə, təmin edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8005/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və N nömrəli hərbi hissənin rabitə şöbə rəisinin radiorabitə üzrə baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, şikayət üzrə apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Məhkəmənin qərarı əsassızdır. Belə ki, iddiaçı 15 avqust 1998-ci il tarixdən 26 iyul 2002ci il tarixədək kursant, 26 iyul 2002-ci il tarixdən bu günədək zabit qismində Azərbaycan Ordusunda xidmət edir. O, 29 sentyabr 2022-ci il tarixdə ehtiyata buraxılmasına dair raportla N nömrəli hərbi his sə komandirinə müraciət etdikdən sonra cavabdeh tərəfindən müvafiq tədbirlər görülmüş və prosedurlara riayət edilmişdir. Lakin, iddaçı “Hərbi xidmətkeçmə haqqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzusu ilə) ehtiyata buraxılmasına dair raportla müraciət etsə də öz üzərinə düşən müvafiq öhdəliyi yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi, “Qırmızı Şərq 1” hərbi şəhərciyində xidməti mənzillə təmin edilmiş, iakin mənzili təhvil verməmişdir. İddiaçı ilə 10 dekabr 2012-ci il tarixli 30 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. İddiaçı 10 dekabr 2012-ci il tarixli iltizam imzalayaraq 10 dekabr 2012-ci il tarixli 30 nömrəli kirayə müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehtiyev küçəsi, “Qırmızı Şərq-1” hərbi şəhərciyi bina 136, mənzil 149 ünvanında 3 otaqlı 59.6 kv.m olan xüsusi təyinatlı yaşayış sahəsini xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən (vəzifədən) azad edildikdə və s. hallarda Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinə təhvil verməyi öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş, xidməti mənzili təhvil verməmişdir...” Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş tərəflər (nümayəndələri) məhkəməyə gəlməmiş İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçının tələbindən göründüyü kimi, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) ehtiyata buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması baarədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına, o cümlədən, iddia ərizəsinə, cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən olunur ki, iddiaçının 15 avqust 1998-ci il tarixdən 26 iyul 2002ci il tarixədək kursant, 26 iyul 2002-ci il tarixdən bu günədək isə zabit qismində Azərbaycan Ordusunda xidmət etdiyi işin mübahisələndirilməyən hallarıdır. Eyni zamanda,iş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə xidmət etdiyi N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisinə və hərbi hissə komandirinə raportlarla müraciət edərək “Hərbi Xidmətkeçmə Haqqında” əsasnamənin 156-cı maddəsinin “J” bəndinə (öz arzu il) əsasən ehtiyata buraxılması barədə yuxarı kondanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmiş, lakin onun həmin müraciətlərinə məhəl qoyulmamış, bundan sonra onun Müdafiə Nazirliyinə onun qeyd olunan əsasla ehtiyata buraxılması barədə ərizəsi də icra olunmamış qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının öz arzusu ilə ehtiyata buraxılmaq hüququ məhdudlaşdıra bilməz. Çünki hərbi qulluqçuların öz arzusu ilə ehtiyata buraxılmaq hüququ qanunvericiliyin imperativ göstərişləri ilə müəyyən edilmişdir: Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.9-cu maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçulardan yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Eyni zamanda, «Hərbi xidmətkeçmə haqqında” Qanunun 156-cı maddəsinin «j» bəndinə əsasən yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Qanunvericiliyin qeyd olunan normalarından aydın görünür ki, azı 10 il xidmət etmiş zabit öz arzusu ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmasına dair müvafiq müraciəti mövcud olduğu təqdirdə ehtiyata buraxılmalıdır. Konkret halda da məhz, iddiaçının öz arzusu ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılması üçün həmin faktiki şərtlər mövcuddur. Belə ki, onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi 10 ildən də artıq (25 ilə yaxın) həqiqi hərbi xidməti mövcuddur. Belə olan halda, cavabdeh orqan tərəfindən iddiaçının öz arzusu ilə ehtiyata buraxılması barədə müraciətinin yaşadığı xidməti mənzilin təhvil verilməməsi əsası ilə onun cavabdeh tərəfindən təmin edilməməsi əsası ilə qanuna ziddir. Ən azından qanunda qeyd olunan əsasla iddiaçının ehtiyata buraxılmaq hüququnu məhdudlaşdıran norma mövcud deyil. Bununla bağlı mübahisənin yaranmasına, o cümlədən onun həmin mənzildən çıxarılması məsələsinə gəldikdə bu hal mülki mübahisənin predməetinə təşkil edə bilər. Odur ki, qeyd olunanlar baxımından cavabdehin apellyasiya şikayətinin iddiaçının ehtiyatdan buraxılmasını əngəlləyən hərəkətləri, o cümlədən, iddiaçı tərəfindən yaşağı mənzilin təhvil verilmədiyi əsas gətirilməklə, dolayısı ilə onun öz arzusu ilə ehtiyata buraxılmasını əngəlləyən dəlilləri əsassızdır və onun qanunla qorunan hüquqları pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8005/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8005/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar