Məhkəmə qərarları › İş №2-1(103)-752/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-752/2021

03.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-752/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Binəqədi xidmət nümayəndəliyinə qarşı “işlədiyi illərin iş stajı hesab edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı “işlədiyi illərin iş stajı hesab edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3705/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx xxxx 1957-ci ildə Cəlilabad rayonunda doğulmuşdur. xx xxxxxx 1974-cü ildə Cəlilabad rayonu, “Səfərəliyev” adına üzümçülük sovxozu 6 saylı briqadada fəhlə vəzifəsində işləmişdir. xx xxxxxx 1993-cü il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Sonradan xx.xx.2002-ci ildə Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzəfəsində işləmişdir. xx.xx.2010-cu il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. Bu barədə onun əmək kitabçasında müvafiq qeydiyyat aparılmışdır. Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində işləyən zaman ona Dövlət Sosial Sığorta Şəhadətnaməsi verilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı xx xxxxxx 2020-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların (yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim edilən sənədlərə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 22 il 03 ay 25 gün sığorta stajı vardır. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə əmək kitabçasında xx.xx.2010-cu il tarixədək 18 saylı Mənzil Kommunal istismar sahəsində işləməsi barədə qeyd olunmasına baxmayaraq, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə PAS (X7) sistemində heç bir məlumat əks edilməmişdir. xx.xx.2006-cı il tarixindən sonra sığorta stajı yalnız məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi və fərdi hesabın sığorta hissəsində pensiya kapitalının əks edilməsi şərti ilə nəzərə alınır. İddiaçının fərdi hesabının sığorta hissəsində hər hansı bir pensiya kapitalı əks edilmədiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda əmək pensiyası almaq üçün cavabdehə müraciət etdikdə ona bildirilmişdir ki, əmək kitabçasında 78 saylı MKİS-də işləməyi qeyd edilsə də, onun məcburi dövlət sığorta haqlarının ödənilməsi barədə PAS sistemində heç bir məlumat əks edilməmiş və fərdi hesabında sığorta hissəsində hər hansı bir pensiya kapitalı əks edilmədiyindən ona yaşa görə əmək pensiyasi təmin edilə bilməz. Göründüyü kimi, onun xx.xx.2002-ci ildən xx.xx.2010-cu ilə kimi işlədiyi iş stajı kimi hesab edilmir. Halbuki o, xx.xx.2002-ci ildən xx.xx.2010-cu il tarixə kimi Bakı şəhəri MKTBnin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzəfəsıində işləmiş və ona Sosial Sığorta şəhadətnaməsi də verilmişdir. Lakin idarənin təqsiri səbəbindən ondan məcburi sosial sığorta haqları tutulmamışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı xx xxxxxx 1974-ci ildən xx xxxxxx 1993-cü ilə qədər Cəlilabad rayonu, “Səfərəliyev” adına üzümçülük sovxozu 6 saylı briqadada fəhlə vəzifəsində çalışdığını, sonradan xx.xx.2002- ci ildən xx.xx.2010-cu ilə qədər Bakı şəhəri Mənzil Kommunal Təsərrüfat Birliyinin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işlədiyini bildirərək, yaşa görə əmək pensiyası almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinə müraciət etmişdir. İddiaçı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə PAS sistemində heç bir məlumat əks edilmədiyindən və fərdi hesabın sığorta hissəsində hər hansı məbləğdə pensiya kapitalı əks edilmədiyindən Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi tərəfindən vətəndaşa yaşa görə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır. Binəqədi rayon Şöbəsi tərəfindən verilmiş imtina tamamilə əsaslı və qanuni olmuşdur. Belə ki, pensiyanın təyin olunması və hesablanması üçün vacib şərtlərdən biri şəxsin işlədiyi dövr ərzində aldığı məvacibdən məcburi sosial sığorta haqqını ödəməsidir və məhz məcburi dövlət sosial sığorta haqları şəxsin gələcək pensiya təminatının məbləğini formalaşdırır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il İyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Digər tərəfdən həmin qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Eyni zamanda, “Sosial sığorta haqqında” Qanunun 8-ci maddəsinə müvafiq olaraq, əmək pensiyalarının hesablanması zamanı nəzərə alınan sığortaolunanın sığorta stajı sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Hər üç normanın məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Belə ki, hər iki Qanun sosial sığorta stajını əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtini müəyyən etmişdir. Beləliklə, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X7) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Yəni, qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş Qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. Həmin Əsasnamənin 4-cü bəndinə əsasən hər bir vətəndaş onu işə götürəndən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna müvafiq olaraq özünün məcburi dövlət sosial sığortası üzrə sığortalanmasını tələb etməlidir. İdarə, müəssisə və təşkilatların həmkarlar ittifaqları komitələri işçilərin məcburi dövlət sosial sığortasına cəlb olunmasına nəzarət etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumu “Diplomatik xidmət haqqında” Qanunun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosial sığorta haqqında” Qanunun 8 və 15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair x xxxx 2020-ci il tarixli Qərarında şərh etmişdir ki: “Pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında qurulmuşdur. Pensiya qanunvericiliyinin əsas məqsədi pensiya təminatı sisteminin fəaliyyətində bu prinsiplərin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanan sığorta vəsaitləri arasında tarazılığın təmin edilməsindən ibarətdir.... Bu baxımdan müxtəlif dövrlərdə pensiya qanunvericiliyində pensiya təyin edilməsi zamanı əmək haqlarının nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin məcburiliyi ilə bağlı müxtəlif yanaşmaların olduğunu nəzərə alaraq münasibətlərin yarandığı zaman qüvvədə olan müvafiq qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının 2007-ci il 6 mart tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı müxtəlif dövrlərdə iki fərqli yanaşma mövcud olmuşdur. Həmin Qanunun iş stajına daxil edilən əmək fəaliyyətinin növləri adlanan 67-ci maddəsinə Azərbaycan Respublikasının 2002-ci il 3 dekabr tarixli Qanunu ilə əlavə edilmiş səkkizinci hissəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla, x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanundan fərqli olaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 2002-ci ildən qüvvəyə minmiş 67-ci maddəsinin səkkizinci hissəsində qanunla müəyyən edilmiş hallar istisna olmaqla, məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin əmək stajına daxil edilməsi müəyyən edilmişdir. Bu maddədə nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş hallar istisna olmaqla” ifadəsi isə qanunda nəzərdə tutulmuş hallarda məcburi dövlət sosial sığorta haqqı ödənilməyən və ya ödənilməsindən azad edilən, lakin əmək stajına daxil edilən əmək fəaliyyəti müddətini ehtiva edir”. Beləliklə, yuxarıda qeyd edilən hüquq normalarının, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının qarşılıqlı təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız məcburi dövlət sosial sığorta haqqı ödənilən iş və ya əmək fəaliyyəti dövrləri, eləcə də qanunvericilikdə siyahısı müəyyən edilmiş digər dövrlər əmək pensiyasına hüquq verən sosial sığorta stajına daxil edilir. İddiaçı Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində əmək fəaliyyəti dövründə sosial sığorta haqları ödənilmədiyindən və işlədiyi dövrlər üzrə məcburi dövlət sosial sığorta ödəmələri barədə məlumat (pensiya kapitalı) X6 (PAS) əks olunmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi və nəticədə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunun tələblərinə uyğun deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3705/2020 saylı 28.10 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqanın tərəfindən verilmiş imtina əsaslı və qanuni olmuşdur. Belə ki, pensiyanın təyin olunması və hesablanması üçün vacib şərtlərdən biri şəxsin işlədiyi dövr ərzində aldığı məvacibdən məcburi sosial sığorta haqqını ödəməsidir və məhz məcburi dövlət sosial sığorta haqları şəxsin gələcək pensiya təminatının məbləğini formalaşdırır. Birinci instansiya məhkəməsi qərarını "2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi” tərəfindən DSMF Bakı şəhəri üzrə X8 Departamentinin hesabına hər biri 580,70 manat olmaqla ümumilikdə 1161,40 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə xx.xx.2018-ci il tarixli 25 saylı və xx.xx.2018-ci il tarixli 68 saylı ödəniş tapşırıqları ilə əsaslandırmışdır. xx xxxxxx 2006-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək olan dövr üzrə sığortaedən "2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi” (SUN; **********0) tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ara (Forma B1) əsasən yaranmış məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borcu tam şəkildə sığortaedən tərəfindən Fondun hesablaşma-hesabına ödənilmədiyi üçün həmin dövrdə müəssisədə çalışmış sığortaolunanların fərdi şəxsi hesablarında hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nisbətdə tam əks olunmamışdır. “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın tərtib Qaydalarına əsasən sığortaedənin məlumat ili üçün ödədiyi məcburi dövlət sosial sığorta haqqının məbləği hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğindən az olduğu zaman ödənilmiş məbləğ hesablanmış məbləğə bölünməklə proporsional nisbət tapılır və həmin nisbət hər bir sığortaolunan üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinə vurulmaqla sığortaolunanlar arasında bərabər şəkildə bölünür. Sığortaedən "2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi" tərəfindən xx.xx.2018-ci il tarixdə 580.70 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqı ödəniş ardıcıllığına uyğun olaraq (ilk öncə cari borc ödənildikdən sonra debitor borc ödənilir) sığortaedən tərəfindən təqdim edilmiş 2018-ci ilin 1-ci rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat’da adları qeyd olunan sığortaolunanlar üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nəzərən proporsional qaydada bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunmuşdur. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığında qeyd olunan 580.70 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqı Nazirliyin “X1 Sistemi”nin “Sığorta” altsisteminin Birbaşa daxil olan ödənişlərin uçotu bölməsində aşkar olunmasa da, xx.xx.2018-ci il tarixdə 580.70 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığortaedən "2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi” tərəfindən ödənildiyi akşarlanmışdır. İddiaçının sığortaedəni "2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi” tərəfindən təqdim edilmiş Məcburi döviət sosial sığortası üzrə rüblük hesabatlara (Forma B1) əsasən yaranmış məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borcu tam şəkildə sığortaedən tərəfindən Fondun hesablaşma-hesabına ödənilmədiyi üçün 2018-ci ildə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı ödəniş ardıcıllığına uyğun olaraq (ilk öncə cari borc ödənildikdən sonra debitor borc ödənilir) sığortaedən tərəfindən təqdim edilmiş 2018-ci ilin 1-ci rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatında adları qeyd olunan sığortaolunanlar üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nəzərən proporsional qaydada bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunmuşdur. İddiaçının həmin müəssisədə əmək müqaviləsinə 2010-cu ildə xitam verildiyi üçün 2018-ci il üzrə təqdim edilmiş hesabatda onun adı mövcud olmadığından, iddiaçının fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqqı əks edilməmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdə İddiaçı cavabdehdən xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işlədiyi illərin onun iş stajı hesab edilməsini tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın təmin edilərək, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işlədiyi dövr üzrə iş stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla iş materiallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, tələbinin təmin olunmasından imtina xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə xx.xx.2010-cu il tarixədək Mənzil Kommunal İstismar Sahəsində işləməsi barədə əmək kitabçasında qeydin olmasına baxmayaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə PAS sistemində heç bir məlumatın əks olunmaması və fərdi hesabının sığorta hissəsində hər hansı pensiya kapitalının əks olunmaması ilə bağlı olduğundan iddiaçının iddiası cavabdehin qəbul etmədiyi iş illərinin staj hesab olunmasının cavabdehə həvalə edilməsi ilə bağlı olmuşdur. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddiaçının tələbindən kənara çıxmaqla onun işlədiyi illərin iş stajı nəzərə alınmaqla, hüququnun yarandığı vaxtdan həm də iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. Məhkəmə qərarının təsviri hissəsində (qərarın 2-ci hissəsinin 2-ci abzasının 2-ci cümləsində) “xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2010-cu il tarixə kimi Bakı şəhəri MKTB-nin 78 saylı Mənzil Kommunal İstismarı sahəsində süpürgəçi (dalandar) vəzifəsində işlədiyi dövr üzrə iş stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” kimi oxunmasının qərara alındığı qeyd olunsa da, bu hal iş materiallarında olan xx.xx.2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasının protokolundan müəyyən olunmur. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Belə olan halda birinci instansiya məhkəməsi iddiaçının məhkəməyə vermədiyi- ona hüququnun yarandığı vaxtdan əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. İddiaçının “işlədiyi illərin staj hesab edilməsinin cavabdehə həvalə olunması” barədə iddiası üzrə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin iddia tələbini də təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmçinin “Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsində göstərilmişdi ki, sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Həmin Qanunun 14.6-cı maddəsinə əsasən bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və ən mühüm şərt onun işlədiyi dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixdən etibarən işçinin sosial sığorta stajı sığortaolunan fərdi uçot məlumatları əsasında müəyyən edilir, yəni Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş “sığortaolunanın hesabı”ndan (i.v. 48) görünür ki, 2006-cı ildən 2010-cu ilə kimi iddiaçı üçün hesablanmış məcburi dövlət sosial sığorta haqları iddiaçının işlədiyi dövrdə onun əmək haqqısından çıxılaraq (qanunla müəyyən edilmiş faiz nisbəti nəzərə alınmaqla) müəssisə tərəfindən aidiyyatı üzrə ödənilməmişdir. Birinci instansiya məhkəməsinə təqdim olunmuş 25 saylı xx.xx.2018-ci il tarixli və 68 saylı xx.xx.2018-ci il tarixli ödəniş tapşırıqlarından (i.v. 40, 41) görünür ki, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə ABB Nərimanov Filialı vasitəsi ilə DSMF-nun Bakı şəhəri üzrə X8 Departamentinin hesabına ümumilikdə 1161.40 (580,70+580,70) manat məbləğində pul köçürülmüş, odənişin təyinatı və əsası kimi “İddiaçı üçün məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir” göstərilmişdir. Məhkəmə kollegiyası sözügedən ödəniş tapşırıqlarına əsasən ödənilmiş sosial sığorta haqlarına münasibətdə hesab edir ki, həmin ödənişlərin aparılması iddiaçının xx.xx.2002-ci ildən xx.xx.2010-cu ilə kimi işlədiyi illərin onun iş stajı kimi hesab edilməsi üçün əsas vermir. Belə ki, əvvəla həmin ödəniş tapşırıqlarında ödənişin iddiaçı üçün sosial sığorta haqqı olaraq ödənildiyi göstərilsə də, bu ödənişlərin iddiaçının müəssisədə işlədiyi məhz hansı illər üzrə aparıldığını və onun müəssisədə işlədiyi müddət üzrə ödənilməli olan sosial sığorta haqlarını tam əhatə edib-etmədiyini müəyyən etmək mümkün deyil. Bundan başqa iddiaçının sığortaedəni- 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən iddiaçı üçün ödənilmiş sosial sığorta haqları ilə bağlı təqdim olunmuş hər iki ödəniş tapşırığından görünür ki, bu sosial sığorta haqlarının ödənişi 2018ci ildə aparılmışdır. Halbuki iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinın 78 saylı Mənzil Kommunal İstismar Sahəsində tutduğu vəzifəsindən xx.xx.2010-cu ildə azad olunmuş və onun əmək müqaviləsinə həmin tarixdə xitam verilmişdir. Beləliklə, iddiaçı üçün ödənilən sosial sığorta haqları müəssisə tərəfindən onun işdən azad olunduqdan sonra, yəni 2018-ci ildə aparılmışdır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı maddəsinə əsasən bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubun məzmunundan (i.v. 55) görünür ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə sığortaedən 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar”a (Forma B1) əsasən yaranmış məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borcu tam şəkildə sığortaedən tərəfindən Fondun hesablaşma-hesabına ödənilmədiyi üçün həmin dövrdə müəssisədə çalışmış sığortaolunanların fərdi şəxsi hesablarında hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nisbətdə tam əks olunmamışdır. Sığortaedən 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2018-ci il tarixdə 580,70 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqı ödəniş ardıcıllığına uyğun olaraq (ilk öncə cari borc ödənildikdən sonra debitor borc ödənilir) sığortaedən tərəfindən təqdim edilmiş 2018-ci ilin 1-ci rübü üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabat”da adları qeyd olunan sığortaolunanlar üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nəzərən proporsional qaydada bölüşdürülərək fərdi şəxsi hesablarında əks olunmuşdur. xx.xx.2018-ci il tarixli ödəniş tapşırığında qeyd olunan 580,70 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqı Nazirliyin “X1 Sistemi”nin “Sığorta” altsisteminin Birbaşa daxil olan ödənişlərin uçotu bölməsində aşkar olunmadı. Qeyd: Nazirliyin “X1 Sistemi”nin “Sığorta” altsisteminin birbaşa daxil olan ödənişlərin uçotu bölməsində xx.xx.2018-ci il tarixdə 580.70 manat ödənilmiş məcburi dövlət sosial sığorta haqqı sığortaedən 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən ödənildiyi aşkarlanmışdır. “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ın tərtib Qaydalarına əsasən sığortaedənin məlumat ili üçün ödədiyi məcburi dövlət sosial sığorta haqqının məbləği hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğindən az olduğu zaman ödənilmiş məbləği hesablanmış məbləğə bölməklə proporsional nisbətin tapılması və həmin nisbəti hər bir sığortaolunan üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinə vurmaqla sığortaedən üzrə bütün sığortaolunanların ödənilmiş məcburi dövlət sosial sığorta haqları ilə əhatə olunması məqsədəuyğundur. Məhkəmə kollegiyası 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən İddiaçı üçün 2006-cı ildən xx.xx.2010-cu ilə kimi məcburi dövlət sosial sığorta haqlarının məhz iddiaçının işlədiyi dövrdə əmək haqqısından ödənilmədiyini, bu məqsədlə xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə DSMF-nun Bakı şəhəri üzrə X8 Departamentinin hesabına ümumilikdə 1161.40 (580,70+580,70) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilsə də, bu ödənişlərin iddiaçının müəssisədə işlədiyi müddət üzrə ödənilməli olan sosial sığorta haqlarını tam əhatə edib, onun fərdi şəxsi hesabında məcburi dövlət sosial sığorta haqqına aid edilmədiyini nəzərə alaraq hesab edir ki, 2018-ci ildə müəssisə tərəfindən aparılan ödənişlər iddiaçının tələbinin təmin olunması və xx.xx.2002-ci ildən xx.xx.2010-cu ilə kimi işlədiyi illərin onun iş stajı kimi hesab edilməsi üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, buna görə də cavabdeh inzibati orqan apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3705/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3705/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar