Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-752/2022 30.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə (3-cü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) qarşı “kompensasiya və maddi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1010/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı (üçüncü şəxslər: Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təssərrüfatı Birliyi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi) ünvan 1 ünvanında yerləşən avtodayanacağın yaxınlığında yerləşən qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsinə (götürülməsinə) dair vaxtında qərar verilməməsi hərəkətinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi; mülkiyyətində olan «Hunday İX35» markalı ** KA *** dövlət qeydiyyat nömrəli avtomobilinə dəyən ziyana görə 5520 manat kompensasiyanın və 1000 mənəvi zərərin dövlət büdcəsi hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə “iddiaçının mülkiyyətində olan “Hyundai İX35” markalı, **-KA-*** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş ziayan görə 5740 (beş min yeddi yüz qırx) manat kompensasiyanın və 1000 (min) manat mənəvi zərərin dövlət büdcəsi hesabına ödənilməsi” barədə iddianın dəqiqləşdirilməsinə dair ərizəsinin icraata qəbul edilməsi, Cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təssərrüfatı Birliyinin üçüncü şəxslər qismində prosessual iştirakına xitam verilməsi qərara alınmışdır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə, təqribən saat 12-50 radələrində mülkiyyətində olan «Hunday İX35» markalı ** KA *** dövlət qeydiyyat nömrəli avtomobilini ünvan 1 ünvanında yerləşən avtodayanacaqda saxlayaraq, dostunun ofisinə daxil olmaq istəyərkən, avtomobilindən aralı olan qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın yekə budağının qəflətən qoparaq avtomobilinin üstünə düşdüyünü gördü. Həmin an avtomobilindən bir qədər aralı olsa da, özünə zərər yetirilməməsi üçün məqam tapıb qaçdı və avtomobilinə zərər dəyməsinin qarşısını ala bilməsə də özünü təhlükədən qurtardı. Göstərilən hadisədən çox həyacanlansa və qorxsa da, dostlarının köməkliyi nəticəsində bir qədər özünə gəldikdən sonra, Fövqəladə Hallar Nazirliyinin “112” zəng mərkəzinə müraciət edərək hadisə barədə məlumat verdi. Təqribən 4 saat keçdikdən sonra X1 əməkdaşları hadisə yerinə gələrək, qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın yekə budağını doğrayaraq apardılar. Həmin qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın- bu vaxtadək niyə saxlanılmasını, avtomobilinə vurulmuş zərərdən başqa həmin yekə budağın başına düşdüyü təqdirdə özünün sağlamlığına zərərin dəyə biləcəyini, ümumiyyətlə insan həyatı üçün təhlükə mənbəyi olduğunun açıq-aşkarlığı barədə hadisə yerinə gələn şəxslərə bildirsə də onlar ona dedilər ki, söylədiklərinizin onlara aidiyyəti yoxdur rəhbərliyə müraciət edin. Qeyd edir ki, göstərilən hadisə zamanı onun mülkiyyətində olan avtomobilinə dəyən zərərin-üst panarama lükunun hər iki şüşələrinin sınıb-dağılması; sağ tərəfindəki panarama lüka bağlanan sağ kantın sınması; arxa sol stop işığının sınması, üst əziyi və arxa şüşəsinin sınması; sol arxa qapısının əzilməsi; sol qanadın (krılo) əziyi; qabaq kapotun əzilməsi; arxa tərəfin çox saylı cızıqları və qabaq kapotun çox saylı cızıqları- nəticəsində təqribən 6500-7000 manat təşkil etdi və bu barədə müvafiq dövlət qrumlarına rəsmi müraciətlər etdi. Yuxarıda göstərilən ərizəyə - Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin H-17 saylı, xx.xx.2020-ci il məktubu ilə cavab verilməklə, həmin məktubda göstərilmişdir ki, «Bildiririk ki, Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Sizin avtomobilinizə dəymiş ziyan ilə bağlı qeyd olunan hüquqlarınızdan istifadə edə bilərsiniz.” Bakı şəhəri Cavabdeh MənzilKommunal Təsərrüfatı Birliyinin V-Ç-19 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə cavab verilməklə, həmin məktubda göstərilmişdir ki, «Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı Qərarı ilə təsdiq edilmiş «Yaşıllıqların götürülməsi Qaydasının 2.1-ci bəndinə əsasən, Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydaların 2.2.4-cü bəndinə əsasən ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və s.) aparıldıqda. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq qurumuş, müalicəsi mümkün olmayan ağacların kəsilməsi (götürülməsi) Birliyin səlahiyyətləri xaricindədir. Ona görə də, sizin avtomobilinizə dəymiş maddi ziyanın Birlik tərəfindən ödənilməsi qanunamüvafiq hesab edilmir.» Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 1770H saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə cavab verilməklə, həmin məktubda göstərilmişdir ki, «Sizin DİN-in 102 xidmətinə vermiş olduğunuz məlumat və 21-ci PB-nə yazmış olduğunuz ərizə tərəfimizdən baxılmışdır. Ərizəniz mülki xarakterli olduğu üçün mülki qaydada məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir.» Yuxarıda göstərilənlər barədə, yəni dəymiş ziyana görə kompensasiya ödənilməsi üçün cavabdehə dəfələrlə müraciətlər edilsə də, cavabdeh tərəfindən heç bir əməli tədbirlər görülməmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 13-cü maddəsinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında, həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. Yaşıllıqlar ilə bağlı həmin Əsasnamənin 3.9.10. və 4.9.19cu bəndlərinə əsasən yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıq mühafizəsini təşkil etmək, müvafiq ərazidə mövcud yaşıllıqların uçotunun aparılmasını təşkil etmək, yeni yaşıllıqlara olan tələbatı müəyyənləşdirmək və yaşıllıqların salınmasını təşkil etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Həmin Fərmanı ilə Bakı şəhəri Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu və vahidlərinin sayı təsdiq olunmuşdur. Həmin nümunəvi strukturda ekoloq ştatı mövcud deyildir. Bələliklə yuxarıda qeyd olunan “Əsasnaməyə” əsasən qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsi (götürülməsi) şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmir. Azərbaycan Respublikasında yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli, 957-İVQ nömrəli Qanununu ilə tənzimlənir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 mart tarixli, 841 nömrəli Fərmanının 1.1-ci maddəsinə əsasən müəyyən edilmişdir ki, “Yaşıllıçlarin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.0.2-ci (yaşıllıq ərazilərində cari və planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu və monitorinqi barədə məlumata münasibətdə) maddəsində, 13.4-cü maddəsinin birinci cümləsində halda), 14.4-cü, 14.5-ci (ikinci halda) və 20.4.1-ci maddələrində nəzərdə müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini istifadəsində olan sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə isə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11.02-ci maddəsinə əsasən yaşıllıq ərazilərində cari və gələcəkdə planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu, kadastrı və monitorinqi barədə müvafiq icra hakimiyyəti orqanından, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotu və monitorinqi barədə isə bələdiyyədən məlumat almaq fiziki və hüquqi şəxslərin hüquqlarıdır. Həmin Qanunun 13.4-cü maddəsinin birinci cümləsində (ikinci halda) qeyd olunmuşur ki, yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsdsında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti qaydası əks olunmalıdır. Həmin Qanunun 14.4-cü maddəsinə əsasən yaşıllıqları əvvəlki yerində bərpa etmək mümkün olmadıqda, bərpa işləri yaşıllığın yerləşdiyi torpağın mülkiyyətçisinin ərazisindən və ya müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin başqa ərazidən ayırdığı torpaq sahəsində həyata keçirilir. Həmin Qanunun 14.5-ci maddəsinin (ikinci halda) qeyd olunmuşur ki, yaşıllıqların bərpası müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış ərazilərdə, yaşıllığı götürməsi fiziki və hüquqi şəxslərin özləri tərəfindən və ya onların vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanları və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, bələdiyyələr, fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir. Həmin Qanunun 20.4.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından və bələdiyyədən yaşıllıqların vəziyyəti, yaşıllıq ərazilərinə təsiri ola bilən yeni obyektlərin yerləşdirilməsi, yaşıllıqların inkişafı və bioloji müxtəlifliyin qorunması üzrə görülmüş və planlaşdırılan tədbirlər, yaşıllıq ərazisi daxilində torpaqların kateqoriyasının dəyişdirilməsi, yaşıllıqların mühafizəsinin təmin edilməsi barədə məlumat almaq yaşıllıqların mühafizəsinə ictimai nəzarəti həyata keçirən şəxslərin hüquqlarına aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür (1-ci bənd); Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə olunsun ki, Azərbay Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarının və qeyri-maddi nemətlərin müdafiəsini müəyyən etsin(2-ci bənd); Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır(3-cü bənd). Yuxarıda sadalanan maddi hüquq normalarına əsasən qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsi (götürülməsi) şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmir. Əlavə olaraq bildirir ki, iddiaçı tərəfindən fiziki şəxslərə təklif olunan avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO), yol-nəqliyyat hadisəsi, yanğın, üçüncü şəxslərin qərəzli hərəkətləri, hər hansı təbii fəlakətlər nəticəsində dəyən ziyan və zərərlər və digər gözlənilməz risklər nəticəsində dəyən zərərlərə qarşı sığorta təminatından istifadə edilməmişdir. Həmçinin qeyd edir ki, Bakı şəhərinin küçə, prospekt və məhəllədaxili ərazilərindəki yaşıllıqlara aqrotexniki qulluq göstərilməsi Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir. Birlik təsərrüfat hesablı, hüquqi şəxsdir, müstəqil balansa malikdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində öz adından müqavilə bağlamaq, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə etmək, məsuliyyət daşımaq, məhkəmələrdə iddiaçı və yakud cavabdeh qismində iştirak etmək, öz üzərinə öhdəliklər götürmək və vəzifə icra etmək hüququna malikdir. Birlik Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhəri və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1010/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan «Hyundai İX35» markalı ** KA *** dövlət qeydiyyat nömrəli avtomobilinə dəyən ziyana görə çıxarılmış ekspert rəyinə əsasən 6060 (altı min altmış) manat kompensasiyanın İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın və hüquqlarının qorunmasına görə bağlanmış müqavilə üzrə ödənilmiş 110 (bir yüz on) manatın Cavabdehndən tutularaq iddiaçının hesabına keçirilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh iddia ərizəsinə etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə 3-cü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)- 1010/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Cavabdeh öz inzibati ərazi vahidi ərazisində, yəni Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən avtodayanacağın yaxınlığında olan qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın götürülməsi ilə bağlı hərəkətsizlik etdiyindən və bunun nəticəsində İddiaçı maddi ziyanın dəyməsi sübuta yetirildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.12-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsi aşağıdakı tədbirlərin yerinə yetirilməsini nəzərdə tutur: 9.0.1. yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili; 9.0.2. yaşıllıq ərazilərində torpaqların münbitliyinin artırılması, lazımi rütubət mühitinin yaradılması, su və külək eroziyasından qorunmasının təmin edilməsi; 9.0.3. yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili, onların xəstəliklərdən və zərərvericilərdən mühafizəsi; 9.0.4. qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması; 9.0.5. zədələnmiş, məhv edilmiş və götürülmüş (kəsilmiş) yaşıllıqların bərpası; 9.0.6. yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması; 9.0.7. yaşıllıqların ətraf mühiti sağlamlaşdırma, iqlimtənzimləyici, torpaqqoruyucu, suqoruyucu və digər xüsusiyyətlərinin artırılmasına və yaşıllıqların mühafizəsinə yönəlmiş başqa tədbirlərin həyata keçirilməsi. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin X3sının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin X3sının obyekti olan və X3sının müsbət rəyi olan layihə həyata keçirildikdə; 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda; 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; 13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda; 13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2016-cı il tarixli 841 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci (yaşıllıqların mühafizəsinə dövlət nəzarəti, onların uçotu, kadastrı və monitorinqi istisna olmaqla), 11.0.2-ci (yaşıllıq ərazilərində cari və planlaşdırılan işlər, habelə yaşıllıqların uçotu və monitorinqi barədə məlumata münasibətdə) maddəsində, 13.4-cü maddəsinin birinci cümləsində (ikinci halda), 14.4-cü, 14.5-ci (ikinci halda) və 20.4.1-ci maddələrində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrinə (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə isə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Qeyd edilən Fərmanın 1.3-cü bəndinə əsasən həmin Qanunun 11.0.2-ci maddəsində (yaşıllıqların kadastrı barədə məlumata münasibətdə), 13.4-cü maddəsinin birinci cümləsində (birinci halda) və 15.1-ci maddəsində (ikinci halda) nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər (bundan sonra ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Həmin Qaydanın 2.7-ci bəndinə əsasən yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi əsasında yaşıllıqların götürülməsinə dair müvafiq qərar qəbul edir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinin 14 mart 2022-ci il tarixli, ER-22/259 saylı quru ağacın götürülməsinə dair rəyindən görünür ki, Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ilə Mərdanov Qardaşları küçəsinin kəsişməsində, məişət tullantıları konteynerlərinin yaxınlığındakı 1 ədəd ərik (d-16 sm) ağacı köküstə quru halda olduğu üçün əvəzinə yaxın münasib ərazidə yeni tingin dərhal əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsi qeyd olunmuşdur. Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 3.9.10. və 4.9.19-cu bəndlərinə əsasən yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıq mühafizəsini təşkil etmək, müvafiq ərazidə mövcud yaşıllıqların uçotunun aparılmasını təşkil etmək, yeni yaşıllıqlara olan tələbatı müəyyənləşdirmək və yaşıllıqların salınmasını təşkil etmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. Yuxarıda qeyd olunan “Əsasnaməyə” əsasən qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsi (götürülməsi) şəhər rayonlarının icra hakimiyyəti başçılarının səlahiyyətlərinə aid edilmir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 09 mart 2022-ci il tarixli baxış aktında göstərilmişdir ki, baxış zamanı ünvan 3 ünvanında yolun kənarında bioloji inkişafda olmaqla da, köhnə yaş vəziyyətdə və çətir hissəsi inkişaf edərək genişlənmiş 1 ədəd qovaq ağacının olduğu müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırkı iş üzrə iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları- cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri və ya hərəkətsizliyi, həmin hərəkət və ya hərəkətsizlik nəticəsində çəkdiyi zərər, bu zərərin nədə ifadə olunması, maddi və ya mənəvi zərərlə bağlılığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı ünvan 1 ünvanında yerləşən avtodayanacağın yaxınlığında yerləşən qurumuş, müalicəsi mümkün olmayan xəstə ağacın kəsilməsinə (götürülməsinə) dair vaxtında qərar verilməməsi nəticəsində avtomobilinə ziyan dəydiyini bildirsə də, işdə olan baxış aktı ilə həmin ərazidə bioloji inkişafda olan 1 ədəd qovaq ağacının olduğu müəyyən edilmişdir. Beləliklə, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Agentliyinin 14 mart 2022-ci il tarixli, ER-22/259 saylı quru ağacın götürülməsinə dair rəyi ilə isə Nəsimi rayonu, Hüseynqulu Sarabski küçəsi ilə Mərdanov Qardaşları küçəsinin kəsişməsində, məişət tullantıları konteynerlərinin yaxınlığındakı 1 ədəd ərik (d-16 sm) ağacının köküstə quru halda olduğu müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı mülkiyyətində olan «Hunday İX35» markalı ** KA *** dövlət qeydiyyat nömrəli avtomobilini ünvan 1 ünvanında yerləşən avtodayanacaqda saxlayan zaman müalicəsi mümkün olmayan xəstə ağacın yekə budağının qəflətən qoparaq avtomobilinin üstünə düşdüyünü qeyd etsə də, məhz avtomobilini qeyd olunan ərazidə (xəstə ağacın yaxınlığındakı avtodayanacaqda) saxlamasını sübut edə bilməmiş, bununla bağlı hər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunan ərazidə ağacın müalicəsi mümkün olmayan xəstə ağac olması sübuta yetirilmədiyindən, cavabdeh inzibati orqanın həmin ağacın vaxtında götürülməsi vəzifəsi, nəticədə ağacın budağının qoparaq maşının üstünə düşməsi nəticəsində dəymiş ziyanın ödənilməsi öhdəliyi yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkəti nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1010/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(112)-1010/2021 saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-752/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-752/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver