Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-752/2025 12.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6178/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 60 yaşdan, yəni 22 aprel 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ yaranmışdır. Bu hüququmdan istifadə etmək məqsədilə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filiala müraciət edərək, 22.04 2023-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Ərizəsinə əmək kitabçasını, işlədiyi müəssisələrdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmasını təsdiq edən arayışları və digər müvafiq sənədləri də əlavə etmişdir. Cavabdehə təqdim etdiyi sənədlərə əsasən onun 15 il 7 ay 16 gün - əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnu təsdiq edən güzəştli əmək stajı yaranmışdır. Cavabdeh tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İmtina məktubunda imtinanın səbəbi kimi, güzəştli iş stajının 12 il 6 aydan az olduğu göstərilmişdir. Cavabdeh "xxxx" MMC-də işlədiyi 8 il 5 ay 14 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajı olduğunu qəbul etməmişdir. Halbuki qeyd olunan müddət "xxxx" MMC-nin verdiyi “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 18 avqust 2023-cü il tarixli arayışı ilə də təsdiq edilir ki, bu müəssisədə “rəngsaz” peşəsi üzrə işlədiyi 8 il 5 ay 14 gün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajıdır və həmin müddət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda nəzərdə tutulmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filialı: “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçının 7 il 2 ay 1 gün (əslində 7 il 2 ay 2 gün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajı olduğunu qəbul edir: SOCAR Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda- "xxxx" peşəsi üzrə - 4 il 09 ay, X2 “rəngsaz” peşəsi üzrə - 2 il 5 ay 2 gün. "xxxx" MMC-də “rəngsaz” peşəsi üzrə işlədiyi 8 il 5 ay 14 günü güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajını isə qəbul etmir. Müəssisələr tərəfindən verilmiş yuxarıda istinad edilən arayışları və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2023-cü il tarixli məktubu diqqətlə araşdırdıqda məlum olur ki, iddiaçının iddiasının qanuni və əsaslı olması hətta cavabdehin imtina məktubu ilə də təsdiq edilir. Belə ki, yuxarıda qeyd edildiyi kimi cavabdeh X2 “rəngsaz” peşəsi üzrə işlədiyi və 2 il 5 ay 2 gün təşkil edən əmək stajını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərara ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan qaydada əmək şəraitinə görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən staj olaraq qəbul edir. Lakin "xxxx" MMC-də işlədiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan “rəngsaz” peşəsi üzrə 8 il 5 ay 14 gün təşkil edən əmək stajını güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən iş stajı kimi qəbul etmir. Halbuki, o, hər iki müəssisədə, yəni həm X2, həm də "xxxx" MMC-də “rəngsaz” peşəsi üzrə eyni vəzifədə işləmişdir. Cavabdehin hansı səbəb və əsaslardan eyni neft sahəsi və eyni “rəngsaz” peşəsi üzrə əmək stajını bir müəssisədə güzəştli staj olaraq qəbul edir, digər müəssisədə isə bunu mümkün hesab etməməsi sual doğurur. X9 Müəssisəsi, həm də "xxxx" MMC iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35-ci bəndinə uyğun olaraq “rəngsaz” peşəsi üzrə güzəştli şərtlərlə iş stajı barədə arayış vermişdir. Lakin cavabdeh tərəfindən bu arayışlardan biri qəbul edilir, digəri yox. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş: Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35-ci bəndinin qeyd edilən cümləsinə diqqət yetirməyi zəruri hesab edir. Orada deyilir: “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar”. "xxxx" MMC-nin “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 18 avqust 2023- cü il tarixli Arayışında da Siyahının 35-ci bəndinə istinad olunur, lakin həmin bənddə qeyd edilən “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan” sözlərinin yerinə “təhlükəliliyi 3-cü dərəcədən aşağı olmayan” ifadəsi yer almışdır. Yəni Siyahıdakı sinif yerinə Arayışda dərəcə göstərilmişdir. Göründüyü kimi, məzmunu dəyişməyən, fərqli məna kəsb etməyən bir sözdən bəhs edilir. Cavabdeh də bu “fərqi” əsas götürərək iddiaçının hüquqlarını təmin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, inzibati orqanın bu hərəkəti qanunun tələblərinə zidd olan bir yanaşmadır və ədalətli deyildir. 40 ilə yaxındır əmək fəaliyyəti ilə məşğuldur, onun 15 ildən artıq müddətini zərərli işlərdə çalışmış, hüquqlarından istifadə zamanı çatanda isə buna əsassız şəkildə maneələr yaradılır. Cavabdeh sual yaradan halları "xxxx" MMC-yə sorğu göndərməklə də bu məsələni aydınlaşdıra bilərdi. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. SOCAR CAPE LLC-nin 18 avqust 2023-cü il tarixli SC-PC-2023-337 nömrəli arayışında iddiaçının xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2022-ci il tarixdən bugünədək həmin müəssisədə rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin müvafiq arayışda rəngsaz vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələr göstərilsə də, onların təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlər əsasında müəyyən edilməsinə dair hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən iddiaçının güzəştli is stajı 12 il 06 avdan az (07 il, 02 ay, 01 gün (xx.xx.1988-xx.xx.1990, xx.xx.1990- xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.2003xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələrini əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6178/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar vəzifəsi nəzərdə tutulmuşdur. SOCAR CAPE LLC-nin 18 avqust 2023-cü il tarixli SC-PC-2023-337 nömrəli arayışında iddiaçının xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2022-ci il tarixdən bugünədək həmin müəssisədə rəngsaz vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin müvafiq arayışda rəngsaz vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələr göstərilsə də, onların təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlər əsasında müəyyən edilməsinə dair hər hansı məlumat göstərilməmişdir. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az (07 il 02 ay 01 gün (xx.xx.1988-xx.xx.1990, xx.xx.1990-xx.xx.1993, xx.xx.1993-xx.xx.1993, xx.xx.2003xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Araşdırma zamanı müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarında iddiaçınınhəmin vəzifədə fəaliyyəti düzgün araşdırılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Hazırda qüvvədə olan sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə 60 yaşdan Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - tələb olunan yaş həddinə çatmalı, - azı 25 il sığorta stajı olmalı - stajının 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması və ümumi iş stajının mövcud olması işin mübahisələndirilməyən halıdır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, iddiaçının xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. İddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1988-ci il tarixədək SU-72 Trestində betonçu, xx.xx.1988-ci ildən xx.xx.1990-cı il tarixədək “Şelflayihətikinti” LSTB-nin Bakı Stasionar Dərin Özülləri Zavodunun Təmir-Tikinti sahəsində elektrik qaynaqçısı, xx.xx.1990-cı ildən xx.xx.1993-cü il tarixədək “Şelflayihətikinti” LSTB-nin Təmir Tikinti İdarəsində, xx.xx.1993cü ildən xx.xx.1993-cü il tarixədək “Şelflayihətikinti” LSTB-nin İxtisaslaşmış Təmir Tikinti İdarəsində, xx.xx.1993-cü ildən xx.xx.2001-ci il tarixədək “Şelflayihətikinti” LSTB-nin İstehsalat Tikinti Birliyində, xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixədək MKTB 119 saylı MKİS-də 5-ci dərəcəli rəngsaz, xx.xx.2003-cü ildən xx.xx.2005-ci il tarixədək "xxxx" BMSdə 3-cü dərəcəli boyaçı, xx.xx.2005-ci ildən xx.xx.2006-cı il tarixədək “Rifllost Energy Services” LTD-də rəngsaz, xx.xx.2007-ci ildən xx.xx.2008-ci il tarixədək "xxxx"MMC-də taxtabəndi üzrə quraşdırıcı, xx.xx.2010-cu ildən xx.xx.2010-cu il tarixədək "xxxx" MMC-də gözətçi, xx.xx.2013-cü ildən xx.xx.2020-ci il tarixə və xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-də rəngsaz işləmişdir. xx.xx.2020-ci ildən xx.xx.2021-cı il tarixədək Dövlət Məşğulluq İdarəsi tərəfindən işsizlik haqqı ödənişi almışdır. İddiaçının əmək kitabçasındakı məlumatlardan onun qanunla tələb olunan 25 ildən də artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Cavabdehin iddiaçının "xxxx" MMC-də işlədiyi dövrlərin güzəştli iş stajına daxil edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, "xxxx" MMC-nin iddiaçıya verdiyi xx.xx.2023-cü il tarixli arayışda onun xx.xx.2013-xx.xx.2020-ci və xx.xx.2022-ci ildən hazıradək rəngsaz vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarında olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən iddiaçıya verilmiş 28 aprel 2023-cü il tarixli arayışda qeyd edilmişdir: Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən elektrik qaynaqçısı peşəsində: “Şelflayihətikinti” LSTBnin Bakı Stasionar Dərinlik Özülləri zavodunun Təmir-tikinti sahəsində xx.xx.1988-ci il tarixindən (xx.xx.1988- ci il tarixli 240/K saylı əmr) xx.xx.1990-cı il tarixinədək (xx.xx.1990cı il tarixli 160/K saylı əmr); Selflayihətikinti" LSTB-nin Təmir-tikinti İdarəsinində xx.xx.1990-cı il tarixindən (xx.xx.1990- cı il il tarixli 02/K saylı əmr) xx.xx.1993-cü il tarixinədək (xx.xx.1993-cü il tarixli 11/K saylı əmr); “Selflayihətikinti” LSTB-nin İxtisaslaşmış tikinti İdarəsində xx.xx.1993-cü il tarixindən (xx.xx.1993-cü il il tarixli 04/K saylı əmr) xx.xx.1993-cü il tarixinədək (xx.xx.1993-cü il tarixli 25/K saylı əmr) işləmişdir. İşlədiyi peşə üzrə iş stajı 04 il 09 ay, işlədiyi peşənin xüsusiyyətləri: Polad metalkonstruksiyalarda, müxtəlif diametrli borularda, xüsusi hissələrdə, ayrı-ayrı birləşmələrdə, elementlərdə və dirsəklərdə şaquli “yuxarı” və şaquli “aşağı” qövs qaynağı islərindən ibarətdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”’nın 35-ci bəndindəki “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi üzrə iş stajı 04 il, 09 ay (dörd il doqquz ay) təşkil edir. Arayış arxiv sənədlərinə əsasən tərtib olunmuş və Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmək üçün verilir. "xxxx" Birgə Müəssisəsi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli arayışda qeyd edilmişdir: Verilir İddiaçı ona görə ki, o, həqiqətən X3 layihəsində işləmişdir. Onun "xxxx" Birgə Müəssisəsində güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: xx.xx.2003xx.xx.2005-ci illərdə "xxxx" Birgə Müəssisəsində boyaçı peşəsində 2 il 5 ay 2 gün (iki il, beş ay, iki gün) çalışmışdır. İşlədiyi peşənin güzəştli əmək pensiya hüququna əsas olan xüsusiyyətləri: Bütün növ rəng qatlarını və boyaların, əsas növ qoruyucu və estetik örtüklərin, o cümlədən yüksək molekulyar ağırlıqlı epoksi örtüklərin, şüşə qırıntıları əlavə olunmuş epoksid mastik boyaların, sinklə zəngin epoksi boyaların, şüşə qabıqlı möhkəmləndirilmiş epoksi kompozit örtüklərin, fenolik epoksi boyaların, alifatik akril poliuretan örtüklərin, yüksək molekulyar ağırlıqlı epoksi boyaların, qeyri-üzvi sinklə zənginləşdirilmiş qaynaq oluna bilən boyalardan və örtüklərdən istifadə etməklə bütün növ səthləri boyalamaq, (cəmi 2 il 5 ay 2 gün (iki il, beş ay, iki gün), Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 35-ci maddəsi "Ümumi peşələr" başlığı altında “Təhlükəsizliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” bəndi, İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007ci il tarixli, 12 saylı Qərarının 35-ci maddəsinin “Ümumi peşələr” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. - "xxxx" MMC tərəfindən verilmiş 18 avqust 2023-cü il tarixli arayışda qeyd edilmişdir: "xxxx" MMC tərəfindən İddiaçı arayış ondan ötrü verilir ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə “Rəngsaz” vəzifəsində çalışmış, yəni 05 avqust 2013-cü il tarixində N20684 saylı əmək müqaviləsinə əsasən dəniz platformalarında rəngsaz vəzifəsinə təyin edilib, 09 iyun 2020-ci il tarixində 020/177 nömrəli əmrə əsasən əmək müqaviləsinə xitam verilib. Off/0684/5148 nömrəli əmək müqaviləsinə əsasən 11 yanvar 2022-ci il şirkətə rəngsaz vəzifəsinə təyin edilib. "xxxx" MMC-də işlədiyi vəzifələr üzrə sosial sığorta (əmək) stajı 8 il 5 ay 14 gün təşkil edir. Neft rezevuarlarında, gəmi bölmələrində, neft tanklarında, neft platformalarında təhlükəliliyi 3-cü dərəcəli aşağı olmayan boyalardan istifadə və rəngsaz kimi işləməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 1.3 yarımbəndinə və 35 ümumi peşələr vəzifə koduna uyğundur. Qeyd: İddiaçı neft rezevuarlarında, gəmi bölmələrində, neft tanklarında, neft platformalarında yuxarıda qeyd edilmiş vəzifələrdə işləyərkən istifadə etdiyi təhlükəliliyi 3-cü dərəcəli aşağı olmayan zərərli maddələrdən ibarət boyaların tərkibi (ksilen, 2- methylpropan-1-ol, etilbenzol, epoksi qatran (MW < 700), kristal silisium, nəfəs ala bilən toz (<10 mikron) və s). Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının işlədiyi rəngsaz vəzifəsi üzrə tətbiq edilən maddələrin təhlükəlilik sinfi və həmin sinfin hansı sənədlərə və meyarlara əsasən müəyyən edilməsi və vəzifə təlimatı əlavə edilməklə həmin peşənin əmək funksiyalarının nədən ibarət olması barədə məlumat verilməsi üçün "xxxx" MMC-yə sorğu göndərilmiş, sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı "xxxx" MMCdə (“Cəmiyyət”) rəngsaz vəzifəsində işləyərək istifadə etdiyi boyaların təhlükəliliyinin 3-cü dərəcədən aşağı olduğunu materialların təhlükəsizlik məlumat cədvəlləri (X6 Sheets “MSDS”) sənədlərinə əsasən müəyyən etmək olar. “MSDS”-lər təhlükəli maddələrin və məhsulların təhlükəsizlik məlumatlarını təqdim edən standartlaşdırılmış sənədlərdir. Bu məlumatlar boyaların sağlamlıq və ətraf mühitə təsiri, yanğın və partlayış riski, toksik effektlər və digər təhlükələrlə bağlı olaraq verilir. “MSDS” maddələrin kimyəvi tərkibini, fiziki və kimyəvi xüsusiyyətlərini, təhlükəlilik səviyyəsini, təhlükəsiz saxlama və işləmə prinsiplərini, yanğın və partlama riskini və təhlükəsizlik məsləhətlərini təqdim edir. Bildirmək istəyirik ki, İddiaçı işlədiyi rəngsaz vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun, 1993-cü il tarixli, 320 nömrəli qərarının 1 №-li Siyahısında öz əksini tapmış 23200000—13450 bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) uyğundur. Əlavə olunan sənədlərdə İddiaçı işlədiyi müddət ərzində istifadə etdiyi boyaların bir qismi və onların tərkibi barədə ətraflı məlumat verilmişdir. İşçinin həmin boyalardan istifadə etməsinin sübutu olaraq, Alətlər qutusu müzakirə qeydiyyat formasında (X10 Record Fonu) İddiaçı iş şəraiti və istifadə etdiyi boyalar haqqında verilmiş və işçi bunu öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda, Cəmiyyətdə təsdiq olunmuş iş yerlərində əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planına əsasən, əmək şəraiti üzrə yerlərin attestasiyası keçirilmiş və nəticədə onun vəzifə və peşəsi ağır və zərərli kimi müəyyən edilərək güzəştli pensiya təminatı kateqoriyasına əlavə edilmişdir. İddiaçı rəngsaz kimi yerinə yetirdiyi əmək funksiyaları əmək müqaviləsinə əlavə olan vəzifə təlimatında öz əksini tapmışdır. Bunun sübutu olaraq Sizə müvafiq sənədlərin surətini bu məktuba əlavə edirik. Qeyd edilən vəzifə ilə əlaqədar olaraq İddiaçı qapalı mühit, qapalı mühitə giriş (süni nəfəs aparatı ilə daxil olmaqla), əməyin mühafizəsi və texniki təhlükəsizlik, ümumi sağlamlıq, təhlükəsizlik kəmərinin istifadəsi və yoxlanılması, yüksəklikdə görülən işlər barədə ümumi anlayış və boyaların vurulması barədə təlimlər keçirilmişdir. Məktuba rəngsaz peşəsinin vəzifə təlimatının, Materialların təhlükəsizlik məlumat cədvəlləri (MSDS) sənədlərinin surətləri, Alətlər qutusu müzakirə qeydiyyat forması, attestasiya sənədlərinin surətləri və sertifikatların surətləri əlavə edilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı "xxxx" LLC-yə sorğu ünvanlanaraq işin obyektiv araşdırılması məqsədi ilə rəngsaz vəzifəsi üzrə tətbiq edilən boyaların (maddələrin) adları, onların təhlükəlilik sinfi barədə məlumatın (güzəştli arayışda qeyd edilməklə) məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 25 fevral 2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı "xxxx" MMC-də (“Cəmiyyət”) rəngsaz vəzifəsində işləyərək istifadə etdiyi boyaların təhlükəliliyinin 3-cü sinifdən aşağı olmadığını materialların təhlükəsizlik məlumat cədvəlləri (X6 Sheets “MSDS”) sənədlərinə əsasən müəyyən etmək olar. “MSDS”-lər təhlükəli maddələrin və məhsulların təhlükəsizlik məlumatlarım təqdim edən standartlaşdırılmış sənədlərdir. Bu məlumatlar boyaların sağlamlıq və ətraf mühitə təsiri, yanğın və partlayış riski, toksik effektlər və digər təhlükələrlə bağlı olaraq verilir. “MSDS” maddələrin kimyəvi tərkibini, fiziki və kimyəvi xüsusiyyətlərini, təhlükəlilik səviyyəsini, təhlükəsiz saxlama və işləmə prinsiplərini, yanğın və partlama riskini və təhlükəsizlik məsləhətlərini təqdim edir. İddiaçı neft rezervuarlarında, gəmi bölmələrində, neft tanklarında işləyərkən istifadə etdiyi boyaların bir qisminin adları (sigmacover 280 base yellowgreen, sigmacover 280 hardener, sigmacover 350 base aluminium, sigmacover 350 hardener və s.) və tərkibinin (ksilen, epoksi qatran (700<MW<=1100), kristal silisium dioksid, nəfəs ala bilən toz (<10 mikron), dəmir hidroksid oksidi, alüminium tozu (stabilləşdirilmiş), etilbenzol, 1-metoksi-2-propanol, həlledici nafta (neft)-ağır aromat, fenol-metilstirenləşdirilmiş, metil formaldehid- izobutilləşdirilmiş və s.) qeyd olunduğu “MSDS” sənədləri məktuba əlavə olunmuşdur. Sorğuya cavab məktubuna qoşma kimi materialların təhlükəsizlik məlumat cədvəlləri (MSDS) sənədlərinin surətləri əlavə olunmuşdur. Beləliklə, işəgötürən tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi maddələrin təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlər əsasında müəyyən edilməsi barədə ətraflı izah verilmiş, sənədlərin surətləri təqdim edilmişdir. Bu onu deməyə əsas verir ki, iddiaçının iş yerindən verilmiş arayışlara əsasən "xxxx" MMC-də işlədiyi rəngsaz vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) və “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun, 1993-cü il tarixli, 320 nömrəli qərarının 1 №-li Siyahısında öz əksini tapmış 23200000—13450 bəndinə (təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar) uyğundur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının "xxxx" Birgə Müəssisəsində xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasında işlədiyi dövrlərdəki rəngsaz vəzifəsini güzəştli staja daxil etsə də, eyni mövqeni onun "xxxx" MMC-də xx.xx.2013-xx.xx.2020-ci illər ərzində işlədiyi rəngsaz vəzifəsi üzrə sərgiləməmişdir. Halbuki, "xxxx" Birgə Müəssisəsinin iddiaçıya dair təqdim etdiyi xx.xx.2023-cü il tarixli, AZF-2023/58-K saylı arayış məzmunca "xxxx" MMC-nin verdiyi arayışdan fərqlənməmişdir. Beləliklə, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2023-cü ilədək 12 il 6 ay müddətdən artıq (mübahisələndirilən 08 il 05 ay 14 gün+ mübahisələndirilməyən 07 il 02 ay 01 gün= 15 il, 07 ay, 15 gün) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. Odur ki, hazırkı iş üzrə mübahisəli məsələ əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən, mübahisələndirilən iş stajı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası hüququ verən güzəştli sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6178/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-752/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-752/2025
12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver