Məhkəmə qərarları › İş №2-1(103)-753/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-753/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-753/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4219/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə olan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 72078,88 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 110000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-4219/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 89.10-cu maddəsinə əsasən Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Vergi ödəyicisinin vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakının siyahıya alınması prosesini Vergi Məcəlləsinin 89-cu maddəsi tənzimləyir. Həmin maddədə əmlakın siyahıya alınması zamanı tərtib olunmuş protokola hansı sənədlərin əlavə edilməli olduğu qeyd olunmuşdur. Belə ki, həmin Məcəllənin 89.10-cu maddəsinə nəzər saldıqda görünür ki, protokola əlavə edilməli olan sənədlər əmlakın fotoşəkli və əmlakın siyahısıdır. Lakin Bakı İnzibati Məhkəməsinin sözügedən qərarında məhkəmə vergi orqanının vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə siyahıya aldığı və satılması üçün hazırkı məhkəmədə iddia qaldırdığı iddia predmeti olan qeyriyaşayış sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan əmlaklar olmaqla, cavabdeh vergi ödəyicisi olan Cavabdeh MMC-nin mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmədiyi qeyd olunur. Halbuki, qeyd olunduğu kimi Vergi Məcəlləsinin 89cu maddəsində əmlakın sənədlərinin protokola əlavə edilməli olması qeyd olunmamış, həmçinin daşınmaz əmlak siyahıya alınarkən mütləq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınmış əmlakların siyahıya alınmalı olması qeyd olunmamışdır. Əmlakın siyahıya alınması haqqında protokoldan göründüyü kimi, protokol və ona əlavə edilmiş siyahı hüquqi şəxsin rəhbəri tərəfindən imzalanmışdır. Eyni zamanda Cavabdeh MMC-nin direktoru X2 Abşeron rayonunda, Masazırkəndi, Duz zavodu yolu-3, Rahat- Nəfəs yaşayış kompleksində siyahıya alınmış əmlakların cəmiyyətə məxsus olduğunu təqdim etdiyi izahatında qeyd etmişdir. Vergi Məcəlləsinin 90-cı maddəsinin 3.3.9-cu bəndinə əsasən tikintisi başa çatmamış obyekt üzərində hüquq satıldıqda əlavə olaraq torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətləri vergi orqanının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) hərracı keçirməsi üçün ünvanladığı sifarişə əlavə edilməlidir. Qeyd olunan maddənin məzmunundan məlum olur ki, əmlakın satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə minəndən sonra həmin qərarı icra edən vergi orqanı siyahıya alınmış əmlakın satışını həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) sifariş verərkən məhkəmə qərarı ilə birlikdə yuxarıda qeyd olunan sənədləri də əlavə edir. Qanunvericiliyin tikintisi başa çatmamış obyekt üzərində hüququn satılması üçün hansı sənədlərin lazım olduğunu xüsusi vurğulamağı onu deməyə əsas verir ki, vergi orqanının Cavabdeh MMC-yə məxsus əmlakın satılması ilə bağlı məhkəmədə qaldırdığı iddia əsaslıdır. Belə ki, qanunvericilik siyahıya alınmış əmlakla bağlı sənədlərin məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra təqdim edilməli olmasını tənzimləmişdir və xüsusi olaraq tikintisi başa çatmamış obyektlər üzərində hüququn satılması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətlərinin sifarişə əlavə edilməli olmasını qeyd etmişdir. Məlumdur ki, tikintisi başa çatmayan obyekt daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmır və onların məhz qeyd olunan maddədə göstərilən sənədləri olur. Ona görə də hesab edirlər ki, məhkəmə tikintisi başa çatmamış əmlak üzrə yuxarıda qeyd olunan sənədlərin mövcudluğunu yoxlamalı olduğu halda həmin əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığını araşdırmışdır. Məhkəmə kifayət qədər araşdırma aparmamış, vəzifəsi olduğu halda zəruri sübutlar toplamamış, bununla bağlı müvafiq qurumlara sorğular verilməmiş, mübahisənin düzgün həlli üçün lazımi qədər səy göstərməmişdir. Belə ki, məhkəmə tikintiyə icazənin olub olmadığını, tikintinin yerləşdiyi torpaq sahəsinin cavabdehin mülkiyyətində, icarə və ya istifadəsində olması məsələsini araşdırmamışdır. Cavabdeh MMC-nin vergi borcuna görə siyahıya alınmış əmlaklarının cəmiyyətə məxsus olması barədə cəmiyyətin direktorunun izahatı olduğu halda məhkəmə bunu araşdırmamışdır. Bundan əlavə qeyd olunduğu kimi, Vergi Məcəlləsinin 89-cu maddəsi və 90-cı maddəsi siyahıya alınmış daşınmaz əmlakın vergi ödəyicisinin mülkiyyətində olmasını təsdiq edən çıxarışın məhkəməyə təqdim edilməli olmasını nəzərdə tutmamışdır. Belə olan halda da vergi orqanının sifarişə əlavə etməli olduğu sənədlərin mövcudluğunu yoxlamaq, satılması nəzərdə tutulan əmlakın tikintisi başa çatmayan obyekt olduğunu nəzərə almaq əvəzinə məktuba istinad edərək iddianı rədd etmişdir. Lakin məhkəmə tərəfindən qərar çıxarılarkən qeyd olunan əsaslar nəzərə alınmamış və nəticədə düzgün olmayan qərar çıxarılmışdır. Bakı İnzibati Məhkəməsi qərarında siyahıya alınmış əmlakların Cavabdeh MMC-nin mülkiyyət hüququ üzr qeydiyyatdan keçmədiyini qeyd edərək iddianı rədd etmişdir. Halbuki MMC-nin direktoru siyahıya alınmış əmlakların MMC-yə məxsus olduğunu izahatında qəbul edir. İşin hallarınan görünür ki, siyahıya alınmış əmlak tikintisi başa çatmamış əmlakdır. Bu səbəbdən də həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması təbiidir. Cavabdehin vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi belə əmlakının siyahıya alınmasını Vergi Məcəlləsi 90.3.3.9-cu maddəsində nəzərdə tutmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2021-ci il il tarixli, **********3 saylı bildirişdən görünür ki, vergi ödəyicisinin xx.xx.2021-ci il tarixinə ümumilikdə 72,078.88 manat, o cümlədən: muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 39,775.13 manat, faizlər üzrə 32,303.75 manat borcu vardır. Vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün cavabdeh tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixi **********8 nömrəli qərar qəbul edilmişdir. İş materiallarında olan “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli **********574600 nömrəli protokoldan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Rahat-Nəfəs yaşayış kompleksi (Bina A-1 ticarət obyekti), 1 ədəd, 30 kv.m, vahidin qiyməti 2000 manat, məbləğ 60000 manat və Rahat-Nəfəs yaşayış kompleksi (Bina A-1 ticarət obyekti), 1 ədəd, 25 kv.m, vahidin qiyməti 2000 manat, məbləğ 50000 manat, cəmi 110.000 manat dəyərində daşınmaz əmlakları siyahıya alınmışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün cavabdehə təhvil verilmiş və o, imza edərək əmlakı təhvil almışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Masazır kəndi, X5-3, Rahat Nəfəs yaşayış kompleksində yerləşən A-1 saylı binada yerləşən, ölçüsü 30 kv.m olan və 1-A saylı binada ölçüsü 25 kv.m olan qeyri-yaşayış sahələrinə dair hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Cavabdeh MMC-yə məxsus qeyri-yaşayış sahələrinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.8-1. Dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı mövcud olan borclu vergi ödəyicisinin həmin əmlakının siyahıya alınmaya təqdim edilməsi məqsədilə, vergi orqanı tərəfindən əmlakın siyahıya alınması haqqında çıxarılmış qərarla birlikdə vergi ödəyicisinə müvafiq yazılı xəbərdarlıq da göndərilir. Vergi ödəyicisi dövlət reyestri aparılan daşınmaz və daşınar əmlakı vergi orqanı tərəfindən müvafiq yazılı xəbərdarlıq edildikdən sonra da həmin xəbərdarlıqda müəyyən edilmiş müddətdə və yerdə siyahıya alınmaya təqdim etməkdən yayınarsa, həmin əmlak reyestr məlumatlarına əsasən vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) və müşahidəçilərin iştirakı olmadan vergi orqanı tərəfindən siyahıya alınır. Əmlakın siyahıya alınmasının vaxtı və yeri barədə yazılı qaydada xəbərdar edilmiş vergi ödəyicisi (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsi) əmlakın siyahıya alınması prosesində iştirak etmədiyi halda, əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanının vəzifəli şəxsləri 1 iş günü müddətində vergi ödəyicisinə (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinə) əmlakın siyahıya alınması haqqında protokolun surətini əlavələri ilə birlikdə göndərir. Vergi orqanı dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın bu Məcəlləyə uyğun olaraq siyahıya alınmasını apardıqdan sonra 1 iş günü müddətində həmin əmlakın yüklü edilməsi barədə məlumatı bu əmlakın dövlət reyestrini aparan səlahiyyətli dövlət orqanına (qurumuna) elektron və ya kağız daşıyıcıda verir. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 89.14.2. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilir. 89.14.3. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin), iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq ücün götürülür. 89.14.4. Malların obyektdən götürülməsi haqqında protokolda aşağıdakılar göstərilir: 89.14.4.1. protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 89.14.4.2. protokolun tərtib edildiyi tarix və yer; 89.14.4.3. malları götürülən şəxs barədə məlumat; 89.14.4.4. protokolun tərtibində iştirak edən müşahidəçilər barədə məlumat; 89.14.4.5. götürülən malların siyahısı və miqdarı barədə məlumat. 89.14.5. Malların götürülməsi haqqında protokol vergi orqanının vəzifəli şəxsləri, habelə vergi ödəyicisi (və ya onun nümayəndəsi), obyektin məsul şəxsi və müşahidəçilər tərəfindən imzalanır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə həmin protokolda bu barədə müvafiq qeyd aparılır. 89.14.6. Götürülən mallar inzibati xəta haqqında işə baxılanadək, vergi orqanının müəyyən etdiyi yerdə digər vergi ödəyicisinə və ya vəzifəli şəxsə məsul saxlamaya qoyulmaq üçün təhvil verilir. 89.14.7. Siyahıya alınmış mallar məsul saxlamaya qoyulmaq üçün vergi ödəyicisinə təhvil verildikdə, o, siyahıya alınmış malların özgəninkiləşdirilməsinə, israf edilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə yol verdiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıdığı barədə xəbərdar olunmalıdır. 89.14.8. Tərtib olunmuş aktlara və protokollara bu Məcəlləyə uyğun olaraq baxılır. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. İşin faktiki halları ondan ibarətdir ki, vergi ödəyicisi F.İ.P MMC xx.xx.2021-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna olan borcunun ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borcunun ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən, xx.xx.2021-ci il tarixə 72078,88 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdehin xx.xx.2022-ci il tarixli **********574600 nömrəli protokoluna əsasən daşınmaz əmlakları siyahıya alınmışdır. Hazırda iddiaçı Bakı şəhəri, Abşeron rayonu, Masazır kəndi, X5-3, Rahat-Nəfəs yaşayış kompleksi bina A-1 ünvanında 30 kv.m və 25 kv.m qeyri-yaşayış sahələrinin satılaraq büdcəyə olan borcun ödənilməsini mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsin əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, daşınar əşyalara olan əşya hüquqlarından fərqli olaraq daşınmaz əşyalara olan hüquqlar bir qayda olaraq dövlət qeydiyyatına alınır. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh MMC-yə məxsus qeyri-yaşayış sahələrinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, vergi orqanının vergi borcunun ödənilməsini təmin etmək məqsədi ilə siyahıya aldığı və satılması üçün məhkəmədə iddia qaldırdığı iddia predmeti olan qeyri-yaşayış sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlaklar olmaqla, cavabdeh vergi ödəyicisinin mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməmişdir. Odur ki, vergi borcunun ödənilməsi mülkiyyət hüququ üzrə qeydiyyata alınmamış daşınmaz əmlakların satışı hesabına təmin edilə bilməz. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4219/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar