Məhkəmə qərarları › İş №2-1(103)-754/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-754/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-754/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı nümayəndəsi X2, üçüncü şəxs X1 iştirakı ilə cavabdeh Qala Bələdiyyəsinə qarşı sərəncamın etibarsızlığının tanınması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1221/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs A.Ələkbərov) məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 126 nömrəli sərəncamının etibarsızlığının tanınmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilib, işin mahiyyəti üzrə birinci instansiya məhkəməsində baxılmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, Xəzər Rayon İcra Hakimiyyətinin SOCAR-ın daimi istifadəsinə verilmiş dövlət mülkiyyətində olan sənaye təyinatlı torpağı özgəninkiləşdirməsi, yaşayış evi kimi bir fərdə verməsi ilə RİH-in BDU Hüquq Fakültəsinin diplomunu verməsi eyni mahiyyət daşıyır. Necə ki, RİH-in belə bir diplomu, üstündən uzun illər keçməsi ilə etibarlı bir diplom olmaz, mübahisələndirilən qərarı da etibarlı deyil. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi şikayətə uyğun izahat verərək, göstərmişdir ki, Qala ərazisi birinci instansiya məhkəməsinin qərardadında istinad etdiyi Sazişdə nəzərdə tutulmamışdır. Üçüncü şəxsin izahatı iddiaçının nümayəndəsinin izahatı ilə eyni olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “xx xxxxxxxx 2004cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“xxxx”), X5 Bi.Vi. və xxxx-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və xx xxxxx 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş Qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Göründüyü kimi, Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin hazırkı iddia ilə mübahisə edilən Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu Qala Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 126 nömrəli Sərəncamı da bu qaydada artıq qüvvədən düşmüşdür. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar artıq qüvvədən düşdüyündən, inzibati mübahisə də mövcud deyildir.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, Sazişin adında Qala adlı ərazi yoxdur, bu ərazinin Sazişin təsir dairəsinə düşüb-düşmədiyi isə iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən məsələ müzakirə edilməyən iddianın mümkün sayılmaması haqqında hazırkı qərardad əsaslandırılmış sayıla bilməz. Belə ki, İPM-in: 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır; 80.3-cü maddəsinə əsasən, bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qərardadın ləğvi hissədə qismən razılaşır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi qərardad ləğv edilməli, inzibati iş həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir (İPM-in 87.6-cı maddəsi). İPM-in 90.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası bildirir ki, işin hazırkı mərhələsində iddiaçının tələbi (apellyasiya şikayəti) təmin olunduğu, cavabdehin və üçüncü şəxsin isə heç bir, o cümlədən təmin olunmayan tələbi olmadığı və qərardad onlara münasibətdə hər hansı əlverişsiz hüquqi nəticə meydana gətirmədiyi üçün, tərəflərin kassasiya şikayəti vermək hüquqları qanunla istisna olunur. Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1221/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar