Məhkəmə qərarları › İş №2-1(103)-754/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-754/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-754/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X2 ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçı nümayəndəsi (babası) X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12288/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdeh Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası xx.xx.2007-ci il təvəllüdlü İddiaçı məcburi köçkün statusuna malikdir və ünvan 1 ünvanında yaşayır. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. Sözügüdən hüuqularından yararlanmaq məqsədi ilə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Qaçqınların və X8 üzrə Dövlət Komitəsi 3-36/2-M-4657- 42/2023/3406 saylı, xx.xx.2023-ci il tarixli məktub ilə iddiaçıya imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ədilyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə)” “məcburi köçkün statusu” və onu təsdiq edən vəsiqənin verilməsinə dair “Qaydadalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərin atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Bundan əlavə göstərilmişdir ki. Cəbrayıl rayonun Çocuq Mərcanlı kəndi işğaldan azad kənd olduğundan 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra təmas xətti ləğv edildiyindən istədiyinə müsbət həlli mümkünsüz kimi göstərilmişdir. İddiaçı hesab edir ki, inzibati orqanın imtinası əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının - Qanuni nümayəndə adına verilmiş xx.xx.2006-cı il tarixli 355079 nömrəli vəsiqədən görünür ki, 1993-cü il tarixdə iddiaçının nümayəndəsinin Cəbrayıl rayonundan məcburi kökün düşmə faktı təsdiqlənir. Həmşinin bildirilmişdir ki, Azərbaycan Respublikası Cəbrayıl Rayonu İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş №80 saylı, xx.xx.2023-cü il tarixli ayarışdan görünür ki, xx.xx.1976- cı il təvəllüdlü Qanuni nümayəndə məcburi köçkün statusuna malikdir və Bakı şəhəri. Nərimanov rayonu. İ.Hidayətzadə küçəsi, ev 20 ünvanında yaşayır. Məcburi köçkün olaraq bütün imtiyazlardan formal olaraq istifadə etmək hüququna malikdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçının atası Qanuni nümayəndə övladına məcburi köçkün vəsiqəsinin verilməsi barədə Komitəyə daxil olmuş müraciəti Komitə tərəfindən cavablandırılaraq bildirilmişdir ki, Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi işğaldan azad olan kənd olduğundan, 8 noyabr 2020-ci il tarixində işğalda olan ərazilərin azad edilməsindən sonra təmas xətti ləğv edildiyindən, istədikləri müsbət həlli Komitənin imkanı xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, ‘‘Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malikdir və ünvan 2i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bununla yanaşı, İddiaçı anası X9 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik deyildir və ünvan 2i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Bildirilmişdir ki, Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndi 2016-cı il tarixdə işğaldan azad olunmasına baxmayaraq, həmin ərazi Ermənistan silahlı qüvvələrinin yerləşdiyi mövqelərə, yəni “təmas xətti”nə yaxın ərazidə yerləşdiyindən, sözügedən ərazidə məskunlaşmış insanların çətin və təhlükəli şəraitdə yaşamaları halı nəzərə alınaraq, onların məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmələrinə şərait yaradılmışdır. 2020-ci il tarixdə X1mış Zəfər nəticəsində ərazilərimizin işğaldan azad olunması nəticəsində, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı zamanı qeyd etdiyi kimi təmas xətti tamamilə ləğv edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Qeyd edilmişdir ki, Çocuq Mərcanlı kəndi 2016-cı ildə işğaldan azad olunduqdan sonra həmin inzibati ərazi vahidinin sakinlərinin faktiki olaraq orada məskunlaşmasına şərait yaranmış və onların məcburi köçkün hesab olunmalarına əsas mövcud olmamışdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli Qanununun 14-cü maddəsinə əsasən, şəxs məcburi köçkün statusunu aşağıdakı hallarda itirir: 1. əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; 2. bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. Göründüyü kimi, iddiaçının atası Qanuni nümayəndə 2016-cı ildə işğaldan azad olunmuş Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndinə qayıtmaq imkanına malik olduğundan, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, o, məcburi köçkün statusunu itirmişdir. Yuxarıda yazılanların məntiqi yekunu olaraq bildirilmişdir ki, İddiaçı atası Qanuni nümayəndə işğaldan azad Cəbrayıl rayonunun Çocuq Mərcanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olduğundan və təmas xətti ləğv edildiyindən, İddiaçı məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12288/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərarı ilə İddia təmin edilmiş və iddiaçı xx.xx.2007-ci il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh iddiaya yazılı etirazla eyni məzmunlu apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubda qeyd edilmişdir ki: “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad kənd olduğundan, 08 noyabr 2020-ci il tarixdən işğalda olan ərazilərin azad edilməsindən sonra, təmas xətti ləğv edildiyindən istəyinizin müsbət həlli Komitənin imkan xaricindədir” - Azərbaycan Respublikası Cəbrayıl rayonu Hakimiyyəti Başçısının Cocuq Mərcanlı ərazi nümayəndəliyinin 20 iyul 2023-cü il tarixli 80 nömrəli arayışında qeyd edilmişdir ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd sakini Qanuni nümayəndə həqiqətən məcburi köçkün kimi Nərimanov rayonu, Montin qəsəbəsi, İ.Hidayətzadə 20 ünvanda bağçada yaçayır və aşağıdakı tərkibdə ailə üzvləri vardır:

1. Özü – Qanuni nümayəndə

2. H/Y – X9

3. Oğlu – X5

4. Oğlu – İddiaçı Ailə üzvlərindən X5 və Misirli X7 rayon İHB-nın Cocuq Mərcanlı ərazi nümayəndəliyindən vahid aylıq müvainət alır. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi 151 saylı Mənzil-Kommunal İstismar sahəsi xx.xx.2023-cü il tarixli 101 nömrəli arayışda qeyd edilmişdir ki, X6 həqqətən Cəbrayıl rayonundan məcburi köçkündür və Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə 20 mənzildə məskunlaşmışdırlar.

1. Özü – Qanuni nümayəndə

2. H/Y – X9

3. Oğlu – X5

4. Oğlu – İddiaçı - Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2016-ci il tarixdə verilmiş AA seriyalı 355079 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə (Cəbrayıl rayonunda doğulmuşdur) 1993-cü ildə Cəbrayıl rayonundakı daimi yaşayış yerini tərk etmişdir, məcburi köçkün statusuna malikdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qanuni nümayəndə xx.xx.1976ci il tarixində Cəbrayıl rayonunun C.Mərcanlı kəndində doğulmuşdur. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1978-ci il tarixində Bakı şəhərində doğulmuşdur. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixində Bakı şəhərində doğulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. ... Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 14. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: - əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; - bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. “Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: Bənd 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi barədə tələblə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (cavabdeh inzibati orqana) müraciət etmiş, cavabdeh tərəfindən isə “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir Belə ki, yuxarıda qeyd edilən Qaydaların istinad edilən bəndinə görə, o uşaqlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir ki, 1) valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; 2) hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; 3) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edən məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə məcburi köçkün şəxslərin Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə köçürülməsi ilə bağlı və ya məcburi köçkün vəsiqələrinin ləğv edilməsi ilə bağlı hər hansı hüquqi tənzimləməsi mövcud deyildir. Belə ki, məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlı qanunvericilikdə cavabdeh orqanının qeyd etdiyi məhdudiyyət olmadığından bu hüququn iddiaçıya münasibətdə tətbiq olunmamağı hüquq bərabərliyi prinsipinə ziddir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”da qeyd olunduğu kimi işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. Odur ki, hazırda Cəbrayıl rayonunun ərazisinə hazırda Böyük Qayıdış baş tutmamışdır Həmçinin sözügedən Qaydalarda göstərilən hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olması ilə bağlı tələb və ya ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdüyü halda müvafiq hüquqdan məhrum olmaya dair tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmamışdır. Beləliklə, Qaydalar “məcburi köçkün” statusu əldə etmək üçün Qanunda nəzərdə tutulmayan “yaşayış yeri üzrə qeydiyyatla bağlı” məhdudiyyət, eləcə də “ayrıca yaşayış sahəsi əldə edildiyi təqdirdə” həmin hüququn itirilməsi halını müəyyən etmişdir. Bu isə hüquq və azadlıqlara müdaxilə ilə bağlı qanunilik tələbinə uyğun gəlmir. Çünki Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli aktlar qanuna uyğun olmalı, onun normaları ilə ziddiyyət yaradan hüquq normaları nəzərdə tutulmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2005-ci il tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 3.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusunun, həmin statusu təsdiq edən sənədin (vəsiqənin) verilməsi və bu statusdan məhrum edilmə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 22 yanvar tarixli, 15 nömrəli qərarı ilə təsdiq edilmiş “Məskunlaşmamış qaçqın və məcburi köçkünlərə güzəştlərin müavinətlə əvəz olunması ilə əlaqədar onların ödənilməsi” Qaydalarının (xx.xx.2017-ci ilədək qüvvədə olmuşdur): 3-cü bəndinə əsasən məskunlaşmamış qaçqın və məcburi köçkünlərin (bundan sonra istehlakçılar) müvəqqəti məskunlaşdıqları şəhər və rayonların xidmət təşkilatları (elektrik, qaz, su təchizatı və sair xidmət idarələri), yerli rayon (şəhər) və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin səlahiyyətli nümayəndələri, Komitənin həmin rayon (şəhər) üzrə nümayəndələri ilə birlikdə faktiki istehlakçıların (o cümlədən pasport qeydiyyatına düşmüş və öz hesabına mənzil almış məcburi köçkünlərin) siyahısını onların istifadə etdikləri xidmətlərin növləri göstərilməklə, hər bir işğal olunmuş rayon (şəhər) üzrə ayrı-ayrılıqda bu Qaydaya əlavə olunmuş forma əsasında tərtib edirlər. Həmin siyahılar istehlakçıların məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinin başçıları tərəfindən rübdə bir dəfə dəqiqləşdirilməklə, ildə bir dəfə təsdiq edilərək Komitəyə təqdim olunur. Hər ay həmin siyahılardakı saya və göstərilən xidmətlərə uyğun olaraq kommunal və digər xidmət xərcləri üzrə tələb olunan məbləğlər hər bir xidmət növü üzrə müəyyənləşdirilir, müvafiq maliyyə-mühasibat sənədləri hazırlanır və ödənişin aparılması üçün hər növbəti ayın 5-dən gec olmayaraq Komitəyə təqdim edilir. 4-cü bəndinə əsasən Komitə öz növbəsində müvafiq ay üzrə kommunal və digər xidmət xərclərinin xidmət təşkilatlarına ödənilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq ödəniş sənədlərini hazırlayıb təqdim edir. 6-cı bəndinə əsasən Kommunal xidmət təşkilatları elektrik enerjisi (adambaşına ayda 150 kvt.s. nəzərdə tutulur), qaz və suya görə istehlakçıların istifadə etdiyi müvafiq xidmətin haqqını sayğacların göstəricilərinə (sayğac olmayan yerlərdə adambaşına müvafiq tarif və normalara) əsasən müəyyənləşdirir. 7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən olunur ki, istehlakçıların dəqiq siyahılarının tərtib edilməsinə və onlar tərəfindən istifadə edilmiş kommunal xidmət xərclərinin məbləğinin düzgün hesablanmasına görə məsuliyyəti bilavasitə məskunlaşmamış qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları rayon (şəhər), əraziləri işğal olunmuş rayon (şəhər) icra hakimiyyətlərinin, xidmət təşkilatlarının və Komitənin aidiyyəti məsul şəxsləri daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarının tələblərinə əsasən iddiaçı məcburi köçkün statusu almış şəxs kimi qəbul edilmiş, dövlət orqanları tərəfindən iddiaçı məcburi köçkünlərin siyahısına daxil edilərək məcburi köçkünlər üçün müəyyən edilmiş güzəştlərdən istifadə etmişdir. İddiaçı məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmış və bu, onun güzəştlərdən istifadə etmək hüququna təminat vermişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12288/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12288/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar