Məhkəmə qərarları › İş №2-1(103)-754/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-754/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-754/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “4459,47 manat pul məbləğinin tələb edilməsinin qadağan edilməsi və şəxsi hesab vərəqəsindən silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-8228/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinə qarşı “vergi öhdəliyindən çəkindirilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iş üzrə cavabdeh qismində məhkəmə icraatının iştirakçısı kimi tanınmışdır. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək 4459,47 manat pul məbləğinin tələb edilməsinin cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsini, borc kimi göstərilmiş həmin məbləğin şəxsi hesab vərəqəsindən silinməsini həmin cavabdehə həvalə edilməsini, Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli 2-1(81)-3650/2015 saylı qərarı ilə iddia tələbi təmin edilərək Bakı Vergilər Departamentinin cəmi 4459,47 manat tutulmasına dair sərəncamları etibarsız hesab edilmiş, həmin tutulmaya dair hərəkətləri və şikayətə baxılmasına dair hərəkətsizliyi qanunsuz hesab olunmuş, əsassız tutulmuş 4459,47 manat üzərinə faizlər hesablanmaqla iddiaçının bank hesabına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 aprel 2016-cı il tarixli 2-1(103)-479/2016 saylı qərarı ilə vergi orqanının apellyasiya şikayəti təmin olunmamış, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli 2-1(81)-3650/2015 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 dekabr 2016-cı il tarixli 2-1(102)-1307/2016 saylı qərarı ilə vergi orqanının kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 07 aprel 2016-cı il tarixli 2-1(103)- 479/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmələrin hamı üçün məcburi olan qərarlarını vergi orqanı hər vəchlə icra etməkdən yayınmağa çalışmış, müxtəlif qanunsuzluqlara əlatmaqdan belə çəkinməmiş, məhkəməyə və icra orqanına qərarın icra olunduğu barədə yalan məlumatlar vermişdir. Bakı şəhəri Lokal gəlirlər departamentinin 14 iyun 2018-ci il tarixli məktubu ilə məhkəməyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli 2-1(81)-3650/2015 saylı qərarının icra olunduğu bildirilmişdir. Çoxsaylı yazılı müraciətlərdən sonra vəziyyət dəyişməmiş, hətta icra orqanı tərəfindən icra icraatına xitam verildiyi barədə 05 noyabr 2019-cu ildə qərar çıxarılıb məhkəməyə göndərildiyiməlum olmuşdur. İcra orqanının qərarından verilmiş şikayət Bakı İnzibati Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli 8-1(112)-30/2021 saylı qərarı ilə təmin olunaraq icra olunması ilə bağlı icraata xitam verilməsi haqqında qərar qanunsuz hesab edilmişdir. Vergi orqanı bundan sonra da qərəzli yanaşmasını davam etdirərək qərarı icra etməkdən yayınmağa cəhdləri davam etdirmişdir. Bakı İnzibati Məhkəməsində cavabdehin cərimə olunması və icranı təmin etməsi tələbi ilə ərizəyə baxılması zamanı, nəhayət vergi orqanı icraya başlayacağını bəyan etmiş, uzun çək-çevirdən sonra 18 fevral 2023-cü ildə qərarı yalnız əsas məbləğ hissəsində icra etmiş, faizlərin hesablanıb ödənilməsi hissəsində qərar icra olunmamışdır. Qərarın faizlərin hesablanıb icra edilməsi barədə halhazırda Bakı İnzibati Məhkəməsində baxılan şikayət verildikdən sonra çəkindirmə məqsədi ilə 23 avqust 2023-cü il tarixli məktubla hədə-qorxu gəlməyə səy göstərilmişdir. Yuxarıda xatırladılan cavabı verdikdən sonra vergi orqanı bir müddət hərəkətsiz qalmış, faizləri qismən hesablayıb 30 dekabr 2023-cü ildə ödədikdən sonra qeyzi və qərəzkarlığıcovlan edərək hərəkətə keçmiş və mənim ölkədən getmək hüququmun müvəqqətiməhdudıaşdırlması üzrə təhdidə keçmişdir. Cavabdeh tərəddüd etmədən faktları və hüquqi halları təhrif edir, məntiqsiz hesablamalar aparır və borc yaradır və borc hesab etdiyi rəqəmin mənbəyini belə göstərə bilmir. Özünün təqdim etdiyi Şəxsi hesab vərəqdən yuxarıda qeyd olunduğu kimi açıq-aşkar görünür ki, 17 fevral 2023-cü ilə 171,15 manat artıq ödəmə olmuş, həmin tarixdə məhkəmə qərarının icrası qaydasında xəzinədarlıqdan bank hesabına ödənilmiş 4459,47 manatı yenidən iddiaçının borcu kimi hesablayaraq, həmin məbləğdən 171,15 manat artıq ödəməni çıxaraq 4288,32 manat qalıq yaratmış, hətta 06 aprel 2023-cü ilə 205,84 manat faiz üzrə qalıq quraşdırmışdır. Bununla bağlımənə heç bir bildiriş, qərar, rəy və digər sənəd təqdim olunmamışdır. Faktiki olaraq 04 aprel 2014-cü ildə 130,07 manat artıq ödəməm, bəyannamələr üzrə 2015-ci ildə 22,34, 2016-cı ildə 78,70, 2017-ci ildə 510,8, 2018- 2020-ci illrdə 0 manat, yəni 2014- 2020-ci illərdə cəmi 1030,05 manat gəlir vergisi öhdəliyi olmuşdur. Lakin 2016-cı ildə 78,70, 2017-ci ildə 510,80 manat vergi orqanı tərəfindən şəxsi hesaba bilərəkdən işlənilməmişdir. 04 aprel 2014-cü ildən 01 aprel 2021-ci ilədək vergi ödəmələri və tutulmaların məbləği 5295,97 manat təşkil etmişdir ki, bundan bəyan olunmuş və hesabda qeyd edilmiş vergi məbləğləri çıxılaraq artıq ödənilmiş məbləğ nəzərə alındıqda cəmi artıq ödənən verginin məbləği 4985,45 manat, məhkəmə qərarı əsasında geri qaytarılmış 4459,47 manat nəzərə alındıqda, nəticə etibarı ilə 525,98 manat artıq ödənmiş vergiməbləği qalmış olur. 6.18. Beləliklə, cavabdeh qanunsuz hərəkətlərə və tələblərə yol vermişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibətdə etiraz təqdim edərək bildirmişdir ki, uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2005-ci il tarixdə VÖEN almış, “Vəkillik fəaliyyəti” ilə məşğul olmuşdur. Vergi ödəyicisinin xx.xx.2017- ci il tarixə vergilər üzrə 4535,54 manat artıq ödəmə məbləği olmuşdur. Daha sonra vergi ödəyicisinin 2016-cı il gəlir vergisi üzrə 2749,60 manat, 2017-ci il gəlir vergisi üzrə 912,24 manat və 2019-cu il gəlir vergisi üzrə 636,58 manat vergi öhdəliyi yaranmış və qeyd olunan öhdəliklər xx.xx.2017-ci il tarixə yaranmış artıq ödəmə məbləğinə uyğun olaraq əvəzləşdirilmiş və xx.xx.2022-ci il tarixə 171,15 manat artıq ödəmə məbləği qalmışdır. Vergi ödəyicisi İddiaçı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ləğv edilmiş Bakı Vergilər Departamentinin 4.459,47 manatın tutulması barədə sərəncamların etibarsız hesab edilməsi, hərəkətlərinin və şikayətə baxılması üzrə hərəkətsizliyinin qanunsuz hesab olunması, əsassız tutulmuş 4.459,47 manat məbləğin üzərinə faizlər hesablanmaqla iddiaçının bank hesablarına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci iltarixli 2-1(81 )- 3650/2015 saylı qərarı ilə İddiaçı cavabdeh Bakı Vergilər Departamentinə qarşı iddia tələbi təmin edilmiş, Baş İdarə tərəfindən qeyd olunan qərarın icrası ilə əlaqədar 30.11,2022-ci il tarixli **********231100 nömrəli rəy tərtib olunaraq vergi ödəyicisinin tələb etdiyi 4.459,47 manat məbləğ xx.xx.2023-cü il tarixdə ödəyicinin bank hesabına geri qaytarılmışdır. Artıq ödəmə məbləği geri qaytarıldığı üçün 2016, 2017 və 2019-cü il tarixlərdə yaranan öhdəliklər borca çevrilmiş və hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 4288,32 manat borc məbləği yaranmışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8228/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərarı (hakim: O.Həsənov) ilə iddia təmin edilmişdir Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot baza məlumatlarına əsasən İddiaçı xx.xx.2005-ci il tarixdə VÖEN almış, “Vəkillik fəaliyyəti” ilə məşğul olmuşdur. Vergi ödəyicisinin xx.xx.2017-ci il tarixə vergilər üzrə 4535,54 manat artıq ödəmə məbləği olmuşdur. Daha sonra vergi ödəyicisinin 2016-cı il gəlir vergisi üzrə 2749,60 manat, 2017ci il gəlir vergisi üzrə 912,24 manat və 2019-cu il gəlir vergisi üzrə 636,58 manat vergi öhdəliyi yaranmış və qeyd olunan öhdəliklər xx.xx.2017-ci il tarixə yaranmış artıq ödəmə məbləğinə uyğun olaraq əvəzləşdirilmiş və xx.xx.2022-ci il tarixə 171,15 manat artıq ödəmə məbləği qalmışdır. Vergi ödəyicisi İddiaçı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ləğv edilmiş Bakı Vergilər Departamentinin 4.459,47 manatın tutulması barədə sərəncamların etibarsız hesab edilməsi, hərəkətlərinin və şikayətə baxılması üzrə hərəkətsizliyinin qanunsuz hesab olunması, əsassız tutulmuş 4.459,47 manat məbləğin üzərinə faizlər hesablanmaqla iddiaçının bank hesablarına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci iltarixli 2-1(81)-3650/2015 saylı qərarı ilə İddiaçı cavabdeh Bakı Vergilər Departamentinə qarşı iddia tələbi təmin edilmiş, Baş İdarə tərəfindən qeyd olunan qərarın icrası ilə əlaqədar xx.xx.2022-ci il tarixli **********231100 nömrəli rəy tərtib olunaraq vergi ödəyicisinin tələb etdiyi 4.459,47 manat məbləğ xx.xx.2023-cü il tarixdə ödəyicinin bank hesabına geri qaytarılmışdır. Artıq ödəmə məbləği geri qaytarıldığı üçün 2016, 2017 və 2019-cü il tarixlərdə yaranan öhdəliklər borca çevrilmiş və hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 4288,32 manat borc məbləği yaranmışdır. Göründüyü kimi, vergi orqanı iddiaçıya borc yaratmamış sadəcə 2016, 2017 və 2019-cu il tarixlərdə iddiaçı tərəfindən təqdim edilmiş və ödənilməmiş məbləğlər bərpa edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək həmçinin Vergilərin hesablanması barədə 23 may 2018-ci il tarixli, **********768400 nömrəli və Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 09 iyun 2020-ci il tarixli, **********956500 nömrəli qərarların da ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edildi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, dəqiqləşdirilmiş formada iddia tələbinin təmin edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı “cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergilərin hesablanması barədə 23 may 2018-ci il tarixli, **********768400 nömrəli və Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 09 iyun 2020-ci il tarixli, **********956500 nömrəli qərarları ləğv edilsin” qeyd edilməklə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İş materiallarından “Vergilərin hesablanması barədə” 23 may 2018-ci il tarixli, **********768400 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 iyun 2020-ci il tarixli, **********956500 nömrəli qərarların iddiaçıya qanunla müəyyən edilmiş qaydada təqdim edildiyi müəyyən olunmur. Belə ki, AR Vergi Məcəlləsinin: -13.2.72-ci maddəsinə əsasən elektron kabinet – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir. -70.1-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. -70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. -70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. -70.2-2-ci maddəsinə əsasən sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Sadalanan normalardan aydın olduğu kimi sənədlərin vergi ödəyicisinə təqdim edilməsi üçün 3 üsul müəyyən edilmişdir: 1) şəxsən, 2) poçt rabitəsi vasitəsilə 3) elektron qaydada. “Elektron imza və elektron sənəd haqqında” AR Qanununun: -1.1.5-ci maddəsinə əsasən gücləndirilmiş elektron imza (bundan sonra gücləndirilmiş imza) - imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən, əlaqəli olduğu məlumat bildirişinin bütövlüyünü, dəyişməzliyini, təhrif olunmadığını və saxtalaşdırılmadığını müəyyən etməyə imkan verən elektron imzadır. -6.1-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının informasiya sistemlərində elektron sənəd mübadiləsi üçün ancaq gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilir. -6.4-ci maddəsinə əsasən dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən elektron imzadan istifadə Qaydası”nın 3.3-cü bəndinə əsasən qanunvericiliklə sənədin möhürlə təsdiqlənməsi tələb edildikdə, təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlarda qeyd olunmuş gücləndirilmiş imzadan istifadə edilir. Bu imza şəxsin kağız daşıyıcı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Sadalanan normalardan aydın olur ki, dövlət hakimiyyət orqanlarında, o cümlədən vergi orqanlarında elektron üsulla göndərilən sənədlər (xüsusilə möhürlə təsdiq edilməli olanlar) gücləndirilmiş imzadan və sertifikatlaşdırılmış imza vasitələrindən istifadə edilməklə imzalanmalıdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı iddiaçı X1 Sisteminə (AVİS) qoşulmadığını bildirmişdir, belə olan halda mübahisələndirilən qərarlar iddiaçıya şəxsən və ya poçt rabitəsi vasitəsilə təqdim edilməli idi. İş materiallarından mübahisələndirilən qərarların iddiaçıya şəxsən və ya poçt rabitəsi vasitəsilə də təqdim edildiyi müəyyən olunmur, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi də verdiyi izahatında qərarların 2018, 2020-ci il tarixli olmalarına, həmin qərarların qəbul edilməsindən uzun müddət keçdiyinə görə qərarların iddiaçıya təqdim edilməsi ilə bağlı sənədlərin saxlanılmadığına istinad etmiş, faktiki olaraq da qərarların iddiaçıya çatdırılması ilə bağlı sübutlarının olmadığını bildirmişdir. Beləliklə, mübahisələndirilən qərarlar iddiaçıya rəsmi şəkildə təqdim edilmədiyindən iddiaçı tərəfindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. Həmçinin, iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, 4459,47 manat pul məbləğinin tələb edilməsinin cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qadağan edilməsi, borc kimi göstərilmiş həmin məbləğin şəxsi hesab vərəqəsindən silinməsini hissəsində iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPMin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarında olan aşağıdakı sübutları tədqiq edir : -Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıqdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsi İddiaçı 5.090,24 manat borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir. -İddiaçıya ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçının xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 4.288,32 manat əsas, 921,99 manat faiz borcu olmuşdur. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3501/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(009)-952/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədə qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilənlərə və ərizəçinin nümayəndəsinin bildirdiyinə görə ərizəçinin 2016, 2017 və 2019-cu illər üzrə 4.571,02 manat məbləğində verci borcu mövcuddur. Lakin ərizəçinin özünün məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixdə İddiaçı xx.xx.2017-ci il tarixə vergilər üzrə 4.535,54 manat artıq ödəmə məbləği olmuş, vergi ödəyicisinin 2016-cı il gəlir vergisi üzrə 2.749,6 manat, 2017-ci il gəlir vergisi üzrə 912,24 manat və 2019-cu il gəlir vergisi üzrə 636,58 manat vergi öhdəliyi yaranmış və qeyd olunan öhdəliklər xx.xx.2017-ci il tarixə yaranmış artıq ödəmə məbləğinə uyğun olaraq əvəzləşdirilmiş və xx.xx.2022-ci il tarixə 171,15 manat artıq ödəmə məbləği olmuşdur. Göründüyü kimi, qeyd olunan illər üzrə vergi borcu ərizəçinin özü tərəfindən maraqlı şəxsin artıq ödədiyi məbləğ ilə əvəzləşdirilmiş, hətta artıq 171,15 manat artıq ödəmə məbləği olmuşdur. Bundan əlavə, ərizəçi özü maraqlı şəxsə məhkəmə aktı əsasında sərəncama əsasən tutulmuş 4.459,47 manat və 11.554,49 manat gecikdirilmiş faiz məbləği ödəməli olmuşdur. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının yeganə məqsədi vergi ödəyicisi olan həmin fiziki şəxsin vergi öhdəliyinin icra edilməsinin, yəni hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunmasıdır. Hazırki iş üzrə isə maraqlı şəxs tərəfindən vergilərin ödənilməsindən yayınması halları müəyyən edilmir.” -Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin hesablanması barədə” 23 may 2018-ci il tarixli, **********768400 nömrəli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 912,24 AZN vergi məbləği müəyyən edilmişdir. -Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 iyun 2020-ci il tarixli, **********956500 nömrəli qərarından görünür ki, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 636,58 AZN vergi məbləği müəyyən edilmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə münasibət: Apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ilk növbədə qeyd edir ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsi dedikdə vergi ödəyicisinin vergi orqanı qarşısında maliyyə öhdəliklərinin uçotunu aparmaq məqsədilə tərtib olunan maliyyə sənədi başa düşülür. Bu vərəqədə vergi ödəyicisinin dövriyyəsi, ödədiyi vergilər, hesablamalar və qalıqlar kimi maliyyə əməliyyatları qeyd olunur. Nəzərə alınmalıdır ki, şəxsi hesab vərəqəsinin uçotu anlayışı Mühasibat uçotu standartlarında birbaşa qeyd olunmasa da, həmin standartlar vergi öhdəlikləri və digər maliyyə öhdəliklərinin uçotu mexanizmini də ehtiva edir. Belə ki, “X2 Standartlarına” (MHBS): MMUS 18 – Gəlirlər üzrə vergi uçotu standartlarında müəyyən edilmiş qaydalarla tənzimlənir. Burada müəssisəsinin vergi öhdəliklərinin uçotunun düzgün aparılması ilə bağlı qaydalar verilir. MMUS 1 - Maliyyə Hesabatlarının tərtib edilməsi: Bu standart müəssisənin maliyyə vəziyyətinə dair bütün öhdəliklərin, o cümlədən vergi öhdəliklərinin maliyyə hesabatlarında düzgün əks etdirilməsini tələb edir. Göründüyü kimi şəxsi hesab vərəqəsi vergi ödəyicisinin dövriyyəsini, ödədiyi vergilər, hesablamalar və qalıqları kimi maliyyə əməliyyatlarını əks etdirən sənəddir. İddiaçı tələbində şəxsi hesab vərəqəsində vergi borcu kimi əks olunan 4.459,47 manat vəsaitinin silinməsini, eyni zamanda həmin vəsaitinin ondan tutulmasını cavabdehə qadağan edilməsini və cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin hesablanması barədə” 23 may 2018-ci il tarixli, **********768400 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 iyun 2020-ci il tarixli, **********956500 nömrəli qərarlarının ləğv edilməsini tələb edir ki, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Qeyd olunmalıdır ki, vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. AR İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə bu mövqeyidən irəli çıxaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərarın əsaslığının təsdiqlənməsi üçün inzibati orqan qərarın qəbul edilməsinin əsasında duran halın hüquqi əsasını sübuta yetirməli, əks halda həmin əsasın mövcudluğundan söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “cavabdeh yaranmış 4.459,47 manat vəsaitin iddiaçının hansı hesabat dövrünə aid olduğunu, ümumiyyətlə həmin vəsaitin yaranma əsaslarını inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Göründüyü kimi borcun mövcudluğu barədə məlumat, həmin borcun yaranması, hesablanması ilə bağlı hallar müəyyən edilmədən, heç bir hüquqi əsası olmayan məlumatdır. Hər nə qədər həmin borcun yaranma əsasları inzibati icraat üzrə araşdırma zamanı aparılmalı olsa da, məhkəmə özü də xidməti araşdırmasını həyata keçirmiş və borc kimi yarandığı iddia olunan vəsaitin mənbəyini müəyyən edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, öz-özlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Lakin cavabdeh iddia etdiyi borcun yaranma əsasını və hansı dövrə aid olduğunu sübut edə bilməmişdir”. Cavabdehin nümayəndəsi yalnız apellyasiya instansiya məhkəməsində icraat zamanı ikinci məhkəmə iclasında 2017-ci il gəlir vergisi üzrə 912,24 manat və 2019-cu il gəlir vergisi üzrə 636,58 manat vergi öhdəliyi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş Vergilərin hesablanması barədə 23 may 2018-ci il tarixli, **********768400 nömrəli və Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə 09 iyun 2020-ci il tarixli, **********956500 nömrəli qərarları məhkəmə kollegiyasına təqdim etmişdir. Cavabdeh inzibati orqanın mövcudluğuna istinad etdiyi vergi ödəyicisinin 2016-cı il gəlir vergisi üzrə 2749,60 manat vergi öhdəliyinin olması ilə bağlı isə ümumiyyətlə qərar qəbul edilməmişdir, cavabdehin nümayəndəsi bunu onunla əsaslandırmışdır ki, 2016-cı illə bağlı qərar yoxdur, çünki vergi ödəyicisi özü də verginin məbləğini 2749,60 manat hesablamış, onlar da onu təsdiqləmişlər, qeyd edilən səbəbdən kameral qərarın qəbul edilməsinə ehtiyac qalmamışdır. Məhkəmə kollegiyası qeyd olunan qərarlara münasibətdə qeyd edir ki, həmin qərarlar qəbul edilərkən AR Vergi Məcəlləsinin 49-cu maddəsinin tələblərinə cavabdeh inzibati orqan tərəfindən əməl edilməmişdir. Belə ki, AR Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.3-cü maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqandan vergi ödəyicisinə yuxarıda qeyd olunan qərarların, həmçinin həmin qərarlar əsasında vergi borcunun aradan qaldırılması barədə tələbnamənin göndərildiyini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi tələb olunmuş, cavabdehin nümayəndəsi qərarların 2018, 2020-ci il tarixli olmalarına, həmin qərarların qəbul edilməsindən uzun müddət keçdiyinə görə qərarların, eyni zamanda vergi borcunun aradan qaldırılması barədə tələbnamənin göndərildiyini təsdiq edən sənədlərin saxlanılmadığına istinad etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında mübahisələndirilən qərarlar cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, vergi orqanı inzibati orqan kimi sübutlara, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı iddiaçının vergi məsuliyyətinə cəlb olunması barədə “Vergilərin hesablanması barədə” 23 may 2018-ci il tarixli, **********768400 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 iyun 2020-ci il tarixli, **********956500 nömrəli qərarlar qəbul edərkən qanunvericiliyin tələbləri pozulmuş, həmçinin qərarlar və həmin qərarlar əsasında vergi borcunun aradan qaldırılması barədə tələbnamə iddiaçıya göndərilməmişdir. Həmçinin iş materiallarından görünür ki, vergi orqanı tərəfindən iddiaçıya qarşı irəli sürülən “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə iddiaya mülki məhkəmə icraatı çərçivəsində baxılmış və iddianın təmin olunmaması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3501/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsinə nəzər yetirdikdə görünür ki, apellyasiya instansiya məhkəməsi şikayətə qiymət verərkən iddiaçının (həmin iş üzrə maraqlı şəxsin) vergilərin ödənilməsindən yayılması hallarının müəyyən edilmədiyinə istinad etmiş, bununla da birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandırması düzgün, gəldiyi nəticə işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğundur. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillər formal xarakterli olmaqla qərarın ləğvi üçün əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8228/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qərarı “cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin hesablanması barədə” 23 may 2018-ci il tarixli, **********768400 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 iyun 2020-ci il tarixli, **********956500 nömrəli qərarları ləğv edilsin” qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar