Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-755/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) (İş № 2-1(103)-755/2023) Bakı şəhəri 04 aprel 2023-cü il Giriş hissə: Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2-1(112)-6346/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. Sabunçu Rayon İcra Hakimiyyətinin “Vətəndaş İddiaçı şəxsi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.1993-cü il tarixli 1213 saylı Sərəncamına əsasən - Kürdəxanı qəsəbəsi şimali qərb hissədə, məhəllə 145-000-130c №-li layihə tipli, 1200 kv.m sahəsi olan şəxsi yaşayış evi tikintisi üçün torpaq sahəsi İddiaçı ayrılmışdır.
2. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1213 saylı Sərəncamı ilə Kürdəxanı qəsəbəsi şimali qərb hissəsindəki yaşayış massivində İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1200.0 kv.m torpaq sahəsinin yerləşmə sxemi mövcuddur
3. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “Kürdəxanı qəsəbəsinin şimal qərb hissəsində yerləşən 1200 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 13 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən ona məxsus torpaq sahəsi üzərindəki hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh "Daşınmaz əmakın dövlət reyestri haqqında" Qanunun 15-ci maddəsinə əsaslanaraq bundan imtina etmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd etmişdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal-qərb hissəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli ərizələrlə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsi ayrılan dövrdə ərazi X2 sovxozunun ərazisi olmuşdur. Torpaq sahəsinin ayrılmasına dair sovxozun direktorunun əmri, əmrin arxiv arayışı və torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməlidir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********37 saylı, xx.xx.2022-ci il tarixli məktub və **********77 saylı, xx.xx.2021-ci il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş ünvanlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
6. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2-1(112)-6346/2022 qərarı ilə (sədrlik edən hakim Elvin Əliyev) iddia təmin olunaraq, Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin şimal qərb hissəsində yerləşən 1200,0 kv.m torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi qərarı qəbul edərkən mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin şimal qərb hissəsində yerləşən 1200,0 kv.m torpaq sahəsinin Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1213 saylı Sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılması və həmin Sərəncamın ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, qeyd edilən Sərəncamın mövcud qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas olduğundan, həmçinin qeyd edilən torpaq sahəsinin yerləşmə sxeminin mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
9. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etmişdir.
Apellyasiya şikaytinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini – iddia ərizəsində etirazda göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qərarının əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, imtinanın əsaslı olmasını, işin lazımı qaydada araşdırılmamasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
Tərəflərin izahatları, prosessual məsələlər
11. Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir.
12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir.
13. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra, İPM) 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; ...
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi -12.1 daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1 hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.
16. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi -vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apelyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
18. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Əsaslandırma hissəsi:
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır.
20. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımından lazımı qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci və 85.3-cü maddələri).
21. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
22. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
23. İlkin olaraq qeyd edilməlidir ki, İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı əvvəl cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir.
24. Mahiyyət baxımından apellyasiya şikayəti uğursuzdur. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. İşin araşdırılmış hallarına görə, iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi 1200,0 kv.m torpaq sahəsi ona Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 1213 saylı Sərəncamına əsasən şəxsi yaşayış evi tikmək üçün ayrılmış, yerləşmə sxemi tərtib olunmuşdur.
26. Cavabdeh inzibati orqan həmin hüquq müəyyən edici sənədlərin əsassızlığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
27. Cavabdehin imtina məkubu və iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, torpaq sahəsi ayrılan dövrdə ərazi X2 sovxozunun ərazisi olmuşdur. Bu səbəbdən torpaq sahəsinin ayrılmasına dair sovxozun direktorunun əmri, əmrin arxiv arayışı və torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməlidir.
28. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qeyd edilən imtina əsası qanunvericiliyinə uyğun olmamaqla, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmək üçün nəzərdə tutulan əsaslar sırasında müəyyən olunmamışdır.
29. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Hazırkı işin halları üzrə Bakı şəhəri, Bakı şəhəri, Kürdəxanı qəsəbəsinin şimal qərb hissəsində yerləşən 1200,0 kv.m torpaq sahəsinin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyildir. Belə ki, həmin torpaq sahəsi Sabunçu rayon İcra Hakimiyyətinin 24 iyun 1993-cü il tarixli 1213 saylı sərəncamına əsasən iddiaçıya verilmişdir. Həmin sərəncam səlahiyyətli dövlət orqanı tərəfindən verilmişdir və hal-hazıradək qüvvədədir. Həmin sərəncamın ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin sərəncam iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinası ilə bağlı gətirdiyi dəlillər, yəni sözügedən torpaq sahəsinin ayrılaan dövrdə ərazi X2 sovxozunun ərazisinin olması, bu səbəbdən torpaq sahəsinin ayrılmasına dair sovxozun direktorunun əmri, əmrin arxiv arayışı və torpaq sahəsinin yerləşmə sxemenin təqdim edilməsi hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir.
32. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
33. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
34. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və əsaslı qərar qəbul etmişdir.
35. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2-1(112)- 6346/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.