Məhkəmə qərarları › İş №2-1(103)-755/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-755/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-755/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X8 və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisələrə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1584/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı ərazisində yerləşən 0.12 ha torpaq sahəsindən ibarət olan 1249 “a”/T saylı bağ sahəsinə iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, X7 və İstisamarı Birliyinin xx.xx.1995-ci il tarixli, 25966 saylı müqaviləsi ilə Sabunçu rayonu, Pirşağı ərazisində 0,12 ha torpaq sahəsindən ibarət olan 1249 “a”/T saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Sonradan BTİ və İB tərəfindən iddiaçı ilə xx.xx.2005-ci il tarixli, 25966 saylı yeni müqavilə bağlanmışdır. Artıq uzun illərdir ki iddiaçı bağ sahəsindən fasiləsiz olaraq istifadə edir. Hal-hazırda iddiaçı torpaq sahəsinə çıxarış almaq istəyir. Bununla əlaqədar olaraq iddiaçı müvafiq sənədləri toplayıb cavabdeh idarəyə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh əsassız olaraq iddiaçıya imtina etmişdir. Cavabdeh imtina məktubunda iddiaçıya bildirmişdir ki, qeyd olunan torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. İddiaçı bununla razı deyil, iddiaçının hal-hazırda istifadə etdiyi bağ sahəsi 1963-cü ildən iddiaçının ailəsinin istifadəsində olmuşdur. İddiaçının bağ sahəsinin yanında anası X3 da 0,12 ha torpaq sahəsindən ibarət olan 1249 A saylı bağ sahəsi yerləşir, orada ev tikilmişdir. Bağ sahələri yan-yanadır. Həmin bağ sahəsini də anasının vəfatından sonra iddiaçı istifadə etmişdir. Hesab edilmişdir ki, cavabdehin imtinası əsassızdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Belə ki, 1249 saylı bağ sahəsi göstərilən sahədən təqribən 330 m şimalda yerləşməlidir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********96 saylı və 11,05.2022-ci il tarixli, **********12 saylı cavab məktubları ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1584/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla Pirşağı bağ massivində sahəsi 0,12 ha olan 1249 a/T saylı bağa İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1584/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bağın icarəyə verilməsi haqqında 26 sentyabr 1995-ci il tarixli 25966 №-li müqavilə ilə xx.xx.1995-ci il sərəncamının 1211 nömrəli protokoluna əsasən İddiaçı Əkbər oğluna 0,12 ha bağ sahəsi təhvil verilmişdir. - Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 X1 inkişafı və istismar Birliyi Pirşağı ərazisindəki 1249a/T nömrəli bağın istifadəyə verilməsi haqqında 25966 saylı Müqavilə xx.xx.2005-ci il tarixli İddiaçı Sabunçu rayonunun Pirşağı ərazisində 0,12 ha torpaq sahəsi olan 1249a/T №-li bağ istifadəyə verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli məktub ilə müayinə aktını məhkəmə təqdim etmişdir. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, Pirşağı bağ massivi 1249a/T saylı bağ sahəsinin (1200.0 kv.m) bir tərəfi qonşu hasar üç tərəfi isə şərtidir. Şərti göstərilən 1200.0 kv.m sahədə tikili yoxdur. Ümumi sahədə isə 1 mərtəbəli ev və həyət tikilisi var. Bağ sahəsinin arxiv çizgisində göstərilən ölçüləri ilə faktiki göstərdiyi ölçülər arasında uyğunsuzluq var. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatına əsasən sözügedən ərazidə hasarlama işləri sxematik xəritəyə uyğun aparılmadığından cavabdeh qurum tərəfindən araşdırma aparmaq mümkün olmamışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 1249 və 1249a bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd idarənin arxivində aşkar olunmamışdır - Cavabdeh qurum tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsinə (X6) bağ sahəsinə dair məlumat və sənəd surətinin verilməsi barədə məktubda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, sahəsi 0,12 hektar olan 1249 a/T saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2005-ci il tarixli 25966 saylı müqavilə arxiv qovluğunda mövcuddur. - Cavabdeh xx.xx.2022-ci il tarixli imtinasında bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin idarəyə ünvanlanmış müraciətin əsasında hazırlanmış müayinə aktının təsdiq olunmuş surətinin təqdim olunması barədə xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 1249 T və 1249a/T saylı torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktında bildirilmişdir ki, 1249 T və 1249 a/T saylı bağ sahəsi ümumi hasar daxilindədir. Ara sərhədlərinə 5 daş hündürlüyünə mişar daşı düzülərək ayrılıb. 1249 a/T saylı bağ sahəsində 1 mərtəbəli ev var. 1249/T saylı bağ sahəsinin icarə müqaviləsində və arxiv cizgisində göstərilən ev sökülmüşdür, tikili yoxdur. 1249a/T saylı bağ sahəsi arxiv cizgisində göstərilənlə uyğunsuzluq təşkil edir belə ki, arxiv cizgisinə əsasən 1249 a/T saylı bağ sahəsi 1249/T saylı bağ sahəsinin şimal hissəsində yerləşməlidir, lakin həmin sahə digər vətəndaşın adına başqa bağ sahəsi kimi qeydiyyatdan keçib. Vətəndaşın nümayəndəsi həmin sahəyə iddiası olmadığını bildirdi və faktiki göstərdiyi sahənin 1249 a/T saylı bağ sahəsi kimi qeydiyyata alınmasını istəyir. - işin birinci instansiya icraatı zamanı şahid qismində dindirilmiş X6 bildirdi ki, 1973-1978-ci illərdə keçmiş bağlar idarəsində işləyib, 1978-ci ildən Ləhiş bağları üzrə sahə rəisi olub, 2007-2009ci illərdə Bakı şəhər Texniki İnventarlaşdırma İdarəsində mühəndis vəzifəsində işləyib. X5 torpaq və ərazi idarəetmə şöbəsinin rəisi işləyir. Ləhiş bağlarının xəritəsi 1973-cü ildə hazırlanıb. 2007-ci ildə həmin xəritə Əmlak Məsələləri Dövlət Xidmətinə verilib. Ləhiş bağ massivində torpaqların sürüşməsi olmayıb, bağların zəbt halları çox olub. Belə ki, hər hansı bir şəxsə torpaq sahəsi verilirdi, sonra həmin torpaq sahəsi başqa bir şəxs tərəfindən zəbt olunurdu. Bağların sıralanmasında qeyd edilən “T” abreviaturası “təzə” deməkdir, 1249/t və 1249 nömrəli eyni bağ sahələridir, vaxtilə həmin hərfin əlavə edilməsində məqsəd yeni bağ massivinin fərləndirilməsi idi. Qeyd edilən 1249 (1249t ilə eynilik təşkil edən) və 1249a (1249a/t ilə eynilik təşkil edən) bağ sahələri vahid 0,38 ha torpaq sahəsinin daxilində ayrılıqda hasarı olmaqla yerləşir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının göstərdiyi torpaq sahəsi onun faktiki sahibliyində və istifadəsindədir. İddiaçının adına rəsmiləşdirilmiş Pirşağı qəsəbəsindəki sahəsi 0,12 ha olan 1249 a/T saylı bağ sahəsinə dair bağlanmış müqavilənin arxiv nüsxəsi mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdehin əsas dəlili ondan ibarətdir ki, həmin torpaq sahəsi 1249T saylı bağ sahəsinin şimal hissəsində yerləşməlidir, lakin həmin sahə digər vətəndaşın adına qeydiyyatdan keçib və iddiaçı hazırda istifadəsində olan sahənin 1249 a/T saylı olduğunu iddia edir. Cavabdehin imtinasını əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh 1249 a/t saylı bağ sahəsinin 1249T saylı bağ sahəsinin şimal hissəsində yerləşməli olduğunu qeyd etsə də, qeyd edilən dəlili təsdiq edən hər hansı mötəbər əsaslandırma təqdim etməmişdir və hüququn qeydiyyatı zamanı hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqla bağlıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanın: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması nəticəsində 1249 a/t saylı bağın faktiki sahəsinin sənəddə olduğu kimi 0,12 ha olduğu və torpağın faktiki istifadə vəziyyətinin digər şəxslərin hüquqlarının pozmadığı müəyyənləşdirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı yuxarıda qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1584/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1584/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar