Məhkəmə qərarları › İş №2-1(103)-755/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-755/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-755/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12207/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı ona məxsus “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş qızıl kişi üzüyünün və üzərində “BMW” yazısı olan qızıl açarlığın geri qaytarılması və ona dəymiş mənəvi zərərə görə 20000 manat kompensasiyanın ödənilməsi, həmin əşyaların qaytarılması mümkün olmadığı təqdirdə qızıl açarlığa görə 4800 manat, qızıl kişi üzüyünə görə 2500 manat və mənəvi zərərə görə 20000 manat, cəmi 27300 manat pul məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 09 sentyabr 2021-ci il tarixdə Bakı-Quba yolunun 10-cu kilometrliyində yerləşən X2 İşlər Nazirliyinin Baş X8 İdarəsinin Xüsusi X10 Xidmətinin əməkdaşları tərəfindən İddiaçı idarə etdiyi sonuncuya məxsus “BMW 749” markalı 10-DP006 dövlət qeydiyyat nişanlı avtomobil heç bir əsas olmadan qanunsuz olaraq saxlanılaraq 15 saylı avtomobil duracağına yerləşdirilmişdir. YPX Alayının xüsusi tağımının inspektoru X4 tərəfindən 09 sentyabr 2021-ci il tarixli “Nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunmuş əşyaların və sənədlərin götürülməsi haqqında ******* nömrəli protokol tərtib edilmişdir. Həmin baxışın qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında şikayət verilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001)-74/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə şikayətin təmin edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Yol Patrul Xidməti əməkdaşları tərəfindən 09 sentyabr 2021-ci il tarixdə Bakı-Quba yolunun 10-cu kilometrliyində İddiaçı məxsus “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış baxışın (axtarış) qanunsuz hesab edilməsi qərara alınmışdır. İddiaçı məxsus avtomobilə YPX inspektorları tərəfindən xx.xx.2021-ci ildə keçirilmiş baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 93.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Təxirə salınmayan hallarda nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan videoyazı aparılmaqla keçirilə bilər. YPX Alayının xüsusi tağımının inspektoru X4 tərəfindən qanunun bu tələbinə də əməl edilməmiş, “BMW 749” markalı 10-DP 006 dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəqliyyat vasitəsinin sahibinin iştirakı olmadan keçirildiyi halda videoyazı aparılmamışdır. “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil duracaqda saxlanıldığı müddətdə avtomobilin salonundan sürücü İddiaçı məxsus 2500 manat dəyərində qızıl kişi üzüyü və üzərində “BMW” yazısı olan 4800 manat dəyərində qızıl açarlıq yoxa çıxmışdır, yəni avtomobil sahibinə təhvil verilərkən həmin əşyaların avtomobilin salonundan götürüldüyü müəyyən olunmuşdur. Halbuki, avtomobil YPX əməkdaşları tərəfindən duracağa aparılarkən qeyd olunan kişi üzüyü və qızıl açarlıq avtomobilin salonunda olmuşdur. Qədirov X1 Postunda Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Xüsusi X10 Xidmətinin əməkdaşlarından həmin əşyaların geri qaytarılmasını xahiş etmiş, lakin polis əməkdaşları əşyaları ona geri qaytarmamış və İddiaçı onlara qarşı heç nə edə bilməyəcəyini bildirmişlər. Bu günədək İddiaçı Ekologiya Postundan keçdiyi zaman həmin əməkdaşlar tərəfindən saxlanır və onlar sanki İddiaçı lağa qoyaraq əşyaları geri qaytara bilmədiyini vurğulayırlar. Bundan başqa, 09 sentyabr 2021-ci il tarixdə YPX əməkdaşları İddiaçı idarə etdiyi avtomobili saxladaraq yersiz süründürməçiliyə yol verdikləri üçün İddiaçı məlum dəfn mərasimində iştirak edə bilməmiş, YPX əməkdaşlarının onun spirtli içki qəbul etməsi və narkotik vasitələrdən istifadə etməsi şübhəsi İddiaçı qarşı dostları arasında həmin vaxt bir növ inamsızlıq yaratmışdır. Bu səbəblərdən İddiaçı mənəvi cəhətdən iztirablar çəkmişdir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək, həmin əşyaların ona geri qaytarılması və 20000 manat kompensasiya ödənilməsini, əşyaların qaytarılması mümkün olmadığı təqdirdə, qızıl kişi üzüyünə görə 2500 manat, qızıl açarlığa görə 4800 manat və mənəvi zərərə görə 20000 manat, cəmi 27300 manat pul məbləğində kompensasiya ödənilməsini xahiş etmişdir. Lakin, cavabdeh AR DİN tərəfindən müraciətə məhəl qoyulmamış və cavab verilməmişdir. Bu səbəbdən, cavabdeh tərəfindən həmin əşyaların iddiaçıya qaytarılması və ya əşyalar əvəzində kompensasiya və mənəvi zərər ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12207/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərardadı ilə (hakim C.Quliyev) iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi iddia tələbinin inzibati hüquq mübahisəsi olmadığını əsas götürərək iddianı mümkün saymamışdır. Halbuki, iddiaçı tərəfindən Daxili İşlər Nazirliyinin Yol Polisi əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərərlə bağlı mübahisələrə dair iddiaların inzibati məhkəmə icraatına aid olması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində öz əksini tapmışdır, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Aydındır ki, bu qanunsuz hərəkətlər nəticəsində iddiaçıya məxsus “BMW 749" markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan qızıl kişi üzüyü və üzərində “BMW” yazısı olan qızıl açarlıq Daxili İşlər Nazirliyinin Yol Polisi əməkdaşları tərəfindən götürülmüşdür. Yol Polisi əməkdaşlarının qanunsuz baxış nəticəsində şəxsi əmlakının götürülməsi mülkiyyət hüququnun pozulması və nəticədə vurulmuş maddi və mənəvi zərərin kompensasiya edilməsi inzibati mübahisə predmetinə aid edilir. Bakı inzibati Məhkəməsinin xx.xx.2024 tarixli qərardadında qeyd edilir ki, hazırkı mübahisə inzibati xətalara dair fəaliyyətlərdən və onların nəticələrindən irəli gəlir. Bu səbəbdən, məhkəmə belə bir iddianın inzibati icraat qaydasında baxılmasının mümkün olmadığını bildirmişdir. Lakin bu yanaşma hüquqi baxımdan yanlışdır, çünki Azərbaycan Respublikası qanunvericiliyi, xüsusən də Ali Məhkəmənin "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 7.1-ci bəndində müəyyən edilmiş hüquqi prinsiplər, bu tələbin inzibati icraat qaydasında baxılması üçün kifayət qədər əsas yaradır. X5 əsasən, inzibati orqanların qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində fiziki və ya hüquqi şəxslərə dəyən maddi və mənəvi ziyanla bağlı müraciətlər məhz inzibati məhkəmə icraatına aiddir. Bu yanaşma, inzibati orqanların qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsi və ya əmlakın geri qaytarılması barədə kompensasiya tələblərinin inzibati icraat qaydasında həll olunmasını təmin edir. Burada əsas məqam, inzibati orqanların qanunsuz hərəkətləri ilə ziyan vurulmuş şəxsin bu ziyana görə kompensasiya tələb etmə hüququnun tanınmasıdır. İddiaçı iddiasında əsaslandırılmış şəkildə göstərildiyi kimi, onun şəxsi mülkiyyəti olan “BMW 749” markalı avtomobilin salonundan qızıl kişi üzüyü və üzərində “BMW” yazısı olan qızıl açarlıq Yol Patrul Xidməti əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində götürülmüşdür. Nəticə etibarilə, İddiaçı ona məxsus “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş qızıl kişi üzüyünün və üzərində "BMW" yazısı olan qızıl açarlığın geri qaytarılması və ona dəymiş mənəvi zərərə görə 20000 manat kompensasiyanın ödənilməsi, həmin əşyaların qaytarılması mümkün olmadığı təqdirdə qızıl açarlığa görə 4800 manat, qızıl kişi üzüyünə görə 2500 manat və mənəvi zərərə görə 20000 manat, cəmi 27300 manat pul məbləğində maddi və mənəvi ziyan yaranmış, həmçinin mülkiyyət hüquqlarına qarşı qanunsuz müdaxilə nəticəsində mənəvi ziyan vurulmuşdur. AR İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən, məhz belə bir mübahisə inzibati məhkəmə icraatının predmetidir, çünki zərər dövlətin inzibati funksiyalarını icra edən Yol Polisi əməkdaşlarının hərəkətləri nəticəsində meydana gəlmişdir. Ali Məhkəmə Plenumunun 7.1-ci maddəsi də aydın şəkildə qeyd edir ki, inzibati orqanlar tərəfindən törədilmiş qanunsuz hərəkətlər və ya hərəkətsizlik nəticəsində vurulan ziyanın ödənilməsi məsələləri inzibati məhkəmə icraatında baxılmalıdır. Buna görə də, cavabdeh tərəf olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yol Polisi əməkdaşlarının hərəkətləri ilə vurulan ziyana görə məsuliyyət daşıyır və iddiaçının kompensasiya tələblərinin təmin edilməsi üçün inzibati məhkəmədə müraciət etmək hüququ vardır. Birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, iddiaçıya cavabdehin inzibati xətalara dair işlər üzrə fəaliyyəti və ya bu fəaliyyətdən irəli gələn məsələ ilə bağlı mübahisə üzrə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməsi izah olunur. Halbuki, hazırki iddia tələbinin inzibati xətaya aidiyyatı yoxdur. Artıq tərəfimizdən həmin yoxlamanın qanunsuz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edilmişdir və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 6(001 )-74/2023 saylı xx.xx.2023cü il tarixli Qərarı ilə, şikayətimiz təmin edilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin yol patrul xidməti əməkdaşları tərəfindən 09 sentyabr 2021-ci il tarixdə Bakı- Quba yolunun 10-cu kilometrliyində İddiaçı məxsus ‘kBMW 749” markalı **- DP-*** dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış baxışın (axtarış) qanunsuz hesab edilməsi qərara alınmışdır. Hazırki iddiada isə, birbaşa olaraq polis əməkdaşların iddiaçıya yetirdiyi maddi zərər və mənəvi zərərin ödənilməsi tələbidir. Yəni inzibati xəta ilə bağlı deyil. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə əsaslı və qanuni olmuşdur. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Həmin qərarın 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddia tələbindən görünür ki, İddiaçı ona məxsus “BMW 749” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürülmüş qızıl kişi üzüyünün və üzərində “BMW” yazısı olan qızıl açarlığın geri qaytarılması və ona dəymiş mənəvi zərərə görə 20000 manat kompensasiyanın ödənilməsi, həmin əşyaların qaytarılması mümkün olmadığı təqdirdə qızıl açarlığa görə 4800 manat, qızıl kişi üzüyünə görə 2500 manat və mənəvi zərərə görə 20000 manat, cəmi 27300 manat pul məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini tələb edir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(103)- 156/2022 saylı qərarından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 3417/2021 saylı 18 oktyabr 2021-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan İddiaçı idarə etdiyi "BMW 740” markalı 10- DP-006 dövlət qeydiyyat nişanlı avtomobildən götürülmüş xüsusi (çox avazlı) səs siqnalı əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilməklə 600 (altı yüz) manat cərimə edilmiş, həmin qərardan verilmiş şikayət təmin edilməmiş, İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)- 3417/2021 saylı, 18 oktyabr 2021-ci il tarixli qərarı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 6(001)- 74/2023- cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin yol patrul xidməti əməkdaşları tərəfindən 09 sentyabr 2021-ci il tarixdə Bakı-Quba yolunun 10-cu kilometrliyində İddiaçı məxsus "BMW 749” markalı 10-DP- 006 dövlət qeydiyyat nişanlı avtomobildə aparılmış baxış (axtarış) qanunsuz hesab edilmişdir. İddia ərizəsindən, işə əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı mübahisinin kökündə inzibati xətalara dair iş üzrə fəaliyyət və bu fəaliyyətdən irəli gələn məsələlər durur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 7.2 və 15.3-cü bəndlərinə əsasən “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası o məqamı da diqqətə çatdırır ki, iddiaçı iddia ərizəsində, apellyasiya şikayətində Baş X9 İdarəsinin Xüsusi X10 Xidmətinin əməkdaşları tərəfindən avtomobilin qanunsuz saxlanıldığına istinad edərək dəymiş mənəvi zərərin ödənilməsini, həmçinin avtomobil duracağında saxlanılan zamanı avtomobilin içərisində olan qiymətli əşyaların həmin əməkdaşlar tərəfindən götürülməsi nəticəsində vurulmuş maddi zərərin ödənilməsini Azərbaycan Respublikası Daxili işlər Nazirliyindən tələb edir. Halbuki ki, iş üzrə təqdim edilmiş materiallardan da aydın olur ki, İddiaçı məxsus "BMW 749” markalı 10-DP- 006 dövlət qeydiyyat nişanlı avtomobildə baxış (axtarış) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin yol patrul xidməti əməkdaşları tərəfindən icra edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi ayrıca inzibati orqan olmaqla ona aid olan hüquq və vəzifələrə malikdir, aidiyyəti funksiyaları icra edir, hüquqi mübahisələrdə müstəqil təmsil olunur. Belə olan halda iddiaçının Baş X9 İdarəsinin Xüsusi X10 Xidmətinin əməkdaşları tərəfindən ziyan vurulmasına istinadən Daxili İşlər Nazirliyinə qarşı hazırki tələblə çıxış etməsi əsassızdır. Yəni ki, iddiaçı tələbini ümumiyyətlə düzgün cavabdehə qarşı yönəltməmişdir. Bundan əlavə, hətta iş matariallarından iddiaçının Baş X9 İdarəsinə kompensasiya tələbi ilə bağlı müraciətinin olması müəyyən olunmur. Halbuki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə istinad edərək inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbini irəli sürdüyünü iddia etsə də, bu cür iddia tələblərinə münasibətdə mümkünlük şərti olan inzibati orqana müraciət şərtinə riayət etməmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi yekun nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri formal xarakter daşımaqla əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12207/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar