Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-756/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikasınını Mədəniyyət Nazirliyinə qarşı əmək kitabçasının verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3739/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşələr (vəzifələr), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilməklə ona məxsus əmək kitabçasının əslinin ona verilməsi, ona məxsus əmək kitabçası məhv edildiyi və ya onun tapılması hər hansı səbəbdən qeyrimümkün olduğu təqdirdə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşələr (vəzifələri), işdən çıxarılmağının əsası (əgər işdən çıxarılmışdırsa), günü, ayı və ili barədə məlumatlar bərpa edilərək həmin məlumatlar barədə müvafiq qeydlər göstərilməklə ona məxsus əmək kitabçasının əsli ilə eyni hüquqi qüvvəyə malik olması qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş dublikatının ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadın əsaslarına görə, iş üzrə tərəflər arasındakı münasibətlər əmək hüquq münasibətlərindən irəli gəldiyindən, ümumi (publik) hüquq sahəsində yaranan inzibati hüquq münasibətlərinə aid olmadığından, mübahisə mahiyyətinə görə inzibati məhkəmə icraatına aid deyildir. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın mümkün hesab edilməsi və iddia ərizəsinin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, məhkəmə iddianın aidiyyəti üzrə səhv verilməsinə dair öz mülahizəsini iddianın mümkün sayılmamasına əsas hesab etmiş və bununla da inzibati prosessual qanunvericiliyin tələblərini pozmuşdur. İddianın mümkün sayılması üçün yeganə zəruri tələb iddiaçının öz iddiasını əsaslandırmasıdır. İddianın əsaslı olubolmaması ilə iddianın aidiyyəti üzrə verilməsi arasında hər hansı bir əlaqənin olmaması aşkar və mübahisəsizdir. Başqa sözlə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 35.1-ci maddəsinə əsasən iddianın aidiyyəti üzrə verilməməsi iddianın mümkün sayılmaması üçün əsas hesab edilmir. Beləliklə, məhkəmənin iddianın mümkün sayılmaması barədə qərardadı prosessual qanunvericilik baxımından əsassız olduğuna görə ləğv edilməlidir. Bundan başqa onun hüquqlarının inzibati orqan tərəfindən pozulması faktı yetərincə əsaslandırılmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı apellyasiya şikayətinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini İPM-in tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qərardadın ləğvi hissədə əsaslıdır. İlk olaraq, İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Mübahisəli qərardaddan görünür ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni tərəflər arasındakı münasibətlərin əmək hüquq münasibətlərindən irəli gəlməsi və bu səbəbdən ümumi (publik) hüquq sahəsində yaranan inzibati hüquq münasibətlərinə aid olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, hər hansı əmək (xidməti, qulluq) hüquq mübahisəsinə inzibati mühakimə icraatı qaydasında baxıla bilməsinin meyarları İPM-in 8.1.3-cü maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Normanın təhlili göstərir ki, əmək (xidməti, qulluq) mübahisəsinin inzibati xarakterli sayılması və ona inzibati məhkəmələrdə baxılması üçün: 1) cavabdeh inzibati orqan olmalı; 2) iddiaçı hazırda və ya əvvəllər hakim və ya dövlət qulluqçusu yaxud hərbi qulluqçu olmalı; 3) mübahisə mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı olmalıdır. İş üzrə cavabdeh inzibati orqandır. İddiaçının əvvəllər dövlət qulluqçusu olubolmaması faktı isə iş materialları ilə təsdiq olunmur. Məhz bu suala dəqiq cavab verildikdən sonra iddiaya hansı qaydada baxılmalı olması məsələsinə aydınlıq gətirilə bilərdi. Başqa sözlə, iddiaçının əvvəllər dövlət qulluqçusu olması rəsmi sənədlərlə sübuta yetirildiyi halda iddiaya inzibati mühakimə icraatı qaydasında, əvvəllər dövlət qulluqçusu olmadığı mötəbər dəlillərlə təsdiq olunduğu halda isə mülki mühakimə icraatı qaydasında baxılması mümkün olacaqdır. Lakin birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasının əsası kimi iddiaya inzibati mühakimə icraatı qaydasında baxıla bilməyəcəyinə, yəni iddiaçının dövlət qulluqçusu olmamasına istinad etsə də, gəldiyi bu nəticə heç bir mötəbər sübutla təsdiq olunmur. Odur ki, onun bu qaydada qəbul etdiyi iddianın mümkün sayılmaması haqqında qərardad əsaslandırılmış sayıla bilməz. Belə ki, İPM-in: 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır; 80.3-cü maddəsinə əsasən, bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu mənada apellyasiya şikayəti ilə, onun mübahisənin bilavasitə mahiyyəti ilə bağlı olan dəlillərini müzakirə etmədən, qərardadın ləğvi hissədə qismən razılaşır. Hazırkı inzibati mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmiş qərardadı ləğv edilməli (İPM-in 87.6-cı maddəsi), iş həmin məhkəməyə göndərilməlidir. İPM-in 90.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası bildirir ki, işin hazırkı mərhələsində iddiaçının tələbi (apellyasiya şikayəti) təmin olunduğu, cavabdehin isə heç bir, o cümlədən təmin olunmayan tələbi olmadığı və qərardad ona münasibətdə hər hansı əlverişsiz hüquqi nəticə meydana gətirmədiyi üçün, tərəflərin kassasiya şikayəti vermək hüquqları qanunla istisna olunur. Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3739/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, iş həmin məhkəməyə göndərilsin. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-756/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-756/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver