Məhkəmə qərarları › İş №2-1(103)-756/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-756/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-756/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı və vəkili X3, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı “əvvəlki vəzifəsinə bərpa” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8691/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Cavabdehnə qarşı “əvvəlki vəzifəsinə bərpa” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 16 oktyabr 2019-cu il tarixdə X5 Xidmətində xidmət rəisinin köməkçisi vəzifəsindən şöbə rəisinin müavini vəzifəsinə yüksələrək yanğın təhlükəsizliyinə dövlət nəzarət sisteminə dair təcrübə və biliklərə sahib olmuşdur. Lakin ötən ilin may ayında Xidmət rəhbərliyində rəhbər dəyişikliklərdən sonra ona qarşı təzyiq kampaniyası başladılmış, vəzifələrini həyata keçirməkdə maneələrlə üzləşmişdir. Bu səbəbdən Xidmətin rəisinə təqrirlə müraciət etmiş, məzuniyyətə çıxmaq barədə xahiş etmişdir. Lakin, ona bu hüquqdan istifadə etməyə imkan yaradılmamışdır. Daha sonra yenidən təqrirlə həm Xİdmət rəisinə, həm də Fövqəladə Hallar nazirinə müraciət etmiş, məzuniyyətə çıxmaq barədə xahiş etmişdir. Eyni zamanda məzuniyyətin son günü üçün fövqəladə hallar orqanlarından xaric olunmasını xahiş etmişdir. Lakin onun məzuniyyət hüququ pozulmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 37ci maddəsinə görə Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə Fövqəladə hallar orqanlarının əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla illik əsas məzuniyyət, xəstəliyə görə məzuniyyət, qısamüddətli məzuniyyət və müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin müdavimlərinə tətil məzuniyyəti və təhsil müəssisələrini bitirməklə əlaqədar məzuniyyət kimi məzuniyyət növləri müəyyən edilmişdir. Növbəti təqrirlər də nəticəsiz qalmışdır. Bundan sonra isə, Cavabdehnə müraciət edərək bu dəfə xidmətimin Akademiyada davam etdirilməsini, oxşar olan vəzifəyə keçirilmə barədə xahiş edilmişdir. Lakin, həmin təqrir baxılmamış saxlanılmışdır. Növbəti müraciətlərdən sonra 18 iyun 2021-ci il tarixdə həmin tarixli əmrlə tanış olunması üçün Cavabdehnə dəvət edilmişdir. Həmin əmrdən məlum olmuşdur ki, tutduğu vəzifədən azad edilmiş, Akademiyanın Yanğın təhlükəsizliyi fakultəsinin kurs rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Həmin əmrin verilməsi zamanı qanunvericiliyin tələbləri pozulmuş, o, əvvəlki vəzifə və rütbəyə oxşar olmayan ondan aşağı vəzifədə və rütbədə olan yerə keçirilmişdir. Cavabdeh onun başqa vəzifəyə keçirilərkən eyni vəzifəli və şəraitli işə keçirilməli olmasını nəzərə almamışdır. Bununla da sahəvi və əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələbləri və qorunmalı olan konstitusion hüquqları pozulmuşdur. Bu səbəbdən də, əmr ləğv edilməli və rəis müavini vəzifəsinə bərpa edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8691/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin qərarında iddiaçının təqririnə razılıq kimi yanaşması tamamilə səhvdir. Həmin sənədə yalnız tərəflər arasındakı münasibətləri tənzimləyən ərizə kimi yanaşıla bilər ki, bu halda cavabdeh inzibati orqan iddiaçının xahişini yerinə yetirərkən onu aşağı vəzifəyə keçirməzdən əvvəl mütləq onun yazılı razılığını almalı idi. İddiaçının istədiyi vəzifəyə təyinat üçün magistratura təhsilinin vacibliyi də iddiaçıya şifahi bildirilmiş, bununla da “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” AR Qanunun 14.2-ci və Əmək Məcəlləsinin tələblərinin 56-cı maddəsi kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “iddiaçının təqriri cavabdeh tərəfindən vəzifə dəyişikliyi ilə bağlı əsaslı olaraq razılığı kimi qiymətləndirilərək iddiaçının vəzifəsi dəyişdirilmiş, bu zaman iddiaçının ərizəsində qeyd etdiyi kimi konstitusion hüquq və mənafelərinin pozuntusu baş verməmiş, iddiaçının Akademiyada vəzifə tutması istəyi ilə bağlı iradə ifadəsi nəzərə alınmaqla müvafiq əmr qəbul edilmişdir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşının şəxsi işi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 15-1-ci maddəsi nəzərə alınmaqla tərtib edilir və aparılır. Fövqəladə hallar orqanları əməkdaşının şəxsi işində onun fövqəladə hallar orqanlarında xidmət keçməsi haqqında məlumatlar, şəxsi və iş keyfiyyətlərini əks etdirən sənədlər saxlanılır. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarının əməkdaşı vəzifədə irəli çəkilə və ya başqa vəzifəyə keçirilə bilər. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşının vəzifədə irəli çəkilməsinə və ya başqa vəzifəyə keçirilməsinə, bir qayda olaraq, onun razılığı ilə yol verilir. Fövqəladə hallar orqanlarının əməkdaşı vəzifədə irəli çəkilərkən onun təhsili, işgüzarlığı, peşəkarlıq səviyyəsi, əməyinin nəticələri, şəxsi keyfiyyətləri, bərabər vəzifəyə dəyişdirilərkən isə ailə vəziyyəti, səhhəti, yaşı, yaşayış yeri və digər hallar nəzərə alınır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən səhhətinə görə (xüsusi-həkim ekspertiza komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda, habelə intizam tənbehi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə fövqəladə hallar orqanları əməkdaşının aşağı vəzifəyə keçirilməsinə onun razılığı tələb olunmur. Hazırkı işin hallarından görünür ki, iddiaçı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 14.2-ci maddəsinin tələblərinin pozulduğunu, onun aşağı vəzifəyə keçirilməsi ilə bağlı razılığının alınmadığını, cavabdeh isə 2 dekabr 2020-ci il tarixli təqrirlə iddiaçının müraciəti əsasında qəbul edilmiş əmrin qanuni olduğunu, iddiaçının təqriri nəzərə alınmaqla Akademiyada xidmətinin davam etdirilməsi barədə qərar qəbul edildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın hərəkətlərinin qanuniliyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan 02 dekabr 2020-ci il tarixli təqrirdən də göründüyü kimi iddiaçı xidmətini həyata keçirirəkən toplamış olduğu nəzəri bilikləri və üzərində çalışdığı “X5 Xidmətinin əsas fəaliyyət sahələri” dərsliyinin tamamlanması üçün daha münasib şərait-müdavimlərlə təcrübəli pedaqoqlarla bilavasitə təmasda olmaq imkanının mövcudluğunu nəzərə alaraq xidmətinin Cavabdeh Akademiyasında davam etidirilməsini xahiş etmişdir. Eyni zamanda müvafiq əmrin surətindən göründüyü kimi İddiaçı qeyd olunan təqririnə uyğun olaraq “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə və Azərbaycan Respublikası 394 nömrəli 2006-cı il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Cavabdeh haqqında Əsasnamə”nin 10.10.6-cı yarımbəndinə uyğun olaraq iddiaçı tutduğu vəzifədən azad edilmiş və Akademiyanın Yanğın təhlükəsizliyi fakultəsinin kurs rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının təqrirdə qeyd etdiyi xahişinə uyğun olaraq inzibati akt qəbul etmiş və hər hansı hüquq pozuntusuna yol verməmişdir. İddiaçı apellyasiya şikayətində kurs rəisinin köməkçisi vəzifəsinə təyin olunmasının onun razılığının alınmadan aşağı vəzifəyə keçirilməsi kimi qiymətləndirsə də, məhkəmə kollegiyasl cavabdehin qəbul etdiyi əmrdə əsaslandırma kimi istinad etdiyi təqrirlə bağlı olaraq hesab edir ki, əməkdaşının vəzifədə irəli çəkilməsinə və ya başqa vəzifəyə keçirilməsinə, həmin təqririn onun razılığı kimi qiymətləndirilməsini istisna edən hallar müəyyən edilməmişdir. İddiaçı da həmin təqririn onun hazırkı vəzifədə xidməti ilə əlaqədar razılığı ilə bağlı iradə ifadəsinin olmadığını sübut edə bilməmiş, hazırkı vəzifəsinin dərslik tərtibatı ilə bağlı qeyd etdiyi kimi münasib şərait anlayışına xələl yetirdi müəyyən edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hər-hansı dərsliyin tərtibatı, bununla bağlı müdavimlərlə və təcrübəli pedaqoqlarla bilavasitə təmasda olmaq imkanının təmin edilməsi barədə rəhbərliyə müraciət edirsə və iddiaçıya rəhbərlik tərəfindən xəbərdarlıq edildiyi kimi magistr ali ixtisas dərəcəsinə malik olmayan şəxsin müəllim ixtisası üzrə Akademiyada vəzifə tutmasının imkansız olduğu aşkar məlumdursa, (iddiaçı magistr ixtisas dərəcəsinə malik deyildir) cavabdeh tərəfindən iddiaçının 02 dekabr 2020ci il tarixli təqrir-müraciəti əsasında qəbul edilmiş əmrlə xidmətinin Akademiyada davam etdirilməsi qanuna uyğun olmuşdur. Bu zaman iddiaçının hüquq və mənafelərinin pozuntusu baş verməmiş, iddiaçının Akademiyada vəzifə tutması istəyi ilə bağlı iradə ifadəsi nəzərə alınmaqla müvafiq əmr qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8691/2021 saylı, 20 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar