Məhkəmə qərarları › İş №2-1(103)-756/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-756/2023

14.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-756/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” iddia tələbinə dair inzibati mübahisə üzrə QƏRAR (Açar sözlər: “yaşa görə əmək pensiyasının yenidən hesablanması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, İddiaçı nümayəndəsi (əri) X2, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9795/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1981-1986-cı illərdə Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdəki əmək fəaliyyəti də nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1959-cu ildə anadan olub, 03 yanvar 2022-ci ildə yaşa görə əmək pensiyasına çıxarkən pensiyası düzgün hesablanmayıbdır. Pensiyanın yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, müraciəti təmin edilməyibdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9795/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı (hakim Günel Sevdimalıyeva) ilə iddia tələbi təmin edilmiş, 1981-1986-ci illərdə Cəbrayıl rayonu C.Əhmədov adına şəhər tam orta məktəbdə işlədiyi dövr sığorta stajına daxil edilməklə İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək şikayətinin dəlili kimi göstərmişdir ki, rayon məhkəməsinin qərarında iddiaçının 1981-1986-cı illərdəki Cəbrayıl rayonu C.Əhmədov adına şəhər tam orta məktəbində işlədiyi dövr sığorta stajına daxil edilmişdir. Vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sığorta stajının 25 ilə tamamlanıb, avtomatlaşdırılmış qaydada təyinat aparıldığını nəzərə alsaq, birinci instansiyanın qərarı əsasında hesablanmalı olan sığorta stajı daha artıq olacaqdır. İddiaçının əmək kitabçasında işə başlama tarixi qeyd olunsa da əmrin nömrəsi və tarixi göstərilməmişdir. Bu səbəbdən, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Bağırlı apellyasiya şikayətini müdafiə etdiyini bildirərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: İnzibati iş materiallarında olan: İddiaçı xx.xx.1959-cu ildə anadan olub. İddiaçıya xx.xx.2022-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının iş materiallarında olan ЖВ № 032367 diplomunun surətinə əsasən onun 1976-cı ildən 1981-ci ilə qədər M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil almışdır. İddiaçının xx.xx.2022-ci il tarixdə doldurulmuş №1447477 əmək kitabçasına əsasən xx.xx.1981-ci il tarixdə Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdə ixtisası üzrə müəllim təyin edilmişdir. Cəbrayıl rayon Təhsil şöbəsinin C.Əhmədov adına şəhər tam orta məktəbinin 14 iyun 2022-ci il tarixli 27 nömrəli arayışına əsasən İddiaçı 1981-ci ildən hal-hazıra kimi Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdə ixtisası üzrə rus dili müəllimi vəzifəsində çalışdığı göstərilmişdir. İddiaçının əmək kitabçasında 1981-ci ildə Cəbrayıl rayonu, C.Əhmədov adına şəhər kənd orta məktəbində müəllim təyin edilməsinə dair qeyd var. Cavabdeh orqanın iddiaya etirazında iddiaçıya xx.xx.2022-ci ildə ünvanlanmış **********9 nömrəli imtina məktubunda xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada 288,76 manat məbləğində yaşa görə əmək pensiyası təyin edildiyi bildirilmişdir. Təqdim edilən əmək kitabçasına və diplomun surətlərinə əsasən sığorta İddiaçı (xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil dövrü nəzərə alınmaqla) xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 22 il 25 gün olduğu halda, Qanunun 22-1.1ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Məlumat üçün bildirilir ki, təqdim edilən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1981-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək C.Əhmədov adına orta məktəbdəki əmək fəaliyyəti dövrü araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın sözügedən məktəbdə xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən 1981-1986-cı illərin əmrlər kitabı və əmək haqqı cədvəlləri işğal zonasında qaldığından həmin dövrlərin araşdırılması və sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinədək 22 il 25 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2021 -ci il tarixinədək iddiaçının fərdi hesabınının sığorta hissəsində qeydə alınmış 21254.30 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanmış, nəticədə pensiya məbləği (288.76 manat) dəyişməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqanın iddiaçının yaşa görə əmək pensiyasının hesablanması qaydasını təqdim etmişdir. Hesablanma qaydası aşağıdakı kimidir: X1 xx.xx.2022-ci il tarixində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi diploma əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1981 -ci il tarixinədək 4 il 9 ay 25 gün təhsil aldığı müddət, əmək kitabçasına əsasən xx.xx.1988-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək 17 il 3 ay əmək fəaliyyəti dövrü əmək fəaliyyəti dövrü olmaqla onun ümumi sığorta stajı 22 il 25 gün təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1981 -ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Cəbrayıl rayonu “C Əhmədov” adına tam orta məktəbdə işlədiyi müddəti dəqiqləşdirmək zərurəti yaranmışdır. Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixində aparılmış xidməti araşdırmaya əsasən sözügedən müəssisənin 1981-1986-cı illərə dair əmr kitabları işğal zonasında qaldığı üçün və 1986-1988-ci illərə dair əmrlər kitabları məlumat olmadığı üçün həmin müddətin sığorta stajına daxil edilməsi mümkün olmayıb. Bu səbəbdən mübahisələndirilən 7 il 1 ay 16 gün onun xx.xx.2006-cı il tarixinədək olan sığorta stajına daxil edilməyib. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətində iddiaçının 1981-1986-cı illərdəki əmək fəaliyyəti dövrü (sığorta stajı) mübahisələndirilir. Şikayətin əsas dəlilləri odur ki, vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sığorta stajının 25 ilə tamamlanıb, avtomatlaşdırılmış qaydada təyinat aparıldığı nəzərə alınsa, birinci instansiyanın qərarı əsasında hesablanmalı olan sığorta stajı daha artıq olacaqdır. Həmçinin iddiaçının əmək kitabçasında işə başlama tarixi qeyd olunsa da əmrin nömrəsi və tarixi göstərilməmişdir Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında 1981-ci ildə Cəbrayıl rayonu, C.Əhmədov adına şəhər kənd orta məktəbində müəllim təyin edilməsinə dair qeyd var. İddiaçının 1981-ci il tarixdən hal-hazıra kimi Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdə ixtisası üzrə müəllim işləməsinə dair Cəbrayıl rayon Təhsil şöbəsinin C.Əhmədov adına şəhər tam orta məktəbinin arayışı mövcuddur. Belə ki, Cəbrayıl rayonu, C.Əhmədov adına şəhər kənd orta məktəbi tərəfindən verilən arayışa əsasən isə iddiaçı 1981-ci ildən hal-hazıra kimi Cəbrayıl rayonu C.Əhmədov adına şəhər tam orta məktəbdə ixtisası üzrə rus dili müəllimi vəzifəsində işləyir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İddiaçının 1981-1986-ci illərdə Cəbrayıl rayonu C.Əhmədov adına şəhər tam orta məktəbdə işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla Kollegiya hesab edir ki, iddiaçının işə götürmə barədə əmri əmək kitabçasında qeyd olunduğundan işdən çıxması isə məlum hadisələrə əsasən əmək kitabçasında qeyd olunmadığından birinci instansiya məhkəməsi sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. İ Qarabağ müharibəsi zamanı Cəbrayıl rayonun işğalı hamiya bəlli hadisələrdir. Odur ki, sözügedən dövrə aid əmr kitablarının işğal zonasında qaldığı üçün hüququnun təmin olunmasından imtina onun üzərinə həddən artıq yük qoyulmasıdır. Qeydlərin həqiqiliyi digər sübutla təsdiqlənir (məktəb tərəfindən verilmiş arayış) və məhkəmədə şübhə doğurmur. İddiaçı ancaq 1981-1986-cı illərə dair dövrün sığorta stajına daxil edilməsini tələb etdiyindən məhkəmə 1986-1988-ci illərdəki sığorta stajına münasibət bildirmir. Odur ki, məhkəmə hesab edir ki, müvafiq qayda İnzibati Prosessual Məcəllədə müəyyən edilmədiyindən və bu həmin məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı üçün hamıya bəlli olan faktların sübutetmə yükündən azad edilməsi məsələsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Nəticə etibarilə iddiaçının yaşa görə pensiyanın yenidən hesablanması ilə bağlı “qanuni gözləntisi” var. Belə ki, X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic); Nəticə: Qeyd edilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi və 1981-1986-ci illərdə Cəbrayıl rayonu C.Əhmədov adına şəhər tam orta məktəbdə işlədiyi dövr sığorta stajına daxil edilməklə İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi işin sübutlarla müəyyən edilən hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmuşdur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9795/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9795/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar