Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-756/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” iddia tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1496/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.2022-ci il tarixində göndərilən Forma 88 göndərişi əsasında yenidən əlillik dərəcəsinin qiymətləndirilməsi cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini “xx.xx.2022-ci il tarixindən ona 3-cü dərəcə əlillik dərəcəsinin təyin edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq vaxtlarından sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn onda anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli 2-ci dərəcəli skoliozu, 3-cü dərəcəli hiperkifozu xəstəliyindən əziyyət çəkib. Müxtəlif vaxtlarda müalicə olunsa da, xəstəliyin yalnız müvəqqəti olaraq qarşısını ala bilmişdir. Artıq iddiaçının 49 yaşı tamam olub. Yaşa dolduqca xəstəliklər səhhətində ciddi fəsadlar törətmişdir. Demək olar ki, onurğanın ağrılarından vaxtaşırı ağrıkəsici iynələrdən istifadə edir. Onurğada olan xəstəliklər, onurğanın 82 dərəcə əyilməsi iddiaçının ağ ciyərlərində də ciddi problemlər yaratmışdır. Artıq tənəffüs çatışmamazlığından da əziyyət çəkir. Onurğanın əyriliyindən hərəkəti məhdudlaşıb, yarım saatdan artıq ayaq üstə qala bilmir. Uzun müddətdir ki, sağlamlıq imkanları məhdudlaşdığına görə fiziki işlə məşğul ola bilmir. Özü də ailəlidir, üç azyaşlı övladı var. Qeyd edilmişdir ki, 2019-cu il tarixində Bakı şəhəri S.M.Əfəndiyev adına 2 nömrəli poliklinikanın göndərişi əsasında ET-Travmotologiya və Ortopediya İnstitutunda müayinə və müalicə olmuşdur. Sonuncu dəfə xəstəxanada onurğanın döş tipli sol tərəfli 2-ci dərəcəli (14 dərəcə) skoliozu və 3-cü dərəcəli (82 dərəcəli) hiperkifozu, Döş və bel fəqərələrinin ostexondrozu, Fəqərələrin torsiya edilməsi diaqnozu qoyulmuşdur. Belə ki, 2019-cu ildən bu günə qədər beş dəfə xəstəxanada müalicə və müayinə olmuşdur. Səhhətində heç bir irəliləyiş yoxdur. Onurğanın 82 dərəcə əyriliyi demək olar ki, iddiaçının sağlamlıq imkanlarını məhdudlaşdırmışdır. Lakin çox təəssüflər olsun ki, Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında 2019-cu ildən bu günə kimi göndərilən Forma 88 göndərişləri obyektiv araşdırılmadan müxtəlif bəhanələr gətirilərək göndərişlərə imtina olunmuş və səhiyyə müəssisəsinə geri qaytarılmışdır. Cavabdeh imtinasında natamam doldurulma qeyd edərək iddiaçıya əlillik təyin edilməsindən imtina edir. Sonuncu dəfə səbəb qeyd etmişlər ki, travmotoloji xəstəxanadan yeni tibbi rəy alınsın, hərçənd həmin göndəriş göndərilərkən heç iki ay yox idi ki, xəstəxanadan rəy alıb 2 saylı şəhər poliklinikasına vermişdir. Onlar da həmin rəy əsasında Forma 88 göndərişini yazıb göndərmişdirlər. Xəstəxanadan tibbi rəy verilmək üçün gərək altı ay keçməlidir. İddiaçı isə iki ay deyildi ki xəstəxanadan gəlmişdir. Bunlara baxmayaraq, iddiaçı yenidən tibbi rəy almaq üçün yenidən xəstəxanaya gedib və yeni rəy alaraq 2 saylı şəhər poliklinikasına təqdim edib ki, yeni Forma 88 göndərişini göndərsinlər. Lakin çox təəssüflər olsun ki, bu dəfə də xx.xx.2022-ci il tarixində imtina etmişlər və göndərişi səhiyyə müəssisəsinə geri qaytarmışlar. Bu səfər isə səbəb xəstəliyin ağırlaşmasının müayinəsi dəqiqləşdirilməsi qeyd edilmişdir. Hərçənd ağırlaşma ilə əlaqədar Ağ ciyər institutunda ona rəy verilmişdir ki, ağ ciyərlərdə Qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur və xəstəliyin kodu J96. Onurğanın əyilməsi iddiaçının tənəffüs almağında çətinlik yaradır. Вu haqda Forma 88də qeyd olunmuşdur. İddiaçının sağlamlıq imkanları məhdudlaşıb. Ondan əlavə 2019-cu ildə Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin işçi qrupunun verdiyi rəydə göstərilmişdir ki, ona imtina xəstəlik ilə əlaqədar deyil, imtinanın səbəbi formal xarakter daşıyır. Hərçənd iddiaçının əlilliyi M40, M41 kodları əlilliyin təyin edilməsinə dair əsasnamədə öz əksini tapmışdır. Ondan əlavə, onurğanın 32% əyriliyi olması insan orqanizimində açıq-aşkar bəlli olunur ki, şəxsin sağlamlıq imkanları məhdudlaşıb. Hesab edilmişdir ki, cavabdeh ona 2019-cu ildən bəri əlillik dərəcəsinin təmin olunmasına süni maneələr yaradaraq, müxtəlif bəhanələr gətirmişdir. Nəticə etibarı ilə ona əlillik dərəcəsi təyin edilməsindən məhrum olmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2019-cu il tarixli 0019003AABW9 saylı göndərişi əsasında baxılmış və X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Q76.3 Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skaliozu, lll dərəcəli hiperkifozu; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin başlanma tarixi 1976-cı il qeyd edilmişdir. Lakin müayinə və müalicə olunması 2019-cu ili əhatə edir.” səbəbi ilə imtina verilmişdir. Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 0019003AACCK saylı göndərişi əsasında baxılmış və X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skaliozu, 111 dərəcəli hiperkifozu Onurğanın osteoxondrozu, Onurğada daimi ağrı. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, 4805 nömrəli tibbi rəyə əsasən qarışıq tipli mötədil ventilyatsiya pozğunluğu. İ-İİ Hərəkətin və yerişin pozulmaları, Ataktik yeriş. Əzginlik (süstlük) və yorğunluq, Xəstə emosional ləbildir; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Keyfiyyətsiz doldurulma-ETTOİ_dan yeni tibbi rəy tələb olunur” səbəbi ilə imtina verilmişdir. Bakı 2 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli Q019Q03AACDD saylı göndərişi əsasında baxılmış və X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümükəzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...; Diaqnozun mətni: Q76.3 Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skaliozu, ll dərəcəli hiperkifozu Ağırlaşma M42 Onurğanın osteoxondrozu, Xəstə bel nahiyyəsində ağrılardan hərəkət məhdudluğundan şikayətlənir. Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, hərəkət zamanı təngnəfəslik, boğulma hissi narahat edir. Ağırlaşma M40 Kifoz və lordoz, Xəstədə gözlə görünən döş qəfəsinin deformasiyası. Daimi ağrıdan və ətraflara irradiasiyasından şikayətlənir. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, Ataktik yeriş. Ağırlaşma M41 Skolioz. Xəstə ətraflara irradiasiya edən ağrıdan şikayətlənir. Yanaşı xəstəliklər R53 Əzginlik (süstlük) və yorğunluq, Xəstə emosional ləbildir.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması tam dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli 0019003AACDD saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o, 2022ci ilin iyun ayında, yəni təxminən 5 ay sonra xx.xx.2021-ci il tarixli 0019003AACDD saylı göndəriş əsasında verilən xx.xx.2022-ci il tarixli əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-nin 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEKin sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1496/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilərək İddiaçı İİİ dərəcə əlilliyin xx.xx.2022-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, Xəstənin hazırkı vəziyyəti və təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən diaqnoz və ağırlaşmalar göndərişinin rəsmiləşdirildiyi zaman qüvvədə olan Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar (lll-İV dərəcə skolioz və tənəffüs çatmamazlığı) aşkar edilmədiyindən əlillik təyinatı aparmaq mümkün olmadı və diaqnoz əlillik əlaməti təyin etmir qərarı verilir. Yəni, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyində vətəndaşın qeyd edilən xəstəlikdən əziyyət çəkdiyi qeyd edilməsi səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir. Belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1496/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən tələb edə bilər. İş materiallarından görünür ki: - TSEK-Müayinə tarixi xx.xx.2019-cu il tarixində Q76.3 Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfi İİ dərəcəli skaliozu, İİİ dərəcəli hiperkifozu diaqnoz mətni ilə göndərişin natamam doldurulması (Xəstəliyin başlanma tarixi 1976-cı il qeyd edilmişdir. Lakin müayinə və müalicə olunması 2019-cu ili əhatə edir) səbəbi ilə imtina edilmişdir. - TSEK-Müayinə tarixi xx.xx.2021-ci il tarixində sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfi İİ dərəcəli skaliozu, İİİ dərəcəli hiperkifozu, onurğanın osteoxondrozu, onurğada daimi ağrı, başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, 4805 nömrəli tibbi rəyə əsasən qarışıq tipli mötədil ventilyatsiya pozğunluğu İ-İİ, hərəkətin və yerişin pozulmaları, ataktik yeriş, əzginlik (süstlük) və yorğunluq, xəstə emosional ləbildir diaqnoz mətni ilə göndərişin natamam doldurulması (keyfiyyətsiz doldurulma –ETTOİ-dən yeni tibbi rəy tələb olunur) səbəbi ilə imtina edilmişdir. - TSEK-Müayinə tarixi xx.xx.2022-ci il tarixində Q76.3 sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anandangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skaliozu, İİİ dərəcəli hiperkifozu, ağırlaşma M42 onurğanın osteaxondrozu, xəstə bel nahiyyəsində ağrılardan hərəkət məhdudluğundan şikayətlənir, ağırlaşma J96 başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, hərəkət zamanı təngnəfəslik, boğulma hissi narahat edir, ağırlaşma M40 kifoz və lordoz, xəstədə gözlə görünən döş qəfəsinin deformasiyası, qunduz nəzərə çarpır, daimi ağrıdan və ətraflara irradiasiyasından şikayətlənir, ağırlaşma R26 hərəkətin və yerişin pozulmaları, ataktik yeriş, ağırlaşma M41 skolioz, xəstə ətraflara irradiasiyasından şikayətlənir, yanaşı xəstəliklər R53 əzginlik (süstlük) və yorğunluq, xəstə emosional ləbildir diaqnoz mətni ilə göndərişin natamam doldurulması (köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması tam dəqiqləşdirilsin) səbəbi ilə imtina edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9945/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi ilə bağlı müraciətinə 2 (iki) ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Həmin qərardada cavabdeh tərəfindən verilən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin 0019003AACDD nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilmiş və hazırkı iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-in T463/2023 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərişdə qeyd edilən “Əsas diaqnoz: Q76.3- Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz. Ağırlaşma: Q76.4-Onurğanın skaliozla əlaqədar olmayan digər anadangəlmə anomaliyaları; M24.5-Oynaqların kontrakturası; M41-Skolioz; M42-Onurğanın osteoxondrozu; M40.0-Duruş kifozu; Yanaşı xəstəliklər: R52-Başqa rubrikalarda təsnif olunmayan ağrı; R26- Ataktik yeriş; R52-Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi; R26.8- Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları; R53-Əzginlik (süstlük) və yorğunluq” diaqnozda olan xəstəliklərdən o, hazırda əziyyət çəkir. 2.3.Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyini (2.5.12. üçüncü, dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9)) müəyyən etməsinə baxmayaraq və həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (Bakı ET Travmatologiya və Ortopediya İnstitutu və Bakı ET Ağ ciyər Xəstəlikləri İnstitutu) ambulator müalicələrdə olmasına və xəstəlik diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq, əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. İddiaçının sonuncu forma 88 arayışında qeyd edilən xəstəliklərdən əziyyət çəkməsi ekspert rəyi ilə də təsdiq olunmuşdur. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, cavabdeh inzibati orqan məhkəmənin həmin qərarı ilə razılaşmayaraq onu mübahisələndirir ki, birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyində vətəndaşın qeyd edilən xəstəlikdən əziyyət çəkdiyi qeyd edilməsi səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması istiqamətində hər hansı qanunazidd hərəkətə və hərəkətsizliyə yol verilməmiş, qiymətləndirmə qanunvericiliyə uyğun aparılmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmır. Əlilliyin təyinindən imtinaya dair sonuncu forma 88 arayışına əsasən (xx.xx.2022-ci il tarixdə müayinə olunmuşdur): - (status localis) xəstədə fəqərələrin anadangəlmə deffekti olduğundan uşaq vaxtlarından bədən tərbiyyəsi və üzgüçülüklə daima məşğul olmasına baxmayaraq, yaşlandıqca özünü daha çox biruzə vermiş və əmək qabiliyyətinin itirilməsinə səbəb olmuşdur. Xarici görünüşündə döş fəqərəsinin ifrat dərəcədə qabağa əyilməsi nəticəsində qunduz əmələ gəlmişdir. Bununla əlaqədar xəstədə təngnəfəslik daimi ağrı yorulma, hərəkətin məhdudluğu, fiziki gərginliklə diskomfort hiss etməyə başlamışdır. Xəstə şikayətçidir. 2020-ci ildən bu günə qədər daim məhkəmələrə şikayət etmişdir. Dəfələrlə poliklinikada və ETTOİ-də müayinə və müalicə almışdır. Vəziyyəti orta ağırlıqdadır. - Q76.3 Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz diaqnozu ümumi cərrah, J96 başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmazlığı diaqnozu terapevt tərəfindən təsdiq olunmuş, həmin diaqnozlar köməkçi diaqnostik müayinələrlə (ağ ciyərlərin spiroqramması – qarışıq tipli mötədil ventilyasiya pozğunluğu, döş qəfəsinin rentgenskopiyası – hər iki ağ ciyərdə peribranxit, onurğanın sol tərəfə skoliozu, sümük/s rentgenoqrafiyası – onurğanın döş tipli sol tərəfli İİ dərəcəli (14 dərəcə) skoliozu və İİİ dərəcəli (82) dərəcə) hiperkifozu təyin olunur, döş və bel fəqərələrinin osteoxondrozu. Fəqərələr torsiya edib. - Diaqnoz: Q76.3. Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcə skoliozu, İİİ dərəcə hiperkifozu Ağırlaşma M42 Onurğanın osteoxondrozu Ağırlaşma J96 Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmazlığı Ağırlaşma M40 Kifoz və lordoz. Xəstədə gözlə görünən döş qəfəsinin deformasiyası, qunduz. Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları. Ataktik yeriş. Ağırlaşma 41 Skolioz Yanakı xəsəliklər R53 Əzginlik (süstlük) və yorğunluq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. -4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. -4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir İşin hallarına əsasən müəyyən edilir ki, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 15.1. qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2. qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1496/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1496/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-756/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-756/2024
16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver