Məhkəmə qərarları › İş №2-1(103)-757/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-757/2020

10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-757/2020 10.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abiyeva Kəmalə Nəbi qızı (sədrlik edən və məruzəçi), X2 oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması” tələbinə dair inzibati işə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4244/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi və tələbinin dəyişdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyətində olmaqla, ünvan 1 ünvanında yerləşən 14 nömrəli mənzilə dair xx xxxxxx 2006-cı ildə 204 saylı reyestr kitabının 21188 saylı vərəqində aparılmış qeydiyyatda düzəliş edilərək, həmin mənzilin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınması və dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov prospektində istifadədə olan 0.0647 ha torpaq sahəsində yerləşən 23 saylı, 3 mərtəbəli binada, 58 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmış və bu barədə ona çıxarış verilmişdir. “xxxxxxxxxxx” MMC tərəfindən həmin mənzilin qeyri-yaşayış sahəsi kimi memarlıq planlaşdırmasının eskiz həlli tərtib edilmişdir. İddiaçının qanuni mülkiyyətində olan Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 23 saylı evin 14 saylı mənzilinin ticarət obyekti kimi istifadə olunmasına Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 349 saylı, xx xxxx 2009-cu il tarixli sərəcamı ilə icazə verilmişdir. Həmin mənzilə bitişik digər mənzillər də qeyri-yaşayış obyekti kimi istifadə edilir. ünvan 1, 14 saylı mənzilin qeyri-yaşayış obyekti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2019-cu il tarixli ərizə ilə müraciət edilmiş, lakin cavabdeh inzibati orqanın xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi isə göstərilmişdir ki, sözügedən ünvanda yerləşən mənzilə idarəninin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, sözügedən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçməsinə dair müvafiq icra hakimiyyətinin orqanın qərarı, qeyri-yaşayış sahəsinə dair istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı (istismarına icazə sənədi), müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmış lahiyə, qeyri-yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. Cavabdeh orqanın imtina məktubunda qeyd edilən hallar ona görə əsassız hesab edilir ki, iddiaçının daşınmaz əmlakı üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan bütün sənədlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ərizəyə əlavə edilməklə İdarəyə təqdim edilmişdir. İddiaçı tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 9.1.3, 10, 11, 15 və 22.2-ci maddələrinə istinad etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4244/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq mənzilə qeyriyaşayış sahəsi kimi çıxarış və texniki pasport almaq məqsədilə 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2019-cu il tarixdə poçt vasitəsilə müraciət etmişdir.Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki,ərizəyə əlavə edilmiş sənədlər surətdir və sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir. ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. Lakin müvafiq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi), qeyri-yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu, texniki rəy və razılaşdırılmış eskiz layihəsi) təqdim edilməmişdir. Həmçinin müvafiq ünvanda yoxlama-ölçü işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bu səbəbdən də, ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş düzgün və ətraflı araşdırılmamış, ekspertiza keçirilməmiş, İdarənin imtina məktubunun qanunsuz olması məhkəmə tərəfindən sübuta yetirilməmiş, imtina məktubunda qeyd olunan hallar məhkəmə tərəfindən əsassız olaraq nəzərə alınmamış və qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.Yuxarıda qeyd olunanlara və müvafiq işin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və ekspertiza təyin edilməlidir. Cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə, Mənzil Məcəlləsinin 20.1, 20.3, 21.1, 21.9, 24.1, 26.1, 27.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli, 226 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı, xx.xx.2019-cu il tarixli, 74 saylı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci, 9-cu, 11.1, 12.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi A.İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları ilə birgə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalıdır. İşin materialları ilə müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov prospektində istifadədə olan 0.0647 ha. torpaq sahəsində yerləşən 23 saylı, 3 mərtəbəli binada, 58 kv.metr yaşayış sahəsindən ibarət 3 otaqlı 14 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə onun adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı, xx xxxxxx 2006-cı il tarixli çıxarış verilmişdir. İddiaçı ona məxsus mənzilin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən xx xxxxxx 2019-cu il tarixli, **********05 saylı məktubla cavab verilərək bildirilmişdir ki, sözügedən ünvanda yerləşən mənzilə idarəninin mütəxəssisləri tərəfindən inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. Həmçinin, sözügedən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçməsinə dair müvafiq icra hakimiyyətinin orqanın qərarı, qeyri-yaşayış sahəsinə dair istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı (istismarına icazə sənədi), müvafiq icra hakimiyyəti orqanı tərəfindən razılaşdırılmış lahiyə, qeyri-yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. İddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən ona əsaslanmışdır ki, iddiaçının mülkiyyətində olan mənzil qeyri-yaşayış sahəsi kimi istifadə olunur, hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşir və mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair yerli icra hakimiyyəti orqanının sərəncamı mövcuddur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmırvəhesabedirki, məhkəməninqərarındaistinad etdiyi maddi hüquq normaları işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 20.1-ci maddəsində qeyd edilir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın. (20.4) Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.(21.1); Həmin Məcəllənin 21.4-cü maddəsinə əsasən sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. (21.5) Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. (21.6) Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. (21.7) Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. (21.8) Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. (21.9) Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. (21.10). Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, müvafiq səlahiyyətli orqanın qərarı ilə yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi təsdiq edilir. Əgər keçirilən sahədə yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsi tələb olunursa, sahənin keçirilməsinin təsdiq edilməsinə dair səlahiyyətli orqanın qərarında bu barədə göstərilməlidir. Yenidənqurma və ya yenidənplanlaşdırma işləri, başa çatdıqdan sonra sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənməli, həmin orqan tərəfindən də dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir Hazırki halda, Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti başçısının 349 saylı, xx xxxx 2009-cu il tarixli sərəcamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakıxanov qəsəbəsi, S.Mehmandarov prospekti, 23 saylı evin 14 saylı mənzilinin “Ticarət obyekti” kimi istifadə olunmasına yalnız icazə verilmişdir. İddiaçının xüsusi mülkiyyətində olan mənzilin 2006-cı ildə tərtib edilmiş texniki pasportunun və «xxxxxxxxxxx» MMC tərəfindən tərtib edilmiş «Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səmədbəy Mehmandarov prospekti 23 ünvanında yerləşən qeyri-yşayış sahəsinin memarlıq planlaşdırmasının eskiz həlli»nin müqayisəli təhlilindən aydın olur ki, sözügedən mənzildən qeyri yaşayış sahəsi kimi istifadənin təmini məqsədləri üçün yenidənqurma işləri aparılmış, otaqlararası divar götürülmüş, mənzilə giriş dəyişdirilmiş, pəncərə qapı ilə əvəz edilmişdir. Buna baxmayaraq, keçirilən sahədə (mənzildə) yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsinə icazə verilməsinə dair səlahiyyətli orqanın qərarı, eləcə də həmin işlərin təsdiq edilməsinə dair sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı işin materiallarına əlavə edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Göründüyü kimi, qanun daşınmaz əmldakın dövlət reyestrində qeydiyyatın aparılmasının əsaslarını dəqiq müəyyən etmişdir. Hazırki halda, iddiaçı ona məxsus mənzilin qeyri yaşayış sahəsi kimi qeydiyyatının aparılması üçün cavabdeh orqana Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 349 saylı, xx xxxx 2009-cu il tarixli sərəncamını təqdim etmişdir. Məhkəmə kollegiyası iddiaçının mülkiyyətində olan mənzildə səlahiyyətli orqanın razılığı olmadan yenidənqurma və ya yenidən planlaşdırma işlərinin görülməsini, sahənin hazırki vəziyyətdə (otaqlar arasında ara divarın götürülməsi, ) istismarına icazə sənədinin olmamasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 349 saylı, xx xxxx 2009-cu il tarixli sərəncamı müvafiq mənzilin qeyri yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə tələb olunan mötəbər sənəd kimi qəbul edilə bilməz. İddiaçının mülkiyyətində olan mənzildən qeyri-yaşayış sahəsi kimi üçün qanunvericiliklə tələb olunan sənədlər cavabdehə təqdim olunmadığı üçün, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üçüncü şəxs qismində icraata cəlb edilməli olduqlarına dair apellyasiya şikayətinin dəlili ilə razılaşmır və hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı göstərilən subyektlərin icraata cəlb edilməsini tələb edən hər hansı zərurət müəyyən olunmur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş zəruri olan bütün sənədlər iddiaçı tərəfindən təqdim edilmədiyindən, iddia əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələb təmin olunmaqla, yuxarıda göstərilən maddi hüquq normalarının tələbləri pozulmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə qərarı maddi hüquq normalarının pozulmasına görə ləğv edilməli, yeni qərar qəbul edilərək, iddia təmin olunmamalı, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Q Ə R A R A A L D İ: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4244/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə dair xx xxxxxx 2006-cı ildə 204 saylı reyestr kitabının 21188 nömrəli vərəqində aparılmış qeydiyyatda düzəliş edilərək, mənzilin qeyriyaşayış sahəsi kimi qeydiyyata alınması, dövlət reyestrindən yeni çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədəiddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: imza Hakimlər : imzalar Əsli ilə düzdür Sədrlik edən hakim: Kəmalə Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar