Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-757/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin (VÖEN **********, hüquqi ünvan-AZ1006, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, ev 149, qanuni təmsilçi-X2, dövlət qeydiyyatına alındığı tarix-19.07.2007-ci il) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5171/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı Mənzil Tikinti-Kooperativi 18.06.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi (sədr S.Xanməmmədov göstərilməklə imzalanmışdır) ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK üzrə qəbul olunmuş 21.05.2020-ci il tarixli **********200075 saylı “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri LGBİ-nin 21.05.2020-ci il tarixli **********200075 saylı qərarı ilə İddiaçı MTK-da Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Qeyd olunan inzibati akt qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmadığından və qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, səyyar vergi yoxlaması 30 təqvim günü ərzində təyin edilməli olduğu halda, yoxlama 30 iş günü ərzində təyin edilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması VM-nin 38.3.5-ci maddəsində qeyd edilmiş əsasla başlasa da, həmin əsasların olmasını təsdiq edən sənədlər mövcud olmamışdır. Vergi orqanı səyyar vergi yoxlamasının keçirilməsi haqqında 21.05.2020ci il tarixli qərarında yoxlama ilə əhatə olunan vergi dövrü kimi aprel 2017-mart 2020-ci il göstərilmişdir. Halbuki, vergi qanunvericiliyinin tələblərinə əsasən vergi orqanı 2017ci ilin aprel ayı dövrünü də yoxlama ilə əhatə olunan dövrə daxil etməklə 3 illik dövrü pozmuşdur. İddiaçı eyni tarixdə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, İddiaçı MTK barəsində qəbul edilmiş 21.05.2020- ci il tarixli, **********200075 saylı “Səyyar vergi yoxlaması keçirilməsi haqqında” qərar məhkəmədə inzibati icraat qaydasında mübahisələndirilərək, yekun qərar qanuni qüvvəyə minənədək səyyar vergi yoxlamasının aparılmasının dayandırılması öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5171/2020 nömrəli qərardadı ilə (hakim N.Abıyev) İddiaçı Mənzil Tikinti Kooperativinin müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5171/2020 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. 23.12.2020-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti (nümayəndə və vəkil (Bakı şəhəri 12 saylı Vəkil Bürosu) Vəkil tərəfindən imzalanmışdır) verərək, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5171/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. 02.03.2021-ci il tarixdə məhkəməyə cavabdehin apellyasiya şikayətinə dair etirazı daxil olmuşdur. Etirazda cavabdeh birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5171/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarına əsasən: - Bakı şəhəri LGBİ-nin rəis müavini R.R.Quliyev tərəfindən qəbul edilmiş 21.05.2020-ci il tarixli **********200075 saylı “səyyar vergi yoxlamasının keçirilməsi” haqqında qərarla İddiaçı MTK (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aprel 2017-mart 2020-ci il dövrü üçün növbədənkənar səyyar vergi yoxlamasınn təyin edilməsi qərara alınmış, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmiş, qeyd olunan qərarla MTK-nın nümayəndəsi tanış edilmiş, sonuncunun qərarla və qərardan çıxarışla tanış olması imza və İddiaçı MTKnın möhürü ilə təsdiq olunmuşdur. - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışa əsasən qeyd olunan növbədənkənar səyyar vergi yoxlaması KY201455368 nömrə ilə qeydə alınmışdır. - İddiaçı MTK (VÖEN: **********) vergi ödəyicisi kimi 06.08.2007-ci il tarixdə İddiaçı MMC-nin hüquqi varisi kimi uçota alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasənvergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: - verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə (38.3.1); - vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə (38.3.2); - ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər(38.3.3); - artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda (38.3.4); - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə (38.3.5); - cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda (38.3.6); - bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə (38.3.7); - vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda (38.3.8); - vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda (38.3.8-1); - vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz (38.3.9). Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının “30 gün” müddətində keçirilməsi ifadəsi əvəzinə “30 iş günü müddətində keçirilir” ifadə əks olunmuş və bu qayda 01 yanvar 2017-ci il tarixindən qüvvəyə minmişdir. Lakin, Məcəllənin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, çünki həmin maddənin 38.2 və 38.4-cü hissələri yoxlamaların iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilavasitə 30 iş gününü nəzərdə tutmuşdur. Qanunvericiliyə edilmiş dəyişiklik isə hər iki yoxlamaların yalnız iş günü ərzində aparılmalı olduğuna dair yanaşmanı təsdiqləmişdir. Göründüyü kimi cavabdeh orqan tərəfindən aparılmış yoxlama qanunvericiliyə uyğun olaraq həyata keçirilmişdir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5171/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Mənzil Tikinti Kooperativinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2-1(112)-5171/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-757/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-757/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver