Məhkəmə qərarları › İş №2-1(103)-757/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-757/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-757/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə (üçüncü şəxs "xxxx" MTK) qarşı “sərəncamların etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2-1(112)-669/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “sərəncamın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan 07 aprel 2023-cü il tarixli iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək cavabdehin “Nərimanov rayonu N.Yusifbəyli, M.Sənani və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi haqqında” 15 aprel 2014cü il tarixli 166 nömrəli və 24 noyabr 2016-cı il tarixli 501 nömrəli sərəncamının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında kooperativin istifadəsinə verilmişdir. İddiaçı hesab edir ki, bu barədə olan cavabdehin sərəncamı ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2-1(112)-669/2023 saylı qərarı ilə (hakim O.Həsənov) iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmənin özünün də istinad etdiyi normalardan göründüyü kimi, qanunvericilik iddiaçının iddiasının təmin edilməməsinə dair hər hansı bir məhdudiyyət qoymamışdır. Lakin məhkəmə əsassız olaraq iddianı rədd etmişdir. Məhkəmə tələsik, qərəzli, ədalətsiz və tərəflərin qanun qarşısında bərabərlik pirinsipini pozmaqla qərar qəbul etmişdir. Məhkəmə mübahisəli ərazidə hər hansı bir fövqəladə vəziyyətdə olan, yəni uçma təhlükəsi və s. təhlükə törədən hər hansı bir tikililərin olmasına və onların sökülməli olmasına dair hər hansı bir dövlət qurumunun rəyi, məktubu, qərarı və s. olmadan üçüncü şəxsin biznes maraqları ilə bina tikməsini iddiaçının sosial öhdəliyi hesab edərək əsassız fikirlərə və mülahizələrə əsasən iddianı rədd etməklə tamamilə səhv nəticəyə gəlmişdir. Halbuki, məhkəmə sözügedən sərəncamla iddiaçının hüquqlarının nə qədər pozulduğunu, onun mülkiyyət hüquqlarının üçüncü şəxsin həmin sərəncamdan istifadə etməklə nə qədər tapdandığını və ən əsası mübahisəli sərəncamın şərtlərinin üçüncü şəxs tərəfindən həyata keçirilib-keçirilmədiyini yoxlamalı, üçüncü şəxsin sərəncamda qeyd edilən heç bir şərti yerinə yetirmədiyi və icarə, istifadə və digər hüquqlarının dövlət qeydiyyatına alınmadığı halda qeydiyyata alınmış və dövlət tərəfindən qorunan mülkiyyət hüququnu kobudcasına pozmaqla ədalət, çəkişmə, qanun qarşısında bərabərlik prinsipini pozmuşdur. Belə ki, sərəncamın tələbinə əsasən cavabdehlə üçüncü şəxs arasında icarə müqaviləsi bağlanmalı, üçüncü şəxs tərəfindən dövlətə icarə haqqı və vergilər ödənməli olsa da, üçüncü şəxslə cavabdehin hansısa qeyri-qanuni razılaşması əsasında sərəncamın qəbul edildiyi tarixdən hazırki günədək külli miqdarda vergidən yayınma halı sosial öhdəliyin və sərəncamın şərtlərinin pozulması sayılmamış, əksinə mülkiyyətçinin qanunla qorunan hüquqları pozulmaqla üçüncü şəxsin əməlləri qanuniləşdirilmişdir. Məhkəmə qərarda "hazırkı iş üzrə qəbul edilmiş layihələndirmə formada adlandırılsa da faktiki olaraq torpaq sahəsinin icarəyə verilməsi barədə sərəncamda, nə də ki həmin sahədə hasarlama işlərinin aparılması barədə sərəncamda mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozuntusu halı aşkar edilməmişdir" qeyd etməklə tərəflər arasında bağlandığı gün də ləğv edilən icarə müqaviləsinə əhəmiyyət verməməklə iş materiallarına əlavə edilmiş bu barədə sübutu mötəbər saymamışdır. Məhkəmə İPM-nin də tələblərini pozaraq illərlə çəkən məhkəmə mübahisəsi zamanı toplanmış sübutları tədqiq etməmiş, qərarda həmin sübutlara istinad etməmiş, yalnız çıxardığı qərara "sərf" edən rəylərə istinad edərək dövlət qurumlarının razılığı olduğu əsası ilə iddianı rədd etmişdir. Bununla yanaşı onu da qeyd etmək lazımdır ki, cavabdeh məhkəmə çəkişməsinə əhəmiyyət verməyərək, nə iclaslarda iştirakı təmin etmiş, nə də məhkəmənin verdiyi sorğulara cavab vermişdir ki, məhkəmə öz qərarında bu hala toxunsa da, bu qədər məhkəməyə saymazyana hərəkət edən cavabdehin hansı ictimai, sosial maraq naminə sərəncam verdiyini də öyrənmədən düzgün araşdırma aparmadan sırf üçüncü şəxsin "biznes maraqlarını" sosial öhdəlik adı altında qorumaq naminə iddianı rədd etmişdir. Mübahisəli sərəncam hər hansı bir abadlaşdırma, dövlət ehtiyacı və s. ehtiyacdan irəli gəldiyi düzgün araşdırılmadan, sübutlar əldə edilmədən “belə bir sosial öhdəlik” adı ilə iddianın rədd edilməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, nə cavabdeh, nə üçüncü şəxs tərəfindən hansı dövlət ehtiyacı və sosial maraq olduğu barədə sübut təqdim edilməmiş, iddiaçının mülkiyyətində olan mənzilin hansı dövlət ehtiyacı üçün sökülməli olduğu sübuta yetirilməmişdir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilindiyi qeyd edilmişdir. Nə konstitusiyada, nə də başqa qanunvericilik aktlarında hansısa şirkətin biznes maraqlarının şəxsin mülkiyyət hüququndan üstün olduğu və bu üstünlükdən istifadə etməklə və hansısa qiymədəndirmə şirkətinin rəyi ilə istədiyi kompensasiyanı ödəməklə vətəndaşın mülkiyyət hüququna xitam vermə və ya məhdudlaşdırmaya dair imperativ norma yoxdur. İş materiallarina əlavə edilmiş Nərimanov rayon məhkəməsinin icraatındakı işdən də göründüyü kimi üçüncü şəxs heç bir tələbinə riayət etmədiyi sərəncamdan sui-istifadə etməklə mülkiyyətçiyə qarşı iddia qaldıraraq mülkiyyətçini razı salmaq yox, məhkəmənin ekspert rəyinə əsaslanmaqla qəbul etdiyi qətnaməsi ilə məcburi mülkiyyət hüququnu mənimsəməyə çalışır ki, məhkəmə qərarında bu hallara da əhəmiyyət verməyərək həmin sübutları da tədqiq etməyə lüzum bilməmişdir. Halbuki, iki ilə yaxın çəkən müddət ərzində kifayət qədər sübut təqdim edilmişdir ki, məhkəmə qanunvericiliyin tələbinə əsasən həmin sübutları tədqiq etməli, qətnamədə qeyd etməli və hansı sübutu nəyə əsasən mötəbər sübut saydığını və ya saymadığını əsaslandırmalı idi ki, bunu etməməklə illərlə çəkən məhkəməni mənasız uzatmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; -çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi iddiaçının mülkiyyətindədir. -Mübahisələndirilən sərəncamdan görünür ki, "xxxx" MTK-nın müraciəti əsasında Nərimanov r, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı və Azadlıq prospektinin əhatə etdiyi 954cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində yüksək mərtəbəli binaların tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Kooperativin istifadəsinə verilmişdir. -ayrıc aktından görünür ki, mübahisələndirilən sərəncam əsasında üçüncü şəxsin adına ayrıc aktı tərtib edilərək təsdiq edilmişdir. -Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin iddiaçıya ünvanlanan məktubundan da göründüyü kimi Kooperativin icarəsinə verilmiş torpaq sahəsində 2 ədəd 20 mərtəbəli yaşayış və 1 mərtəbəli qeyri-yaşayış sahəsinin əsaslandırılması yoxlanılmış və Komitənin sərəncamı ilə təsdiq edilmiş, tikililərin inşasına icazə verilmişdir. -Obyektin tikintisinə icazə verilməsi barədə icazədən görünür ki, qeyd olunan ərazidə tikinti işlərinin aparılmasına üçüncü şəxsə icazə verilmişdir. -X5 Xidmətinin rəyindən görünür ki, torpaq sahəsinin razılaşdırılmasına dair müsbət rəy verilmişdir. Həmçinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Dövlət Ekspertiza İdarəsi tərəfindən də müsbət rəylər verilmişdir. -Cavabdehin mübahisələndirilən 24 noyabr 2016-cı il tarixli sərəncamından görünür ki, üçüncü şəxs göstərilən ərazidə hasarlanma işlərinin görülməsini xahiş etmiş, sərəncam əsasında hasara alınmaya cavabdeh tərəfindən razılıq verilmişdir. -Torpaq sahəsinin icarə müqaviləsindən görünür ki, iddiaçının ərazisi də daxil olmaqla ərazi üçüncü şəxsin icarəsinə verilmişdir. İddiaçı tərəf apelyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektini əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTKnın istifadəsinə verilməsi barədə xx.xx.2014-cü il tarixli 166 nömrəli və xx.xx.2016-cı il tarixli 501 nömrəli sərəncamının onun mülkiyyətində və istifadəsində olan hissəyə münasibətdə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 avqust 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2024-cü il tarixli qərardadı ilə iş üzrə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspert qarşısında “ünvan 3 ünvanda yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi (torpaq sahəsi ilə) mübahisələndirilən sərancamla "xxxx" MTK-ya ayrılan və Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən ərazi daxilindədirmi?” sualı qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/2006 saylı, 03 iyul 2024-cü il tarixli rəyinə əsasən ünvan 3 ünvanda yerləşən iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsinin mübahisələndirilən sərancamla "xxxx" MTK-ya ayrılan və Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənanı və Azadlıq prospektinin əhatə etdiyi 954-cü məhəllədə yerləşən ərazi daxilində yerləşdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, hazırkı iş üzrə də qeyd olunan sosial öhdəliklərin mövcudluğu baxımından sərəncamın qəbulu üçün qanuni əsaslar mövcud olmuşdur. Belə ki, cavabdehin mübahisələndirilən sərəncamından görünür ki, yeni yüksəkmərtəbəli binaların iddiaçının xüsusi mülkiyyətində olduğu ərazidə tikilməsi zəruri hesab edilmiş, bununla bağlı aidiyyəti dövlət orqanlarından razılıq alınmışdır. İddiaçı isə xüsusi mülkiyyətində olan vahid daşınmaz əmlakla bağlı daşımalı olduğu sosial öhdəliklə bağlı şərtə əməl etmədən sosial məqsədlərlə tikintisi zəruri olan 2 ədəd 20 mərtəbəli binanın 1,25 ha torpaq sahəsində dayandırılmasına nail olmağa çalışır. İddiaçı nəzərə almamışdır ki, 70 kv.m ölçüdə fərdi yaşayış evi və 0,02686 ha ölçüdə torpaq sahəsinə iddiaçının xüsusi mülkiyyət hüququnun mövcudluğu dövlətin aidiyyəti struktur bölmələri tərəfindən razılaşdırılmış layihə çərçivəsində cavabdehin qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul etdiyi sərəncamının ləğvinə mübahisələndirilən hissədə olsa belə əsas ola bilməz. Əks halda, ictimai və şəxsi maraqların tarazlığının əsaslı pozulması halı mövcud olacaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini işin faktiki hallarına uyğun hesab etmir. Belə ki, mübahisəli sərəncamla 1.2509 ha torpaq sahəsinin icarə qaydasında üçüncü şəxsin ("xxxx" MTK) istifadəsinə verilməsi qərara alınmışdır. İddiaçıya aid torpaq sahəsinin sərəncamda qeyd edilən 1.2509 ha torpaq sahəsinin hüdudlarında olduğu müəyyən edildiyi, cavabdeh orqanın buna səlahiyyətli olmadığı halda özgəsinin xüsusi mülkiyyətində olan əmlaka dair sərəncam verdiyi də aşkardır. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə araşdırmanı X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə olan araşdırma sxeminə zidd şəkildə apararaq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Belə ki, mübahisələndirilən sərəncamın iddiaçının mülkiyyətinə müdaxilə olduğu işin mübahisəsiz halıdır. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir, keçirilmiş ekspert rəyi və aparılan araşdırmaya əsasən qanuni olmamışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən nəzərə alınmamışdır ki, cavabdeh yalnız qanunla müəyyən olunmuş qaydada və onun səlahiyyətinə aid edilmiş hallarda torpaq sahələri üzərində sərəncam vermək, o cümlədən torpaq sahəsini icarəyə vermək haqqına malikdir. Bu baxımdan hazırki mübahisəyə münasibətdə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə sərəncam vermək, başqa sözlə iddiaçının mülkiyyətində olan torpaq sahəsini icarəyə vermək səlahiyyətinə malik olmadığı nəzərə alınmalı və mübahisələndirilən sənədlərə bu prizmadan qiymət verilməlidir. Nəzərə almaq lazımdır ki, hazırki işdə Bakı şəhər İcra Hakimiyyəti xüsusi mülkiyyətdə olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada geri alınmadan həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsi ilə bağlı səlahiyyətə malik olmadığı halda iddiaçının torpaq sahəsinin üçüncü şəxsə icarəyə verilməsi barədə inzibati akt qəbul etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65-ci maddəsində etibarsız inzibati aktların dairəsi təsbit edilmişdir. İstinad olunan Qanunun 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin norma anlamında cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati aktlar iddiaçının torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt sayılmalıdır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hüquqi mövqeyi də qərarlarında yuxarıda göstərilən qaydada sərgilənmişdir (2-1(102)- 1414/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2-1(102)-1261/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlar). Digər tərəfdən, “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Hazırki işdə inzibati orqan tərəfindən iddiaçının mübahisələndirdiyi sərəncam qəbul edilərkən baxmayaraq ki, həmin sərəncam birbaşa iddiaçının mülkiyyət hüququna toxunur, iddiaçı həmin inzibati icraata cəlb edilməmiş, dinlənilməmiş və beləliklə də, cavabdeh inzibati orqan tərəfindən “İnzibati İcraat haqqında” Qanunun tələblərinə riayət olunmadığı müəyyən olunur. Həmin halları təkzib edə biləcək sübutları məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqan təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməməklə düzgün nəticəyə gəlməmiş, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir ki, bu da məhkəmə qərarının ləğvi üçün əsas yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2-1(112)-669/2023 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2-1(112)-669/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı iddiası təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Nərimanov rayonu, N.Yusifbəyli, X.Şuşinski, M.Sənani və Azadlıq prospektini əhatə etdiyi 954-cü məhəllədə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülərək yerində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MTK-nın istifadəsinə verilməsi barədə xx.xx.2014-cü il tarixli 166 nömrəli və xx.xx.2016-cı il tarixli 501 nömrəli sərəncamı iddiaçı X2 mülkiyyətində və istifadəsində olan ünvan 3 ünvanda yerləşən hissəyə münasibətdə (iddiaçıya münasibətdə) etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar