Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-757/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusunun verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10441/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ι. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Bakı İnzibati Məhkəməsinə məcburetmə haqqında iddia ərizəsi ilə müraciət edərək cavabdehin 30 may 2024-cü il tarixli İQ-40/1 nömrəli “Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında” qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM 33.1.). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “İddiaçı Rafıque Muhammad, Pakistan İslam Respublikasının X2 məntəqəsinin Naroval qəsəbəsinin Depoke kəndində doğulmuşdur. Milliyətcə pəncabi, dini etiqadına görə müsəlmandır. Yaşadığı kəndin ümumtəhsil məktəbində 10 il təhsil almışdır və ailənin maddi vəziyyəti yaxşı olmadığı üçün təhsilini davam etdirə bilməmişdir. Bu səbəbdən Pakistanın müxtəlif şəhərlərində elektrik kimi işləmişdir. Hazırda subaydır, atası 2007-ci il tarixində, anası isə 2014-cü ildə ölmüşdürlər, 3 bacısı və 3 qardaşı var. Qardaşları və bacıları hal-hazırda Pakistanda yaşayırlar. Qaçqın statusunun əldə edilməsi üçün müraciətinin səbəbi budur ki, o, əvvəl islam dininin deobandi təriqətinə mənsub olmuşdur, 2006-cı il tarixində şiəliyi qəbul etmişdir. Deobandi təriqətinə mənsub olan tanışları, xüsusilə də Nazar adlı əmisi oğlu, onun Aşraf və Afzal adlı qayınları tərəfindən təhdid olunmuşdur, ölümlə hədələnmişdir. Qeyd olunan səbəblərə görə 2013-cü il tarixində yaşadığı məntəqəni tərk edərək Sialkot şəhərinə köçmüşdür. O, yaşadığı evini tərk etdiyi üçün əmisi oğlu və onun qayınları ona məxsus olan evini ələ keçirmişlər, o isə evini geri qaytarmaq üşün məhkəməyə müraciət etmişdir. Məhkəmə onun xeyrinə qərar qəbul etdiyinə baxmayaraq, şiəliyi qəbul etdiyi üçün onunla ədavət apararaq evini qaytarmırlar. Göründüyü kimi, iddiaçı dini etiqadıma görə təqiblərin qurbanı olmuşdur. Bundan əlavə, əmisı oğlunun qayınları Aşraf və Afza Pakistanda bir neçə şəxsi öldürmüşlər, lakin, hələ də cinayət məsuliyyətinə cəlb edilməmişdirlər və hazırda azadlıqdadırlar. O, dini etiqadına görə təqibə məruz qaldığı üçün həyatı təhlükədir. Bundan əlavə, Pakistan İslam Respublikasının hüquq mühafizə orqanlarına müraciət etsə də, müraciətinə baxan olmamışdır və ona köməklik göstərilməmişdir. Həyatı təhlükədə olduğu üçün Pakistanı tərk etmək məcburiyyətində qalmışdır və 08 vevral 2024-cü il tarixində Azərbaycan Respublikasına gəlmişdir. Dövlət Miqrasiya Xidməti ona qaçqın statusunun verilməsindən imtina edilməsi ilə bağlı 30 may 2024-cü il tarixli, İQ- 40/1 nömrəli qərar qəbul etmişdir. Hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş qərar qanunsuzdur və buna görə ləğv edilərək ona qaçqın statusunun verilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməlidir.” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İş materialları ilə müəyyən olunur ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi hər hansı sosial qrupa mənsub olmamış, dini məzhəbinə görə ölkəsini tərk etdiyini, sünni məzhəbindən şiə məzhəbinə 2006-cı ildə keçməsinə baxmayaraq, yalnız 2013-cü il dən ona təhdidlər edildiyini bildirmiş, əcnəbi təhlükəsiz alternativ daxili yerdəyişmə imkanlarından istifadə etməmişdir.Müsahibə zamanı ziddiyyətli və yalan məlumatlar verərək Azərbaycan Respublikasına ilk dəfə gəldiyini bildirsə də, o, daha əvvəllər- 2003, 2023-cü illərdə ölkəyə gəldiyi məlum olmuşdur. O, öz ölkəsində dini təqiblərə məruz qaldığını bildirsə də, daha əvvəllər Azərbaycan Respublikasına gələrkən qaşqın statusunun alınması üçün DMX-ya müraciəti olmamışdır. Eyni zamanda, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1 -ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Beləliklə, iddiaçı barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir....” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10441/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu təkrarlanmaqla əsaslandırmış, eyni zamanda, aşağıdakılar mübahisələndirilmişdir: “...İnzibati orqan qaçqm statusunun verilməsi ilə bağlı müraciətinə imtina edərkən hesab etmişdir ki, onun izahatları inandırıcı deyil və bir-birinə ziddir. Səbəblərdən biri də 2006-cı ildən şiə olduğunu bildirsə də, sünni təriqətinə məxsus qaydada namaz qıldığı göstərilmiş, bundan əlavə, onun 23 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasına gəldiyi və bu müddət ərzində qaçqn statusunun verilməsi ilə bağlı müraciətinin olmadığı və daha sonra öz ölkəsinə yenidən qayıtdığı və bir neçə səbəblər də göstərilmişdir. Halbuki, qaçqın statusunun verilməsi ilə bağlı müraciətlərə dair qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur və imtinanın sözügedən səbəbi tam əsassızdır. Bundan əlavə, o, dini etiqadına görə ciddi təqibə məruz qalıb, həyatı təhlükədədir. Bu səbəbdən ona qaçqın statusu verilməlidir. Cavabdehin qəbul etdiyi qərarların qanunsuz olmasına baxmayaraq birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Beləliklə, məhkəmə “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin qanunun 1-ci maddəsinə əsasən qaçqın statusu almaq üçün səbəblərdən biri də odur ki, əgər şəxs dini etiqadına görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. O isə şiyəliyi qəbul etdiyi üçün təqiblərin qurbanı olub. Lakin, məhkəmə bütün faktiki halları və sübutları araşdırmamışdır, beləliklə də, İnzibati-Prosessual Məcəlləsinin 12.1, 58.7 və 68.2-ci maddələrini pozmuşdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ΙΙ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddiaçının iddia ərizəsindən göründüyü kimi, məhkəmədə məcburetmə haqqında iddia qaldıraraq cavabdehin 30 may 2024-cü il tarixli İQ-40/1 nömrəli ona “qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında” qərarının qanunsuz hesab edilərək ləğv edilməsi və “qaçqın” statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi qərarında iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin işin faktiki hallarından da müəyyən edilir ki, iddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşır. İşdən görünür ki, cavabdeh orqan tərəfindən xx.xx.1987-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatəti üzrə inzibati icraat başlanılmış və həmin icraat çərçivəsində hərtərəfli araşdırma aparılmış araşdırma nəticəsində, iddiaçının onun Azərbayca gəlişinin səbəbləri aydınlaşdırılmış, Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndləri nəzərə alınmaqla, onunla aparılan müsahibədən sonra, söylədiklərində aşkar edilən ziddiyyətli və uyğunsuz olan məqamlara qiymət verilərək, ona qaçqın statusu verilməsindən imtina olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki,cavabdeh orqanın imtina qərarı maddi və inzibati icraat haqqında hüquq normaların uyğun qəbul ediilmişdir. Belə ki, «Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, «Qaçqın» statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının preambulasına əsasən bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında «Qaçqın» statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin «Qayda»nın 1-ci bəndinin 3-cü abzasına əsasən «Qaçqın» statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində «Qaçqın» statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin «Qayda»nın 7-9-cu bəndlrinə əsasən: «Qaçqın» statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs «Qaçqın» statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona «Qaçqın» statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. «Qaçqın» statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya «Qaçqın» statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq «Qaçqın» statusu verməkdən imtina edilir.” “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Qanunvericiliyin qeyd olunan tələbləri nəzərə alınmaqla, iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri və işdə olan digər sənədlər əsasında təhlil edildikdə, iddiaçıya Azərbaycan Respublikasında qaçqın statusunun verilməsini zəruri edən faktiki şərtlər müəyyən edilmir. Belə ki, cavabdehin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli İQ-40/1 nömrəli imtina qərarı tədqiq olunduqda müəyyən olunur ki, həmin qərarı iddiaçının müraciətinə əsasən onun özü tərçəfindən doldurulan ərizə-anket, onunla aparılan müsahibənin nəticələri üzrə aşkar olunan hallara və qanunvericiliyin qeyd olunan normalarına uyğundur. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2024-cü il tarixli vəsatəti qeydiyyata alınaraq onun adına 42-2024 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlər (surətləri) işinə əlavə edilmiş və onunla müsahibə keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: “...Ərizəçi müsahibə zamanı bildirmişdir ki, Pakistan İslam Respublikasının X2 məntəqəsinin Naroval qəsəbəsinin Depoke kəndində anadan olduğunu, milliyətcə pəncabi, dini etiqadına görə müsəlman (şiə) olmuş, 10 illik orta təhsil almış, maddi imkansızlıq səbəbindən təhsilini davam etdirə bilməmiş, Pakistanın müxtəlif şəhərlərində elektrik işləmişdir. Ailə vəziyyəti ilə bağlı isə o, qeyd etmişdir ki, subaydır, atasının 2007-ci ildə, anası isə 2014-cü ildə vəfat etmiş, 3 qardaşı və 3 bacısı var, hazırda Pakistanda yaşayırlar. Dinə münasibətində qeyd etmişdir ki, əvvəllər islam dininin deobandi təriqətinə mənsub olmuş, 2006-cı ildə şiəliyi qəbul etmiş, bundan sonra əvvəlki təriqətindən olan tanışları, xüsusilə də Nazar adlı əmisi oğlu və onun Aşraf və Afzal adlı qayınları tərəfindən təhdid olunaraq ölümlə hədələnmişdir. Bu səbəbdən 2013-cü ildə yaşadığı məntəqəni tərk edərək Sialkot şəhərinə köçmüşdür. Bundan sonra, əmisi oğlu onun evini ələ keçirmiş, məsələ ilə bağlı o, məhkəməyə müraciət etmiş, bu barədə onun (ərizəçinin) xeyrinə müsbət qərar çıxarılmış, lakin əmisi oğlu və onun qayınlarının evi qaytarmaq istəməmiş və bunun da səbəbini onun şiyəliyi qəbul etməsi ilə əlaqələ olduğu bildirilmişdir. Hazırda, qayınları Aşraf və Afzalın Pakistanda bir neçə şəxsi qətlə yetirmiş,həmin şəxslər cinayətkar olsalar da, hələlik cinayət məsuliyyətinə cəlb edilmədiklərindən, o, Pakistanda yaşamaqdan ehtiyyat edərək, Pakistanı tərk etmiş və 8 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasına gəlmişdir...” Cavabdeh qərarında iddiaçının söylədiyi həmin hallarla bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən qeyd olunan həmin hallar və onun ərizə- anketinin qeydləri təhlili zamanı onun verdiyi məlumatların bir qisminin həqiqiliyi öz təsdiqini tapmamışdır. Belə ki, onun ölkəsini tərk etməsinə səbəb olmuş hallarla bağlı söylədiklərində bir sıra ziddiyətli və şübhəli məqamlar aşkar edilmiş, bu məqamların şərh edilməsi barədə ona suallara aydın izahatlar verə bilməmiş, qarışıq və rabitəsiz, uzlaşmayan fikirlər söyləmişdir. Belə ki, 2006-cı ildən şiə olduğunu desə də, nə üçün sünnilərə məxsus tərzdə namaz qıldığı barədə suala cavab verə bilməmişdir. Bundan əlavə, dini təriqətini 2006-cı ildə dəyişdiyi halda, 2013-cü ilə kimi öz kəndində yaşamış və həmin müddət ərzində heç bir təhdid və təziyiqə məruz qalmamışdır. Bundan əlavə öz ölkəsi daxilində təhlükəsiz yerdəyişsinə alternativ imkanı olsa da, bu imkandan da istifadə etməmişdir. Bütün bunlar isə onun sözügedən məqamlarda səmimi olmadığı və söylədiyi həmin halların ona əsaslı təqib qorxusu yaratmadığı qənaətinə gəlinməsinə əsas vermişdir. Bundan başqa, qərardan görünür ki, aparılan araşdrma zamanı iddiaçının Azərbaycan onun 23 sentyabr 2023-cü il tarixdə ilk dəfə gəldiyini bildirməsinin də yalan olduğu aşkar olunmuşdur. Belə ki, onun ilk gəlişi Azərbaycan 06 iyun 2008-ci il tarixdə olmuş24 aprel 2009-cu il tarixdə buranı tərk edərək öz ölkəsinə qayıtmış, bundan sonra o, 17 avqust 2010-cu il tarixdə də yenidən Azərbacan daxil olmağa cəhd etmiş, lakin onun bu cəhdinin qarşısı alınaraq hava limanından qaytarılmışdır. Həmin illərdə ərizəçi işləmək üçün gəldiyini qeyd edərək qaçqın statusu almaq üçün müraciət etmədiyini bildirmiş, halbuki, hazırkı halda o, 2006-cı ildə dini təliqətini şiyəlikdən süniliyə dəyişdiyi vaxtdan onun problemlərinin başlandığını bildirmişdir ki, bütün bu hallar da, onun öz ölkəsində təhlükəsiz yaşamının mümuünsüz olmasının və təqibə məruz qalmasının əsaslı olduğunu şübhə altına almışdır. Eyni zamanda, qərardan görünür ki, ərizəçi hazırkı gəlişində Xidmətə müraciət etdiyi ərizəsində əhmədi təriqətinə münsub olduğu, bu səbəbdən öz ölkəsində təhdid və təqiqbə məruz qaldığını qeyd etsə də, müsahibəsi zamnı Pakistanlı dostu tərəfindən ərizəsinin yazıldıdığını və dostunun məsələni səhv başa düşdüyünü əsas gətirmişdir. Digər tərəfdən, müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, Pakistanda heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, siyasi əqidəsinə və dini etiqadına görə ciddi şəkldə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri Pakistanda dölət orqnları tərəfindən təqibə məruz qalmamışlar...” Beləliklə də ərizəçinin müsahibə zamanı verdiyi ifadələrin və ərizəsinin təhlili zamanı müəyyən edilmiş uyğunsuzluqlara nəzər yetirildikdə, söylədiklərində çoxlu sayda həqiqətə uyğun olmayan yalan məlmatlar mövcuddur. Bütün bunlar isə onu göstərir ki, cavabdeh orqanın imtina qərarı qanuni və əsaslıdır. Qanuni və əsaslı imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə, o halda inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunması, işin hallarına, maddi və prosessual hüquq normalarına uyğundur. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının sübutlara uyğun olmadığını, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10441/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Göstərilənlərə əsasən və İPM-in 14, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10441/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasın Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-757/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-757/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver