Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-758/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndələri X5 və X4 iştirakı ilə İddiaçı “məktub-sərəncam”ın Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2746/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı (üçüncü şəxs AR Maliyyə Nazirliyi) məhkəməyə müraciət edərək, ixrac etdiyi qeyri-neft məhsullarına (təzə xurma, nar, qabığı təmizlənmiş meşə fındığı) görə ixrac təşviqinin ödənilməsinə dair müvafiq “məktub-sərəncam”ın AR Maliyyə Nazirliyinə təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, cavabdeh ixrac təşviqinin ödənilməsi ilə bağlı xx.xx.2019cu il tarixli ərizələrin baxılmamış saxlanılması nəticəsinə gələrkən nəzərə almamışdır ki, iddiaçı cavabdehin xx.xx.2019-cu il tarixli məktublarına və “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın müvafiq bəndlərinə uyğun olaraq ixrac təşviqinin ödənilməsinə dair zəruri olan bütün sənədləri lazımi qaydada 10 iş günü müddətində cavabdehə təqdim edilmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli nömrəli məktubda ixrac təşviqinin ödənilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ərizələrin baxılmamış saxlanılmasının konkret nədən ibarət olduğunu, ərizələrə əlavə edilmiş sənədlərdəki hansı çatışmazlıqların olduğunu göstərməmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla ixrac təşviqinin ödənilməsi ilə bağlı iddiaçının xx.xx.2019-cu il tarixli ərizələrini baxılmamış saxlamaqla ixrac təşviqinin verilməsindən qanunsuz imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən ixrac olunmuş qeyri-neft məhsullarına (təzə xurma, nar, qabığı təmizlənmiş meşə fındığı) görə (bir maşın üzrə ixrac olunmuş 86.000 ABŞ dolları və digər maşında olan 14.270,40 ABŞ dolları mallar istisna olmaqla) ixrac təşviqinin ödənilməsinə dair müvafiq “məktub-sərəncam”ın AR Maliyyə Nazirliyinə təqdim edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Qərarın əsaslarına görə, iddiaçı tərəfindən ümumilikdə ixrac olunmuş qeyri-neft məhsullarına (təzə xurma, nar, qabığı təmizlənmiş meşə fındığı) görə (bir maşın üzrə ixrac olunmuş 86.000 ABŞ dolları və digər maşında olan 14.270,40 ABŞ dolları mallar istisna olmaqla) ixrac təşviqinin alınması üçün sənədlərdə hər hansı çatışmazlıqlar müəyyən edilməmişdir. Qərarla razılaşmayan inzibati məhkəmə icraatının iştirakçıları ondan apellyasiya şikayətləri verərək, iddiaçı ləğv edilib, iddianın təmin edilməsini, cavabdeh və üçüncü şəxs ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişlər. İddiaçının apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə bir halda qeyd edir ki, göstərilən sənədlər iddiaçıda mövcud olduğu halda, cavabdeh tərəfindən konkret olaraq natamamlığın nədən ibarət olması göstərilmədən, qeyd olunan əsasla onun ərizəsinin baxılmamış saxlanması əsassız olmuşdur. Digər halda qeyd edir ki, 2 maşında nəqliyyat sənədinin üzərində gömrük qeydlərinin olmadığı müəyyən edilmişdir. Yəni, sənədlərdəki natamamlığın konkret nədən ibarət olması müəssisəyə məhz məhkəmə baxışı zamanı məlum olmuşdur. Həmin sənədlərdəki çatışmazlıqlar da məhkəmə baxışı zamanı aradan qaldırılmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə görə, İddiaçı MMC “Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” x xxxx 2016-cı il tarixli 811 nömrəli Fərmanın tələblərinə uyğun olaraq qabığı təmizlənmiş meşə fındığının ixracı zamanı ixrac təşviqinin ödənilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli və təzə xurma və nar məhsullarının ixracı zamanı ixrac təşviqinin ödənilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ərizələrlə İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. İqtisadiyyat Nazirliyinin xx.xx.2019-cu il tarixli İN-X/O-5951/2019 nömrəli məktubu ilə qabığı təmizlənmiş meşə fındığının ixracı zamanı ixrac təşviqinin ödənilməsi üçün ərizəyə əlavə edilən sənədlərdə “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.2.3-cü yarımbəndində qeyd edilən qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanılmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədin olmadığı, 2.2.4-cü yarımbənddə qeyd edilən xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş idxal gömrük bəyannaməsinin surətinin natamam olduğu, 2.2.6-cı yarımbənddə qeyd edilən ixrac olunan malın gömrük ərazisindən çıxarılması və təyinat ölkəsi də daxil olmaqla, xarici ölkələrin gömrük orqanının malın həmin ölkənin gömrük ərazisinə daxil olması ilə bağlı qeydləri olan növündən asılı olaraq nəqliyyat sənədinin surətinin üzərində malın xarici ölkəyə daxil olması ilə bağlı qeydin olmadığı bildirilmiş və çatışmazlıqların aradan qaldırılması və eyni zamanda müvafiq hesab fakturanın “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə uyğun olaraq 10 iş günü ərzində təqdim edilməsi bildirilmişdir. İqtisadiyyat Nazirliyinin xx.xx.2019-cu il tarixli İN-X/O-5952/2019 nömrəli məktubu ilə təzə xurma və nar məhsullarının ixracı zamanı ixrac təşviqinin ödənilməsi üçün ərizəyə əlavə edilən sənədlərdə “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.2.3-cü yarımbəndində qeyd edilən qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanılmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədin olmadığı, 2.2.4-cü yarımbənddə qeyd edilən xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş idxal gömrük bəyannamələrinin surətlərinin natamam olduğu, 2.2.6-cı yarımbənddə qeyd edilən ixrac olunan malın gömrük ərazisindən çıxarılması və təyinat ölkəsi də daxil olmaqla, xarici ölkələrin gömrük orqanının malın həmin ölkənin gömrük ərazisinə daxil olması ilə bağlı qeydləri olan növündən asılı olaraq nəqliyyat sənədlərinin surətlərinin üzərində malın xarici ölkəyə daxil olması ilə bağlı qeydlərin olmadığı bildirilmiş və adıçəkilən Qaydaların 2.4- cü bəndinə uyğun olaraq 10 iş günü ərzində aradan qaldırılması bildirilmişdir. İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli digər cavab məktubu ilə (daxilolma nömrəsi: İN-D/O-8956/2019/2, xx.xx.2019-cu il tarixli) qabığı təmizlənmiş meşə fındığının ixracı zamanı ixrac təşviqinin ödənilməsi üçün “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.2.3-cü yarımbəndinə uyğun olaraq müqavilə və hesab faktura təqdim edilsə də, 2.2.4-cü yarımbəndə uyğun olaraq gömrük bəyannamələrinə onun tərkib hissəsi olan əlavələr təqdim edilməmiş, 2.2.6-cı yarımbəndə uyğun olaraq təqdim edilməli olan sənədlər ilə bağlı qeyd edilən çatışmazlıq (bəzi nəqliyyat sənədlərinin üzərində qeydlərin olmaması) tam aradan qaldırılmamışdır. İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli cavab məktubu ilə (daxilolma nömrəsi: İN- D/O-8961/2019/2, xx.xx.2019-cu il tarixli) təzə xurma və nar məhsullarının ixracı zamanı ixrac təşviqinin ödənilməsi üçün “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.2.3-cü yarımbəndinə uyğun olaraq müqavilə təqdim edilsə də, 2.2.4-cü yarımbəndə uyğun olaraq gömrük bəyannamələrinə onun tərkib hissəsi olan əlavələr təqdim edilməmiş, 2.2.6-cı yarımbəndə uyğun olaraq təqdim edilməli olan sənədlər ilə bağlı qeyd edilən çatışmazlıq (bəzi nəqliyyat sənədlərinin üzərində qeydlərin olmaması) tam aradan qaldırılmamışdır. “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizənin qeydiyyata alındığı tarixdən 2 iş günü müddətində ərizə və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizə və ona əlavə edilmiş sənədlər həmin bəndlərin tələblərinə cavab vermədikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizə və ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. Həmin Qaydanın 2.4-1-ci yarımbəndinə əsasən ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizəni baxılmamış saxlayır və bu barədə məlumatı 2 (iki) iş günü ərzində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qanunvericiliyə uyğun olaraq İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli İN-D/O-8956/2019 və İN-D/O-8961/2019 nömrəli ərizələrini baxılmamış saxlamış və bu barədə xx.xx.2019-cu il tarixli İN-X/O-6789/2019 nömrəli məktubla İddiaçı MMC-yə məlumat verilmişdir. Eyni tərəflər arasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan dörd məhkəmə prosesinin üçündə ayr-ayrı hakimlər tərəfindən eyni çatışmazlıqlar üzrə İddiaçı MMC-nin iddia tələbləri rədd edilsə də, hazırki iş üzrə işə baxan hakim tərəfindən prosessual hüquq normaları düzgün qiymətləndirilməmiş, “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydasi”nin tələblərindən kənara çıxılmışdır. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə görə, İqtisadiyyat Nazirliyi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktublarda ərizəyə əlavə olunmuş sənədlərdə hansı çatışmazlıqların olduğu bildirilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ixrac təşviqinin alınması üçün ərizəyə əlavə olunan sənədlərin siyahısı “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.2-ci bəndində göstərilmişdir. Məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, bəzi hallarda tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, həmçinin cavabdeh təşkilatın büdcədən maliyyələşdirilməsini nəzərə almamış və nəticədə maddi və prosessual hüquq normalarını kobud surətdə pozmaqla, dövlət büdcəsinin ziddinə qərar qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndələri apellyasiya şikayətinə uyğun izahat vermişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayətlər mümkündür. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə iddiaçının şikayəti əsassız, cavabdehin və üçüncü şəxsin şikayətləri isə əsaslıdır. İşdə olan, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli İN- X/O-5951/2019 nömrəli məktubdan görünür ki, iddiaçının ixrac təşviqinin ödənilməsinə dair xx.xx.2019-cu il tarixli (daxil olma qeydiyyatı: xx.xx.2019-cu il, İN-D/O-8961/2019) ərizəsinə baxılmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 401 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.2.6-cı yarımbəndinə əsasən ərizəyə üzərində Azərbaycan Respublikasının gömrük orqanının ixrac olunan malın gömrük ərazisindən çıxarılması və təyinat ölkəsi də daxil olmaqla xarici ölkələrin gömrük orqanının malın həmin ölkənin gömrük ərazisinə daxil olması ilə bağlı qeydləri olan növündən asılı olaraq nəqliyyat sənədinin surəti əlavə edilir. Lakin sənədlərə baxılarkən təqdim etdiyi ərizəyə əlavə olunmuş bütün nəqliyyat sənədlərinin üzərində Azərbaycan Respublikasının, həmçinin, xarici ölkələrin gömrük orqanının malın həmin ölkənin gömrük ərazisinə daxil olması ilə bağlı qeydlərin olmadığı müəyyən olunmuşdur. Eyni zamanda, adıçəkilən Qaydanın 2.2.4-cü yarımbəndinə əsasən tələb olunan xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş bütün idxal gömrük bəyannamələrinin surətlərinin natamam şəkildə təqdim olunduğu aşkar edilmişdir. Bununla yanaşı, sözügedən Qaydanın 2.2.3-cü yarımbəndinə əsasən qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətləri təqdim edilməsi zəruridir. Bundan əlavə, xx.xx.2018-ci il tarixli 83H nömrəli hesab-fakturanın ərizəyə əlavə olunmuş sənədlərin siyahısında olmadığı aşkar edilmişdir. Göstərilənləri nəzərə alaraq, müəyyən edilmiş çatışmazlıqların sözügedən Qaydanın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq, 10 iş günü müddətində aradan qaldırılması xahiş olunmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli İN-X/O-5952/2019 nömrəli məktubdan görünür ki, iddiaçının ixrac təşviqinin ödənilməsinə dair xx.xx.2019-cu il tarixli (daxil olma qeydiyyatı: xx.xx.2019-cu il, İN-D/O-8956/2019) ərizəsinə baxılmış, “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.2.6-cı yarımbəndinə əsasən ərizəyə üzərində Azərbaycan Respublikasının gömrük orqanının ixrac olunan malın gömrük ərazisindən çıxarılması və təyinat ölkəsi də daxil olmaqla xarici ölkələrin gömrük orqanının malın həmin ölkənin gömrük ərazisinə daxil olması ilə bağlı qeydləri olan növündən asılı olaraq nəqliyyat sənədinin surəti əlavə edilir. Lakin sənədlərə baxılarkən təqdim etdiyi ərizəyə əlavə olunmuş bütün nəqliyyat sənədlərinin üzərində Azərbaycan Respublikasının, həmçinin xarici ölkələrin gömrük orqanının malın həmin ölkənin gömrük ərazisinə daxil olması ilə bağlı qeydlərin olmadığı müəyyən olunmuşdur. Eyni zamanda, Qaydanın 2.2.4-cü yarımbəndinə əsasən tələb olunan xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş bütün idxal gömrük bəyannamələrinin surətlərinin natamam şəkildə təqdim olunduğu aşkar edilmişdir. Bununla yanaşı, Qaydanın 2.2.3-cü yarımbəndinə əsasən qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətləri təqdim edilməsi zəruridir. Göstərilənləri nəzərə alaraq, müəyyən edilmiş çatışmazlıqların sözügedən Qaydanın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq, 10 iş günü müddətində aradan qaldırılması xahiş olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli İN-X/O- 6789/2019 nömrəli məktubdan görünür ki, iddiaçının ixrac təşviqinin ödənilməsinə dair xx.xx.2019-cu il tarixli (daxil olma qeydiyyatı: İN-D/O-8956/2019, xx.xx.2019 və İN-D/O- 8961/2019, xx.xx.2019) 2 ərizəsinə aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar, “Qeyrineft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.3-cü bəndinə uyğun olaraq ərizədə və ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqların aradan qaldırılması barədə məlumat xx.xx.2019-cu il tarixli İN-X/O-5951/2019 və İN-X/O- 5952/2019 nömrəli məktublarla onlara təqdim olunmuşdur. Lakin sözügedən məktublarda qeyd olunan çatışmazlıqlar hazırkı vaxtadək tam aradan qaldırılmamışdır. Belə ki, Qaydanın 2.4 və 2.4-1-ci bəndlərinə əsasən ərizəçi çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü müddətində aradan qaldırmadıqda, ərizə İqtisadiyyat Nazirliyi tərəfindən baxılmamış saxlanılır. Göstərilənləri nəzərə alaraq bildirilmişdir ki, ixrac təşviqinin ödənilməsinə dair xx.xx.2019-cu il tarixli müvafiq 2 ərizəsi baxılmamış saxlanılmışdır. Eyni zamanda, Qaydanın 2.4-2-ci bəndinə uyğun olaraq aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra ixrac təşviqinin alınması üçün yenidən ərizə ilə müraciət edə biləcəyi və həmin müraciətə Qaydaların tələblərinə uyğun olaraq baxılacağı bildirilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli İN-X/O-6922/2019 nömrəli məktubdan görünür ki, ixrac təşviqinin ödənilməsinə dair xx.xx.2019-cu il tarixli (daxil olma qeydiyyatı: xx.xx.2019-cu il, İN-D/O-10119/2019) ərizəyə baxılmış, “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.2.6-cı yarımbəndinə əsasən ərizəyə üzərində Azərbaycan Respublikasının gömrük orqanının ixrac olunan malın gömrük orqanından çıxarılması və təyinat ölkəsi də daxil olmaqla, xarici ölkələrin gömrük orqanının malın həmin ölkənin gömrük ərazisinə daxil olması ilə bağlı qeydləri olan növündən asılı olaraq nəqliyyat sənədinin surəti əlavə edilir. Lakin sənədlərə baxılarkən təqdim etdiyi ərizəyə əlavə olunmuş 326659, 326480 nömrəli nəqliyyat sənədlərinin üzərində xarici ölkələrin gömrük orqanının malın həmin ölkənin gömrük ərazisinə daxil olması ilə bağlı qeydlərinin olmadığı müəyyən olunmuşdur. Eyni zamanda, adıçəkilən Qaydanın 2.2.4-cü yarımbəndinə əsasən tələb olunan xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş bütün idxal gömrük bəyənnamələrinin surətlərinin natamam şəkildə təqdim olunduğu aşkar edilmişdir. Bundan əlavə, xx.xx.2018-ci il tarixli 157H nömrəli hesab-fakturaya aid idxal gömrük bəyannaməsinin ərizəyə əlavə olunmuş sənədlərin siyahısında olmadığı müəyyən edilmişdir. Əlavə olaraq ərizədə qeyd olunmuş 10-cu (AZ RU 18 043297 Ş), 12-ci (AZ RU 18 043298 Ş) və 19-cu (AZ RU 18 043569 Ş) məhsulların gömrük dəyəri və bank hesabına daxil olan məbləğ düzgün qeyd olunmamışdır. Ərizədə göstərilmiş 41-ci və 47-ci məhsulların 39-cu məhsulun təkrarı olduğu, 42-ci və 48-ci məhsulların 40-cı məhsulun təkrarı olduğu, 45-ci məhsulun 35-ci məhsulun təkrarı olduğu, 46-cı məhsulun 36-cı məhsulun təkrarı olduğu, 51-ci məhsulun 33-cü məhsulun təkrarı olduğu, 52-ci məhsulun 34-cü məhsulun təkrarı olduğu, 53-cü məhsulun 43-cü məhsulun təkrarı olduğu, 54-cü məhsulun 44-cü məhsulun təkrarı olduğu, 55-ci, 57-ci və 59-cu məhsulların 49-cu məhsulun təkrarı olduğu, 56-cı, 58-ci və 60-cı məhsulların isə 50-ci məhsulun təkrarı olduğu müəyyən edilmişdir. Habelə, bu səbəbdən ixrac olunan məhsullar üzrə cəm gömrük dəyəri və bank hesabına daxil olan cəm məbləğ düzgün olmamaqla artıq göstərilmişdir. Bununla yanaşı ərizədə 33-60-cı məhsulların XİFMN üzrə kodları düzgün qeyd edilməmişdir. Müəyyən edilmiş bütün çatışmazlıqların “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq, 10 iş günü müddətində aradan qaldırılması xahiş olunmuş, əks halda müvafiq ərizənin baxılmamış saxlanılacağı bildirilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli İN-X/O- 6789/2019 nömrəli məktubdan görünür ki, ixrac təşviqinin ödənilməsinə dair xx.xx.2019-cu il tarixli (daxiloma qeydiyyatı: İN-D/O-10119/2019, xx.xx.2019 və İN-D/O-10145/2019, xx.xx.2019) 2 ərizəyə baxılmış, “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın 2.3-cü bəndinə uyğun olaraq ərizədə və ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqların aradan qaldırılması barədə məlumat x xxxx 2019cu il tarixli İN-X/O-6921/2019 və İN-X/O-6922 nömrəli məktublarla təqdim olunmuşdur. Lakin sözügedən məktublarda qeyd olunan çatışmazlıqlar hazırki vaxtadək tam aradan qaldırılmamışdır. Adıçəkilən qaydanın 2.4 və 2.4-1-ci bəndlərinə əsasən ərizəçi çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü müddətində aradan qaldırmadıqda, ərizə İqtisadiyyat Nazirliyi tərəfindən baxılmamış saxlanılır. İxrac təşviqinin ödənilməsinə dair xx xxx 2019-cu il tarixli müvafiq 2 ərizə baxılmamış saxlanılmışdır. Eyni zamanda, adıçəkilən Qaydanın 2.4-2-ci bəndinə uyğun olaraq aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra ixrac təşviqinin alınması üçün yenidən ərizə ilə müraciə oluna biləcəyi və həmin müraciətə qaydaların tələblərinə uyğun olaraq baxılacağı bildirilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli İN-X/O-7781/2019 nömrəli məktubdan görünür ki, ixrac təşviqinin ödənilməsinə dair çatışmazlıqların aradan qaldırılması ilə əlaqədar (daxil olma qeydiyyatı: xx.xx.2019-cu il tarixli İN-D/O- 10145/2019/2 nömrəli və xx.xx.2019-cu il tarixli İN-D/O-10119/2019/2 nömrəli) məktublara baxılmış, ixrac təşviqinin ödənilməsinə dair xx.xx.2019-cu il tarixli (daxil olma qeydiyyatı: İN-D/O-10119/2019, xx.xx.2019 və İN-D/O-10145/2019, xx.xx.2019) 2 ərizə və onlara əlavə olunmuş sənədlərdəki çatışmazlıqların aradan qaldırılması barədə məlumat xx.xx.2019-cu il tarixli İN-X/O-6921/2019 və İN-X/O-6922 nömrəli məktublarla ona təqdim olunmuşdur. Lakin sözügedən məktublarda qeyd olunan çatışmazlıqlar qanunvericlikdə müəyyən olunan müddətdə tam aradan qaldırılmamışdır. İxrac təşviqinin ödənilməsinə dair xx.xx.2019-cu il tarixli müvafiq 2 ərizə baxılmamış saxlanılmış və bu barədə xx.xx.2019-cu il tarixli İN-X/O-7574/2019 saylı məktubla məlumat verilmişdir. “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın: 2.1-ci bəndinə görə, şəxslər ixrac təşviqinin alınması üçün bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib olunan ərizə ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq, birbaşa və ya “bir pəncərə” prinsipi əsasında X1 və Kommunikasiya Mərkəzi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edirlər; 2.2-ci bəndinə əsasən, ərizəyə aşağıdakı sənədlər əlavə edilir: ixrac olunan qeyri-neft məhsullarının dəyərinin təsdiq edilməsi haqqında sənədin (invoys, hesab faktura və s.) surəti; Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən təsdiq edilmiş ixrac gömrük bəyannaməsinin surəti; qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanılmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətləri; xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş idxal gömrük bəyannaməsinin surəti; faktiki ixrac olunan qeyri-neft məhsullarına görə ödənilən vəsaitin malın idxal olunduğu xarici dövlətdəki idxalatçısı tərəfindən ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına xarici valyutada köçürülməsini təsdiq edən müvəkkil bank və ya kredit təşkilatının məktubu (məktubda vəsaitin köçürülmə və mədaxil tarixi, vəsaiti ödəyən və vəsait ödənilən hüquqi və ya fiziki şəxsin adı, vəsaitin məbləği, vəsaitin aid olduğu müqavilə, gömrük bəyannaməsi və invoys, müvəkkil bank və ya kredit təşkilatının səlahiyyətli şəxsinin adı və soyadı göstərilir və məktub həmin səlahiyyətli şəxsin imzası və müvəkkil bank və ya kredit təşkilatının möhürü ilə təsdiq olunur); üzərində Azərbaycan Respublikasının gömrük orqanının ixrac olunan malın gömrük ərazisindən çıxarılması və təyinat ölkəsi də daxil olmaqla, xarici ölkələrin gömrük orqanının malın həmin ölkənin gömrük ərazisinə daxil olması ilə bağlı qeydləri olan növündən asılı olaraq nəqliyyat sənədinin surəti. Göründüyü kimi, “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nda qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi üzrə ərizəyə əlavə edilməli olan sənədlər sadalanmışdır. Cavabdehin iddiaçıya xx.xx.2019-cu il tarixli imtina məktubunda “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası” ilə müəyyən olunmuş bütün nəqliyyat sənədlərinin üzərində Azərbaycan Respublikasının, həmçinin xarici ölkələrin gömrük orqanının malın həmin ölkənin gömrük ərazisinə daxil olması ilə bağlı qeydlərinin olmadığı, xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş bütün idxal gömrük bəyannamələrinin surətlərinin natamam şəkildə təqdim olunduğu, qeyri-neft məhsullarını xarici dövlətə idxal edən şəxslə bağlanmış müqavilənin və ya mallar barədə sahiblik, istifadə və (və ya) sərəncamvermə hüquqlarını təsdiq edən sənədin və ya onları əvəz edən sənədlərin surətlərinin təqdim olunmasının zəruriliyi göstərilmiş, çatışmazlığın aradan qaldırılması üçün iddiaçıya 10 gün vaxt verilmişdir. İddiaçı xarici dövlətin gömrük orqanı tərəfindən təsdiq edilmiş idxal gömrük bəyannamələrini cavabdehə təqdim etdiyini göstərmiş və həmin sənədlərin surətini Məhkəməyə təqdim etmişdir. İddiaçı sözügedən sənədlərin surətinin cavabdehə təqdim edilməməsinə əsas olaraq göstərmişdir ki, həmin sənədlər əvvəldən onda mövcud olmuş, lakin cavabdeh tərəfindən onlara verilmiş cavab məktubunda ümumi şəkildə idxal bəyannamələrində natamamlıqların olduğu, natamamlıqların konkret nədən ibarət olması göstərilmədiyindən, həmin sənədlər təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən sənədlər iddiaçıda olduğu halda cavabdehə təqdim edilmədiyindən və hər sonrakı dəfə yeni çatışmazlıqlarla təqdim edildiyindən, qeyd olunan əsasla onun ərizəsinin baxılmamış saxlanması əsaslı olmuşdur. Belə ki, “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nın: 2.3-cü bəndinə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizənin qeydiyyata alındığı tarixdən 2 iş günü müddətində ərizə və ona əlavə edilmiş sənədlərin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizə və ona əlavə edilmiş sənədlər həmin bəndlərin tələblərinə cavab vermədikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizə və ona əlavə olunmuş sənədlərdəki çatışmazlıqların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir; 2.4-cü bəndinə əsasən, ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman ixrac təşviqinin verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət ixrac təşviqinin verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur; Qaydanın 2.4-1-ci bəndinə görə, ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdə aradan qaldırmadıqda, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ərizəni baxılmamış saxlayır və bu barədə məlumatı 2 iş günü ərzində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir; 2.4- 2-ci bəndinə əsasən, ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra ixrac təşviqinin alınması üçün yenidən ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edə bilər; 2.4-3-cü bəndinə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında bu Qaydaya uyğun olaraq ixrac təşviqinin verilməsindən imtina üçün əsaslar olmadıqda, ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq 2 (iki) nüsxədə ixrac təşviqinin ödənilməsi haqqında bu Qaydanın 2 nömrəli əlavəsində göstərilən formada “MƏKTUB-SƏRƏNCAM” tərtib edilir və bir nüsxəsi ixracatçıya, digər nüsxəsi isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunur. Belə olan halda, cavabdehin imtinası qanunvericiliyə əsaslandığı, yəni bu əsas normativ hüquqi aktla tənzimləndiyi üçün, qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Bu isə o deməkdir ki, imtinası mahiyyətcə qəbul edildiyi anda qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən cavabdehin üzərinə belə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz (İPM-14.3, 73.1). Bu mənada məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə razılaşmır. İddiaçının apellyasiya şikayətinin dəlili kimi təqdim etdiyi CMR 001670 nömrəli Beynəlxalq qaimə də, daşınan məhsul xx.xx.2019-cu il tarixdə Dövlət Gömrük Komitəsi tərəfindən Rusiya Federasiyasına buraxıldığından, yəni məhkəmənin gedişində əldə edildiyindən (iddia ərizəsi xx.xx.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmişdir), mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətlərinin dəlillərini isə qəbul edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətləri təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2746/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh AR İqtisadiyyat Nazirliyinə qarşı ixrac etdiyi qeyri-neft məhsullarına (təzə xurma, nar, qabığı təmizlənmiş meşə fındığı) görə ixrac təşviqinin ödənilməsinə dair müvafiq “məktub-sərəncam”ın AR Maliyyə Nazirliyinə təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-758/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-758/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver