Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-758/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə Baş İdarəsinə qarşı “cavabdeh orqanın **********4434 saylı 27.02.2020-ci il tarixli və **********5148 saylı 02.03.2020-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4145/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı vergi nəzarətinin nəticəsi haqqında VN seriyalı 003695 saylı 21.02.2020-ci il tarixli Aktdan və ona əlavədən görünür ki, 5 nəfər fiziki şəxsin (X5, X11, X12, X17 və X13) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunmuşdur və qeyd edilən akt iddiaçı Vüsal İbrahimov tərəfindən imzalanaraq qəbul edilmişdir. Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında VN seriyalı 006520 saylı 21.02.2020-ci il tarixli Aktdan görünür ki, cavabdeh vergi orqanının əməkdaşları tərəfindən 20.02.2020-ci il tarixli qərara əsasən X6 məxsus ünvan 3 ünvanda yerləşən “Xal-xal” kafesində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilərkən 21.02.2020-ci il tarixdə saat 19:15-də yemək yeməyə görə 32,0 manat pul ödənilmiş, bunun müqabilində NKA-ya çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Saat 19:20-də dövriyyədən yayındırılan məbləğ 32,0 manat 1 nömrəli çeklə NKA-nın fiskal yaddaşına bərpa olunmuşdur. “X” hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********4434 saylı 27.02.2020-ci il tarixli qərarla vergi ödəyicisi X8 tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunaraq, o, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1.000 (bir min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Həmçinin Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********5148 saylı 02.03.2020-ci il tarixli qərarla vergi ödəyicisi X8 tərəfindən “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunaraq, o, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 10.000 (on min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı **********4434 saylı 27.02.2020-ci il tarixli və **********5148 saylı 02.03.2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlara əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. Həmin qərarlar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, X16 üzrə Baş İdarəsinin **********3040 saylı 20.02.2020-ci il tarixli qərarı ilə operativ vergi yoxlaması həyata keçirilmişdir. Yoxlama həyata keçirilərkən operativ vergi yoxlaması barədə sənədlər qanunamüvafiq olaraq təqdim edilməmişdir. Həmçinin sənədlərin təqdim olunmasından tərəflərindən imtina edilməmişdir. Yoxlama aktında adları qeyd olunan fiziki şəxslərlə aralarında xidməti müqavilələr olmuşdur. Lakin yoxlama həyata keçirilərkən ondan həmin xidməti müqavilələr və digər sənədlər tələb olunmamışdır. Yoxlama aktında nə yazdıqları barədə ona məlumat vermədən, akt tərtib etmişlər. Vergi orqanının əməkdaşları həmin aktla onu tanış etməmiş, hətta bəzi boş blanklara imza etdirmişlər. Ümumiyyətlə, həmin akt rəsmi olaraq ona təqdim edilməmişdir. 10.03.2020-ci il tarixdə şikayət ərizəsi ilə müraciət etdikdən sonra həmin akt rəsmi qaydada ona göndərilmişdir. Operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi zamanı vergi qanunvericliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Vergi orqanının əməkdaşları 21.02.2020-ci il tarixində obyektdə olarkən heç bir nağd əməliyyat etmədən kassa çeki tələb etmiş, sonra da bildirmişlər ki, kassaya vurulmama əməliyyatıdır. Kassaya vurmamağa görə cərimə yazılacağını bildirmişlər. Faktiki olaraq həmin vergi əməkdaşı onlardan heç nə almamış və nağd ödəniş etməmişdir. Onlar fəaliyyət göstərdikləri vaxtdan bu günə kimi bütün əməliyyatları kassaya vurmuşlar. Daha sonra vergi orqanının əməkdaşları xidmət göstərən şəxslərə yaxınlaşaraq, onlardan izahatlar almağa başlamış, müəssisədə işləməyən, yəni xidməti müqavilələr əsasında xidmət göstərən şəxslərdən izahat alarkən o, vergi orqanının əməkdaşlarına öz etirazını bildirmişdir. Lakin onlar etirazlara məhəl qoymadan müəssisədə işləməyən şəxslərin məcburi qaydada izahatlarını almış və sonradan akta əlavə etmişlər. Vergi orqanının əməkdaşları tərəfindən yoxlamaya əsas verən sənədlər ona təqdim olunarkən onların mahiyyətini ona izah etmədən onlara imza etdirmişlər. Həmin sənədlərin mahiyyətinin nədən ibarət olduğunu soruşduqda, tərtib olunan aktla bağlı olduğunu demişlər. Vergi orqanının əməkdaşları VN seriyalı 003695 saylı 21.02.2020-ci il tarixli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” və 006520 saylı 21.02.2020-ci il tarixli “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması barədə” aktları tərtib etmişlər. Həmin aktın bir nüsxəsini qəbul etmiş, lakin mahiyyətini bildikdən sonra aktın əlavəsini qəbul etməmişdir. Qərarlarla elektron kargüzarlıq vasitəsi ilə tanış olmuşdur. Vergi qanunvericiliyinin tələbləri vergi orqanı tərəfindən kobud şəkildə pozulmuş, akt onun tərəfindən imzalanmış kimi qəbul edilmiş və nəticədə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar 45 gün əvəzinə 6 günə çıxarılmışdır. Məsuliyyət məsələsinə baxılması üçün o, vergi orqanına dəvət edilməmişdir. Bununla əlaqədar olaraq 10.03.2020-ci il tarixli şikayət ərizəsi (AVİS qeydiyyatı: 10.03.2020-ci il tarixli **********435200 nömrəli) ilə Vergilər Nazirliyinə müraciət etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə Baş İdarəsi iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, Uçot-baza məlumatına əsasən iddiaçının 31.01.2019-cu il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alındığı, əsas fəaliyyətinin "Yeməklərin satışı ilə əlaqədar sair xidmətlərin göstərilməsi”ndən ibarət olduğu müəyyən edilmişdir. Vergi orqanının 20.02.2020-ci il tarixli **********3040 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 3 ünvanda yerləşən “Xal-xal” kafesində operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Yoxlama zamanı 5 (beş) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, 21.02.2020-ci il tarixli VN seriyalı 003695 nömrəli "Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirildiyi, bundan əlavə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti üzrə nöqsan aşkar edilərək, 21.02.2020-ci il tarixli VN seriyalı 006520 nömrəli “Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” akt tərtib edildiyi müəyyən edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş 21.02.2020-ci il tarixli VN seriyalı 006520 nömrəli akt əsasında 27.02.2020-ci il tarixli **********4434 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilərək, vergi ödəyicisinə 1.000,0 manat, 21.02.2020-ci il tarixli VN seriyalı 003695 nömrəli akt əsasında 02.03.2020-ci il tarixli **********5148 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq, vergi ödəyicisinə 10.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qəbul olunmuş qərarlar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamələr cavabdehin 27.02.2020-ci il tarixli **********013400 və 02.03.2020-ci il tarixli **********608100 nömrəli məktubları ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktublar poçtdan geri qayıtmamış və elektron qutuda müvafiq olaraq 02.03.2020-ci il tarixdə saat 09:15-də və 03.03.2020-ci il tarixdə saat 10:05-də oxunmuşdur, (yazışmalar əlavə olunur). İddiaçı öz ərizəsində vergi orqanının operativ vergi nəzarəti tədbirini kobud pozuntulara yol verməklə həyata keçirdiyini, yoxlama nəticəsində tərtib edilmiş aktların qanunauyğun şəkildə ona təqdim edilmədiyini əsas gətirərək sözügedən qərarların ləğvini məhkəmədən xahiş etmişdir. İddiaçının qeyd etdiyinin tam əksinə olaraq, yoxlama nəticəsində tərtib edilmiş aktlar fərdi sahibkarın özü tərəfindən imzalanmışdır. Belə ki, iddiaçı vergi orqanı tərəfindən aşkar olunmuş nöqsanların doğruluğunu imzası ilə təsdiq etmiş və aktların bir nüsxələrini imzası ilə təsdiq etməklə qəbul etmişdir. Həmçinin operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı izahat verərək, yoxlama zamanı obyektdə olan 5 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanmadığını, lakin qısa müddət ərzində bağlanacağını bildirmişdir. Bununla belə, iddiaçı tərəfindən 10.03.2020-ci il tarixli **********435200 nömrəli şikayət məktubu ilə vergi orqanına müraciət edilmiş, yuxarıda qeyd olunan məqamlar təkrarlanmaqla vergi orqanından barəsində tərtib edilmiş qərarları və tətbiq edilmiş maliyyə sanksiyasının ləğv edilməsi xahiş edilmişdir. İnzibati araşdırma zamanı iddiaçının ictimai iaşə fəaliyyəti ilə məşğul olmasına baxmayaraq İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunu aparmadığı, 21.02.2020-ci il tarixdə gün ərzində kafedə sahibkarlıq fəaliyyəti göstərildiyi halda, nəzarət-kassa aparatına yalnız saat 19:20də operativ vergi nəzarəti tədbirinin nəticələrinə görə vergi orqanı əməkdaşları tərəfindən 1-ci çeklə 32,0 manat məbləğin mədaxil edildiyi, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanda yerləşən kafedə vergi üstünlüyü əldə etmək məqsədi ilə vergidən yayınma sxemi yaratdığı aşkar edilmişdir. Belə ki, eyni təsərrüfat subyektinin 01.10.2019cu il tarixdə vergi ödəyicisi X1 (VÖEN **********) adından qeydiyyatdan çıxarılaraq 07.10.2019-cu il tarixdə iddiaçının təsərrüfat subyekti kimi vergi orqanında qeydiyyata alındığı, bundan əlavə eyni nəzarət-kassa aparatının və əmək müqaviləsi üzrə işçilərin E.Rüstəmovun adından çıxarılaraq iddiaçının adına qeydiyyata alındığı müəyyən edilmişdir. Araşdırma üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar nəticəsində vergi orqanı tərəfindən “İnzibati şikayətin təmin edilməməsi haqqında” 03.04.2020-ci il tarixli **********209900 nömrəli Qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4145/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər X16 üzrə Baş İdarəsinin **********4434 saylı 27.02.2020-ci il tarixli və **********5148 saylı 02.03.2020-ci il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv olunması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya dair etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh bildirmişdir ki, 5 nəfər fiziki şəxslə iddiaçı arasında xidmət müqavilələrinin bağlanması barədə vergi orqanına hər hansı məlumat təqdim edilməmiş, eləcə də yoxlama aparılan rüb ərzində ödəmə mənbəyində tutulan vergi bəyanamələri təqdim edilməmişdir. Obyektin işçilərinin izahatlarından göründüyü kimi, onlar ofisiant vəzifəsində işləyirlər. Həmin vəzifə isə iddiaçının qeyd etdiyi və məhkəmənin əmək qanunvericiliyinin prinsiplərini nəzərə almadan qəbul etdiyi xidmət müqaviləsi deyil, əmək müqaviləsi bağlanmalı olan vəzifələrdir. İddiaçı 31.01.2019-cu il tarixdən “yeməklərin satışı ilə əlaqədar sair xidmətlərin göstərilməsi” fəaliyyət növü üzrə vergi uçotuna alınmışdır. Vergi ödəyicisinin bəyannamə məlumatlarına əsasən onun tərəfindən operativ vergi nəzarəti ilə yoxlanılan dövrə qədər, eləcə də yoxlamadan sonrakı dövrlər ərzində ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ümumiyyətlə təqdim edilməmişdir. Vergi ödəyicisi fəaliyyət göstərdiyi müddət ərzində yalnız bir dəfə, operativ vergi nəzarəti keçirilən rüb üzrə, yəni 1-ci rüb üçün ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim etmişdir. Həmin bəyannaməni də məhkəmədə iddia qaldırıldıqdan 7 ay sonra 15.10.2020-ci il tarixdə vergi orqanına göndərmişdir. Halbuki həmin bəyannamə Vergi Məcəlləsinin tələblərinə əsasən 2020-ci ilin aprel ayının 20-dək təqdim edilməlidir. Sənədlərin götürülməsi haqqında protokol 21.02.2020-ci il tarixdə götürülmüş sənədlərə dair tərtib olunmuşdur. Vergi ödəyicisi tərəfindən yoxlamaya dair hər hansı bir sənəd daha sonra təqdim edəcəyi təqdirdə həmin sənədlərin götürülməsi barədə də yeni protokol tərtib edilməli idi. Yəni, sənədlərin götürülməsi haqqında 21.02.2020-ci il protokol qanunvericiliyin tələbinə uyğun olaraq tərtib edilmiş və bu hal vergi ödəyicisi tərəfindən yoxlamaya aid digər sənədlərin təqdim edilməsini istisna etmirdi. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçı X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə Baş İdarəsi qarşı tələbi “cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş **********4434 saylı 27.02.2020-ci il tarixli və **********5148 saylı 02.03.2020-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi” barədədir. Birinci instansiya məhkəməsi cavabdeh orqanın operativ vergi nəzarətinin keçirilməsi haqqında **********3040 saylı 20.02.2020-ci il tarixli qərarında “Tanış oldum, imza, İbrahimov Vüsal S.” qeyd olunsa da, qərarda operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən həmin qərarın vergi ödəyicisinə nə vaxt təqdim edildiyinin qeyd olunmamasına, bununla da Vergi Məcəlləsinin 50.4-cü maddəsinin tələblərinin pozulduğuna, vergi ödəyicisinə yoxlama üçün zəruri olan sənədlərin təqdim olunması üçün qanunla müəyyən edilmiş bir gün vaxtın verilmədiyinə, cavabdeh inzibati orqan tərəfindən iddiaçı X2 əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydasının pozulmasını təsdiq edən hər hansı sübutun məhkəməyə təqdim olunmamasına, bu halın məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamasına, eyni zamanda 5 nəfər fiziki şəxslə iddiaçı arasında xidmət müqavilələrinin bağlanmasına, həmin şəxslərə görə ödəmə mənbəyindən vergi ödənildiyinə baxmayaraq bu faktların vergi orqanı tərəfindən nəzərə alınmamasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İşdə olan Bakı şəhəri X16 üzrə Baş İdarəsinin operativ vergi nəzarətinin keçirilməsi haqqında **********3040 saylı 20.02.2020-ci il tarixli qərarı ilə X6 məxsus ünvan 4 ünvanında əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə 20.02.2020-ci il tarixdən 18.03.2020-ci il tarixədək (18.03.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə 20.02.2020-ci il tarixdə KY201439122 nömrə ilə qeydə alınmış və onun keçirilməsinin əsası kimi “vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar; VM-nin 50.2.2-ci maddəsi” göstərilmişdir. Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən 20.02.2020-ci il tarixdə tərtib edilmiş operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********3052 saylı tələbnamə iddiaçı X6 21.02.2020-ci il tarixdə təqdim olunmuşdur. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 20.02.2020-ci il tarixli **********3055 saylı qərar qəbul edilmiş, vətəndaşlar X7 və X4 iştirakı ilə VN seriyalı 000825 saylı 21.02.2020-ci il tarixli “sənədlərin götürülməsi haqqında” protokol tərtib edilərək, “əmək müqaviləsinin bildirişləri” adlı sənədlər götürülmüşdür. Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında VN seriyalı 006520 saylı 21.02.2020-ci il tarixli Aktdan görünür ki, cavabdeh vergi orqanının əməkdaşları tərəfindən 20.02.2020-ci il tarixli qərara əsasən f/ş X6 məxsus ünvan 3 ünvanda yerləşən “Xal-xal” kafesində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına operativ vergi nəzarəti həyata keçirilərkən 21.02.2020-ci il tarixdə saat 19:15-də yemək yeməyə görə 32,0 manat pul ödənilmiş, bunun müqabilində NKA-ya çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Saat 19:20-də dövriyyədən yayındırılan məbləğ 32,0 manat 1 nömrəli çeklə NKA-nın fiskal yaddaşına bərpa olunmuşdur. “X” hesabatı və bərpa çeki akta əlavə olunmuşdur. Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 27.02.2020-ci il tarixli **********4434 №-li qərarla vergi ödəyicisi X8 tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar olunaraq, o, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verildiyinə görə 1.000 (bir min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Birinci instansiya məhkəməsi cavabdeh orqanın operativ vergi nəzarətinin keçirilməsi haqqında **********3040 saylı 20.02.2020-ci il tarixli qərarında “Tanış oldum, imza, İbrahimov Vüsal S.” qeyd olunsa da, qərarda operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən həmin qərarın vergi ödəyicisinə nə vaxt təqdim edildiyinin qeyd olunmamasına, bununla da Vergi Məcəlləsinin 50.4-cü maddəsinin tələblərinin pozulduğuna istinad edərək 27.02.2020-ci il tarixli **********4434 №-li qərarın ləğv edilməsi qənaətinə gəlmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırmaları zamanı operativ vergi yoxlaması keçirilərkən yoxlamaya aid bütün sənədlərin, o cümlədən 20.02.2020-ci il tarixli **********3040 nömrəli qərarın da tanış olmaq üçün vergi ödəyicisinə təqdim edildiyi müəyyən olunur. Belə ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdi ki, “vergi orqanının əməkdaşları tərəfindən yoxlamaya əsas verən sənədlər ona təqdim olunarkən onların mahiyyətini izah etmədən ona imza etdirdilər. Həmin sənədlərin mahiyyətinin nədən ibarət olduğunu soruşduqda, tərtib olunan aktla bağlı olduğunu ona bildirdilər.” Sözügedən 20.02.2020-ci il tarixli qərarda onunla vergi ödəyicisinin tanış olduğu tarix qeyd edilməsə də, həmin qərarın yoxlama keçirilən tarixdə, yəni 21.02.2020-ci il tarixdə vergi ödəyicisinin iş vaxtında və yoxlama keçirilən obyektdə vergi ödəyicisinə təqdim edildiyi məlum olur. Həmçinin, 20.02.2020-ci il tarixli “Operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnamə əsasında vergi ödəyicisi tərəfindən müvafiq sənədlər 21.02.2020-ci il tarixdə təqdim edilmiş və bu hal sənədlərin götürülməsi haqqında protokolla rəsmiləşdirilmişdir. “Vergi ödəyicisi tərəfindən yoxlamaya dair sənədlərin təqdim olunması üçün 1 gün vaxt verilməməsi” barədə vergi ödəyicisinin dəlili də əsassızdır. Belə ki, məhkəmə araşdırmalarından aydın olur ki, vergi ödəyicisi tərəfindən müvafiq sənədlər yuxarıda qeyd olunan tarixdə yoxlamaya təqdim olunmuş və bu hərəkət sonuncu tərəfindən protokollaşdırılmışdır. Belə protokolun tərtib edilməsi vergi ödəyicisi tərəfindən başqa sənədlərin yoxlamaya təqdim edilməsinin qarşısını alan hal kimi qəbul edilə bilməz, belə ki, əgər vergi ödəyicisinin başqa hər hansı sənədi təqdim etmək istəyi olardısa, onun həmin sənədi istər əvvəl təqdim etdiyi sənədlərlə, istərsə də sonradan yoxlamaya təqdim etmək imkanı məhdudlaşdırılmamışdı. Lakin bu barədə vergi ödəyicisinin iradə ifadəsinin mövcudluğu işin faktiki halları ilə sübuta yetirilmir. O ki qaldı iddiaçının “vergi orqanı əməkdaşının obyektdə (kafedə) heç nə (yemək) almadığı və nağd ödəniş etmədiyi təqdirdə kassa çekini tələb etməsi, tərtib olunan aktla onun tanış edilmədiyi, onun bəzi boş blanklara imza etdirildiyi, aktın rəsmi olaraq ona təqdim edilməməsi” barədə dəlillərinə, məhkəmə kollegiyası bu dəlilləri əsassız hesab etdiyi üçün qəbul etmir. Belə ki, VN seriyalı 006520 saylı 21.02.2020-ci il tarixli Akta əsasən operativ vergi nəzarəti həyata keçirilərkən 21.02.2020-ci il tarixdə saat 19:15-də yemək yeməyə görə 32,0 manat pul ödənilmiş, lakin bununla bağlı NKA-ya çek vurulub müştəriyə təqdim olunmamış, saat 19:20-də isə həmin məbləğ- 32 manat NKA-nın fiskal yaddaşına bərpa olunanda bunun həmin gün ərzində 1 nömrəli çeklə vurulduğu müəyyən olunmuşdur. Yəni, 19:15-də yemək yeməyə görə ödənilən 32 manat pul NKA-nın fiskal yaddaşına 19:20-də bərpa olunarkən bu çekin həmin gün ərzində vurulan birinci çek olması faktı onu deməyə əsas verir ki, gün ərzində obyektdə nəsə (yemək) alınmamışdır, halbuki bu hal belə təyinatlı obyekt (kafe) üçün inandırıcı fakt kimi qəbul oluna bilməz. Həmçinin, vergi yoxlaması aktına “X” hesabatı və bərpa çeki əlavə olunmaqla yanaşı, iddiaçı vergi orqanı tərəfindən aşkar olunmuş nöqsanların doğruluğunu da imzası ilə təsdiq etmiş və aktın bir nüsxəsini imzalayaraq qəbul etmişdir. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən onun akta deyil, əslində boş blanklara imza etməsi sübuta yetirilmir (bu barədə müvafiq orqanlara və ya cavabdeh inzibati orqana şikayət və müraciəti də olmamışdır), ona görə də iddiaçının bu dəlili həqiqətə uyğun olmadığından qəbul edilmir. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı iddiaçı barəsində vergi nəzarətinin nəticəsi haqqında VN seriyalı 003695 saylı 21.02.2020ci il tarixli Akt tərtib edilmişdir. Həmin akt və ona əlavədən görünür ki, 5 nəfər fiziki şəxs (X5, X11, X12, X17 və X13) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bu fakt iddiaçı Vüsal İbrahimov tərəfindən qəbul edilərək vergi orqanının tərtib etdiyi akt sonuncu tərəfindən imzalanmışdır. Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 02.03.2020-ci il tarixli **********5148 №-li qərarla vergi ödəyicisi X8 “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi” ilə bağlı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 10.000 (on min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. İş üzrə müəyyən olunur ki, operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı izahat verərək, yoxlama zamanı obyektdə olan 5 nəfər fiziki şəxslə əmək müqaviləsinin bağlanmadığını, lakin qısa müddət ərzində bağlanacağını bildirmişdir. Bu baxımdan Kollegiya iddiaçının “boş blanklara imza etməsi” barədə dəlillərini əsassız hesab edir və onları qəbul etmir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında operativ vergi nəzarəti tədbiri zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunmuş 5 nəfər fiziki şəxslə iddiaçı arasında xidmət müqavilələrinin bağlandığı, həmin şəxslərə ödənişlərin edildiyi və bu barədə ödəmə mənbəyindən tutulan vergi bəyanamələrində həmin şəxslərin adlarının qeyd olunduğunu göstərmişdir. Bu barədə aparılan araşdırma nəticəsində müəyyən olundu ki, yoxlama zamanı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 5 nəfər fiziki şəxslə iddiaçı arasında xidmət müqavilələrinin bağlanması barədə vergi orqanına hər hansı məlumat təqdim edilməmiş, eləcə də yoxlama aparılan rüb ərzində ödəmə mənbəyində tutulan vergi bəyanamələri təqdim edilməmişdir. Belə ki, yoxlama zamanı vergi orqanı tərəfindən tərtib olunan bütün sənədlər vergi ödəyicisinə tanış olmaq üçün təqdim edilmiş, vergi ödəyicisi aşkarlanmış pozuntu ilə bağlı izahatında əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunmuş 5 nəfər fiziki şəxslə əmək və ya xidmət müqaviləsinin bağlanmadığını, qısa müddət ərzində əmək müqaviləsinin bağlanacağını bildirmişdir. Eyni zamanda iddiaçı vergi orqanı tərəfindən aşkar olunmuş nöqsanların doğruluğunu imzası ilə təsdiq etmiş və aktların bir nüsxələrini imzalayaraq qəbul etmişdir. Bununla yanaşı, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunmuş 5 nəfər fiziki şəxs də vergi orqanı tərəfindən aparılan araşdırma zamanı izahatlarında X8 ilə aralarında əmək (və ya xidmət) müqaviləsinin bağlanmadığını bildirmişlər. Digər tərəfdən, vergi ödəyicisi onunla əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 5 nəfər fiziki şəxs arasında xidmət müqavilələrinin mövcudluğunu vergi orqanına bildirməməklə yanaşı, həmin xidmət müqavilələrini istər operativ vergi nəzarəti tədbirinin həyata keçirildiyi zaman, istərsə də yoxlama tədbirindən sonra vergi orqanına təqdim etməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi operativ vergi yoxlaması zamanı verilmiş izahatlara hüquqi qiymət vermədən iddiaçının məhkəmə prosesi zamanı təqdim etdiyi fiziki şəxslərlə bağlanmış 28.02.2020-ci il tarixli xidmət müqavilələrinə əsaslanmış və nəticədə qeyd olunan pozuntu ilə əlaqədar vergi orqanının qəbul etdiyi qərarını əsassız olaraq ləğv etmişdir. Halbuki vergi ödəyicisinin təqdim etdiyi xidmət müqavilələrinin məhz operativ vergi nəzarət tədbirinin keçirilməsindən əvvəl tərtib edilməsi, təkcə tərtib edilməsi deyil, həqiqətən mövcud olması sübuta yetirilmir. Belə ki, sözügedən 5 nəfərlə bağlanmış xidmət müqavilələrinin ikisinin- Ceyhun Əkbərovla bağlanmış 05.02.2020-ci il tarixli, Orxan Həmidovla bağlanmış 16.02.2020-ci il tarixli müqavilənin tarixi vergi yoxlamasının keçirilməsindən əvvəlki tarixə, üçünün- Nicat Əhmədovla bağlanmış 26.02.2020-ci il tarixli, Ehtiram Hüseynovla bağlanmış 23.02.2020-ci il tarixli və Ramil Seyidnurovla bağlanmış 28.02.2020-ci il tarixli müqavilənin tarixi isə bu yoxlamanın aparılmasından sonrakı tarixə təsadüf edir. Qeyd etmək lazımdır ki, yuxarıda adı çəkilən fiziki şəxslərin izahatlarından da görünür ki, onlar iddiaçıya məxsus obyektdə “ofisiant” vəzifəsində işləyirlər. Belə olan halda həmin şəxslərin “xidmət müqaviləsi” əsasında işə cəlb edilməsi inandırıcı deyil, belə ki, vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin “kafe” fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə “ofisiant” işini icra etməsini nəzərə alaraq Kollegiya hesab edir ki, həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, vergi ödəyicisi ilə “əmək müqaviləsi” bağlamaq əvəzinə, “xidmət müqaviləsi” bağlaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergi orqanı qarşısında pərdələndiyi üçün vergidən yayınma faktı kimi qiymətləndirilir. Həmçinin işə əlavə olunmuş vergi ödəyicisinin bəyannamə məlumatlarından görünür ki, operativ vergi yoxlaması keçirilənə qədər iddiaçı ödəmə mənbəyindən tutulan vergi bəyannaməsini vergi orqanına verməmiş, yoxlamadan sonra təqdim etdiyi bəyannamədə isə yuxarıda adı çəkilən 5 nəfərə görə iddiaçının ödəmə mənbəyindən tutulan vergini 21.02.2020-ci il tarixdən (vergi yoxlamasından) sonra ödədiyi məlum olur. Həmin bəyannaməni də iddiaçı məhkəmədə iddia qaldırıldıqdan 7 ay sonra, yəni 15.10.2020-ci il tarixdə vergi orqanına göndərmişdir. Bu fakt iş materiallarında olan iddiaçıya məxsus şəxsi hesab vərəqəsi məlumatları ilə də təsdiq olunur. Halbuki həmin bəyannamə vergi qanunvericiliyinin tələblərinə əsasən 2020-ci ilin aprel ayının 20-dək təqdim edilməli idi. Qeyd olunanlar onu deməyə əsasən verir ki, vergi ödəyicisinin təqdim etdiyi xidməti müqavilələr operativ vergi yoxlamasından sonra formal olaraq tərtib edilmişdir. Odur ki, vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 02.03.2020-ci il tarixli **********5148 №-li qərarla “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktına görə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 10.000 (on min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4145/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X16 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4145/2020 saylı 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-758/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-758/2021
23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver