Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-758/2024 03.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X1 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10726/2023 saylı 11 avqust 2023-cü il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə 03 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olmasının arzuedilməz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında 01 may 2023cü il tarixli 512/D nömrəli qərara əsasən İran İslam Respublikası vətəndaşı İddiaçı (X49645660 nömrəli Pasport) ölkə ərazisində olması arzuolunmaz hesab edilmiş və onun ölkəyə gəlişinə 5 il müddətinə qadağan qoyulmuşdur, bu müddət bitənədək qadağanın aradan qaldırılması ilə bağlı əsaslar mövcud olmadığı halda daha 5 il müddətinə uzadılması qərara alınmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olmasının arzuedilməz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında 01 may 2023-cü il tarixli 512/D nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, iddiaçı İran İslam Respublikasının vətəndaşı 1965-cı il təvəllüdlü İddiaçı 1989-cu ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhədlər açılan zaman Respublikamıza turist kimi gəlib. Bundan bir neçə il sonra o, yenidən Azərbaycana səfər edir və bazar münasibətlərinin yeni formalaşdığı Respublikamızda iş imkanlarını nəzərdən keçirir, ilk biznesi İİR-dan Azərbaycana polietilen mallarının idxalı olur. 1999-cu ildə artıq polietilen ticarətindən polietilen istehsalına keçir. 2003-cü ildə Qaradağ rayonun Lökbatan qəsəbəsində daşınmaz əmlaka sahib olaraq sahibkarlıq fəaliyyətini daha da genişləndirir. Respublikamızda yaranmış əlverişli biznes mühitindən yararlanaraq istehsal sahələrini daha da genişləndirir, mebel sahəsi, kənd təsərrüfatı və inşaat sektoruna sərmayələr qoyaraq yeni iş yerləri açır. Demək olar ki, Azərbaycan Respublikası müstəqəllik əldə etdikdən sonra respublikamızı ikinci vətəni hesab edib, İran islam Respublikasından daha çox Azərbaycana bağlı olur, ailəsi ilə daima azərbaycanda yaşamağa üstünlük verir, oğlanları Avropada universietetlərini bitirdikdən sonra öz bizneslərini Azərbaycanda qururlar. Azərbaycanda fəaliyyət göstərdiyi və yaşadığı dövrlərdə daima AR qanunlarına hörmətıə yanaşır, Azərbaycan Respublikasının dövlətçiliyinə, suverenliyinə, müstəqilliyinə xələl gətirən hər hansı bir hərəkət etmir. 2020-ci ildə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında gedən ikinci Qarabağ müharibəsi zamanı o da könüllü olaraq orudumuza yardımlar edib. Bu ilin aprel ayının 21-də İddiaçı yenidən ASAN viza alaraq Azərbaycan Respublikasına gəlir. Vizanın müddəti 30 gün olmasına baxmayaraq 01 may 2023-cü il tarixdə onu Azərbaycan Respublikası Miqrasiya Xidmətinə çağırırlar. Orada onun Azərbaycan Respublikasında olmasının arzuolunmaz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında qərar verildiyini bildirirlər. Onun barəsində nədən belə bir qərar verildiyini, hansı bir qeyri-qanuni və qeyri-hüquqi fəaliyyət göstərdiyini öyrənmək cəhdləri boşa çıxır. Heç bir zaman siyasi, dini fəaliyyət ilə məşğul olmayan, daima öz biznesinin böyütməsi, yeni iş yerlərinin açılması kimi fəaliyyət məşğul olan bir şəxsin Azərbaycan Respublikasında olmasının arzuolunmaz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında qərar çox təsir edir, narahat edir. Cavabdeh Dövlət Miqrasiya Xidməti iddiaçı barədə qərar qəbul edərkən və inzibati araşdırma apararkən İnzibati icraat haqqında qanunun bir sıra vacib və mühüm əhəmiyyətə malik olan normalarını pozmuşlar. Yuxarıda qeyd edilənləri və AR İPMnin 45-46-cı maddələrinin tələblərini nəzərə alaraq Azərbaycan Respublikası Dövlət Miqrasya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olmasının arzuedilməz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında 01 may 2023-cü il tarixli 512/D nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10726/2023 saylı 11 avqust 2023-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh qeyd edilən hüquq normasını pozmaqla iddiaçı X9 hüquq və azadlıqlarını pozmuşdur. Qeyd edilən hüquq norması bir qayda olaraq şəxsin hüquq və azadlıqlarının pozulmasının müəyyən hallarda baş verdiyi halda mümkün sayır. Hazırki iş üzrə isə iddiaçının hansı qanunu, qanunla nəzərdə tutulmuş normanı pozduğunu, bu qaydaların və halların nədən ibarət olması göstərilmir, aydın olmur. Birinci instansiya məhkəməsi inzibati orqanın hazırki işdə inzibati orqan tərəfindən qərəzli olaraq baxmasına və qərar qəbul edilməsini nəzərə almayıb. Bakı İnzibati Məhkəməsi tərəfindən qeyd edilən prosessual hüquq norması pozulmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində arzuedilməz şəxs edilməsi və Azərbaycan Respublikasına gəlməsinin qadağan edilməsi aydınlaşdırılmamışdır. Qərarda bunu inzibati orqanın diskresion səlahiyyətinə aid olduğu qeyd edilmişdir. Hazırki iş üzrə inzibati orqan hansı mümkün qərarlardan birini seçdiyi aydın deyil. Ümumiyyətlə, şəxsin hüquq və azadlıqlarından məhrum etmək və ya məhdudlaşdırmaq və bunuda hansı qanuna uyğun edildiyi aydın olmadığı təqdirdə hansı diskresion səlahiyyətdən söhbət gedə bilər. İddiaçı özü indiyə qədər AR-da və Azərbaycan Respublikasından kənarda Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə, əhalinin sağlamlığına zərər vura biləcək hər hansı bir fəaliyyət göstərmədiyini, göstəribsə ən ağır cəza verilməsini istəyir. İddia ərizəsində də qeyd edilən kimi onun bütün fəaliyyəti Azərbaycan ilə bağlı olub və burda yaşadığı dövrdə AR qanunlarına riayət edib. Hesab edir ki, bu inzibati orqan tərəfindən edilən diskresion səlahiyyət yox, özbaşınalıqdır, qanunlara riayət etməməkdir, şəxsi mülahizəyə əsaslanaraq şəxsin hüquq və azadlıqlarının qanunsuz olaraq məhdudlaşdırılmasıdır. Qeyd edilən normanın tələbləri pozulmuşdur. Belə ki, inzibati orqan tərəfindən iddiaçı X7 arzuolunmaz şəxs hesab edilməsi və AR -a gəlməsinin qadağan edilməsinə dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Yalnız yuxarıda qeyd etdiyim kimi formal mülahizələrə əsaslanmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın qərarının tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyəti ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində olmasının arzuedilməz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında 01 may 2023-cü il tarixli 512/D nömrəli qərara əsasən İran İslam Respublikası vətəndaşı İddiaçı (X49645660 nömrəli Pasport) ölkə ərazisində olması arzuolunmaz hesab edilmiş və onun ölkəyə gəlişinə 5 il müddətinə qadağan qoyulmuşdur, bu müddət bitənədək qadağanın aradan qaldırılması ilə bağlı əsaslar mövcud olmadığı halda daha 5 il müddətinə uzadılması qərara alınmışdır. Hazırki işdə iddiaçı həmin qərarı mübahisələndirir. Məhkəmə kollegiyası tərəfindən inzibati orqanın mübahisələndirilən inzibati aktın qəbulu ilə bağlı malik olduğu diskresion səlahiyyətini mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirilib-keçirilməməsi, həmçinin diskresion səlahiyyətlərinin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı araşdırılmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə mübahisələndirilən qərarı qəbul edərkən diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 16.1. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlmək aşağıdakı hallarda qadağan edilir: 16.1.1. milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə; 16.1.2. şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda; 16.1.3. şəxs Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə; 16.1.4. şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda, əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə; 16.1.5. şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə; 16.1.6. şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda; 16.1.7. şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədi haqqında yalan məlumat verdikdə; 16.1.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma tətbiq edilmədən inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmiş şəxs cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla) ödəmədikdə; 16.3. Bu Məcəllənin 16.1-ci maddəsində nəzərdə tutulmuş hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatlar müəyyən olunmuş qaydada “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. 23.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi, Azərbaycan Respublikasında olması və ya yaşaması Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə, onun dünyəvi xarakterinə, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, habelə Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab edilə bilər. 23.2. Şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır. 23.3. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüququnu itirir. 23.4. Şəxsin ölkədə olmasının arzuolunmaz hesab edilməsi barədə məlumat müvafiq icra hakimiyyəti orqanları tərəfindən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir. 23.5. Azərbaycan Respublikasının ərazisində olan şəxslərin ölkədə olması arzuolunmaz hesab edildikdə müvafiq icra hakimiyyəti orqanları bu barədə məlumatı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, habelə həmin şəxslər barəsində bu Məcəllənin 79-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. Göründüyü kimi, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab olunur və onların qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüquqları olmur, ən əsası isə onların Azərbaycan Respublikasına gəlməklərinə qadağalar qoyulur. Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi halın müəyyən edilməsi Miqrasiya Xidməti deyil, aidiyyəti qurum tərəfindən həyata keçirildiyindən, Miqrasiya Xidmətinin isə səlahiyyəti dövlət orqanının məktubunu nəzərə almaqla qəbul etdiyi qərarın qanuni və əsaslılığını sübuta yetirməkdən ibarətdir. Hazırki işdə cavabdeh inzibati orqandan mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olan sənədlər- inzibati icraatın materialları tələb olunmuş və sonuncu tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olan sənədlər (məxfi sənədlər baxış üçün) məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdu ki, iddiaçının ləğv edilməsini tələb etdiyi qərar cavabdeh inzibati orqan tərəfindən qəbul edilərkən öz səlahiyyətləri daxilində apardığı araşdırmanın nəticəsi olaraq düzgün olmuş, həmin qərarın qanuni və əsaslılığını istisna edən hal mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olmasının arzuedilməz hesab edilməsi və Azərbaycan Respublikasına gəlişinin qadağan edilməsi haqqında 01 may 2023-cü il tarixli 512/D nömrəli qərarı yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10726/2023 saylı 11 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10726/2023 saylı 11 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-758/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-758/2024
03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver