Məhkəmə qərarları › İş №2-1(103)-758/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-758/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-758/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı vəsiqəsinin verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3052/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli 262 nömrəli arayışından görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) həqiqətən N hərbi hissədə xidmət edir. Arayış Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə təqdim etmək üçün verilir

2. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 2405 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı, döyüş əməliyyatları ilə bağlı N nömrəli hərbi hissəyə ezam olunması hərbi hissə komandirinin nizami hissə üzrə əmirlər kitabında adı göstərilmədiyi üçün yuxarı adı qeyd olunan hərbi qulluqçunun hərbi hissənin siyahısına durması üçün əmrdən çıxarışı təqdim etmək mümkün deyil. Əlavə olaraq, İddiaçı hərbi hissənin siyahısından çıxarılması ilə bağlı nizami hissə üzrə əmrində adı qeyd olunduğu üçün əmrdən çıxarışı təqdim olunmuşdur.

3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 367 nömrəli əmrindən çıxarışa əsasən Azərbaycan Respublikası Tibb Universitetinin Hərbi Tibb Fakültəsindən ezamiyyətə gəlmiş kursantların ezamiyyət müddəti bitdiyinə görə getmiş və qazan təminatından çıxarılmış hesab edilsinlər.

3. Kursant İddiaçı Ehtimat oğlu. Əsas: ezamiyyət vərəqələri.

4. Bakı İnzibati Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Tibb Universiteti xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının hərbi hissələrə ezam edilməsi ilə əlaqədar sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.

5. Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi rəisinin xx.xx.2019-cu il tarixli 38 nömrəli əmrindən çıxarışa əsasən 2019/2020-ci tədris ilində Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin Hərbi həkim ixtisası hazırlığı kurslarının İV kursunu müvəffəqiyyətlə bitirmiş və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 36 nömrəli 28 mart 2019-cu il tarixli əmrinə müvafiq olaraq yekun tibbi şəhadətləndirilərkən sağlamlığında problemi olmayan aşağıda adları göstərilən tələbələr Hərbi həkim ixtisası hazırlığı kurslarının V kurs kursantları hesab edilsinlər və bütün növ təminatlara qoyularaq xx.xx.2019-cu il tarixdən İlkin təlim toplanışına cəlb edilsinlər.

6. Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi rəisinin xx.xx.2020-ci il tarixli 212 nömrəli əmrindən çıxarışa əsasən Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 26/1071 nömrəli telefonoqrammasına əsasən aşağıda adları qeyd edilən hərbi qulluqçular müvafiq hərbi hissələrə xx.xx.2020-ci il tarixdən 2 (iki) ay müddətinə döyüş tapşırığını yerinə yetirmək məqsədilə ezamiyyətə getmiş hesab edilsinlər.

101. Kursant İddiaçı, Hərbi həkim ixtisası hazırlığı kurslarının Vİ kursantı, N nömrəli hərbi hissəyə; Əsas: Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 26/1071 nömrəli telefonoqramması.

7. Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi rəisinin xx.xx.2020-ci il tarixli 285 nömrəli əmrindən çıxarışa əsasən Hərbi Tibb Fakültəsinin aşağıda adları qeyd edilən Hərbi həkim ixtisası hazırlığı kursunun Vİ kurs və Feldşer hazırlığı kursunun İİ kurs kursantları müvafiq hərbi hissələrdən N dekabr 2020-ci il tarixdə ezamiyyətdən gəlmiş hesab edilsinlər.

31. Kursant İddiaçı, Hərbi həkim ixtisası hazırlığı kurslarının Vİ kursantı, N nömrəli hərbi hissədən; Əsas: Tibb xidmətinin təşkili və taktikası kafedrasının baş müəllimi polkovnik-leytenant R.Ş.Abdullayevin raportu (d/o № 2913) və Feldşer hazırlığı kursunun rəisi mayor S.V.Aqayevin raportu (d/o № 2915)

8. Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi rəisinin xx.xx.2021-ci il tarixli 144 nömrəli əmrindən çıxarışa əsasən 2021-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini Hərbi həkim ixtisası hazırlığı kurslarını bitirmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2021-ci il tarixli 0813 nömrəli əmri ilə ilkin “Tibb xidməti leytenantı” hərbi rütbəsi verilməklə müvafiq hərbi hissələrdə vəzifələrə təyin olunmuş aşağıda adları çəkilən kursantlar 30 iyun 2021-ci il tarixdən Hərbi Tibb Fakültəsinin bütün növ təminatlardan çıxarılsınlar və xidmətlərini davam etdirmək üçün təyin olunduqları hərbi hissə komandirinin sərəncamına göndərilsinlər. Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində 2021-ci ilin yanvar - iyun aylarında təhsil aldıqları müddət ərzində Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdirlər. 2021-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilməyib, 2021-ci ilin növbəti məzuniyyətindən 30 (otuz) gün istifadə edilib, 1 (bir) aylıq vəzifə maaşı məbləğində əlavə pul təminatı ödənilib.

27. Kursant İddiaçı - N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi; Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2021-ci il tarixli 0813 nömrəli əmrindən çıxarış.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin onun xx.xx.2023-cü il tarixli müraciətinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin (hərəkətinin) qanunsuz hesab edilməsi, cavabdehdən hüquqi yardıma görə ödədiyi 100 manat pulun onun xeyrinə tutulması və ona ‘‘Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 44 günlük Vətən Müharibəsində Azərbaycan Tibb Universitetinin 6-cı kurs tələbəsi olaraq döyüş bölgəsinə - N saylı hərbi hissəyə ezam olunaraq hərbi həkim köməkçisi kimi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci ilədək xidmət etmişdir. 2021-ci ildə Hərbi Tibb Fakültəsindən məzun olmuş və xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmiş, hazırda ön cəbhədə - Kəlbəcərdə hərbi həkim kimi xidmətini davam etdirir, rütbəsi leytenantdır. Tələbə yoldaşlarına Müharibə veteranı adı və vəsiqəsi verilsə də, ona bu ad və vəsiqə bugünə kimi verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Tibb Universitetinə xx.xx.2023-cü ildə ərizə ilə müraciət edərək, 44 günlük şanlı Vətən Müharibəsində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həkim köməkçisi kimi döyüş bölgəsinə ezam olunmuş və həkim köməkçisi kimi xidmət etmiş İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsinə köməklik edilməsini xahiş etdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi xx.xx.2023-cü il tarixli 825 saylı məktubla müraciətinə cavab verərək bildirmişdir ki, “oğlunuz İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N saylı hərbi hissəyə ezam olunmuşdur. Məktubunuzda qeyd etdiyiniz suallara cavab olaraq qeyd edirik ki, oğlunuz 2021-ci ilin iyun ayında Hərbi Tibb Fakültəsindən məzun olmuş, xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 480 saylı əmrinin 7-ci bəndinə əsasən xidmət yeri dəyişdirilmiş şəxslərin ’’Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi” üzrə komissiyaya təqdim edilməsi, hazırda həqiqi hərbi xidmət keçdiyi hərbi hissə tərəfindən aparılmalıdır. Övladınız İddiaçı “Vətən Müharibəsində” fəaliyyətinə görə sənədlərinin hazırlanması və Müdafiə Nazirliyinin Aparatı nəzdində ’’Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi” üzrə komissiyaya təqdim olunması üçün sənədlərinin hazırlanması Hərbi Tibb Fakültəsi tərəfindən aparıla bilməz.” Məlumat üçün qeyd edilmişdir ki, məsələ ilə bağlı xidmət etdiyi hərbi hissəyə və ya Müdafiə Nazirliyinin Aparatı nəzdində ’’Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi” üzrə komissiyaya müraciət edə bilər. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixli 4/3-6062 saylı məktubla müraciətinə cavab verərək bildirmişdir ki, "Vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdən döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar onlara “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı ərizəniz Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuşdur. Ərizəyə vətəndaşın şəxsiyyətini, xidmət keçməyini və xx.xx.2020-ci il tarixdən döyüş əməliyyatlarında iştirak etməyini təsdiq edən zəruri sənədlərin təsdiq edilmiş surətləri əlavə olunmadığından, onlara aşağıda qeyd olunan sənədlərin təsdiq edilmiş surətlərini əlavə etməklə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya ayrı-ayrılıqda müraciət etməklərini təklif edirəm: xidmət etdikləri hərbi hissəni qeyd etməklə ətraflı ərizəsini; şəxsiyyət vəsiqəsinin kserosurəti; hərbi biletin bütün vərəqələrinin kserosurəti. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunan sənədləri yalnız poçt vasitəsi ilə göndərməyiniz tövsiyə olunur.” Göründüyü kimi, Müdafiə Nazirliyi Müharibə veteranı adı və vəsiqəsinin verilməsi şərtlərini 2 hissəyə bölüb. 1-cisi, “ətraflı ərizə” yazmalıdır. 2-cisi, qoşma sənədlər təqdim etməlidir. Üsul isə poçtla olmalıdır. Ünvana xüsusi diqqət etməlidir. Bundan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi” üzrə komissiyaya 1-ci və 2-ci abzaslarında hərbi tibb fakültəsindən N saylı hərbi hissəyə ezam olunma tarixi və sonrakı xidmətləri barədə məlumatları özündə əks etdirən ərizə və həmin ərizəyə əlavə olaraq xidmət etdiyi hərbi hissəni qeyd etməklə ətraflı ərizə ilə müraciət etdi. Bu isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/3-6062 saylı məktubundakı xidmət etdiyi hərbi hissəni qeyd etməklə ətraflı ərizəsi deməkdir. Ərizəyə aşağıdakı sənədləri əlavə etdi: xidmət etdiyi hərbi hissəni qeyd etməklə ətraflı ərizə -1 vərəq, şəxsiyyət vəsiqəsinin surəti - 1 vərəq, hərbi biletin bütün vərəqələrinin kserosurəti - 9 vərəq, etibarnamənin surəti 1 vərəq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin xx.xx.2023-cü il tarixli 825 saylı məktubunun surəti 1 vərəq. Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2023-cü il tarixli 4/3-6062 saylı məktubun surəti - 1 vərəq. Onun tələbə yoldaşının adına N saylı hərbi hissədən verilmiş arayışın surəti -1 vərəq, Azərbaycan Tibb Universitetinin xx.xx.2021-ci il tarixli, 272 saylı arayışının surəti - 1 vərəq, Məktubda ayrı-ayılıqda müraciət etməli olduğu bildirilir. Artıq 35 gündən çox müddətin keçdiyini və bu dövr ərzində rəsmi olaraq məsələni öz həllini tapmadığını nəzərə alaraq cavabdehin hərəkətsizliyini müraciətin təmin edilməsindən imtina kimi dəyərləndirir. Buna görə də, hazırki iddia ərziəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı tələblə eyni məzmunlu xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə çatdırılan ərizəsinə cavab verilməmişdir.

13. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş münasibətdə bildirilmişdir ki, iddiaçı Komissiyanın rəyini almadan, imtina olmadığı halda məhkəməyə müraciət etdiyindən, ərizəsi mümkün sayıla bilməz. “Müharibə veteranı” adı müvafiq Komissiyanın rəyi əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinə əsasən: “Müharibə veteram” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin üçüncü abzasına əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

14. Bakı İnzibati Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciəti üzrə inzibati araşdırma aparılması üçün bir ay müddət təyin edilməsi qərara alınmış, iş materiallarında olan sənədlər cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim edilmişdir.

15. Cavabdeh məhkəmənin 27 fevral 2024-cü il tarixli 2-1(112)-3052/2024 nömrəli qərardadının icrası ilə bağlı xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, vətəndaş İddiaçı sənədlərinə komissiyanın xx.xx.2024-cü il tarixli iclasında baxılmış, təqdim olunan sənədlərə əsasən "Vətən müharibəsi” dövründə 27 sentyabr 2020-cİ il tarixdən 10 noyabr 2020-ci il tarixədək iştirakını təsdiq edən sənədlər olmadığına və nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyinə görə ona "Müharibə Veteranı” adının və vəsiqəqinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.

16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3052/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

17. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin meyarlarına uyğun olduğuna görə İddiaçı “Müharibə Veteranı” adının və vəsiqənin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməlidir.

18. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3052/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayətinin dəlilləri imtina məktubunun dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının N nömrəli hərbi hissəyə daxil olduğu tarixi barədə araşdırma aparmadan, Azərbaycan Tibb Universitetinin ezamiyyə vərəqələrini tələb etmədən, orada möhür olub-olmamasını, oduğu halda kimi tərəfindən vurulduğunu araşdırmadan, yalnız dekabr 2020-ci il tarixli əmrə istinad edərək, qərarında (bənd 34- 35) qeyd etmişdir ki, iddiaçının N nömrəli hərbi hissədə xx.xx.2020-xx.xx.2020ci il tarixlərdə döyüş əməliyyatlarında iştirakı onun ezamiyyətə göndərilməsi üçün əsas olmuş əmrlərdən çıxarışlar ilə təsdiq edilir. ... Azərbaycan Tibb Universitetinin müvafiq əmrləri (ezamiyyə vərəqələri) N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 367 nömrəli əmrinə əsas olan sənədlər olmaqla ...” Halbuki, N nömrəli hərbi hissənin məhkəməyə göndərdiyi məktubunda qeyd olunmuşdur ki, iddiaçının, döyüş əməliyyatları ilə bağlı N nömrəli hərbi hissəyə ezam olunması hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabında adı göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 N°-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.” Yuxarıda qeyd olunanlardan görmək olar ki, məhkəmə tərəfindən həmin xüsusatların araşdırmaması, prosessual və maddi normaların pozulması əsassız qərarın çıxarılması ilə nəticələnmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

d) Prosses iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyətiorqanları tərəfindən verilir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. - Qeyd: 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. - Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. - Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

25. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

Maddə 20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

29. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Məhkəmə kollegiyası qeyd edir ki qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

32. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

35. Məhkəmə kollegiyası işin materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının xx.xx.2020xx.xx.2020-ci il tarixədək "Vətən müharibəsi”ndə iştirakını təsdiq edən sənədlər olmadığına və nizami hissə üzrə əmrlərlə təsdiqlənmədiyinə, döyüş əməliyyatları ilə bağlı N nömrəli hərbi hissəyə ezam olunması hərbi hissəinin komandirinin nizami hissə üzrə əmrlə kitabında adı göstərilmədiyinə görə iddianın təmin edilməsi məqsədəuyğun hesab edilmir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı” statusunu alması üçün hərbi qulluqçu: - döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməli; - hərbi xidmət keçməsini sübut edən sənədləri mövcud olmalıdır.

38. Bununla belə, hərbi xidmət keçməni əks etdirən sənədlər isə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlardır.

39. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğu halda müharibə veteranı verilir. Döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

40. İş materiallarından da göründüyü kimi, iddiaçı Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsi rəisinin: - xx.xx.2020-ci il tarixli 212 nömrəli əmri ilə xx.xx.2020-ci il tarixdən 2 (iki) ay müddətinə N №-li hərbi hissəyə (Əsas: Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisinin xx.xx.2020-ci il tarixli 26/1071 nömrəli telefonoqramması) döyüş tapşırığını yerinə yetirmək məqsədilə ezam göndərilmiş, - xx.xx.2020-ci il tarixli 285 nömrəli əmri ilə N dekabr 2020-ci il tarixdə N №-li hərbi hissədən ezamiyyətdən gəlmiş hesab edilmişdir; - xx.xx.2021-ci il tarixli 144 nömrəli əmri ilə 30 iyun 2021-ci il tarixdən Hərbi Tibb Fakültəsinin bütün növ təminatlardan çıxarılmış və xidmətlərini davam etdirmək üçün təyin olunduqları hərbi hissə komandirinin sərəncamına göndərilmişdir (Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2021-ci il tarixli 0813 nömrəli əmri ilə ilkin “Tibb xidməti leytenantı” hərbi rütbəsi verilməklə müvafiq hərbi hissələrdə vəzifələrə təyin olunmuşdur-Kursant İddiaçı - N nömrəli hərbi hissənin tibb məntəqəsinin rəisi).

41. Müvafiq ezamiyyət vərəqələri əsasında verilən N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 367 nömrəli əmrindən çıxarışdan da görünür ki, Azərbaycan Respublikası Tibb Universitetinin Hərbi Tibb Fakültəsindən ezamiyyətə gəlmiş iddiaçının ezamiyyət müddəti bitdiyinə görə getmiş və qazan təminatından çıxarılmış hesab edilmişdir.

42. İddiaçının ezamiyyətə göndərilməsi səbəb və məqsədi 2019/2020-ci tədris ilində Azərbaycan Tibb Universiteti Hərbi Tibb Fakültəsinin Hərbi həkim ixtisası hazırlığı kurslarının İV kursunu müvəffəqiyyətlə bitirmiş və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 36 nömrəli 28 mart 2019-cu il tarixli əmrinə müvafiq olaraq yekun tibbi şəhadətləndirilərkən sağlamlığında problemi olmayan tələbə olaraq Hərbi həkim ixtisası hazırlığı kurslarının kursantı hesab edilməsi və bütün növ təminatlara qoyularaq xx.xx.2019-cu il tarixdən ilkin təlim toplanışına cəlb edilməsi olub.

43. Göründüyü kimi, iddiaçının N nömrəli hərbi hissədə xx.xx.2020 - xx.xx.2020-ci il tarixlərində döyüş əməliyyatlarında iştirakı onun ezamiyyətə göndərilməsi üçün əsas olmuş əmrlərdən çıxarışlar ilə təsdiq edilir.

44. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya hesab edir ki, ezam göndərən Azərbaycan Tibb Universitetinin müvafiq əmrləri (ezamiyyə vərəqələri) N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 367 nömrəli əmrinə əsas olan sənədlər olmaqla cavabdehin sözügedən dəlilini təkzib edir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının döyüş bölgəsinə ezam edilməsinin məqsədi həmin dövrdə döyüş əməliyyatlarında yaralanmış şəxslərə tibbi yardımın göstərilməsi olmuşdur. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərindən də görünür ki, döyüş əməliyyatlarının bütün təminat növlərinə tibbi təminat da daxildir.

46. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

47. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

48. Beləliklə, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtləri, o cümlədən iddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, eləcə də hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması (tərxis olunması) şərti iddiaçı tərəfindən ödənildiyindən, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun sayılmamalıdır.

49. Məhkəmə kollegiyası iddia tələbinə etirazın dəlillərinin apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini bildirir, odur ki, prosessual qənaət prinsipindən çıxış edərək həmin dəlillər üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa zərurət görmür və cavabdehin apellyasiya şikayətinə münasibətdə bir daha qeyd edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsasını təşkil etmir.

50. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3052/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3052/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar