Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-759/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı “ekstradisiya üçün sorğunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1961/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cəzasının qalan hissəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində çəkilməsi üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına verilməsi üçün müvafiq qərarın qəbul edilməsi və bununla əlaqədar icraata başlaması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini əsl cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, ərizə təmin edilmiş və cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan vətəndaşıdır. Ali təhsil almaq üçün Rusiya Federasiyasının Lipetsk şəhərində fəaliyyət göstərən universitetə daxil olaraq həmin ölkədə yaşamağa və oxumağa başlamışdır. Hadisələrin təsadüfi axırı zəminində təqsirsiz olaraq cinayətin iştirakçısı qismində Rusiya Federasiyası hüquqmühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdir. Rusiya Federasiyası Tver şəhər Moskva Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən RF Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və CM-in 4-cü hissəsinin “q” bəndi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 50000 rus rublu məbləğində cərimə cəzasına məhkum edilərək, xx.xx.2019-cu ildən halhazıradək həmin ölkənin Lipetsk vilayəti üzrə Rusiya FCİXİ 6 saylı İM-də 4 ildən artıqdır ki cəzasını çəkir. İddiaçı bir neçə dəfə Rusiya Federasiyası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edərək cəzasının qalan hissəsini Azərbaycan Respublikasının cəzaçəkmə müəssisələrinin birində çəkmək üçün onun vətəndaşı olduğu ölkəyə ekstradisiya edilməsini xahiş etmişdir. Rusiya Federasiyası Ədliyyə Nazirliyinin məhkumun Azərbaycan Respublikasına ekstradisiyası ilə bağlı ölkəmizin analoji nazirliyinə ünvanladığı sorğuya xx/xx-4156, xx.xx.2021-ci il tarixli cavab olaraq bunlar göstərilib: “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə öz hörmətini bəyan edir və bildirir ki, məhkum İddiaçı Azərbaycan Respublikasına təhvil verilməsi məsələsinə baxılmışdır. Nəticədə müəyyən edilmişdir ki, məhkum İddiaçı təhvil verilməsi Azərbaycan Respublikasının maraqlarına zərbə vura bilər.Yuxarıda göstərilənlərə və xx.xx.1998-ci il tarixli “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş məhkumların cəzalarının qalan hissəsinin çəkilməsi üçün təhvil verilməsi haqqında” Moskva Konvensiyasının 6-cı maddəsinin tələblərinə əsasən məhkum İddiaçı cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına verilə bilməz”. Həmin cavabla əlaqədar məhkumun Bakı şəhərində yaşayan anası 2021 və 2022-ci illərdə dəfələrlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmişdir. Məhkumun anasının axırıncı müraciətinə adıçəkilən qurumun xx.xx.2022-ci il tarixli cavab məktubunda bunlar göstərilmişdir: “Qeyd olunan məsələ Penitensiar xidmətdə araşdırılmış və məhkum İddiaçı Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir.” Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2022-ci il tarixli cavab məktubunda məhkum İddiaçı Azərbaycan Respublikasına qəbul edilməsinin hansı əsasa görə məqsədəmüvafiq hesab olunmaması barədə həmin xidmətə ünvanladığı sorğuya xx.xx.2022-ci il tarixli, № 17/4 13588 saylı cavab məktubunda bu məzmunda cavab verilib: “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslərin cəzasının qalan hissəsini vətəndaşı olduğu ölkədə çəkmək üçün həmin dövlətə verilməsi “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyası ilə tənzimlənir. Bildirilir ki, qeyd olunan Konvensiya və Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”na əsasən müraciətdə göstərilən məsələyə baxılmış və məhkum İddiaçı ölkəyə qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir”. Cavabdehin axırıncı məktubundan əvvəl Rusiya Federasiyasının Ədliyyə Nazirliyi də iddiaçının cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına göndərilməsinin mümkünlüyü barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı məktubuna da bu şəkildə cavab verilib: “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Rusiya Federasiyasının Ədliyyə Nazirliyinə öz hörmətini bildirir və qeyd edir ki, məhkum İddiaçı Azərbaycan Respublikasına təhvil verilməsi məsələsinə baxılıb. Nəticədə müəyyən edilib ki, məhkum İddiaçı təhvil verilməsi Azərbaycan Respublikasının mənafeyinə xələl gətirə bilər”. Göründüyü kimi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məhkumun Azərbaycan Respublikasına ekstradisiya edilməsinə qərəzli şəkildə mane olur və bununla bağlı üzərinə düşən öhdəlikləri icra etmir, müvafiq hüquqi proseduru başlamır. İddiaçı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məhkumun cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəmüvafiq hesab edilməməsi barədə xx.xx.2022-ci il tarixli №-li 17/4 13588 məktubunda göstərilənlərin əsassız və qanunsuz hesab edilərək onun cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına köçürülməsinə (ekstradisiyası) dair hüquqi prosedura başlaması üçün Ədliyyə Nazirliyinin üzərinə müvafiq öhdəliyin qoyulması barədə aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə verdiyi iddia həmin məhkəmənin 2-1(112)-10985/2022 saylı, xx.xx.2022-ci i il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Məhkəmə öz qərardadını belə əsaslandırıb: “iddiaçı hazırda cavabdehin cinayət-prosessual fəaliyyəti ilə bağlı hərəkətlərini, daha dəqiq ifadə olunsa iddiaçının cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına verilməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsindən imtinasını mübahisələndirdiyindən və iddiaçının arzuladığı hərəkət inzibati icraat çərçivəsindsə deyil, cinayət-prosessual fəaliyyət üzrə qəbul olunduğundan, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır”. İddiaçı vəkili Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında göstərilənləri nəzərə alaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məhkumun cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəmüvafiq hesab edilməməsi barədə xx.xx.2022-ci il tarixli №-li 17/4 13588 məktubunda göstərilənlərin əsassız və qanunsuz hesab edilərək adıçəkilən qurumun hərəkətindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası vətəndaşı, məhkum İddiaçı cəzasının qalan hissəsini Azərbaycan Respublikası Penitensiar Xidmətinin tabeliyində olan Cəzaçəkmə Müəssisələrində çəkilməsi üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına verilməsi üçün müvaviq qərarın qəbul edilməsi və bununla əlaqədar icraata başlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 7(006)-186/2022 saylı qərarı ilə ərizə geri qaytarılmışdır. Rayon Məhkəməsi həmin qərarını Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 519.1-ci maddəsinə istinad edərək belə əsaslandırıb: “hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar ərizədə qeyd olunan məsələyə baxılmadığından məhkum İddiaçı vəkili Vəkil məhkumun cəzasının qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəmüvafiq hesab edilməməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx.xx.2022-ci il tarixli, № 17/4 13588 saylı qərarından verdiyi şikayət ərizəsi geri qaytarılmalıdır”. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 7(103)-466/2022 saylı qərarı ilə sonuncu məhkəmənin qərarı isə Azərbaycan Respublikası Ali Məhkəməsinin CK-nın xx.xx.2023-cü il tarixli, 7(102)-36/2023 saylı qərarı ilə apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, həm Rayon məhkəməsi, həm də Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayan apellyasiya və kassasiya instansiyaları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 519.1-ci maddəsinə istinad edərək həmin maddədə hökmün icrası qaydasında məhkumun ekstradisiyasının nəzərdə tutulmadığını qeyd edərək İddiaçı müraciətini geri qaytarmışlar. Tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə etdiyi sonuncu müraciət adıçəkilən qurumun xx.xx.2023-cü il tarixli, 3-16-17/4/2-7585 saylı məktubu ilə belə cavablandırılıb: “Bildirilir ki, qeyd edilən məsələ Penitensiar Xidmətdə araşdırılmış və İddiaçı Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir”. Cavabdeh tərəfindən iddiaya verilən etirazda göstərilmişdir ki, məhkəmə hökmündən görünür ki, məhkum İddiaçı digər şəxslə birlikdə 8,79 qram narkotik vasitə hesab edilən metalefedronu əldə etməyə cəhd etmiş və həmin gün polis əməkdaşları tərəfindən tutulmuşdur. Məhkum İddiaçı barəsində təqdim olunmuş xasiyyətnamədə sonuncu mənfi xarakterizə edilmiş, cəza çəkdiyi müddətdə barəsində 5 dəfə tənbeh tədbirlərinin tətbiq edildiyi göstərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən cəzanın çəkilmə qaydalarını qərəzli surətdə pozan məhkum kimi profilaktiki qeydiyyata götürülməklə ciddi saxlama rejiminə keçirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 3.3-cü bəndinə əsasən məhkum İddiaçı Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müvafiq sorğular göndərilmiş və digər zəruri tədbirlər görülmüşdür. Müraciətə baxılaraq 9 (doqquz) il müddətinə azadlıqdan məhrum edilmiş İddiaçı Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına gətirilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” xx.xx.1983-cü il tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrumetməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” xx.xx.1998-ci il tarixli Moskva Konvensiyasına və bir sıra ikitərəfli beynəlxalq müqavilələrə əsaslanaraq həyata keçirilir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” xx.xx.1983-cü il tarixli Avropa Konvensiyasının 3-cü maddəsinə, “Azadlıqdan məhrumetməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” xx.xx.1998-ci il tarixli Moskva Konvensiyasının 5-ci maddəsinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün verilməsinin əsas şərtlərindən biri hər iki dövlətin buna razılığın verilməsidir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” 2000-ci il 12 dekabr tarixli Qanuna və “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında Konvensiya” üzrə səlahiyyətli orqanın təyin edilməsi barədə” ölkə Prezidentinin 2005-ci il 19 aprel tarixli Sərəncamına, habelə beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə səlahiyyətli orqan - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilmişdir. “Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları” (bundan sonra Qaydalar) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmişdir. Qaydaların 1.4-cü bəndinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti tərəfindən həyata keçirilir. Rusiya Federasiyasında azadlıqdan məhrum etmə növündə cəza çəkən İddiaçı cəzasının qalan hissəsini çəkmək üçün ölkəmizə gətirilməsi barədə müraciəti əsasında beynəlxalq müqavilələrə və “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qavdaları”na uyğun olaraq icraat başlanılmışdır. Belə ki, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlər (məhkumun şəxsi işi, xasiyyətnaməsi, hökm və s.) toplanılmışdır. Qaydaların 3.3-cü bəndinə əsasən məhkum İddiaçı Azərbaycan Respublikasına gətiriməsi ilə əlaqədar müvafiq sorğular (Azərbaycan Respublikasının Daxili İslər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə) göndərilmişdir. Sorğulara müvafiq rəylər daxil olmuş. Daxili İslər Nazirliyi İddiaçı ölkəyə qəbul edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Həmçinin, Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət üzrə müfəttişliyindən daxil olmuş arayışda məhkum İddiaçı ölkəyə qəbul edilməsinin məqsədəmüvafiq hesab edilmədiyi qeyd olunmuşdur. Qaydaların 3.5-ci bəndinə uyğun olaraq müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. Belə ki, məhkum İddiaçı şəxsiyyəti, törətdiyi cinayət əməlinin xüsusatları və müvafiq dövlət qurumlarının rəyi nəzərə alınaraq cəzanın qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına ölkəyə qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi (müsbət və va mənfi rəyin verilməsi) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar xidmətin diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə uyğun olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1961/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib olunmuş və əlavə olaraq qeyd edilmişdir ki, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 6 mart 1998-ci il tarixli Moskva Konvensiyasının 6-cı maddəsinə əsasən: Məhkumun köçürülməsi aşağıdakı hallarda həyata keçirilmir: cəza müddətinin keçməsi və ya həmin dövlətin qanunvericiliyində nəzərdə tutulmuş digər əsaslarla hökmün icra edildiyi dövlətin ərazisində icra oluna bilməz.; törətdiyi əmələ görə icra dövlətinin ərazisində o, cəzalandırılmış və ya bəraət almış, yaxud iş üzrə xitam verilmiş, habelə həmin dövlətin səlahiyyətli orqanı tərəfindən şəxs cəzadan azad edilmişdirsə; bu, hökm çıxarılan Dövlətin və ya məhkumun vətəndaşı olduğu Dövlətin mənafeyinə xələl gətirə bilər. Cinayət nəticəsində dəymiş zərərin əvəzi ödənilmədikdə, məhkumun köçürülməsindən imtina edilə bilər. Azərbaycan Respublikası ilə Rusiya Federasiya arasında azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi məsələlərinin yuxarıda qeyd edilən Moskva Konvensiyası ilə tənzimləndiyini nəzərə alsaq İddiaçı Azərbaycana köçürülməsindən cavabdeh qurumun imtinası üçün həmin Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan halların heç birinə məhkəmə qərarında istinad edilməmişdir. Qeyd edilən maddənin müvafiq bəndləri əvəzinə məhkəmə qərarında məhkumun 2019-cu ildə cəza çəkdiyi müəssisədə cəzaçəkmə qaydalarını qərəzli şəkildə pozduğu öz əksini tapmışdır ki, bu da İddiaçı ölkəyə ekstradisiyasından Moskva Konvensiyasının yuxarıda qeyd edilən maddəsinin tələblərinə zidd olaraq imtina edildiyini göstərir. Konstitusiyanın 28-ci maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. AR, Konstitusiyasının İİİ-ci hissəsinə əsasən Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Cavabdeh tərəf Azərbaycan Respublikasının vətəndaşı olan İddiaçı Azərbaycana köçürməkdən imtina etməklə onun öz ölkəsinə qayıtmaq hüququna maneçilik törətmiş, eyni zamanda onun hüquqi müdafiəsinin təminatından və ona himayəçilikdən boyun qaçırmaqla ölkə Konstitusiyasının yuxarıda qeyd edilən normasının tələblərini kobud şəkildə pozmuşdur. Baxmayaraq ki, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Daxili İslər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə göndərilmiş sorğularla bağlı adıçəkilən qurumların rəylərinə əsasən iddiaçının ölkəyə qəbul edilməsinin məqsədəmüvafiq hesab edilməməsi barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mövqeyi ilə razılaşdığını məhkəmə qərarında qeyd etmişdir, lakin həmin qurumların nümayəndələrini məhkəməyə dəvət edərək verdikləri rəylərlə bağlı münasibətini öyrənməyə borclu olduğu halda bunu etməmişdir. Yuxarıda qeyd edilən normanın tələbini kobud şəkildə pozmuşdur. Məhkəmə qərarında yalnız cavabdeh tərəfinin yoxlanılmamış dəlillərinə istinad etmiş, iddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi sübutlar, o cümlədən Ümud Quluzadənin Azərbaycana köçürülməsi ilə bağlı Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı sorğuya və həmin sorğuya sonuncunun cavabına münasibət bildirməmişdir. Bundan başqa, məhkəmə cavabdehin İddiaçı köçürülməsi ilə bağlı iddiaçıya 2020-2023-cü illər ərzində verdiyi eyni məzmunlu cavabların həqiqəti əks etdirib-etdirməməsini müəyyən etməmiş, məhkumun Azərbaycana gətirilməsinin məqsədəuyğun olmamasının həqiqiliyini öz qərarında yoxlayıb qiymətləndirməmişdir. Məhkəmə iş üzrə gəldiyi nəticədə sübut qismində yalnız cavabdeh tərəfin etirazına əsaslanmış, iddiaçının nümayəndəsinin idddia ərizəsində qeyd etdiklərinə və məhkəmə baxışı zamanı işin faktiki halları ilə bağlı onun izahatına, həmçinin araşdırılması üçün məhkəməyə təqdim etdiyi sübutlara qərarında istinad etməmiş, yalnız iddia ərizəsini qərarda göstərməklə xidməti vəzifəsini bitmiş hesab etmişdir. Baxmayaraq ki, məhkəməyə təqdim edilmiş iddia ərizəsinə əlavə edilmiş sübutların arasında Rusiya Federasiyası Ədliyyə Nazirliyinin məhkumun Azərbaycan Respublikasına ekstradisiyası ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ünvanladığı hələ 2021-ci ildəki müraciətinə sonuncunun cavabının ölkə qanunvericiliyinə və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq öhdəliklərə uyğun olub-olmamasına münasibət bildirməmiş, İddiaçı Azərbaycana təhvil verilməsinin Azərbaycan Respublikasının maraqlarına hansı formada zərbə vuracağı ilə bağlı cavabdehdən hər hansı izahat tələb etməmişdir. Məhkəmə qərarında cavabdeh tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə göndərilmiş sorğulara verilən cavabları məhkəmə iclas zamanı elan etməmiş, həmin cavabların məxfi sənədlər olduğunu elan etməklə kifayətlənmiş, cavablarda qeyd edilən faktiki halları aydınlaşdırmaqdan imtina etmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət üzrə müfəttişliyinin arayışından görünür ki, məhkum İddiaçı ölkəyə qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı Rusiya Federasiyası Tver şəhər Moskva Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən RF Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və CM-in 4-cü hissəsinin “q” bəndi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 50000 rus rublu məbləğində cərimə cəzasına məhkum edilmişdir. O, cəzasının qalan hissəsinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində çəkilməsi üçün Rusiya Federasiyasından Azərbaycan Respublikasına verilməsi üçün müvafiq qərarın qəbul edilməsi məqsədilə dəfələrlə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Daxili İslər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə sorğular göndərilmişdir. Sorğulara müvafiq rəylər daxil olmuş, onlara əsasən iddiaçının ölkəyə qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyası: Bir Tərəfin ərazisində cəza çəkən şəxs, ona verilmiş cəzanı çəkmək üçün bu Konvensiyanın müddəalarına uyğun olaraq başqa bir Tərəfin ərazisinə köçürülə bilər. Bu məqsədlə, o, hökm çıxaran dövlətə və ya idarə edən dövlətə bu Konvensiyaya əsasən köçürülməsində maraqlı olduğunu bildirə bilər. Məhkum edilmiş şəxs bu Konvensiyaya əsasən yalnız aşağıdakılara əsasən köçürülə bilər: “f” bəndi - hökm çıxaran və icra edən Dövlətlər köçürməyə razı olduqda. Köçürmə tələbləri və cavablar yazılı şəkildə həyata keçirilir. Tələblər sorğu edən Dövlətin Ədliyyə Nazirliyi tərəfindən X5 Nazirliyinə göndərilir. Cavablar eyni kanallar vasitəsilə çatdırılır. Hər hansı bir Tərəf, Avropa Şurasının Baş Katibinə ünvanlanan bəyannamə ilə, digər rabitə kanallarından istifadə edəcəyini göstərir. Sorğu alan Dövlət dərhal tələb olunan köçürməni qəbul edib-etməməsi barədə sorğu edən Dövlətə məlumat verəcəkdir. “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 06 mart tarixli Moskva Konvensiyası: Bir məhkumun köçürülməsi üçün tələb həm hökm çıxaran dövlətdən, həm də idarə edən Dövlətdən gələ bilər. Məhkumun özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili məhkumun köçürülməsi tələbi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarına müraciət edə bilər. Məhkumun köçürülməsi aşağıdakı şərtlər daxilində həyata keçirilə bilər - şəxsin həbs cəzasına məhkum edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə minmiş olduqda; - bu Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində göstərilən şəxslər tərəfindən köçürmə müraciəti olduqda; - məhkumun yazılı razılığı varsa və ya məhkum yaşına, fiziki və ya mənəvi vəziyyətinə görə iradəsini sərbəst ifadə edə bilmirsə, bu halda qanuni nümayəndəsinin razılığı varsa; - şəxs qəbul və ötürülməni həyata keçirən Razılığa gələn tərəflərin qanunlarına görə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətlərə görə məhkum edilmişdirsə; - köçürmə tələbinin qəbulu zamanı çəkilməmiş həbs müddəti ən azı altı aydırsa; - hökm çıxaran dövlətlə idarə edən dövlət arasında məhkumun köçürülməsi və qəbulu barədə razılaşma mövcuddursa. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”: 1.1. Bu Qaydalar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edir. 1.2. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyasına və bir sıra dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrə (bundan sonra – beynəlxalq müqavilələr) əsasən həyata keçirilir. 1.3. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə” 2000-ci il 12 dekabr tarixli Qanuna və “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında Konvensiya” üzrə səlahiyyətli orqanın təyin edilməsi barədə” ölkə Prezidentinin 2005-ci il 19 aprel tarixli Sərəncamına, habelə beynəlxalq müqavilələrə uyğun olaraq həmin müqavilələrin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə səlahiyyətli orqan - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Nazirlik) müəyyən edilmişdir. 1.4. Məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti (bundan sonra - Penitensiar xidmət) tərəfindən həyata keçirilir. 2.1. Beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. 3.1. Müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. 3.2. Hökmü çıxaran dövlətdən daxil olmuş müraciət bu Qaydaların 2.4-cü bəndinə uyğun təqdim edildikdən dərhal sonra həmin müraciət və ona əlavə edilmiş sənədlər mahiyyəti üzrə baxılması üçün İdarə tərəfindən Penitensiar xidmətə göndərilir. 3.3. Penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. 3.4. İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar xidmətə göndərir. 3.5. Müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. 3.6. Rəy Penitensiar xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini - Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir. 3.7. Məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. 3.8. Zəmanət məktubuna aşağıdakı sənədlər əlavə edilir: 3.8.1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini və ya Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş məhkumun Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasını təsdiq edən sənəd; 3.8.2. Məhkumun azadlıqdan məhrum edilməsinə əsas olan əməlin cinayət olduğunu göstərən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə Cəzaların İcrası Məcəlləsinin və digər aidiyyəti qanunvericilik aktlarının maddələrinin mətni. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli “21-N” nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə: Bənd 1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur. Penitensiar xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, BMT-nin Məhbuslarla davranışın minimal standart qaydalarını (X6), BMTnin Məhbuslarla rəftarın əsas prinsiplərini, X1 və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cəzaların İcrası və Cinayət-Prosessual məcəllələrini, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununu, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqların təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”ni, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə bu Əsasnaməni rəhbər tutur. Penitensiar xidmət fəaliyyətini insan və vətəndaş hüquqları və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında həyata keçirir. Bənd 3.1.10. Bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi, Azərbaycan Respublikasında cəza çəkən əcnəbi vətəndaşların mənsub olduqları ölkələrə verilməsi ilə bağlı tədbirlər görmək xidmətin vəzifəsi kimi göstərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasını Qanunu: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Avropa Şurası Nazirlər Kabinetinin 1980-ci il tarixli “İnzibati mülahizə səlahiyyətinin istifadəsi haqqında” R (80) saylı tövsiyyəsinə görə mülahizə səlahiyyəti inzibati orqana qəbul ediləcək qərarlarda müəyyən ölçüdə sərbəstlik tanıyan, qanuni olaraq qəbul oluna bilən qərarlar arasından uyğun gördüyünü seçmə imkanı verən səlahiyyədir. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı cəzasının qalan hissəsinin Azərbaycan Respublikasında çəkilməsi üçün gətirilməsini xahiş etmiş və cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati icraat aparılmışdır. Nəticədə müəyyən edilmişdir ki, iddiaçı cəza çəkdiyi müəssisənin rəhbərliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədə mənfi xarakterizə olunmuş, cəza çəkdiyi müddətdə barəsində 5 dəfə tənbeh tədbirlərinin tətbiq edildiyi göstərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdən cəzanın çəkilmə qaydalarını qərəzli surətdə pozan məhkum kimi profilaktiki qeydiyyata götürülməklə ciddi saxlama rejiminə keçirilmişdir. Cavabdeh tərəfindən məhkumun şəxsiyyəti, törətdiyi cinayət əməlinin xüsusatları, eyni zamanda gətirildiyi təqdirdə penitensiar müəssisələrin əməliyyat şəraitinə mənfi təsir göstərə biləcəyi nəzərə alınaraq Azərbaycan Respublikasına qəbul edilməsi (ekstradisiya) məqsədəmüvafiq hesab edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin apelyasiya şikayətində göstərdiklərinə, münasibət bildirərək qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin tələbi baxımından, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də qiymətləndirilə bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı apellyasiya şikayətində göstərilən dəlillər əsassızdır və qəbul edilməməlidir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75, 81 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1961/2024 saylı, 03 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-759/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-759/2025
21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver