Məhkəmə qərarları › İş №2-1(103)-76/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-76/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-76/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı əlillik dərəcəsinin 2005-ci ildən hesablanması tələbi barədə inzibati mübahisəyə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-4149/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4149/2019 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim T.Əsədova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasına səbəb olan halların aradan qaldırılması vəzifəsi qoyularaq əlillik dərəcəsinin 2005-ci ildən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, təxminən 10 yaşından iki tərəfli koxların nevritindən (neyrosensor) və niqt pozulmasından əziyyət çəkir. Müalicəyə tabe olmayan və yaşlandıqca ağırlaşan xəstəlikdir. Sumqayıt şəhər xəstəxanasında ağırlaşmaması üçün illərcə müalicə almasına baxmayaraq nəticəsiz qalmışdır. Hazırda dördüncü dərəcəli ağıreşitmə iki tərəfli koxların nevriti, neyrosensor və niqt pozğunluğundan əziyyət çəkir. 2005-ci ildə əlində olan bütün zəruri olan tibbi sənədlər ilə əlillik dərəcəsi almaq üçün yaşadığı ərazi üzrə poliklinikaya müraciət etmişdir. Lakin poliklinika rəhbərliyi müraciətinə məsuliyyətsiz yanaşmışdır. Bakı şəhər Səhiyyə İdarəsinə müraciət etdikdən sonra müraciəti ilə bağlı uzun müddət heç bir tədbir görülməmişdir. 2007-ci ildə yenidən müraciət etdikdən sonra nəhayət onu qeydiyyata almışlar. Həmin ildə qeydiyyatda olduğu 3 saylı Bakı şəhər poliklinikasının rəhbərliyi əlillik dərəcəsinin təyin olunması üçün tibbi sənədlərini Yasamal rayon Tibbi Ekspertiza Xidmətinə göndərmişlər. Lakin, uzun müddət ərzində bu xidmətdən ona müsbət, yaxud mənfi cavab verilməmişdir. Maraqlandıqda bildirmişlər ki, komissiya təşkil ediləndə özləri çağıracaqlar və bunu işlərinin soxluğu ilə izah etmişlər. 2008-ci ildə yenidən poliklinikada arayış tərtib edib xidmətə göndərdilər. Dəfələrlə müraciət etməsinə baxmayaraq müsbət nəticə əldə edə bilməmişdir. xx.xx.2019-cu il tarixdə xidmət rəisi 88 saylı formanın surətini çıxarıb səhv doldurulmasını bildirmiş və həmin formada yazılmalı olan sözləri öz xətti ilə yazıb ona vermişdir. O da düzəliş edilmiş əlyazmanın surətini çıxarıb yenidən poliklinikaya rəsmi qaydada müraciət etmişdir. Bundan sonra xidmət rəhbərliyi üçüncü dərəcəli müddətsiz əlillik təyin etməyə məcbur olmuşdur. Hansı ki, ona ikinci dərəcə təyin edilməli idi. Belə ki, ağır eşitməkdən başqa onda nitq pozulması da vardır və bu xəstəliklər bir qayda olaraq müalicəsizdir. İş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, əlillik dərəcəsinin 2005-ci ildən hesablanmasına dair heç bir sübut təqdim edilmədiyi göstərilmişdir. Bu tam absurddur. İddiaçı bununla bağlı bildirdi ki, o, TSEK xidmətinin rəisinə müraciət edərək 2005-2018-ci illərə aid bütün tibbi sənədləri təqdim edərək, bu faktın aydınlaşdırılmasını tələb etmiş, lakin aydınlaşdırma aparılmamışdır. İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Hazırki işin faktiki halları məhkəmə tərəfindən tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakılardan ibarət olmuşdur. İşdə olan xx.xx.2011-ci il tarixdə Yasamal rayon Polis İdarəsi tərəfindən verilmiş AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli 1562 №-li tibbi nəticədən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzi tərəfindən İddiaçı «iki tərəfli koxların nevriti, neyrosensor, ağıreşitmə, 4-cü dərəcəli nitqin pozulması» diaqnozu qoylmuşdur. İşdə olan səhiyyə müəssisəsi tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə ötürülmüş Alt Sistemindən görünür ki, həmin diaqnoz əsasında iddiaçının xəstəliyinin ağırlığı nəzərə alınaraq əlillik dərəcəsinin təyin edilməsi məqsədilə Bakı X5 patologiyası tərəfindən 088 №-li forma yazılaraq Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Lakin, ilkin olaraq Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə əlavə müalicəyə ehtiyacı olması səbəbindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, sonradan iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2019-cu il tarixli 2750003AAD38 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Hazırda iddiaçının tələbi - əlillik dərəcəsinin 2005-ci ildən müəyyən edilməsidir. İddiaçı bununla bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Həmin məktubda əks olunan əsaslar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazının əsasları ilə eyni olmuşdur. Aşağıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra - Xidmət) müəyyən edir. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən əlillik müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»yə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 4.1-ci bəndinə əsasən şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Həmin Əsasnamənin 4.8-ci bəndinə əsasən TSEK-də göndərişin forması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir. Həmin Əsasnamənin 4.9-cü bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və X3 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyi birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.9-2-ci bəndinə əsasən qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-nın qərarının qəbul edildiyi tarixdən hesablanır. Həmçinin hazırda qüvvədə olan AR Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlillliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə qörə şəxs əlilliin qiymətləndirilməsi barədə qərarın qəbul etdiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Qeyd edildiyi kimi iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin xx.xx.2019-cu il tarixli 2750003AAD38 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əlilliyin səbəbini TSEK müəyyən etdiyindən və əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İddiaçı isə əlillik dərəcəsinin 2005-ci ildən hesablanması barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki,apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 4149/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar