Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-76/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X14 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 və iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçünün verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1009/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı adı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamentinin X5 və İstismarı Birliyi tərəfindən 35714 saylı müqavilə ilə verilmiş Binəqədi rayonu, Görədil ərazisindəki 255 “z” nömrəli 12 sot bağ sahəsinə dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m.34.1). İddia aşağıdakılarla əsaslandırılmışdır: “Binəqədi rayonu, Görədil ərazisində yerəşən 285 “z ” nömrəli 12 sot bağ sahəsi 24 avqust 2005-ci il tarixli, 35714 saylı müqavilə əsasında onun istifadəsinə verilmişdir. Torpaq sahəsi ona ayrıldıqdan sonra həmin əraziyə daş, qum tökdürmüş, abadlıq işləri aparmış, daimi olaraq həmin ərazini (bu günə kimi) bağı kimi istifadə etmiş və müntəzəm olaraq torpaq vergisi ödəmişdir. İllər ərzində bağ sahəsinə qulluq etməsi qonşuları tərəfindən təsdiq oluna bilər. Qonşuları, dövlət və bələdiyyə orqanları tərəfindən torpaq sahəsi ilə bağlı hər hansı bir mübahisə yaranmamışdır. 2005-ci ildən daimi onun istifadəsində olmuş, sonradan 19 dekabr 2020-ci il tarixdə baş etibarnamə ilə X9 idarəçiliyinə vermişdir. Göradil massivində həmin ərazi və ünvan üzrə bağ-sıra nömrələri 255 rəqəm və hərflər üzrə ardıcıl davam edir. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamenti X5 və X16 bağlar ərazisində olan və onunla qonşu olan müqavilə üzrə bağ nömrələri X15 255 “g” müqavilə nömrəsi 35710, Mirbabayeva Qizlarxanım 255 “e” müqavilə nömrəsi 35711, X17 255 “ğ” müqavilə nömrəsi 35712, X4 255 “i” müqavilə nömrəsi 35713, X8 255 “d” müqavilə nömrəsi 35714, X10 255 “t” müqavilə nömrəsi 35715, X22 255 “ç” müqavilə nömrəsi 35716, bağ torpaq sahələri sıra nömrələri ilə müəyyən olunmuş qaydada ardıcıllıq təşkil edərək davam edir. O, ərizə ilə cavabdehə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Görədil qəsəbəsi, 255 “z” saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin sonuncu xx.xx.2021-ci il tarixli **********60 nömrəli məktubu ilə onun ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, koordinatlarla göstərilən ərazinin bağların bölgüsünə dair sxematik xəritədə yerləşməsində uyğunsuzluq olduğu müəyyən edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, yerində baxış və elektron araşdırma zamanı məlum olmuşdur ki, “255z” saylı bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən iddia olunan əraziyə aidiyyəti yoxdur və göstərilən ərazidən 300 m cənub istiqamətində yerləşir. Vətəndaş tərəfindən iddia olunan ərazi “272” nömrəsi ilə başlayan qeydiyyatdan keçməyən ərazilərə aiddir və həmin göstərilən ərazinin 225 kv.metr hissəsi Bilgəh-Kürdəxanı-Sumqayıt dairəvi yolunun mühafizə zolağında yerləşir. Həmçinin, qonşu bağ sahəsinə yol nəzərə alınmamışdır və eyni nömrəli bağ sahəsi (255z) X6 adına qeydiyyatdan keçmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1009/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Cavabdeh təşkilat mülkiyyət hüququn qeydiyyata alınmasına maneəyaradıcı üsul və vasitə hesab etdiyi süründürməçilik və qeyri obyektivlik daşıyan məzmunlu, bəyan olunmuş hüquqla illərdir onun istifadəsində olan torpaq sahəsinə xx.xx.2021 -ci il tarixli **********60 nömrəli bildirişlə əsassız və qanunsuz imtina cavabında qeyd etmişdir ki, koordinatlarla göstərilən ərazinin bağların bölgüsünə dair sxematik xəritədə yerləşməsində uyğunsuzluq olduğu müəyyən edilmişdir. Necə ola bilər ki, qeyd olunan torpaq sahəsinə dair X5 və istismarı Birliyi Goradil ərazisindəki 255 “z” nömrəli bağın istifadəsinə verilməsi haqqında 35714 saylı 24 avqust 2005-ci il tarixli müqavilə bağlanıldığı halda nədənsə koordinatlarla göstərilən ərazinin bağların bölgüsünə dair sxematik xəritədə yerləşməsində uyğunsuzluq təşkil edir. Torpaq sahəsi 2005-ci ildən bu günə kimi daimi olaraq istifadəsindədir. Məsələyə aydınlıq gətirilməsi məqsədi ilə dəfələrlə cavabdehə müraciət etsə də, müraciətləri cavabsız qalmış və məsələyə dair heç bir aydınlıq gətirilməmişdir. O, torpaq sahəsini özü-özünə ayırmamış, dövlətin təşkilatı tərəfindən ona ayrılmış, həmin müqavilə cavabdehin arxivində mövcuddur. Goradil bağlar ərazisində olan və onunla qonşu olan müqavilə üzrə bağ nömrələri X15 255 “g” müqavilə nömrəsi 35710, Mirbabayeva Qizlarxanım 255 “e” müqavilə nömrəsi 3571 1, X17 255 “ğ” müqavilə nömrəsi 35712,X4 255 i” müqavilə nömrəsi 35713, X8 255 “d” müqavilə nömrəsi 35714, X10 255 “t" müqavilə nömrəsi 35715,X22 255 “ç” müqavilə nömrəsi 35716, bağ torpaq sahələri sıra nömrələri ilə müəyyən olunmuş qaydada ardıcıllıq təşkil edərək davam edir. Bilgəh-Kürdəxanı Sumqayıt yolunun mühafizə zolağında yerləşməsinə aid imtinaya dair bildirilir ki, 2005-ci ildən istifadəsində olan bağ sahəsi yaşayış məntəqəsi hüdudlarının daxilində yerləşir və sağ-sol üzbəüz və ardıcıl olaraq yan-yana qeydiyyatdan keçən və keçməkdə davam edən ərazilərdir. Yəni onun torpaq sahəsinin sağıda, solunda, üzbəüzdə olan torpaq sahələri qeydiyyatdan keçmiş və keçməkdə davam olunan ərazilərdir, yəni bağ sahələridir. Maraqlıdır onlara sənəd verilir, lakin onun torpaq sahəsinə min bir bahənərlə sənəd verməkdən qərəzli olaraq imtina edirlər. “Avtomobil yollarının mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunun 15.1ci maddəsində qeyd edilir ki, Yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yolları istisna olmaqla, ümumi istifadədə olan avtomobil yollan üçün qorunma (mühafizə) zolaqları müəyyən edilir. Məhkəmənin xx.xx.2021 -ci il tarixli qərardadı ilə üçüncü şəxs qismində cəlb edilən X7 adına 255 44 z” saylı order əsasında tamam başqa ərazidə qeydiyyatdan keçən torpaq sahəsinin illərdir qanuni sənəd əsasında istifadə etdiyi nə bağ sahəsinə, nə də ona imtina üçün əsas hesab edilə, eyni zamanda iddiasının təmin edilməməsi üçün əsas hesab edilə bilməz. Ona ayrılmış torpaq sahəsinin sənədləri mövcuddur, torpaq sahəsi mövcuddur lakin sənəd vermirlər ki, sxematik xəritələrinə uyğun deyil. İllər ərzində ona ayrılmış torpaq sahəsi, bağ sahəsi, qulluq elədiyi sahəsi dövlət təşkilatı tərəfindən tam qanuni sənədləşmə işlərini aparılanıq sənədlərinin bir nüsxələrinin cavabdehin arxivində olmasını, cavabdeh təşkilatın möhürüylə təsdiq edilmiş bu sənədlər ola-ola necə belə bir qərar qəbul edilir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat vermiş, eyni zamanda, iddiaçının bağ sahəsinin üçüncü şəxs R.Rəfiyevin bağ sahəsinə heç aidiyyəti olmadığını, ayrı-ayrı torpaqlar olduğunu və iddiaçı ilə bir hasar daxilində olan hazırkı iddiaçının qohumu olan digər şəxs tərəfindən də cavabdehə qarşı iddia qaldırılıdığını və onun həmin iddiasının məhkəmə tərəfindən təmin olunduğunu bildirərək, iddiaçının apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunaraq iddianın təmin edilməsi barədə yeni qərarı çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, iddiaçının və üçüncü şəxsin torpaq sahələrinin ayrı-ayrı torpaqlar olsa da, eyni nömrəli (255z) və Bilgəh-Kürdəxanı-Sumqayt yolunun mühafizə zolağında yerləşdiyini bildirsə də, hər bir halda bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluğunu qeyd edərək birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Rafail Rəfiyevin, əvvəlki (xx.xx.2023, xx.xx.2023, xx.xx.2023) məhkəmə iclaslarında iştirak edən nümayəndəsi X20 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, onlara məxsus bağ torpağı əvvəlcə babasının olub, rəhmətə getdikdən sonra nənəsinin, nənəsi vəfat etdikdən sonra isə atasının adına keçib. Bağ sahəsi hasarlıdır və içərisində ev də var. İddiaçının göstərdiyi torpaq sahəsi onlardan 300 m aralıda yerləşir. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X18 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, sözügedən bağ sahəsi 2005-ci il tarixdən İddiaçı və onun qohumlarına ayrılıb. 255 nömrəli bağ sahələri ardıcıl bağ sahələridir. İddiaçının bağı Göradildə yerləşir, yoldan 3-4 m kənardadır. Bütün bağ sahələrinin hər biri hasara alınıb və yol genişlənəndə hasarların dövlət tərəfindən yola baxan hissəsi sökülüb, ümumi hasarın daxilində iki bağ sahəsi vardır. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə X5 və İstismarı Birliyi tərəfindən 35714 saylı müqavilə ilə verilmiş Binəqədi rayonu, Görədil ərazisindəki 255 “z” nömrəli 12 sot bağ sahəsinə dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etmiş, birinci instansiya mhkəməsinin qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi bu nəticyə gələrkən qeyd etmişdir ki, iddiaçı hüquqların dövlət qeydiyyatı üçün müvafiq sənəd təqdim etsə də, naturada göstərdiyi sahə hüquqmüəyyənedici sənəddə göstərilən sahəyə uyğun olmamış, habelə, sənəddə göstərilən sahə ilə bağlı ləğv edilməmiş digər bir hüquqmüəyyənedici sənəd mövcud olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyətinin 12 iyul 2021ci il tarixli arxiv arayışına, habelə, cavabdeh idarənin arxiv sənədlərinə əsasən mübahisəli bağ sahəsinə dair xronoloji ardıcıllıqla aşağıdakı hallar müəyyən olunur. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X3 Departamentini X5 və istismarı Birliyinin “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə» xx.xx.2005-ci il tarixli 101 saylı protokoluna əsasən qərara alınmışdır ki, Goradildə 255z saylı bağ sahəsinin İddiaçı adına sənədləşdirilsin. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 222 saylı sərəncamı ilə X5 və İstismarı Birliyinin “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə» xx.xx.2005-ci il tarixli 101 saylı protokolu təsdiq edilmişdir. Daha sonra, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 222 saylı sərəncamı əsasında X5 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 24 avqust 2005ci il tarixli 35714 nömrəli müqavilə ilə Binəqədi rayonun Göradil ərazisində 0,12 ha torpaq sahəsi olan 255 “z” saylı bağı müqavilədə göstərilən tikili, qurğu və ağaclarla birlikdə İddiaçı istifadəsinə vermişdir. Cavabdehin işə əlavə olunmuş iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli imtina məktubundan və hazırkı mərhələdə təqdim etdiyi müayinə aktından görünür ki, ilk öncə yalnız göstərilən ərazinin bağların bölgüsünə dair sxematik xəritədə yerləşməsində uyğunsuzluğunu mübahisələndirmiş, daha sonra, iddia ərizəsinə etirazında dəlillərinin həcmini artıraraq, iddiaçıya məxsus bağ nömrəsi ilə üçüncü şəxsin adına da çıxarış verildiyini, bundan əlavə, bağ sahəsinin Bilgəh-Kürdəxanı-Sumqayıt dairəvi yolunun mühafizə zolağında yerləşdiyini də bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qeyd olunan dəlilləri əsassızdır. Birincisi, üçüncü şəxsin adına tərtib olunmuş kadastr planında təsbit olunan bağ sahəsinin koordinatları, yerləşdiyi yer və konfiqurasiyası (i.v.59) və iddiaçıya məxsus bağ sahəsinə dair hazrkı mərhələdə məhkəməyə təqdim edilmiş plan-cizgi və koordinatları və kosmik foto-görüntünün - müqayisəli təhlili aparıldıqda iki eyni nömrəli həmin bağ sahələrinin kordinatlarının, kronfiqurasiyasının, yerləşdiyi yerin üst-üstə düşdüyü və sərhədlərinin toqquşduğu müəyyən olunmur. İkincisi, hazırkı apellyasiya mərhələsində aparlan araşdırma zamanı tərəflərin və üçüncü şəxsin izahatlarına, habelə, şahid ifadəsinə əsasən müəyyən olunmuşdur ki, Göradil ərazisində iddiaçının istifadəsinə verilmiş 0,12 ha torpaq sahəsi ilə mülkiyyət hüququ ilə üçüncü şəxsə məxsus (xx.xx.2013-cü il tarixli ********** qeydiyyat №li daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) 0,12 ha bağ sahəsinin nömrələri eyni ( 255 “z”) nömrəli olsa da, həmin bağ sahələri bir-birindən aralıda yerləşən üst-üstə düşməyən, ayrıayrı bağ sahələridir və bununla bağlı onlar arasında mübahisə də mövcud deyildir ki, bütün bunlar işin mübahisələndirilməyən hallarını təşkil edir. Üçüncüsü, hamıya məlum olan hal ondan ibarətdir ki, 2005-ci ildə iddiaçıya bağ sahəsi ayrılarkən, sözügedən Bilgəh-Kürdəxanı-Sumqayıt dairəvi yolu da mövcud olmamışdır. Qeyd olunan şahid ifadəsindən də göründüyü kimi, sonradan yol çəkilmiş, yoldan 3-4 metr aralıda yerləşən həmin bağ sahəsinin, digər bağ sahələrinin də, yola baxan hasarı sadəcə sökülmüşdür. Ümumiyyətlə, cavabdehin özü tərəfindən belə bağ sahəsinin bütöv olaraq həmin yoldan kənarda yerləşdiyi mübahisələndirilmir. Belə olan halda, yəni sonradan tikilən yola görə bu vaxta qədər iddiaçının qanuni istifadəsində olmuş bağ sahəsi üzərində mülkiyyət hüquqları məhdudlaşdırıla bilməz. Sözügedən dairəvi yol Göradil qəsəbəsi ərazisindən keçməsinə gəldikdə, “Avtomobil yollarının mühafizəsi haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudlarında yerləşən avtomobil yollarına münasibətdə qorunma (mühafizə) zolaqları da istisna olunur. Mübahisəli bağ sahəsinin ərazinin bağların bölgüsünə dair sxematik xəritə ilə, eyni zamanda nömrəsindəki uyğunsuzluğa gəldikdə, sözügedən uyğunsuzluqları aradan qaldırmaq, məhz, cavabdeh orqanın qanunvericiliklə üzərinə düşən öhdəliyidir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərdə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. Digər tərəfdən “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələblərinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Cavabdehin bir hasar daxilində iki bağ sahəsinin olması ilə əlaqədar dəlillərinə gəldikdə, iddiaçının nümayəndəsinin izahatından göründüyü kimi, iddiaçının qohumu olan digər bağ sahibinin (X10) onunla mübahisəsi yoxdur və sonuncunun özü də məhkəmədə bir hasar daxilində ona məxsus olan bağ sahəsini özəlləşdirmək üçün cavabdeh idarəyə qarşı iddia qaldırmış və onun iddia tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-298/2023cü il tarixli qərarı ilə təmin olunmuşdur (qərar işə əlavə olunur). Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qeydiyyat orqanı tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə varmadan, iddiaçıya 2005-ci ildən qanuni istifadəsində olan bağ sahəsinə dair mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməklə, onun “Torpaq islahatı haqqında” Qanunun 9-cü və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.07-ci maddəsi ilə qorunan hüquqlarını pozmuşdur. Belə ki, “Torpaq islahatı haqqında” Qanunun qeyd olunan 9-cu maddəsi nəzərdə tutur ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi isə nəzərədə tutur ki, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ sahələrinə hüququn qeydiyyata alınması üçün əsasdır. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun olmamış, əsassız olaraq iddiaçının tələbi rədd edilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılığını mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1009/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalı və İddiaçı X1 X5 və İstismarı Birliyi ilə bağlanmış 35714 saylı müqavilə əsasında qanuni istifadəsinə verilmiş - Binəqədi rayonu, Görədil ərazisində yerləşən 12 sot bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, reyestrdən çıxarış, habelə, plan-ölçüsünün tərtib olunub verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 73, 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1009/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiaçı X5 və İstismarı Birliyi ilə bağlanmış 35714 saylı müqavilə əsasında qanuni istifadəsinə verilmiş - Binəqədi rayonu, Görədil ərazisində yerləşən 12 sot bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, reyestrdən çıxarış, habelə, plan-ölçünün tərtib olunub verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-76/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-76/2024
18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver