Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-76/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “müəyyən hərəkətləri etməkdən çəkinmə” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2-1(112)-14824/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı1 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin dam örtüyünün sökülərək yüngül konstruksiyalı mansard mərtəbəsi ilə əvəz edilməsinə icazə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçının əsl iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə əvəz edilməsini və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin eskiz layihəsinə uyğun dam örtüyünün sökülərək mansard mərtəbəsinin tikintisini məhdudlaşdıran hərəkətlərin edilməsindən çəkinmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mansard mərtəbəsinin tikintisi məqsədilə eskiz layihəni cavabdehə təqdim etmişlər. Cavabdeh tərəfindən dayanıqlılıq barədə ekspert rəyi tələb edildiyi üçün iddiaçılar Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə müraciət etmiş, ekspert rəyində layihənin Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun oldugu göstərilmişdir. Rəy cavabdehə təqdim edilsə də, cavabdeh layihəni təsdiq etməkdən imtina etmişdir. Hazırda cavabdeh tərəfindən hüquqlarının pozulduğunu hesab edən iddiaçılar məhkəməyə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2-1(112)-14824/2023 saylı qərarı ilə (hakim M.Qarayeva) iddia tələbinin təmin edilməsi, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin eskiz layihəsinə uyğun dam örtüyünün sökülərək mansard mərtəbəsinin tikintisini məhdudlaşdıran hərəkətlərin edilməsindən çəkinmək vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 Rayon İcra Hakimiyyətinə G-8/3-151/3-1 saylı, xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək, mülkiyyətində olan fərdi yaşayış evinin dam örtüyünün sökülərək təqdim edilən layihə əsasında mansard mərtəbəsinin tikintisinə icazə verilməsini xahiş etmiş və xx.xx.2021-ci il tarixli 04/13-11- 11/G-8/3-151/3-t/1 saylı məktubla tərəflərindən bildirilmişdir ki, yaşadığı fərdi yaşayış evində əlavə mansard mərtəbəsinin tikintisi işlərinin aparılması Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin, yəni yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti işlərinin aparılmasının əsas şərtlərinin, yanğından mühafizə, insolyasiya, təbii işıqlanma, qonşuluq prinsiplərinin və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 saylı Qərarının 8-ci bəndinin tələblərinə ziddir. Belə ki, təqdim olunan sənədlərin araşdırılması zamanı əlavə mansard mərtəbəsi inşa edildiyi halda fərdi yaşayış evinin divarı ilə torpaq sahəsinin sərhədi (hasarı) arasındakı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tələb olunan 2m. 10 sm. ara məsafəsinin saxlanılmasının nəzərə alınmadığı müəyyən edilmişdir. Bundan əlavə, mansarda mərtəbəsinin layihələndirilməsi zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin (Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları) 5-ci bəndinin tələbləri (yəni yan divarın hündürlüyü 1,6 metrdən az olmamalıdır) nəzərə alınmamışdır. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.8-ci maddəsinə əsasən yaşadığı ərazidə tikinti sıxlığı əmsalı yüksək olduğundan, həmçinin sözügedən ərazi “Böyük Bakının Regional İnkişaf Planı”na uyğun olaraq söküntü ərazisi olduğundan tikinti işlərinin aparılması məqsədəmüvafiq hesab edilmir. Sonradan iddiaçı eyni məzmunlu xx.xx.2022-ci il tarixli G-7-151 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş və iddiaçıya bildirilmişdir ki, mövcud evin dayanıqlığı barədə müvafiq rəy və əlavə tikinti işlərini özündə əks etdirən 3 nüsxədən ibarət layihə Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciətinə baxılacaqdır. Daha sonra, iddiaçının oğlu İddiaçı2 xx.xx.2022-ci il tarixli A-150-112 saylı, xx.xx.2022-ci il tarixli A-150/2-112/2 və xx.xx.2022-ci il tarixli A150/3-112/3 saylı ərizələr ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, əvvəllər təqdim etdiyi eskiz layihələrinin və ekspertiza rəyinin geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının oğlunun yuxarıda qeyd olunan müraciətlərinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixli A-170-151 saylı müraciətinin cavab məktubu hazır olduqdan sonra etibarnamə üzrə nümayəndəsi İddiaçı1 xx.xx.2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinə yaxınlaşaraq alt sənədləri imzalayıb 2 (iki) nüsxə, xx.xx.2019-cu il tarixində isə 1 (bir) nüsxə eskiz layihə təhvil almışdır. Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətində iddiaçı xx.xx.2013-cü il tarixli məktuba əsasən verilmiş ekspertiza rəyinin təqdim olunmasını xahiş etmişdir. Buna cavab olaraq bildirilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin cari arxivində 2017-2021-ci illəri əhatə edən dövr üzrə sənədlər mövcuddur. Belə ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.10-cu maddəsinə əsasən saxlanma müddəti başa çatdığı səbəbindən 2017-ci ilə qədər olan sənədlər-vətəndaş müraciətləri və məktublar saxlanma müddəti başa çatdığından (5 ildən bir) ekspertizadan keçdikdən sonra məhv edilmişdir. Göründüyü kimi, Rayon İcra Hakimiyyəti iddiaçının müraciətlərinə rədd cavabı verməmiş, cavablarda müraciətlərdə qaldırılan məsələ ilə əlaqədar olaraq qüvvədə olan qanunvericiliyin tələbləri barədə müvafiq izahatlar verilərək, mövcud nöqsanlar aradan qaldırıldıqdan sonra müraciətinə yenidən baxılacağı barədə bildirilmişdir. Birinci instansiya məhkəməsinin qərarında məhkəmə ekspertizası tədqiqatı ilə ünvan 4 ünvanında yerləşən iki mərtəbəli evin və əlavə edilmiş mansardın eskiz layihəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.5, 69-cu maddələrinin 8-ci bəndinin tələblərinə uyğun tərtib olunduğunun müəyyən olunduğu, cavabdehin iddiaçıya ünvanladığı imtina məktubundakı əsas hal isə mövcud evin dayanıqlığı barədə müvafiq rəyin verilməsi nəzərdə tutulmadığından cavabdehin iddiaçılardan müvafiq rəyin və icazə sənədinin əldə olunması barədə tövsiyəsi qeyd olunmuşdur. Məhkəmənin mövqeyinə əsasən AR Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin konkret siyahısı göstərilmiş və həmin siyahıda mövcud evin dayanıqlılığı barədə müvafiq rəyin alınması təsbit olunmamışdır. Evin dayanıqlığı barədə rəyin tələb olunmasının əsassız olması barədə məhkəmənin gəldiyi qənaət ilə bağlı qanunvericiliyin aşağıda qeyd olunan müddəalarına əsasən razılaşmırlar. Beləlikə qanunvericiliyin tələblərinə əsasən tikinti obyektinin etibarlılığı barədə Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq rəyin tələb olunması əsassız deyil, əksinə zəruridir. Birinci instansiya məhkəməsinin qərarında iddiaçının mansard mərtəbəsini artırmaq istədiyi evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına və Mülki Məcəllənin 152.1 və 152.2-ci maddələrinə əsaslanaraq iddiaçının həmin torpaq sahəsindən istədiyi kimi istifadə etmək, əmlakın hüququi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüququ olduğunu qeyd edir. Məhkəmənin bu nəticəsindən elə çıxır ki, hər kəs öz mülkiyyətində olan torpaq sahəsində Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərini nəzərə almadan istədiyi hərəkəti edə bilər. Məhkəmənin sözügedən maddələrə istinad edərək iddiaçının iddia tələbini əsaslı olduğunu sübut etmək məqsədi tamamilə yanlış olmuşdur. İddiaçı yeni ev inşa etməsə də, mövcud evinə mansard mərtəbəsi artırır. Belə hallarda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin məlumatlandırma icraatının tələbləri şamil olunur. Məhkəmənin mövqeyindən isə belə çıxır ki, mülkiyyətində, icarəsində və ya istifadəsində topraq sahəsi olan hər bir şəxs müvafiq qurumlardan icazə almadan, məlumatlandırma icraatı həyata keçirilmədən, şəhərsalma və tikinti normalarına riayət etmədən tikinti işləri apara və bununla da həm özlərinin həm digər şəxslərin həyatlarını risk altına ata bilərlər. Tikinti obyekti mövcud tikinti norma və qaydalarına, ərazi planlaşdırma layihələrinin əsas müddəalarına, insanların ekoloji, sosial cəhətdən təhlükəsiz və rahat fəaliyyətinin və yaşamasının təmin edilməsi tələblərinə cavab verməlidir. İddiaçı Rayon İcra Hakimiyyətinə eskiz layihə əsasında müvafiq tikinti işlərinin aparılması ilə bağlı müraciət etmiş, təqdim olunan layihə qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin yuxarıda qeyd olunan hüquq normalarının imperativ göstərişlərinə zidd olduğu üçün, həmin nöqsanların aradan qaldırıb yenidən müraciət etmək hüququnun olması iddiaçıya izah edilmişdir. Birinci instansiya məhkəməsinin qərarında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1824 nömrəli ekspert rəyinin nəticə hissəsindən yalnız 1-ci abzasa istinad olunmuş, 2-ci abzasa isə ümumiyyətlə əhəmiyyət verilməmişdir. Ekspert rəyinin 1-ci abzasında qeyd olunmuşdur ki, tədqiq olunan yaşayış evinin “A” saylı tikilisinin 1-ci və 2-ci mərtəbələrinin əvvəldən mövcud olduğunu, eləcə də eskiz layihəsinə əsasən mansardın 2-ci mərtəbəsinin üstündə binanın sərhədlərindən kənara çıxmadan layihələndirildiyini nəzərə alaraq, Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evinin və əlavə olunmuş mansardın eskiz layihəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.5, 69-cu maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 saylı Qərarının 8-ci bəndinin tələblərinə uyğun tərtib edildiyi müəyyən olunmuşdur. Sözügedən rəyin nəticə hissəsinin 2-ci abzasında isə qeyd olunmuşdur ki, tədqiq olunan torpaq sahəsində mövcud olan bütün yerüstü tikililərin ümumi sahəsinin 580,5 kv.metr, ümumi torpaq sahəsinin isə 350,0 kv.metr təşkil etdiyini nəzərə alaraq mübahisəli “A” saylı yaşayış evinin ərazisinin tikinti sıxlığı əmsalı ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.8-ci bəndinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.8-ci bəndinə əsasən ərazinin tikinti sıxlığı əmsalı – bina və qurğuların yerüstü mərtəbələrinin ümumi sahəsinin planlaşdırılan ərazinin ümumi sahəsinə olan nisbətidir. “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 21 Fevral 2014-cü il Tarixli 51 saylı Qərarının 4.13-cü bəndindən görünür ki, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin tikinti sıxlığı əmsalı 0,6-dan artıq ola bilməz. Həmin Qərarın 3-cü bəndinə əsasən ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən mərtəbələrin sahələri binanın xarici ölçüləri ilə müəyyən edilir. Bu zaman yalnız yerüstü mərtəbələr (mansarda mərtəbəsi daxil olmaqla) nəzərə alınır. Göründüyü kimi qeyd olunanlardan heç biri məhkəmə qərarında öz əksini tapmamışdır. Məhkəmə tərəfindən işin halları düzgün araşdırılmamış, iş üzrə mövcud sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarından kənara çıxılaraq əsassız qərar qəbul edilmişdir. Belə ki, iddiaçıya məxsus fərdi yaşayış evinin ərazisinin tikinti sıxlığı əmsalı 0,6-dan artıq olmuşdur. Mansard mərtəbəsinin də ərazinin tikinti sıxlığı əmsalı hesablanarkən nəzərə alındığına və iddiaçıya məxsus fərdi yaşayış evinin ərazisinin tikinti sıxlığı əmsalı qanunvericiliklə müəyyən olunan həddən artıq olmasına görə məhkəmə tərəfindən onun iddia tələbinin təmin olunması tamamilə əsassız olmuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə digər iddiaçıya və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən İddiaçı2 və cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışdan görünür ki, ünvan 3 iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətindədir. - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2022- ci il tarixli, məktubda bildirilmişdir ki, “əvvəllər təqdim etdiyiniz eskiz layihə və ekspertiza rəyinin Sizə geri qaytarılmasına köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş 13 oktyabr 2022-ci il tarixli A-150-112, 14 oktyabr 2022-ci il tarixli A-150/2-112/2 və 17 oktyabr 2022-ci il tarixli A-150/3-112/3 saylı müraciətlərinizə tərəfimizdən baxılmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, xx.xx.2019 tarixli A-170- 151 saylı müraciətinizin cavab məktubu hazır olduqdan sonra etibarnamə üzrə nümayəndəniz İddiaçı1 xx.xx.2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinə yaxınlaşaraq alt sənədləri imzalayıb 2 (iki) nüsxə, xx.xx.2019-ci il tarixində 1 (bir) nüsxə eskiz layihə təhvil almışdır. Müraciətinizdə qeyd etdiyiniz xx.xx.2013-cü il tarixli məktuba əsasən verilmiş ekspertiza rəyinin təqdim olunması ilə bağlı nəzərinizə çatdırırıq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin cari arxivində 2017-2021-ci illəri əhatə edən dövr üzrə sənədlər mövcuddur. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.1.10-cu maddəsinə əsasən saxlanma müddəti başa çatdığı səbəbindən 2017-ci ilə qədər olan sənədlər-vətəndaş müraciətləri və məktublar saxlanma müddəti başa çatdığından (beş ildən bir) ekspertizadan keçdikdən sonra məhv edilmişdir.” - Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Sizin mülkiyyətinizdə olan fərdi yaşayış evinin dam örtüyünün sökülərək mansarda mərtəbəsinin tikintisinə icazə verilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanladığınız xx.xx.2022-ci il tarixli, G-7-151 saylı müraciətinizə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, mövcud evin dayanıqlığı barədə müvafiq rəy və əlavə tikinti işlərini özündə əks etdirən fiziki və ya hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edilmiş 3 (üç) nüsxədən ibarət layihə Rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciətinizə yenidən baxıla bilər. Nəzərə almağınız xahiş olunur.” - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/1824 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunmuşdur ki, ünvan 3 ünvanda yerləşən iki mərtəbəli evin və əlavə edilmiş mansardın eskiz layihəsi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.5., 69-cu maddələrinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 saylı Qərarının 8ci bəndinin tələblərinə uyğun tərtib edildiyi müəyyən olunur. Beləliklə işdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyətindədir. İddiaçıların tələbi fərdi yaşayış evinin eskiz layihəsinə uyğun dam örtüyünün sökülərək mansard mərtəbəsinin tikintisini məhdudlaşdıran hərəkətlərin edilməsindən çəkinməyin cavabdehə qadağan edilməsidir. İşə baxmış birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin konkret olaraq siyahısı sadalanmış və həmin siyahıda mövcud evin dayanıqlığı barədə müvafiq rəyin alınması təsbit olunmamışdır. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Şəhərsalma və Tikinti Məcəlləsinin: -74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. -75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. İş materiallarından müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 parlı mülkiyyətində olan ünvan 8 ünvanında yerləşən mənzilin eskiz layihəsinə əsasən hündürlüyü 12 metrdən, mərtəbələrinin sayı isə 3-dən azdır. Bundan əlavə, işin apellyasiya icraatı zamanı məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/9885 saylı ekspertiza rəyinin nəticə hissəsindən görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi 2002-cı ildə planda ölçüləri 11,35x11,0 m olmaqla 2 mərtəbəli inşa olunduğu müəyyən edilmişdir. Evin bünövrəsi lentvari, en kəsik ölçüləri 600x600 mm olmaqla monolit dəmir-betondan, divarları qalınlığı 40 sm olmaqla mişarlanmış əhəng daşlarından örtükləri qalınlığı 200 mm olmaqla monlit dəmir-beton tavan inşa olunduğu müəyyən edilmişdir. Fərdi yaşayış evinin divarlarında en kəsik ölçüləri 400x200 mm olmaqla monolit dəmir-beton kəmər inşa olunduğu müəyyən edilmişdir. Fərdi yaşayış evinin dam örtüyü çardaq tipli olmaqla ağac elementlər üzrə dalğalı azbestsement vərəqlərlə örtülmüşdür. Vizual texniki baxış zamanı yükdaşıyan konstruksiyalarda çat və zədələrə rast gəlinmədi. Fərdi yaşayış evinin dayanıqlığa görə texniki vəziyyəti qənaətbəxşdir. ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün sökülərək eskiz layihəsinə uyğun olaraq mansard mərtəbəsinin inşası mümkün olduğu müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Həmin rəy Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəy əsasında verilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçılara məxsus olan mənzilin dam örtüyünün sökülərək mansard mərtəbəsinin tikintisini məhdudlaşdıran hərəkətlərin edilməsi iddiaçıların mülkiyyət hüququna əsassız müdaxilədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli, 2-1(112)-14824/2023 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-76/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-76/2025
08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver