Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-760/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Bəktaşi Səadət İnayət qızı və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3745/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (hazırki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq orta aylıq əmək haqqı əsas götürülməklə (həmin illər üzrə) hesablanması və pensiya hüququ yarandığı tarixdən hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş əmək pensiyasının təyin edilməli olduğu 55 yaşdan hal-hazıradək fərqin müəyyən edilərək cavabdehdən tutularaq, birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16.09.1977-ci il tarixdən 02.01.2003- cü il tarixədək Azon zavodunda işləmişdir. 16.09.1977-ci il tarixdən 25.01.1978-ci il tarixədək 44 saylı sexin germetizasiya sahəsində yığıcı (yarımötrücü cihazların qaynaqçısı) vəzifəsində işləmişdir. Bu sahədə iş zamanı 450 dərəcə temperaturda, mikrosxemdə hidrogen qazı istifadə edilməklə, AL və Au naqilləri ilə çıxışlara qaynaq edilmişdir. Qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarın 2 nömrəli siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə şifr 2170100a, kod 11982-yə və 23.01.2007-c il tarixli 12 saylı Qərarının 13(a) bölməsinə daxildir. 13.09.1984-cü il tarixdən 01.02.1993-cü ilədək 39 saylı sexin germetizasiya sahəsində qaynar üsulla cihaz və detalların qalayçısı vəzifəsində çalışmışdır.Qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 saylı Qərarın 2 nömrəli siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə şifr ******* a, kod 16464-ə və 23.01.2007-ci il tarixli 12 saylı Qərarının 13.1(a) bölməsinə daxildir. Beləliklə də o, 1977-ci ildən 2003-cü ilə qədər ağır işdə işləmişdir. 1977-ci ildən 1992-ci ilə qədər işləyəndə 5 uşaqlı ana olduğuna görə ona 52 yaşında pensiya təyin olunmuşdur. Ona az pensiya təyin olunmuş və qeyd edilən məsələ ilə bağlı güzəştli şərtlərlə pensiyanın verilməsi və yaxud yenidən hesablanması tələbinə dair ərizə ilə cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən imtina verilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının çalışdığı yığıcı şagirdi (16.09.1977-25.01.1978) və nişanlayıcı (25.01.1978-13.09.1984) peşələri NK-nın 1993-cü il tarixli 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıda öz əksini tapmayıb. İddiaçı 16.09.1977-25.01.1978-ci illər üzrə 44 saylı sexin germetizasiya sahəsində yığıcı; 25.01.1978-13.09.1984-cü illər üzrə nişanlayıcı; 13.09.1984-01.02.1993cü illər üzrə germetizasiya sahəsində qaynar üsulla cihaz və detalların qalayçısı peşələrin güzəştli olduğunu iddia edir. İddiaçı “Azon” zavodunun 24.09.2019-cu il tarixli, 03/287 saylı Arayışına istinad edərək NK-nın 1993-cü il tarixli 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahının “Radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı” adlanan XVİ Bölməsindəki şifrlər altında nəzərdə tutulmuş peşələrə istinad edir: 2170100a-1982, yarımötürücü cihaz qaynaqçıları; 2170100a-15452 tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddəli boyaqlarla işləyən cihaz və hissələrin rəngləyiciləri; 2170200a-16464 selen düzləndiricilərinə birləşdirilən qalaylarla məşğul olan radiohissələrin qalayçıları. Bu sonuncu peşə, adı çəkilən bölmənin “Selen turşularının və kuproksların düzləndiriclərinin istehsalı adlanan L alt-bölməsinə daxildir. Göründüyü kimi iddiaçının çalışdığı peşələrdə NK-nın 1993-cü il tarixli 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıda nəzərdə tutulmuş peşələrə uyğun gəlmir. Dolayısı ilə iddiaçının güzəştli iş stajı yetərsiz olduğundan filialın imtinası qanuni və əsaslı olub. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3745/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, peşələr uyğun gəlmir. Ola bilər ki, əmək kitabçasında qısa yazılsın, ona arayışla izah verilsin. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3745/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 1940-cı il təvəllüdlüdür, 23.07.1957-ci ildə 3 saylı Tikiş fabriki Kütləvi tikiş dərzisi vəzifəsinə qəbul edilmiş, 25.02.1959-cu ildə öz istəyinə əsasən işdən azad edilmiş, 01.10.1971-ci ildə oktyabr rayon 17 saylı Uşaq bağçasına paltaryuyan vəzifəsinə qəbul edilmiş, 01.09.1973-cı ildə-paltaryuyan vəzifəsindən azad edilir və tam məşğulluq üzrə dayə vəzifəsinə keçirilmiş, 12.03.1976-cı ildə tam məşğulluq üzrə dayə vəzifəsindən azad edilir və dayə-xadimə vəzifəsinə keçirilmiş, 13.09.1977-ci ildə öz istəyi ilə dayə-xadimə vəzifəsindən azad edilmiş, 16.09.1977-ci ildə “Azon” zavodu 4 saylı Sexdə Germetizasiya sahəsinə toplayıcı vəzifəsinə qəbul edilmiş, 25.01.1978-ci ildə 1-ci dərəcəli elektron cihazların markalanması peşəsi verilmiş, 28.05.1980-ci ildə 3-cü dərəcəli elektron cihazların və radio aparatlarının marka vuranı dərəcəsi verilmiş, 16.06.1984-cü ildə 3-cü dərəcəli qaynar üsulla cihazların qalayçısı ikinci peşə verilmiş, 13.09.1984-cü ildə 3-cü dərəcəli qaynar üsulla cihazların qalayçısı dərəcəsi verilmiş, 23.09.1991-ci ildə 43 saylı sexə 3-cü dərəcəli qaynar üsulla cihazların qalayçısı vəzifəsinə keçirlimiş, 01.02.1994-cü ildə AXO-ya xadimə qəbul edilmiş, 02.01.2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin 03/235 nömrəli 06 avqust 2020-ci il tarixli sorğuya cavab məktubdan görünür ki, İddiaçı həqiqətən də,16.09.1977-ci il tarixdən (əmr №586 14.09.1977) 02.01.2003-cü il tarixədək (əmr №65k 14.03.2003) “AZON” zavodunda işləyib. 16.09.1977-ci il tarixdən 25.01.1978-ci il tarixədək 44 saylı sexin germetizasiya sahəsində yığıcı (yarımötürücü cihazların qaynaqçısı) vəzifəsində işləyib. ( 4 ay 9 gün). Bu sahədə iş zamanı 450C temperaturda, mikrosxemdə hidrogen qazı istifadə edilməklə, Al və Au naqilləri ilə çıxışlara qaynaq edilmişdir. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarın 2№li siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr ******* a, kod 11982-yə və 23.01.2007-ci il tarixli 12 saylı qərarının 13(a) bölməsinə daxildir. 25.01.1978-ci ildən 13.09.1984-cü ilədək nişanlayıcı (rəngləyici) vəzifəsində işləyib. (6 il 7ay 18 gün) Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993- cü il tarixli 320 saylı qərarın 2№-li siyahısının XVİ bölgüsünə, istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 2170100a, kod 15452-yə və 23.01.20074-ci il tarixli 12 saylı qərarının 13(a) bölməsinə daxildir. 13.09.1984-cü ildən 01.02.1993-cü ilədək 39 saylı sexin germetizasiya sahəsində qaynar üsulla cihaz və detalların qalayçısı vəzifəsində işləyib( 8 il 4 ay 18 gün). Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarına əsasən XVİ bölgünün istehsalatda zərərli maddələrlə işləyən sahəyə: şifr 2170200a, kod 16464-ə və 23.01.2007-ci il tarixli 12 saylı qərarının 13.1(a) bölməsinə daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 22 mart 2020-ci il tarixli **********8 saylı məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ( istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şətlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nın radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı bölməsində (XVİ şifr-2170100) yarımötürücü cihaz qaynaqçıları (kod-11982) və tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddəli boyaqlarla işləyən cihaz və hissələrin rəngləyiciləri (kod-15452) vəzifələri nəzərdə tutulmuşdur.İddiaçının 18 avqust 1957-ci il tarixli əmək kitabçasında "xxxx" MMC-nin germetizasiya sahəsində 16.09.1977- 25.01.1978-ci il tarixləri arasındakı dövr ərzində yığıcı şagirdi və 25.01.1978-13.09.1984-cü il tarixləri arasındakı dövr ərzində nişanlayıcı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifələr yuxarıda qeyd edilən vəzifələrə uyğun deyildir. Bu səbəbdən də onun güzəştli iş stajı 10 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir. 1. Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 2. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən avqustun 1-dək hər il 6 ay artırılır. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 10 il güzəştli stajının malik olub-olmamasıdır. İlk növbədə iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına hüquq verən konkret hansı peşələrdə işlədiyini, müvafiq kodlara istinadla həmin peşələrin Siyahıda nəzərdə tutulub-tutulmadığını, eləcə də güzəştli şərtlə pensiya hüququ verən işlərdə çalışmanın qanunvericiliyin tələb etdiyi müddətlərdə olduğunu dəqiq göstərilməlidir. Lakin iddiaçının AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda, AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəriciləri”ndə peşələrdə azı 10 il əmək stajının olması iş materialları ilə təsdiqlənmir. Azərbacan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC tərəfindən təqdim edilmiş 06 avqust 2020-ci il tarixli, 03/235 saylı arayışından da görünür ki, iddiaçı 13 sentyabr 1984-cü ildən 01.02.1993-cü ilədək 39 saylı sexin germetizasiya sahəsində qaynar üsulla cihaz və detalların qalayçısı vəzifəsində 8 il 4 ay 18 gün işləmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna malik ola bilməsi üçün lazımi qədər güzəştli əmək stajı yaranmır. Eyni zamanda, arayışda iddiaçının 16.09.1977-ci il tarixdən 25.01.1978-ci il tarixədək germetizasiya sahəsində yığıcı (yarımötürücü cihazların qaynaqçısı), 25 yanvar 1978-ci ildən 13 sentyabr 1984-cü ilədək nişanlayıcı (rəngləyici) vəzifəsində işlədiyi qeyd edilsə belə, əmək kitaçasından görünür ki, iddiaçı həmin tarixlərdə toplayıcı və cihazların markalanması peşəsində işləmişdir. Birinci instansiya məhkəməsi yığıcı vəzifəsinin yarımötürücü cihazların qaynaqçısı, nişanlayıcı vəzifənin rəngləyici vəzifə ilə eynilik təşkil etməsinə dair ətraflı məlumatın verilməsi məqsədilə Azərbacan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-yə sorğu ünvanlamış, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin 03/32 nömrəli 09 sentyabr 2020-ci il tarixli sorğuya cavab məktubdan görünür ki, İddiaçı həqiqətən 16.09.1977-ci il tarixdən (əmr №586 14.09.1977) 02.01.2003-cü il tarixədək (əmr №65k 14.03.2003) “Azon” zavodunda işləyib. 16.09.1977-ci il tarixdən 25.01.1978-ci il tarixədək 44 saylı sexin germetizasiya sahəsində yığıcı (yarımötrücü cihazların qaynaqçısı) vəzifəsində işləyib. Bu sahədə iş zamanı 450 C temperaturda, mikrosxemdə hidrogen qazı istifadə edilməklə, Al və Au naqilləri ilə çıxışlara qaynaq edilmişdir. Qalay, civə, indium və qalium birləşmələrindən alınan civəli yağlamadan istifadə edilmişdir. Kanifol, azot, xlorid turşusu və qliserin qatışından alınan flyus birləməsindən istifadə edilib. 13.09.1984-cü ildən 01.02.1993-cü ilədək 39 saylı sexin qermetizasiya sahəsində qaynar üsulla cihaz və detalların qalayçısı vəzifəsində işləyib. Bu işin icrası zamanı mikrosxemlər fotorezistdə aşılanıb, xlorid turşusu, qliserin və qalay istifadə edilməklə mikrosxemlərin çıxışlarının səthi qalaylanıb. Xüsusi olaraq qeyd edilmişdir ki, qermetizasiya sahəsində daimi olaraq, müxtəlif kimyəvi maddələrdən, o cümlədən xlorid, selen, nitrat, sulfat, azot, ftorit, fosfat turşularından, qələvilərdən, butilasetat, dimetilformamid, dibutilftalat, dəmirxlorid, qliserin, qalay, toluol, aseton, üzvi həlledicilər və b. kimyəvi maddələrdən istifadə edilib. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının toplayıcı –yığıcı və cihazların markalanması nişanlayıcı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarın 2 nömrəli siyahısında müvafiq kodla göstərilməmişdir. Belə olan halda iddiaçı üçün tələb olunan güzəştli iş stajı tamamlanmır. Apellyasiya baxışı zamanı məhkəmə iclaslarında iştirak etmiş iddiaçı öz izahatında bildirmişdir ki, aparatlar var idi, aparatlara keçirib boya vururdular. Sxemlərin nömrələri düşürdü. Onu hazır vəziyyətdə verirdilər. 220 dərəcə istilikdə qalay əriyirdi. Sxemləri qalayın içinə salırdılar. Qalayın içinə dərmanlar tökürdülər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-3745/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-760/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-760/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver