Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-760/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Anar Vəzir oğluTanrıverdiyevdən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3596/2014 saylı 08 oktyabr 2021-ci il tarixli qərardadından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 16.04.2007-ci ildən əmək pensiyası təyin edilməklə pensiyanın həmin dövrdə qüvvədə olan qaydada 2004-2005-ci illərin əmək haqqından hesablanaraq 16.04.2009-cu il tarixə və 16.04.2009-cu ildən bu günədək yaranacaq fərq məbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3596/2014 saylı 30 oktyabr 2014-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən 11.06.2015-ci il tarixdə məhkəməyə daxil olmuş məktubdan görünür ki, qərar icra edilmişdir. 13.02.2020-ci il tarixdə cavabdeh tərəfindən yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3596/2014 saylı 19 mart 2020-ci il tarixli qərardadı ilə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkün hesab edilməməsi qərara alınmışdır. Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3596/2014 saylı 30 oktyabr 2014-cü il tarixli qərarından apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3596/2014 saylı 19 mart 2020-ci il tarixli qərardadından da apellyasiya şikayəti verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1237/2020 saylı 11 iyun 2020-ci il tarixli qərardadı ilə 30.10.2014-cü il tarixli məhkəmə qərarından verilmiş apellyasiya şikayətinin mümkün sayılmaması və apellyasiya şikayətinin qəbul olunmasından imtina edilməsi, 19.03.2020-ci il tarixli qərardaddan verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və 19.03.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 15.10.2020-ci il tarixdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edərək, icraatın təzələnməsi barədə qərar qəbul edilməsi, eyni zamanda ərizəçinin əsl ərizəçi olan DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial ilə əvəz edilməsini xahiş etmişdir. Eyni zamanda 29.04.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı ərizə verərək, Dövlət Sosial Müdafiə X5 şəxsinin 3cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3596/2014 saylı 08 oktyabr 2021-ci il tarixli qərardadı ilə “yeni açılmış hallarla bağlı” ərizənin mümkün sayılmaması, “3-cü şəxsin cəlbi, qərarın ləğvi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti “Dövlət Sosial Müdafiə X5 şəxsinin üçüncü şəxs kimi işə cəlb edilməsi barədə vəsatətin təmin edilməməsi” hissəsində əsaslandırılmamış, “yeni açılmış hallarla bağlı ərizənin mümkün sayılmaması” ilə bağlı bildirilmişdi ki, İddiaçı iddia tələbi üzrə məhkəmə aktı qəbul edilərkən onun X1 “Neft Daşları” Neft və qazçıxarma İdarəsində işləməsi barədə KŞ-02/28 saylı 06.06.2014-cü il tarixli arayışa istinad edilmişdir. Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ********* nömrəli 17 sentyabr 2021-ci il tarixli və ********* nömrəli 06 sentyabr 2021-ci il tarixli cavab məktublarında qeyd edilmişdir ki, İddiaçı və qeyrilərinə əsassız olaraq pensiya təyin edilməsi barədə DSMF-nin Suraxanı rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə istintaq davam etdirilir. Məhkəmə tərəfindən isə qeyd edilmiş hallar araşdırılmamış və müvafiq qərardad qəbul edilmişdir. Qərardad əsassızdır. Şikayət mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması 26.01.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında İddiaçı və Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı məhkəmə iclası barədə məlumat olan məhkəmə bildirişlərinin göndərilməsi barədə poçt zərflərinin üzərindəki qeydlərə əsasən «ünvan düzgün deyil və bu ünvanda yaşamır» səbəbindən geri qaytarıldığı üçün məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştiraklarını təmin edə bilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etiraz edərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçısının izahatını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, əvvəla qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi Dövlət Sosial Müdafiə X5 şəxsinin hazırki iş üzrə üçünşü şəxs kimi cəlb olunması barədə vəsatəti rədd edərkən ona istinad etmişdir ki, apellyasiya instansiya məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərardadı ilə DSMF Suraxanı rayon Şöbəsinin verdiyi apellyasiya şikayətinin qəbulundan imtina olunmuş, bununla yanaşı, tabeliyində struktur bölməsi müvafiq inzibati mübahisə və məhkəmə qərarı barədə yetərli həddə məlumatlı olan, eləcə də məhkəmə icraatının cavabdeh qismində iştirakçısı olaraq həmin qərarın icrasını birbaşa həyata keçirən hazırda publik hüquqi şəxs statuslu Dövlət Sosial Müdafiə Fondunun məhkəmə qərarının qəbulundan 5 il 6 ay vaxt keçdikdən sonra inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması həm müddət, həm də hüquqların və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmaması baxımından məqsədəuyğun sayıla bilməz. Bu qənaət ondan irəli gəlir ki, cəlbetmə üzrə prosessual müddət buraxılmışdır, çünki tələbi təmin olunmayan proses iştirakçılarının 30 gün müddətində şikayət vermək hüququnun olması nəzərə alınaraq, cəlb olunmaq istəyən şəxsin məlumatlı olduğu vaxtdan 30 gün ərzində müraciət edə bilməsi İPM-də birbaşa nəzərdə tutulmasa da, müəyyən edilmiş prinsiplərə uyğundur. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə DSMF-nun hüquqları və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması da müəyyən edilmir. Apelyant öz apellyasiya şikayətinin nəticə hissəsində 08.10.2021-ci il tarixli qərardadın ləğv edilməsi və DSMF publik hüquqi şəxsinin 3-cü şəxs kimi icraata cəlb olunmasını xahiş etsə də, apellyasiya şikayətinin məzmununda qərardadın “cəlbetmə barədə vəsatətin rədd olunması” ilə bağlı hissəsini mübahisələndirdiyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası “DSMF publik hüquqi şəxsinin 3-cü şəxs qismində işə cəlb olunması” barədə verilmiş vəsatətin təmin olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, həm də apellyasiya şikayətində bununla razılaşmayan apelyantın əsaslandırmasının olmadığını nəzərə alaraq hesab edir ki, qərardad həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə birinci instansiya məhkəməsinin “yeni açılmış hallarla” bağlı ərizənin mümkün sayılmaması barədə gəldiyi nəticəyə münasibətdə Kollegiya hesab edir ki, həmin hissədə də məhkəmənin mövqeyi qanuni və əsaslı olmuşdur. Belə ki, bu barədə qeyd olunur ki, əvvəla bundan öncə də DSMF-nun Suraxanı rayon Şöbəsinin “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə ərizəsi olmuş, həmin ərizə birinci instansiya məhkəməsinin 19.03.2020-ci il tarixli qərardadı ilə ərizəçinin ərizə ilə məhkəmə qərarını qanuni qüvvəsini aldığı vaxtdan 3 il keçdikdən sonra müraciət etdiyi və bununla da qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbindən mümkün hesab olunmamışdır. Həmin qərardad apellyasiya qaydasında dəyişdirilmədən saxlanıldığı üçün qanuni qüvvəsini almışdır. Hazırki halda “yeni açılmış hallarla” bağlı ərizənin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilməsi nəticə etibarilə vəziyyəti dəyişmir. Qeyd olunmalıdır ki, adı çəkilən qurumun ərizəsi birinci instansiya məhkəməsi tərəfindən rədd edilərkən ərizəçinin 30.10.2014-cü il tarixli qərardan 22.05.2015-ci il tarixədək məlumatlı olmasına, yeni açılmış hallara dair ərizənin isə 15.10.2020-ci il tarixdə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarixdən 5 ildən artıq vaxt keçdikdən sonra verilməsinə, ilkin icraat zamanı məhkəmənin hər hansı hökmə istinad etmədiyinə əsaslanmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın yeni açılmış hallar üzrə icraatın təzələnməsi əsası kimi istinad etdiyi hal barədə məlumatı olduğu 22.05.2015-ci il tarixdən (2-1(82)-3596/2014 saylı qərarın icra edilməsi barədə məktubun tarixi) 3 aydan çox müddət keçdikdən sonra, yəni 13.02.2020-ci il tarixdə verilmişdir ki, bu da ərizə üzrə icraatın təzələnməsi barədə ərizənin verilməsini qeyrimümkün edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin və “yeni açılmış hallarla” bağlı ərizənin dəlilləri qanunvericiliyin tələblərinə görə qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 08.10.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3596/2014 saylı 08 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-1(103)-760/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-760/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver