Məhkəmə qərarları › İş №2-1(103)-760/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-760/2023

12.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-760/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Cəfərov Namiq Şamil oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2, üçüncü şəxsin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) “birdəfəlik müavinətin ödənilməsi tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9600/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu, yəni X4 işsiz şəxs kimi ödənilməli olan birdəfəlik 190 manat pul müavinətinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə 10 iyul 2018-ci il tarixdə iddiaçının oğlu X1 regional “ASAN xidmət” mərkəzində 20 il müddətinə (xx.xx.2038- ci il tarixədək) İddiaçı (yəni, atasına) adına etibarnamə vermişdir. Covid-19 koronavirusu ilə əlaqədar Respublika ərazisində karantin rejimi tətbiq edilmişdir. Bununla əlaqədar ölkədə olan işsizlərə dövlət tərəfindən birdəfəlik 190 manat məbləğində müavinətlərin ödənilməsi qərara alınmışdır. Həmin müavinətin ödənilməsi aprel və may ayları üçün nəzərdə tutulmuşdur. Oğlu da bununla əlaqədar mesaj göndərmiş və işsiz şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik 190 manat müavinət ona təyin edilmişdir. Həmin müavinətin aprel ayı üçün ödənilməsi Cavabdeh MMC-yə və onun filialarına həvalə edilmiş, may ayı üçün ödənilməsi isə banklara həvalə edilmişdir. Oğlu hazırda Respublika ərazisində olmadığı üçün onun və özünün şəxsiyyət vəsiqəsini və etibarnaməni» götürərək, həmin müavinəti almaq üçün Cavabdeh MMC-nin Lənkəran rayon Poçl Filialına və həmin filialın Boladi kənd şöbəsinə müraciət etmiş, etibarnaməsi olmasına baxmayaraq ona həmin müavinətin verilməsindən imtina edilmişdir. Bundan sonra həmin müavinət may ayı üçün bank vasitəsi ilə ödəniləndə o, yenidən oğlunun və özünün şəxsiyyət vəsiqəsini və etibarnaməsini götürərək banka getmiş və həmin sənədləri təqdim edərək, oğluna təyin edilmiş 190 manat müavinət pulunu etibarnamə əsasında almışdır. Bundan sonra o, oğluna təyin edilmiş 190 manat müavinət pulunun aprel ayı üçün nəzərdə tutulmuş hissəsini aimaq üçün rəsmi qaydada ərizə formasında Cavabdeh MMC-nin Lənkəran rayon Poçt Filialına rəsmi qaydada müraciət etsə də, sonuncu ödəmədən imtina edərək ona ünvanlanmış məktubunda bildirilmişdir ki, Cavabdeh MMC-dən daxil olan sxem-004 xx.xx.2020-ci il tarixli teleqrammaya əsasən işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik müavinətlər 190 manat etibarnamə vasitəsilə digər şəxslərə ödəniş etmək qəti qadağandır, vəsait ancaq təyin edilən şəxsin özünə ödənilməlidir. O, bu barədə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksəl Texnologiyalar Nazirinə müraciət etmiş, oradan da ona imtina olunmuşdur. O, 190 manat müavinət pulunu may-iyun ayları üzrə bank vasitəsi ilə almış və heç bir problem də olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7072/2020 saylı 30 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardadan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1023/2021 saylı 17 fevral 2021-ci il tarixli qərardadı ilə təmin edilmiş, qərardad ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməyə göndərilmişdir. İşə təkrarən baxılarkən Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)- 6445/2021 saylı qərardadı ilə iddiaçının ərizəsinə əsasən iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (indiki Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) əsl Cavabdeh MMC ilə əvəz edilmiş, Nazirliyin isə hüquqi statusu cavabdehdən 3-cü şəxsə dəyişdirilmişdir. Daha sonra, işə mahiyyəti üzrə baxılaraq Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-6445/2021 saylı qərarı ilə İddiaçı Cavabdeh MMC-nə qarşı iiddia ərizəsi təmin edilmiş və X4 işsiz şəxs kimi ödənilməli olan birdəfəlik 190 manat pul müavinətinin İddiaçı ödənilməsi öhdəliyinin Cavabdeh MMC-yə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. İşin apellyasiya icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1496/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)- 1496/2022 saylı qərardadı ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9600/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq baxılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı əsassız və qanunsuzdur.Maddi hüquq normaları pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi oğlu X4 190 manat birdəfəlik tüavinəti təyin etmiş və və bununla əlaqədar “e-sosial az” portalı vasitəsi ilə 29 aprel 2020-ci il tarixdə saat 12:50-dı onun istifadəsində olan ***-***-**-** nömrəli telefonuna bildiriş mesajı göndərilmişdir. Həmin Nazirlik 190 manat birdəfəlik müavinəti oğlu Nihada ödəməkdən imtina etmir ki, o, oğlunun nümayəndəsi kimi, həmin Nazirliyə qarşı iddia qaldırsın. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən birdəfəlik müavinət təyin edilməsi ƏƏSMN tərəfindən həyata keçirilmiş, amma ödənişlərin həyata keçirilməsi 1-ci ay üçün Cavabdeh MMC-yə, digər aylar üçün isə banklara həvalə edilmişdir. Bu səbəbdən əsl Cavabdeh MMC-nin ƏƏSMN ilə əvəz edilməsi yolverilməzdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Cavabdeh MMC-nin əsl cavabdeh olduğunda israrlı olduğunu bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim edərək, apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi S.Süleymanzadə iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qərardadını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi A.Qocayev hər bir halda, dolayısı ilə iddiaçının tələbi üzrə əsl cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi olduğu qənaətinə gəlsə də, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasının əsaslılığına münasibət bildirməmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, subyektiv hüququ olan şəxs tərəfindən qanunla cavabdehliyi müəyyən edilən inzibati orqana qarşı inzibati mübahisəyə dair iddia inzibati icraat qaydasında baxılan iddia növlərinə uyğun formada qaldırılmalı və formal şəkildə əsaslandırılmalıdır ki, məhkəmə icraatı mümkün sayıla bilər. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə müvafiq olaraq məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir İşin qeyd olunan faktiki halarından göründüyü kimi, iddiaçı, oğlu Nihad Ağayevə verilməli olan, 190 manat birdəfəlik ödəmənin etibarnamə əsasında ona verilməsi ilə bağlı Cavabdeh MMC-yə müraciət etmiş, lakin sonuncu iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda Cavabdeh MMC-də birdəfəlik ödəmənin nağdlaşdırılmasının etibarnamə əsasında həyata keçirilməsinin dayandırıldığını bildirərək, həmin ödəməni alması üçün aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməsi tövsiyə olunmuşdur. Lakin konkret halda, iddiaçının tələbindən göründüyü kimi, o, öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “COVİD-19 pandemiyası ilə əlaqədər tətbiq olunan “xüsusi karantin rejimi” ilə bağlı 2020-ci ilin aprel ayı üçün, onun işsiz statusu nəzərə alınmaqla, 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi vəzifəsinin məhz, Cavabdeh MMC-yə həvalə edilməsini tələb etmiş və birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Belə ki, «Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 №-li sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” ilə q Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin “Qayda”nın 1-ci bəndi ilə aşağıdakılar müəyyən edilmişdir: 1.1. Koronavirus (COVİD19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (“MEİS”) “Məşğulluq” altsistemində (“MAS”) işsiz kimi qeydiyyatda olan şəxslərə aylıq birdəfəlik ödəmənin verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə...”; 3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət edir. 3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul olunur...; 3.6. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir. “Qayda”nın qeyd olunan müddalarından göründüyü kimi, birincisi, xüsusi karantin rejimində işsiz statusu olan şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlayyətinə aid edilmiş və həmin nazirlik tərəfindən ödəmənin bank və ya poçt vasitəsi ilə həyata keçirlməsi nəzərdə tutulmuşdur. İşdən aydın olur ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən işsiz şəxslərə birdəflik ödəmə ilk öncə, nağdlaşdırılmış qaydada verilməsi üçün vəsait poçt orqanı vasitəsilə həyayata keçirilmişdir. Belə ki, konkret halda iş materiallarına əsasən müəyyən olunur ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən, 31 avqust 2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubları ilə 190 manatla bağlı xərclənməmiş vəsaitin dövlət büdcəsinə qaytarılması üçün Cavabdeh MMC-dən müvafiq tədbirlər görülməsi xahiş olunmuş və sonuncu tərəfindən 22 sentyabr 2021-ci il tarixli ödəniş qəbzinə əsasən 2.048.113 manat 83 qəpik pul vəsaiti Cavabdeh MMC-nin Poçt filialı tərəfindən Bakı şəhər maliyyə idarəsinin hesabına qaytarılmışdır. Qeyd edilənlərdən göründüyü kimi, Cavabdeh MMC nə birdəfəlik ödəmə təyin edən və bu barədə müvafiq qərar qəbul edən səlahiyyətli dövlət orqanı deyildir. Həmin səlahiyyətə malik olan səlahiyyətli orqan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyidir ki, sonuncu tərəfindən də ödənilməsi üçün hazırkı Cavabdeh MMC-yə köçülümüş pul vəsaiti elə həmin nazirliyin tələbinə (ərizəsinə) əsasən də Cavabdeh MMC tərəfindən geri, yəni, nazirliyin hesabına qaytarılmışdır. Belə olan təqdirdə, konkret halda, İddiaçı 2020-ci ilin aprel ayı üçün 190 manat məbləğində birdəfəlik ödəmənin Cavabdeh MMC-dən tələb etməsi ilə bağlı hazırkı iddiasına cavab verməli olan şəxs olmadığından, ona qarşı irəli sürülən həmin iddia, əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. İş materiallarından da görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbini dəqiqləşdirməsi barədə iddiaçıya təkliflər edilsə də nəticəsi olmamış, əksinə, bir daha ərizə təqdim edərək, ödəmənin məhz hazırkı cavabdez Cavabdeh MMC tərəfindən ödənilməli oldunu bildirmişdir. Hətta hazırki apellyasiya mərhələsində də məhkəmə kollegiyası tərəfindən iddiaçıya cavabdeh "xxxx" MMC-nin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsi dəfələrlə təklif olunsa da, məhkəmənin bu təklifi israrlı şəkildə iddiaçı tərəfindən rədd edilmiş, əlavə ərizə məhkəməyə təqdim edərək, iddia tələbinin təmin edilərək, 190 manat birdəfəlik ödəmənin, oğlunun nümayəndəsi kimi, ona ödənilməsi barədə "xxxx" MCC-nin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə də iddiaçının Cavabdeh MMC-yə qarşı hazırkı iddia tələbinin mümkünlük şərtləri sübuta yetirilmir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını işin hallarına, maddi və prosessual hüquq normalarının uyğun nəticə kimi qiymətləndirir və yekunda kimi qanuni və əsaslıdır. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2-1(112)-9600/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 80, 90 və 94-cü maddələrini rəhbər tutuaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9600/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar