Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-760/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8998/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 63 yaş 6 ayının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2022-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-8998/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 63,5 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2022-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2019-cu il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əmək pensiyası hüququ verən yaş həddinə (xx.xx.2018-ci il tarixdə) çatmasına baxmayaraq, tələb olunan sığorta stajının olmadığı müəyyən edilmişdir. İddiaçının əmək fəaliyyəti üzrə mübahisələndirilməyən və mübahisələndirilən dövrlər aşağıdakı kimidir: Mübahisələndirilməyən dövrlər: 22 il 7 ay; Mübahisələndirilən dövrlər: 6 il 3 ay 3 gün - xx.xx.1994-cı il tarixdən xx.xx.1996-cı il tarixədək “Bərəkət" kiçik dövlət müəsissəsində və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Azərnəqliyyatyoltikinti" ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarında əmək fəaliyyəti dövrü. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrləri də daxil olmaqla əmək fəaliyyəti üzrə sığorta stajı 28 il 10 ay 3 gün təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən “Bərəkət” kiçik dövlət müəsissəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək olan əmək fəaliyyəti dövrünün, eyni zamanda Azərbaycan Respublikası "xxxx" ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarının xx.xx.2021-ci il tarixili № 04-A arayışına əsasən 518 saylı Tikinti Quraşdırma Qatarının 1997-2001-ci illər üzrə bəzi sənədləri idarə köçürülən zaman daşınmadığı üçün iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan əmək fəaliyyəti dövrünün araşdırılması mümkün olmamışdır. Bu səbəbdən qeyd olunan dövrlər sığorta stajına əlavə edilməmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarında işlədiyi dövrə dair işə daxilolma əmri rus dilində yazıldığından həmin dövrlərin mötəbərliyinə şübhə doğurur. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində göstərilən hər iki şərti ödənməlidir. İddiaçı ona pensiya təyin edilməsi üçün qanunla tələb olunan yaş həddinə çatmışdır. Lakin yuxarıda qeyd olunan qanunun 7-ci maddəsində tələb olunan sığorta stajı 25 il olmasına baxmayaraq, iddiaçının əmək kitabçasında mövcud olan sığorta stajına uyğun olaraq ona pensiya təyin edilməsi qanuna ziddir. İddiaçı tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilər 65 yaşma çatdıqda 25 il ümumi iş stajına və ya qanunvericilikdə tələb olunan pensiya kapitalı olduqda yaşa görə əmək pensiyası hüququna malik olurlar. Əmək pensiyası hüququnun müəyyən olunması üçün əsas sənəd əmək kitabçasıdır və iddiaçının adına açılmış əmək kitabçası əsasında ümumi iş stajı 25 ildir. İş stajı müəyyən olunan zaman xx.xx.2006-cı ilədək olan dövr heç bir əlavə tələb olunmadan əmək kitabçası əsasında müəyyən edilir və ümumi iş stajı kimi nəzərə alınır. xx.xx.2006-cı ildən sonrakı dövr sosial sığorta stajı kimi nəzərə alınmaq üçün məcburi dövlət sosial sığorta haqqının ödənilməsi zəruri şərtdir. Təqdim etdiyi sənədlər “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinin şərtində tələb olunan zəruri və vacib səbəblərə uyğun olduğundan məhkəmə iddia tələbini təmin etmişdir. Cavabdehin şikayətində göstərilən əmək kitabçasının 7-ci səhifəsində aparılmış qeydlərin rus dilində olması səbəbi əsassızdır. İddiaçı əmək kitabçasının yazılmasında məsul şəxs deyil, vaxtı ilə hansı dildə və hansı əlifba ilə yazılması və sosial sığorta haqqının ödənilib-ödənilməməsi pensiya hüququndan imtinaya səbəb olan faktlar deyil. Qeyd etdiyi kimi xx.xx.2006-cı ilədək Əmək Məcəlləsinin 87-ci maddəsində yazıldığı kimi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır və bu dövrə aid ümumi iş stajı üçün məcburi dövlət sosial sığorta haqqı tutulub-tutulmaması tələb olunmayıb. Eyni zamanda sosial sığorta haqlarının tutulmasına cavabdeh sığorta olunan deyil, sığorta edəndir ki, buna da nəzarəti DSMF həyata keçirirdi. Bu müddət ərzində məcburi dövlət sosial sığorta haqlarının tutulmadığına dair DSMF-nin hansı tədbirlər görməsi barədə cavabdehin əlində hansı əsaslar var? Cavabdehin apellyasiya şikayətinin əsassız hesab edilməsini, qəbul edilmiş məhkəmə qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur. İş materiallarında olan YU seriyalı 000103 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1971-1976-cı illərdə Quba rayon X1 təhsil almışdır. İş materiallarında olan NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, yaşa görə əmək pensiyası hüququ xx.xx.2018-ci il tarixində yaranmışdır. Təqdim etdiyi əmək kitabçası, təhsil haqqında diplom və hərbi biletin surətlərinə əsasən sığorta stajı (xx.xx.1971-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığı illər) 22 il 7 ay təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, X3inin nəticəsinə əsasən “Bərəkət” kiçik dövlət müəsissəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək kitabçasında qeyd edilən xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək olan əmək fəaliyyəti dövrünün, eyni zamanda Azərbaycan Respublikası "xxxx" ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarının xx.xx.2021-ci il tarixili № 04-A arayışına əsasən 518 saylı Tikinti Quraşdırma Qatarının 1997-2001-ci illər üzrə bəzi sənədləri idarə köçürülən zaman daşınmadığı üçün əmək kitabçasında qeyd edilən xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünün araşdırılması mümkün olmamışdır. Bu səbəbdən qeyd olunan dövrlər sığorta stajına əlavə edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilinəsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericiliklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq “Bərəkət” kiçik dövlət müəssisəsi xx.xx.1997-ci il tarixində özəlləşdirilmiş və İddiaçı adı əsas iş yeri həmin müəssisə olan işçilərin siyahısına daxil edilmişdir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 336 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin (o cümlədən, 518 saylı Tikinti Quraşdırma Qatarının) bazasında "xxxx" ASC yaradılmış və səhmlərinin 34.34 faizi özəlləşdirilmişdir. Xidmətin arxivində olan "xxxx" ASC yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) əmək kollektivinin siyahısında İddiaçı adı aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “AGİL LTD CO” firmasına və “Bərəkət" kiçik dövlət müəssisəsinə dair məlumat mövcur deyildir. "xxxx" ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarı 14 iyun 1996-cı il, “SKANER” Elmi istehsalat firması isə 26 avqust 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 518 saylı Tikinti Quraşdırma Qatarı xx.xx.1995-ci il tarixdə, D-3166 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış və hal-hazırda fəaliyyəti dayandırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 518 saylı Tikinti Quraşdırma Qatarının hüquqi varisliyi barədə hüquqi şəxslərin dövlət reyestr məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. Vətəndaşın təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1971-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək, xx.xx.1979-cu il tarixindən xx.xx.1994-cü il tarixinədək ümumilikdə 22 il 7 ay mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda bildiririk ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Vətəndaşın xx.xx.2006-cı il tarixinədək 22 il 7 ay sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalı 6910,5 manat təşkil edir: (22 il+7ay/12ay) x 306manat=6910,5 manat, xx.xx.2006-cı il tarixinədək olan fərdi hesabının sığorta kapitalının xx.xx.2018-ci il tarixinə indeksləşdirilmiş məbləği 15841,70 manat təşkil edir. Vətəndaşın 15841,70 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 16742,88 manat pensiya kapitalından azdır. Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının xx.xx.1991-ci il tarixli Qərarına əsasən 1992-ci il tarixindən latın qrafikasına keçilmiş, möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının latın qrafikasına dəyişdirilməsinə başlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş «İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları»nın 3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş “Bərəkət” kiçik dövlət müəsissəsindən xx.xx.1996-cı il tarixində işdən çıxma qeydində kiril qrafikalı möhürdən istifadə edilməsi, "xxxx" ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarında xx.xx.1997-ci il tarixində işə daxil olma qeydinin rus dilində, xx.xx.2001-ci il tarixində işdən çıxmanin qeydi kiril əlifbası ilə yazılması sözügedən müəssisələrdəki əmək fəaliyyəti dövrlərinin həqiqiliyinə əsaslı şübhələr yaratdığından həmin dövrlərin araşdırılma zərurəti yaranmışdır. X3 və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən “Bərəkət” kiçik dövlət müəsissəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək olan əmək fəaliyyəti dövrünü, eyni zamanda Azərbaycan Respublikası "xxxx" ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarının xx.xx.2021-ci il tarixli № 04-A arayışına əsasən 518 saylı Tikinti Quraşdırma Qatarının 1997-2001-ci illər üzrə bəzi sənədləri idarə köçürülən zaman daşınmadığı üçün əmək kitabçasında qeyd edilən xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünü araşdırmaq və sığorta stajına daxil etmək mümkün olmamışdır. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçının əmək fəaliyyəti dövrləri xx.xx.1976xx.xx.1979, xx.xx.1979-xx.xx.1994, xx.xx.1994-xx.xx.1996 (“Bərəkət” dövlət müəssisəsi), xx.xx.1997-xx.xx.2001-ci il ("xxxx" ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarı) tarixləri əhatə edir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşının çatdığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir (ərizədə iddiaçı yaş göstərmədən müraciət etmişdir). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1 iyul 2017 - 30 iyun 2018-ci il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 63 il 6 aydır. İddiaçının yaşa görə pensiya hüququ 63 yaş 6 ayının tamam olduğu xx.xx.2018ci ildə yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1954-cü il tarixdə doğulduğu nəzərə alındıqda, onun xx.xx.2018-ci il tarixdən (63 il 6 ay), “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinədək “Bərəkət” kiçik dövlət müəsissəsində, xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək "xxxx" ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarında əmək stajı cavabdeh tərəfindən mübahisələndirilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı “Bərəkət” kiçik dövlət müəssisəsi və "xxxx" ASC-nin 518 saylı Tikinti Quraşdırma Qatarının mövcud olması və dövlət qeydiyyatına alınması öz təsdiqini tapmışdır. Bundan başqa, müəssisənin arxiv sənədlərinin saxlanılmamasına, aidiyyəti üzrə təhvil verilməməsinə, eləcə də əmək kitabçasındakı qeydin rus dilində yazılması halına görə iddiaçı cavabdehlik daşımır. Beləliklə, iddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil və hərbi xidmət dövrü də daxil olmaqla ümumi stajı 25 ildən çoxdur (xx.xx.1971-xx.xx.1976, xx.xx.1976-xx.xx.1979, xx.xx.1979-xx.xx.1994, xx.xx.1994-xx.xx.1996, xx.xx.1997xx.xx.2001 - cəmi 28 il 09 ay 29 gün). Göründüyü kimi, iddiaçının xx.xx.2018-ci il tarixdən (63 il 6 ay) əmək pensiyası hüququ yaranmış və iddiaçı 25 ildən artıq sığorta stajına malikdir, yəni iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8998/2023 nömrəli, 07 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-760/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-760/2024
13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver