Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-761/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRAR (İş № 2-1(103)-761/2023) Bakı şəhəri 04 aprel 2023-cü il Giriş hissə: Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X13 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 1(112)-4444/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X19 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********5497 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Eldar Babayev 10D ünvanda yerləşən “Təndir Kabab” kafesində operativ vergi nəzarəti tədbiri həyata keçirilmiş, operativ vergi nəzarətinin nəticəsində 6 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli, DVX 005350 nömrəli akt tərtib edilmiş və həmin aktın əsasında iddiaçıya “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********1204 nömrəli qərar qəbul edilmişdir.
2. Həmin qərarla iddiaçıya 12000 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
3. İddiaçı məhkəmədə qərarın və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğv edilməsini tələb edir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat.
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X19 üzrə Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli, **********1258 nömrəli qərarının və tətbiq olunmuş maliyyə sanksiyalarının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə cavabdehin rəis müavini müvəqqəti icra edən baş idarə rəisinin 1-ci müavini vergi xidmət müşaviri X18 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23, 49 və 58.10-cu maddələrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 6 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 12.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edələrək iddiaçını vergi məsuliyyətinə cəlb etmiş və xx.xx.2021-ci il tarixədək 12.000 manat məbləğinin büdcəyə ödənilməsinin təmin edilməsini göstərmişdir. İddiaçı qərarını poçt vasitəsilə xx.xx.2021-ci il tarixdə almışdır. O hesab edir ki, qərar və maliyyə sanksiyası əsassız və qanunsuzdur, ona görə də ləğv edilməlidir. İddiaçı dövlət qeydiyyatdan keçməklə fiziki şəxs olaraq VÖEN açmış, kiçik sahibkarlıqla məşğul olur. Cavabdehin xx.xx.2021-ci il tarixli **********1258 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı bu sahədə qüvvədə olan qanunvericiliyə zidd olduğuna və qaydalara əmək edilmədən tərtib edildiyinəgörə ləğv edilməlidir. İddiaçının icarədə olan “Təndir-Kabab” kafesində işçilərin müvafiq əmək müqavilələri olmadan işlərə cəlb edilməsi barədə yazılanlar həqiqəti əks etdirmir. Beləki, həmin şəxslərin qeyri rəsmi işləməsini təsdiq edən, ümumiyyətlə işləməsinə dəlalət edən hər hansı bir sübut toplanmamışdır. Obyektdən kənar bir neçə şəxsi saxlayaraq onların məlumatları əldə edilmiş və guya qeyri-qanuni işlədilməsini müəyyən etmişlər. Əslində isə həmin vətəndaşların “Təndir- Kabab” kafesinə heç bir aidiyyatı yoxdur. Eyni zamanda həmin 6 şəxsin şəxsiyyəti müəyyən edilməmiş, yaşadıqları faktiki və hüquqi ünvanlar müəyyən edilməmiş və onlardan hər-hansı izahatlar alınmamışdır. Yalnız həmin şəxslərin şəxsiyyətləri müəyyən olunduqdan və onlardan izahat alındıqdan sonra onların “Təndir-Kabab” kafesində işlədilməsi halı müəyyən oluna bilərdi. Göstərilən səbəb və əsaslara görə cavabdehin məlum qərarı və tətbiq etdiyi maliyyə sanksiyaları ləğv edilməlidir. Başqa yandan, Vergi orqanı Vergi Məcəlləsinin müddəalarını kobudcasına pozmuşdur.Belə ki, Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinin tələblərini kobudcasına pozaraq onlara hər-hansı müraciət daxil olmadığı halda qanunsuz olaraq operativ vergi nəzarətin həyata kçirilməsi barədə qərar qəbul etmiş və bə qərarı qanunsuz şəkildə icra etmişdir. Vergi orqanı Ədliyyə Nazirliyində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində çıxarış almadan yoxlama aparmışdır. Halbuki Prezidentinin sərəncamına əsasən 2021-ci ilin 31 dekabr tarixinədək bütün yoxlamalar və monitorinqlər qadağandır. Vergi orqanı Dövlət Başçısının həmin sərəncamında göstərilənlərin əksini edərək, heç bir qanuni əsaslar olmadan iddiaçını külli miqdarda cərimə etmişdir. Vergi əməkdaşları real faktlara əsaslanmadan saxta şəkildə aktlar tərtib etmişlər. Belə ki, əllə yazılan Aktın surəti imzalanmış, sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Protokolda isə tarixində düzəliş edilmişdir. Bu tərib edilmiş bütün sənədlərin reallığı əks etdirmədiyini və saxta olmasını birmənalı olaraq sübut edir. Göründüyü kimi, Vergi orqanı Vergi məcəlləsinin tələblərini, ələcədə Prezidentin məlum sərəncamının tələblərinə zidd olaraq Ədliyyə Nazirliyində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əldə etmədən yoxlama aparmış, saxta və əsassız akt, protokol tərtib edərək iddiaçıya qarşı vergi sanksiyası tətbiq etmişlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda aşağıdakılar qeyd olunmuşdur: - xx.xx.2021-ci il tarixli **********5497 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərara əsasən, xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 6 (altı) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı habelə, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu və 58.7-ci maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005350 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərək fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və vergi ödəyicisi tərəfindən imzalanaraq bir nüsxələrin qəbul edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********1258 nömrəli “Vergiödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı qəbul olunaraq vergi ödəyicisinə müvafiq olaraq 12000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********530200 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 11:15:59-da oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Qeyri məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Göründüyü kimi, iddiaçı ümumi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. İddia ərizsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış İddiaçı xx.xx.2021-ci il tarixli izahatına əsasən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Təndir kabab” kafesində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 8 nəfər fizili şəxsdən 2 nəfəri ilə əmək müqaviləsi bağladığını digər 6 nəfəri ilə əmək müqaviləsi bağlanmadığını etiraf edərək, həmin 6 nəfər ilə də əmək müqavilələrinin tez bir zamanda bağlanacağını bildirmişdir. X2 xx.xx.2021-ci il tarixli izahatına əsasən o, xx.xx.2021-ci il tarixdən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən “Təndir kabab” kafesində İddiaçı tərəfindən “qutabçı” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, iş vaxtının saat 08:00-20:00-dək olduğunu, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X10 da öz növbəsində İddiaçı tərəfindən işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olnadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 09:00-21:00-dən olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X6 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xudməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının həftədə yeddi gün olmaqla, saat 11:00-23:00-dək olduğunu, əmək haqqının aylıq 450 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X11 da 4 aydır ki, şifahi razılıq əsasında İddiaçı tərəfindən xadimə vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 07:00- 19:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4444/2022 qərarı ilə (sədrlik edən hakim Miminat Hacıbəyova) iddia rədd olunmuşdur.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 6 nəfər fiziki şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən ona məxsus olan “Təndir- Kabab” adlı obyektdə müxtəlif işlərin görülməsinə cəlb etməsi, bununla da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinin pozulması aşkar edildiyi üçün cavabdeh tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinə əsasən iddiaçıya münasibətdə iddiaçının mübahisələndirdiyi qərar ilə maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan 6 nəfər şəxsin izahatlarında onların obyektdə işləmələri, tutduqları vəzifələri, iş rejimləri, aldıqları əmək haqları göstərilmişdir.
9. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qərarının əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, inzibati aktın qanunsuz olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər
11. Şifahi məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir.
12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir.
13. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: - Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. - Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - Maddə 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - Maddə 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - Maddə 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - Maddə 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. - Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. - Maddə 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar; 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. - Maddə 150.2 Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. - Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar ... 8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer. 9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. - Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi ... 2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. - Maddə 43. Əmək müqaviləsinin məzmunu ... 2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); - Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi 1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
16. İnzibati Prosessual Məcəllə: - Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdənəlavəməlumat və sübutlar tələb edə bilər. - Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. - Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir - Maddə 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Əsaslandırma hissəsi:
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır.
18. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımından lazımı qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2-ci və 85.3-cü maddələri).
19. Mahiyyət baxımından apellyasiya şikayəti uğursuzdur. Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
20. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddianın (İPM-in 2.2.1, 32-ci maddələri) mümkün olması heç bir şübhə doğurmur. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz inzibati aktın ləğv olunmasını tələb edir, eləcə də, hüququnun pozulması ehtimalını iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1ci maddəsi).
21. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
22. Qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulan müddətdə verilmişdir. Belə ki, cavabdeh inzibati aktını (qərarını) 10 noyabr 2021-cı il tarixdə qəbul etmiş, iddiaçı isə qanunla nəzərdə tutulmuş müddət (İPM-in 38.1-ci mad.) ərzində, yəni 08 dekabr 2021-ci il tarixdə məhkəməyə müraciət etməklə, müddəti ötürməmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir.
23. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir.
24. İddia tələbi əsassızdır. Çünki, mübahisələndirilən inzibati akt qanunidir.
25. Apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Belə ki, işdə olan cavabdeh orqanın xx.xx.2021-ci il tarixli **********05505 nömrəli “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” tələbnaməsi ilə iddiaçıdan operativ vergi nəzarətinin aparılması üçün Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq aşağıdakı zəruri sənədləri təqdim etməsi tələb edilmişdir: “Nəzarət kitabçası”, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, məlumatlar və digər zəruri sənədlər. Tələbnamədə göstərilmişdir ki, sənədlər 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsi AZ1108, Bakı şəhəri, Binəqədi rayonu ünvanında təqdim olunmalıdır. Operativ vergi nəzarətinin keçirilməsi zamanı sənədlərin təqdim edilməsindən imtina edilməsi və ya bu tələbnamə ilə müəyyən edilmiş müddətdə təqdim edilməməsi Azərbaycan Respublikasının İnzibati Xatalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə səbəb olur və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq sənədlərin vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372, 377 və 380-ci maddələrinə əsasən sənədlərin verilməsi barədə tələb yönəldilən şəxs tərəfindən həmin sənədlərin göstərilən müddətdə təqdim edilməsi tarixindən operativ vergi nəzarəti müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Tələb edilən sənədlər təqdim edildikdə operativ vergi nəzarətinin müddəti bərpa edilir.
27. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 02 noyabr 2021-ci il tarixli KY211670572 nömrəli çıxarışa əsasən - yoxlayıcı orqanın adı: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı: İddiaçı; yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i: **********; yoxlamanın müddəti (başlama, sona çatma tarixi): xx.xx.2021-xx.xx.2021; yoxlanılan dövr: cari fəaliyyət; yoxlamanın predmeti və hüquqi əsasları: Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; yoxlanılan təsərrüfat obyektinin kodu, ünvanı və fəaliyyət növü: 10002 Kafe AZ1106 Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ Eldar Babayev ev 10D; yoxlamanın növü: operativ vergi nəzarəti; yoxlamanın tipi: plandankənar (növbədənkənar); plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsi, maddə 50.2.2 göstərilmişdir.
28. 02 noyabr 2021-ci il tarixli DVX seriyalı 005350 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akta əsasən operativ vergi nəzarəti nəticəsində iddiaçıya məxsus “Təndir-kabab” kafesində cəlb olunmuş 8 nəfər fiziki şəxsdən 6 nəfərəin qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən obyektdə yerinə yetirilən işlərin və ya göstərilən xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 06 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və 0 (sıfır) nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunur. Vergi ödəyicisinə işçilər ilə əmək və xidməti müqavilə bağlanması tövsiyə edildi. Nəzarət kitabçası təqdim edilmədi.
29. 02 noyabr 2021-ci il tarixli DVX seriyalı 005350 nömrəli əlavə akta iddiaçıya məxsus “Təndir-kabab” kafesində aparılmış operativ vergi nəzarəti nəticəsində fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 6 nəfər fiziki şəxslərin siyahısı aşağıdakılardan ibarət olmuşdur: - X10 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AA1010805, qeydiyyat ünvanı: Hökməli qəsəbəsi. - X8 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE13922346, qeydiyyat ünvanı: Qazax rayonu, İkinci Şıxlı; - X12 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE09905608, qeydiyyat ünvanı: Balakən rayonu, Talalar kəndi; - X6 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE16485479, qeydiyyat ünvanı:Şəki rayonu; - X7 - Şəxsiyyəti təsdiq edən sənədin adı və rekvizitləri: AZE09632248, qeydiyyat ünvanı: Göyçay rayonu, Qaraxıdır kəndi; - X1 təsdiq edən sənədin adı və rekvizitləri: AZE 09660335, qeydiyyat ünvanı: Ağcabədi rayonu, Qaradolaq kəndi;
30. Cavabdeh inzibati orqanın 10 noyabr 2021-ci il tarixli, **********1204 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 06 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 12000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021-ci il tarixədək 12000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.
31. Operativ vergi nəzarəti zamanı izahatları alınmış 6 nəfər şəxsin hər biri “Təndir kabab” kafesində iddiaçı ilə əmək müqaviləsi bağlamadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. Göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 6 işçiyə münasibətdə mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, həmin şəxslər ümumiyyətlə kafedə işləməmişlər, cavabdeh həmin şəxsləri obyektdən kənar bir neçə şəxsi saxlayaraq onları obyektdən 2 ədəd təndir çörəyi və iki ədəd pirojki almağa məcbur etmişlər və daha sonra daxil olaraq akt tərtib etmişlər.
32. Məhkəmə kollegiyası qeyd edir ki, şəxslərin izahatlarından da görünür ki, onlar iddiaçıya məxsus obyektdə “qutabçı”, “ofisiant” vəzifələrində işləyirlər. Belə olan halda həmin şəxslərin vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin “kafe” fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə “ofisiant”, “qutabçı” işini icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, vergi ödəyicisi ilə “əmək müqaviləsi” bağlamaq əvəzinə, “xidmət müqaviləsi” bağlaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergi orqanı qarşısında pərdələndiyi üçün vergidən yayınma faktı kimi qiymətləndirilir.
33. İddiaçı apellyasiya şikayətində cavabdeh inzibati orqan tərəfindən lazımi araşdırma aparılmamasını, sübutların toplanmamasını, şəxslərin müəyyən olunmamasını, ümumiyyətlə yoxlamanın Ədliyyə Nazirliyində vahid məlumat reyestrindən çıxarış əldə etmədən həyata keçirilməsini və s. göstərsə də, həmin dəlillər işdə olan sübutlarla tam təkzib olunur.
34. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş sübutlardan aydın görünür ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus təsərrüfat obyektində həyata keçirilmiş operativ vergi yoxlaması Axərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış, bu barədə müvafiq çıxarış verimiş, qərar qəbul edilmiş, 02 noyabr 2021-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilmiş, yoxlama zamanı 6 nəfər şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirlməsinə cəlb olunması aşkar olunmuş, bu barədə 02 noyabr 2021-ci il tarixli akt tərtib olunmuş, iddiaçının özü də həmin aktı imzalamış və izahatında faktı etiraf etmiş, eləcə də həmin 6 nəfər işçinin izahatı alınmış, sonuncular da faktı təstiq etmişlər.
35. Bununla yanaşı, iddiaçı 02 noyabr 2021-ci il tarixli izahatında da qeyd edilən halların mövcudluğunu, yəni əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 06 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyini göstərmişdir.
36. İddiaçı həmçinin cavabdehin əməkdaşları tərəfindən qeyd edilən fakta görə tərtib edilmiş aktları və digər sənədləri imzalamış, əksini təsdiq edən hər hansı qeyd aparmamışdır.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 10 noyabr 2021-ci il tarixli **********1204 №-li qərarla “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 6 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktına görə iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 12.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qanuni və əsaslı olmuşdur.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirilən inzibati aktı formal və maddi baxımdan qanunvericiliyin tələblərinə uyğundur, məhkəmə araşdırması zamanı iddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
39. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur).
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4444/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza var. Hakimlər: imzalar var.
Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov