Məhkəmə qərarları › İş №2-1(103)-761/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-761/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-761/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pensiyanın yenidən hesablanması və tutulmuş vəsaitin geri qaytarılması" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8963/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiya kapitalının fərdi hesabın sığorta hissəsi olan məbləğinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi 887,06 manat olmaqla yenidən hesablanmasını və 2022-ci il iyun ayından pensiya məbləğindən qanunsuz tutulmuş məbləğin tam geri qaytarılması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun müraciət etməsinin səbəbi 2019-cu il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan birtərəfli qaydada yenidən hesablamaqla daha aşağı pensiya təyin etməsidir. Bununla bağlı etdiyi müraciətlər əsasında qanuni təyin edilmiş pensiyanın məbləği cavabdeh tərəfindən öz bildiyi kimi dəfələrlə dəyişdirilmiş və yenədə pensiyanın qanuna uyğun təyin edilməsi inkar edilmişdir. Cavabdehin bu hərəkətlərinin əsassız və qanunsuz olduğu aşağıdakı faktlar və dəlillərlə təsdiq edilir: 1. «Əmək pensiyaları haqqında» Qanunun 20-ci maddəsinə uyğun olaraq dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanlarında 31 il, 03 ay, 12 gün qulluq stajını nəzərə alınaraq (bunun 16 il 04 ay 15 gün vergi orqanında - dövlət qulluğunun xüsusi növü; 14 il 10 ay 27 gün Maliyyə Nazirliyi orqanında - dövlət qulluğunda) çalışmışdır, 2. Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin pensiya təyin edən komissiyası tərəfindən xx.xx.2015-ci il tarixdən əilliyə görə 700,18 manat əmək pensiyası təyin edilmiş və xx.xx.2019-cu il tarixdən Qanunun 32- ci maddəsinin birinci hissəsinə əsasən yaşa görə ömürlük pensiya almaq hüququ təsbit edilmişdir, 3. xx.xx.2015-ci il tarixdə DSMF-nun Nəsimi rayon şöbəsinə ərizə ilə müraciət edərək qulluq keçdiyi vergi orqanı tərəfindən 2015-ci ilin mart ayında təqdim olunmuş vəzifə maaşı barədə ARAYİŞ məlumatı komissiya tərəfindən düzgün nəzərə alınmadığı səbəbindən pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmiş, lakin DSMF-nun Nəsimi rayon şöbəsinin 16 sentyabr 2015-ci il tarixli 14/3671 saylı məktubu ilə təyin edilmiş 700,18 manat pensiya məbləğinin yenidən hesablanmasından imtina etmişdir, 4. Bu səbəbdən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli Qərarı ilə Nəsimi rayon şöbəsinin 16 sentyabr 2015-ci il tarixli 14/3671 saylı məktubunun əmək haqqı ilə əlaqədar hissəsinin tam əsassız olduğunu, əmək pensiyasının hesablanmasında vəzifə maaşının azaldılmasının heç bir hüquqi əsasının olmadığını müəyyən etmiş və əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyi DSMF-nun Nəsimi rayon şöbəsinə həvalə edilməsini qətt etmişdir. Həmin məhkəmə qərarı əsasında əmək pensiyasıyası yenidən hesablanmış və 849,37 manat müəyyən edilərək xx.xx.2015-ci il tarixdən mütəmadi olaraq ödənilmişdir, 5. Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2020-ci il tarixdə xüsusi rütbəli şəxslərin pensiya işləri Nəsimi rayon şöbəsindən alınaraq Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının səlahiyyətlərinə verilmişdir. Mənim tərəfdən 2020-ci il ərzində XŞT üzrə Mərkəzi filiala 3 dəfə ərizə ilə müraciət edilmiş, 17 may, 24 avqust və 26 noyabr 2020-ci il tarixli cavab məktublarda əmək pensiyasının təyin edilməsində heç bir qanun pozuntusu olmadığı öz əksini tapmış, eyni zamanda qeyd olunmuşdur ki, xx.xx.2015-ci il tarixdə DSMF-nun Nəsimi rayon şöbəsi tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 20.1.7-ci və 20.11 maddələrinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə əlilliyə görə (1 aprel 2019-cu il tarixdən yaşa görə) əmək pensiyası təyin edilmişdir, 6. Lakin 2022-ci il iyun tarixdən başlayaraq qanuni qüvvəyə minmiş və icrası təmin edilmiş Məhkəmə Qərarına məhəl qoymayan XŞT üzrə Mərkəzi filial tərəfindən 7 il əvvəl vəzifə maaşına nisbətən faizlə müəyyənləşdirilən əlavələr, o cümlədən 15 ildən yuxarı qulluq stajına görə aylıq vəzifə maaşına 30% faiz əlavə haqqın məbləğini 8,92% faizə, orta mükafat məbləğini 86,89% əlavədən 75,88% və riitbə maaşına əlavənin məbləğini 15%-dən 5,75%-ə azaldılaraq heç bir əsas və səbəb olmadan normativ hüquqi aktların tələbləri pozulmuşdur. Bununla əlaqədar Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının rəhbərliyinə onun tərəfindən dəfələrlə ərizə ilə müraciət edilmişdir, 7. XŞT üzrə Mərkəzi Filial tərəfindən nəzarətində olan ərizəyə mahiyyəti üzrə reaksiya verilməsi vacib olduğu halda mövqelərini onunla nümayiş etdirmişlər ki, təkrar şablon məktubları imzalayaraq artıq pensiya ödənişi aparılması ilə şantaj edilərək, bununla bərabər əlavələrin azaldılması nəticəsində 2022-ci ilin iyun-dekabr aylarında pensiya məbləği 6 dəfə dəyişdirilmişdir. Beləliklə, əvvəl təyin edilmiş 849,37 manat pensiya məbləği Mərkəzi filial tərəfindən heç bir əsas olmadan 7 il müddət ötdükdən sonra hətta iddia qaldırılan 700,18 manat ilkin pensiva məbləğdən də 177,93 manat aşağı, yəni 671,44 manat (849,37-671,44) əmək pensiyası hesablanılaraq ödənişə verilmişdir. Odur ki, XŞT üzrə Mərkəzi filialın vəzifəli şəxsləri səlahiyyətlərini aşaraq “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələblərini pozmuşlar. Belə ki, bu maddəyə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, nə onun razılığı, nə də ki, məhkəmə qərarı olmadan 10 aydan artıqdır ki, pensiya məbləği hər ay müxtəlif məbləğdə azaldılmaqla ödənilmişdir. XŞT üzrə Mərkəzi filial tərəfindən həmin məktuba bir ildən sonra qanunun tələbləri pozulmaqla və məntiqsiz olaraq “pensiya sığorta kapitalınız həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq müraciətinizə əsasən istifadə olunub. Buna görə də topladığınız pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyanızın təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil” cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8963/2022 nömrəli, 03 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 Şəxsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X12 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdeh tərəfindən verilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya məbləği 2022-ci ilin oktyabr ayından etibarən qanunvericiliyin tələblərinə uyğunlaşdırılaraq 1112,94 manat məbləğində müəyyən edilib və xx.xx.2015xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ona 17771,77 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilib. Həmin artıq ödənilmiş pul vəsaiti haqqında iddiaçıya 31 oktyabr 2022-ci il tarixli **********6 nömrəli və 26 dekabr 2022-ci il tarixli **********6 nömrəli məktublarla ətraflı məlumat verilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Göstərilən maddəyə əsasən iddiaçıya artıq ödənilmiş pul vəsaitinin məbləği yenidən hesablanaraq 17771,77 manatdan 7503,57 manata (xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə) azaldılıb. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixindən qüvvədə olan müddəalarına əsasən sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bununla əlaqədar xx.xx.2023cü il tarixindən iddiaçının əmək pensiyası 1404,19 manat məbləğində hesablanıb, həmçinin cari ilin yanvar ayı üzrə ona ödənilməli olan 179,96 manat pul vəsaiti müəyyən edilib. Həmin 179,96 manat pul vəsaiti ona artıq ödənilmiş qalıq 7503,57 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 7323,61(7503,57- 179,96) manat pul məbləğinin geri qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. İddiaçının Mərkəzi Filiala əmək pensiyasının yenidən hesablanması ilə bağlı 18 mart 2022- ci il tarixindəki müraciətilə əlaqədar əmək pensiyanısının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 25001,02 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyanızın sığorta hissəsi yenidən hesablanıb. Nəticədə 30 iyun 2020-ci il tarixinə əmək pensiyasının sığorta hissəsi 760,98 manat, qulluq stajına görə əmək pensiyasına əlavə isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 351,96 manat müəyyən edilib. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalı iddiaçının müraciətinə əsasən istifadə olunub. Buna görə də 30 iyun 2020-ci il tarixinə topladığı pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən onun əmək pensiyasının təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildiririk Ki, Qanunun 37.3.1 -ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X6 mövcud olan məlumatlara əsasən iddiaçının əmək pensiyasının yenidən hesablanmasından sonra əmək pensiyaçısı kimi işləmədiyindən əmək pensiyasının sonuncu dəfə işdən azad olunduğu tarixə topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İddiaçının əmək pensiyası müraciətdə qeyd etdiyi əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olunduğu təqdirdə və ya 6 il işlədikdən sonra baxıla bilər. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4cü maddəsinə əsasən onun əmək pensiyası həmin tarixdən etibarən 1224,23 manat müəyyən edilib. Eyni zamanda, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixindən yenidən hesablanmaqla 1404,19 manata çatdırılmaqla ödənilir. Eyni zamanda bildiririk ki, Şakir Muradova pensiya təyin edilərkən Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 oktyabr 2015-ci il tarixli 2-1(81)- 4353/2015 nömrəli qərarı nəzərə alınmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçı X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği azaldılmamaqla yenidən hesablanması və 2022-ci ilin may, iyun, iyul ayları üzrə tutulmuş vəsaitin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8963/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, sosial təminat hüququnun da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, yuxarıda qeyd edildiyi kimi, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda hesab edirlər ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq bildirirlər ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhimizə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edilir ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-47582/2023 saylı qərarının ləğv edilməklə xx.xx.2020-ci il tarixli pensiya kapitalının qulluq stajına görə əlavə azaldılmamaqla yenidən hesablanması və 2022-ci ilin may, iyun və iyul ayları üzrə tutulmuş vəsaitin geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının hüquqi marağını nəzərə alaraq, prosessual qənaət prinsipinə əsaslanaraq təqdim edilən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul edilməsini qərara aldı. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İddiaçı öhdəliyin icrası haqqında (İPM 2.2.3-cü maddə) iddia tələbi irəli sürərək inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini xahiş etmiş, apellyasiya icraatı zamanı isə qeyd edilən halla bağlı onun hüquqlarını pozan inzibati aktın ləğv edilməsini də tələb etmiş, məhkəmə kollegiyası da prosessual qənaət prinsipi baxımından iddiaçının qeyd edilən tələbini icraata qəbul edərək münasibət bildirmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehə müraciət etmiş, cavabdehin imtina məktubundan sonra məhkəmədə iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsas olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 31 may 2023-cü il tarixli, 3-17-1/2-121652/2023 nömrəli məktubu ilə göndərilmiş pensiya işinin surətindən görünür ki: -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı şəhər Nəsimi şöbəsi tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixdən vergi orqanlarının əməkdaşı kimi İİ dərəcə əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X10 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli Qərarda qeyd olunmuşdur ki, hazırkı pensiya məbləği – 1112 manat, 94 qəpik. Vəzifə maaşı – 730 manat, rütbəyə görə əlavə - 42 manat, qulluq stajına görə - 8,92 faiz, 65,12 manat, mükafatlar – 4553,8 faiz, 554,05 manat. Təminat xərcliyi cəmi 1391 manat, 17 qəpik, yenidən hesablanmış pensiya məbləği 1112 manat, 94 qəpik, SH=413,74, QƏ=699,20 təşkil edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, 3-17-1/2-B-64571/2/2023 nömrəli pensiyan məbləğinin hesablanması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyanız 1112,94 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: -əmək pensiyanızın sığorta hissəsi413,74 manat; -qulluq stajına görə əmək pensiyanıza əlavəniz-699,20 manat. Mərkəzi Filiala əmək pensiyanızın yenidən hesablanması ilə bağlı 18 mart 2022-ci il tarixindəki müraciətinizlə əlaqədar əmək pensiyanızın sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığınız pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, sizə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 25001,02 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci, 29.2-ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyanızın sığorta hissəsi yenidən hesablanıb. Nəticədə 30 iyun 2020-ci il tarixinə əmək pensiyanızın sığorta hissəsi 760,98 manat, qulluq stajına görə əmək pensiyanıza əlavəniz isə sığorta hissəsinin artan məbləğinə müvafiq olaraq azaldılmaqla 351,96 manat müəyyən edilib. Göründüyü kimi, müvafiq pensiya sığorta kapitalınız müraciətinizə əsasən istifadə olunub. Buna görə də 30 iyun 2020-ci il tarixinə topladığınız pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyanızın təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildiririk ki, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. X6 mövcud olan məlumatlara əsasən əmək pensiyanızın yenidən hesablanmasından sonra əmək pensiyaçısı kimi işləmədiyinizdən əmək pensiyanızın sonuncu dəfə işdən azad olunduğunuz tarixə topladığınız pensiya sığorta kapitalına əsasən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Əmək pensiyanızın müraciətdə qeyd etdiyiniz əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olunduğunuz təqdirdə və ya 6 il işlədikdən sonra baxıla bilər. Əlavə olaraq bildiririk ki, Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4- cü maddəsinə əsasən əmək pensiyanız həmin tarixdən etibarən 1224,23 manat müəyyən edilib. Eyni zamanda, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanız xx.xx.2023-cü il tarixindən yenidən hesablanmaqla 1404,19 manata çatdırılmaqla ödənilir. Beləliklə, işin hallarından görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdən vergi orqanlarının əməkdaşı kimi İİ dərəcə əlilliyə görə pensiyaya çıxdıqdan sonra müxəlif vəzifələrdə işləmiş və 6 il və daha çox işlədikdən sonra sığorta hesabında işlədiyi dövr üzrə pensiya kapitalı toplanmışdır. İddiaçı iddiasında 2 tələb irəli sürmüşdür: -cavabdehin pensiyanın hesablanması ilə razılaşmamış və təyin edilmiş əmək pensiyasının topladığı pensiya kapitalı əsasında yenidən hesablanmasını, bu zaman qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğinin azaldılmamaqla yenidən hesablanmasını, -cavabdehin artıq ödənilmiş vəsait kimi hesabladığı və müvafiq aylar üzrə tutduğu vəsaitin geri qaytarılmasını. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmiş, inzibati orqan tərəfindən imtinada və apellyasiya şikayətinin dəlillərində o hallara istinad edilmişdir ki, yenidən hesablama zamanı Qanunun 29.2-ci maddəsi qüvv\də olmuş və Qanunun 37.3.1 və 29.2-ci maddələrinə əsasən əmək pensiyasını pensiya təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən yenidən hesablama zamanı qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmadan yenidən hesablama aparıla bilməz. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabın sığorta hissəsində 25001,02 manat pensiya sığorta kapitalı qeydə alınmış, həmin kapital “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq 72 aya bölünərək (25001,02:72=347,24 manat) pensiyanın sığorta hissəsinin (413,74 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 760,98 (413,74+347,24) manat müəyyən edilmiş, eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (699,20 manat) həmin artım qədər (347,24 manat) azaldılaraq nəticədə, əmək pensiyasının sığorta hissəsi 760,98 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 351,96 (699,20-347,24) manat təşkil etmişdir. Hazırkı halda iddiaçının xx.xx.2020-ci il tarixinə topladığı pensiya kapitalı yenidən hesablama zamanı istifadə edilmiş, iddiaçının növbəti dəfə 6 il işlədikdən sonra yığılmış pensiya kapitalı əsasında yenidən hesablama aparıla bilər. Həmçinin, artıq ödənilmiş məbləğ kimi tutulmaların aparılması qanunun tələblərindən irəli gəlir və maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək ilk öncə birinci tələbə münasibətdə aşağıdakıları qeyd edir: “Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaşların əmək pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. Ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatma və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranmasının əsas şərti isə vəfat etmiş ailə başçısının əmək qabiliyyətli yaşına uyğun minimum stajının olmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarı). Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri). Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri). ƏPQ-nun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinin iddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvədə olan redaksiyasına əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir. Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əməkpensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. Cavabdeh inzibati orqan isə Qanunun 37.3.1-ci maddəsini 29.2-ci maddə ilə birlikdə tətbiq edərək, iddiaçının əmək pensiyası təyin edildikdən sonra 6 il və daha çox işləyərək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləğini həmin artımlar qədər azaltmaqla yenidən hesablayır. Qanunun 29-cu maddəsi adından da göründüyü kimi “Əmək pensiyalarının indeksləşdirilməsi” adlanır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01 yanvar 2023-cü ilədək qüvvədə olan 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Məhkəmə kollegiyası qeyd edir ki, iddaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1-ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən cavabdeh tərəfindən iddiaçıya Qanunun 29.2-ci maddəsinin tətbiqi qanuni hesab edilmir. Həmçinin, diqqətə çatdırılır ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli Qanunun 1.12.2-ci bəndinə əsasən Qanunun 29.2-ci maddəsi ləğv edilmişdir. Hətta bu normaya əsasən də Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsi ləğv edildiyindən və göstərilən hal iddiaçının vəziyyətini yüngülləşdirdiyindən iddiaçının pensiyasının sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldıİmamaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası bir nüansı da qeyd edir ki, iş materiallarından aydın olduğu kimi, iddiaçının yenidən hesablanmasını tələb etdiyi pensiya kapitalı artıq cavabdeh tərəfindən hesablanmış və bununla bağlı xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-47582/2023 saylı inzibati akt qəbul edilmişdir. Yuxarıda sadalanan əsaslarla Məhkəmə kollegiyası sözügedən yenidən hesablanmanın qanunsuz hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini qanuni və apellyasiya icraatı zamanı iddiaçının həmin hesablanma ilə bağlı qəbul edilmiş inzibati aktın ləğvi tələbini əsaslı hesab edir. İddiaçının ikinci tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə pensiya təyinatı alt sistemindən çıxarışlardan müəyyən olunur ki, yenidən hesablama zamanı xx.xx.2015-xx.xx.2022-ci il tarixlər arasındakı dövr üzrə artıq ödənilmiş pul vəsaiti müəyyən edilərək iddiaçının may, iyun, iyul ayları üzrə cari pensiya məbləğlərindən tutulmalar aparılmışdır. Hazırkı iş üzrə iddiaçı eyni zamanda ondan həmin aylar üzrə tutulmuş pul vəsaitinin geri qaytarılmasını mübahisələndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd edilən halın formal xarakter daşıdığını, pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləməyin faktiki cəhətdən mümkün olmadığı dəlilini irəli sürsə də, məhkəmə kollegiyası bu dəlillə heç cür razılaşmır. Belə ki, birbaşa qanunun qeyd edilən müddəalarından görünür ki, inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz. İş materiallarından görünür ki, ƏPQ-nin qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamışdır. Qeyd edilməlidir ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilibödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı pensiya işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində tutma barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar əmək pensiyasının yenidən hesablaması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-47582/2023 saylı qərarı ləğv edilməklə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8963/2023 nömrəli, 28 avqust 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7- 47582/2023 saylı qərarı ləğv edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar