Məhkəmə qərarları › İş №2-1(103)-762/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-762/2020

12.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-762/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı və onun vəkili X1 iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2803/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1973-cü ildən hazırkı dövrə qədər müxtəlif vəzifələrdə çalışmışdır. Həmin sahələrdə əmək şəraiti xüsusilə ağır və zərərli olanları aşağıdakılardan ibarətdir: xx.xx.1979-cu ildən xx.xx.1987-ci ilədək 2-ci dərəcəli çilingər işləmiş və 8 saatlıq iş günü müddətində işlədiyi trestin Mingəçevir quraşdırma sahəsində hündürmərtəbəli binaların, yüksəkliklərlə əlaqədar qurğuların, qapalı çənlərin, rezervuarların və polad boruların quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək “Qafqazenerjiquraşdırma tresti”nin Abşeron quraşdırma idarəsində quraşdırıcı peşəsində işləmişdir. xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək “xxxxx” X2-063 layihəsində quraşdırıcı peşəsində 01 il 11 ay 17 gün işləmişdir. xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilədək “xxxxx” X2-063 layihəsində konstruksiya quraşdırıcı peşəsində 02 il 02 ay 01 gün işləmişdir. Onun işlədiyi iş yerləri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, göstəricilərin siyahısı”nın 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş “polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar” bəndinə uyğun olduğu üçün o, yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının əmək kitabçasındakı ümumi iş stajının və xx.xx.1979-cu ildən xx.xx.1987-ci ilədək “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində, xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək Abşeron quraşdırma idarəsində işlədiyi quraşdırıcı vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-2276/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-1007/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nın 2-1(103)-1515/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-3211/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “...məhkəmələrin iddia tələbini təmin edərkən istinad etdikləri (2040400a-18599) kodlu peşə bilavasitə metallurgiya istehsalı ilə bağlı peşədir, iddiaçının bu illərdə işlədiyi vəzifələr isə işdəki sənədlərə əsasən metallurgiya istehsalına aid olmamış, iddiaçı özü də bu illər ərzində məhz metallurgiya istehsalında işlədiyini qeyd etməmişdir. Belə ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının İİİ. Metallurgiya istehsalatı bölməsinin 4-cü yarımbölməsinin boru istehsalında (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, boru tökmə, fitnik, balon) və sinkləmə sexlərində təmirçi çilingərlər peşəsi güzəştli şərtlərlə 57 yaşdan pensiya hüququ verən peşə olaraq müəyyən edilmiş və onun kodu heç də məhkəmələrin istinad etdiyi kimi 2040400a-18599 deyil, 2040400a-18559 olaraq müəyyən edilmişdir. Bundan başqa, məhkəmələrin istinad etdiyi həmin Siyahının (bölmə XXXİİİ - kod 23200000-11620) kod altında olan peşə “Ümumi peşələr” sırasında qaz qaynaqçıları kimi müəyyən edilmiş, iddiaçı və işə baxmış məhkəmər onun 2-ci dərəcəli çilingər (quraşdırıcı) işlədiyini qeyd etsələr də, Siyahıda 23200000-11620 kod altında yalnız qaz qaynaqçıları qeyd edilmişdir. Beləliklə, istinad olunan kodlar altında nəzərdə tutulmuş peşələr bilavasitə iddiaçının əmək kitabçasında qeyd edilən peşələrlə tam uzlaşmasa da, məhkəmələr yanlış olaraq iddiaçıya məhz həmin kodlar əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə iş materialları ilə tam təsdiq olunmayan bir nəticəyə gəlmişlər, bu zaman həmçinin cavabdehin etiraz və apellyasya şikayətində göstərilən dəlillərə adekvat düzgün hüquqi qiymət verilməsi təmin olunmamış, məhkəmə qərarının nəticə hissəsində isə iddiaçıya hansı ildən, neçə yaşından pensiya təyin edilməli olduğu dəqiq göstərilməmişdir.” Ali Məhkəmənin iş üzrə xx.xx.2019-cu il tarixli qərarında isə qeyd olunmuşdur ki, ”Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 17 aprel tarixli 2-1(102)-1007/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2018-ci il 23 oktyabr tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki: məhkəmələrin iddia tələbini təmin edərkən istinad etdikləri (2040400a-18599) kodlu peşə bilavasitə metallurgiya istehsalı ilə bağlı peşədir, iddiaçının bu illərdə işlədiyi vəzifələr isə işdəki sənədlərə əsasən metallurgiya istehsalına aid olmamış, iddiaçı özü də bu illər ərzində məhz metallurgiya istehsalında işlədiyini qeyd etməmişdir. Belə ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının İİİ. Metallurgiya istehsalatı bölməsinin 4cü yarımbölməsinin boru istehsalında (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, boru tökmə, fitnik, balon) və sinkləmə sexlərində təmirçi çilingərlər peşəsi güzəştli şərtlərlə 57 yaşdan pensiya hüququ verən peşə olaraq müəyyən edilmiş və onun kodu heç də məhkəmələrin istinad etdiyi kimi 2040400a18599 deyil, 2040400a-18559 olaraq müəyyən edilmişdir; məhkəmələrin istinad etdiyi Siyahının (bölmə XXXİİİ - kod 23200000-11620) kod altında olan peşə “Ümumi peşələr” sırasında qaz qaynaqçıları kimi müəyyən edilmiş, iddiaçı və işə baxmış məhkəmələr onun 2-ci dərəcəli çilingər (quraşdırıcı) işlədiyini qeyd etsələr də, Siyahıda 23200000-11620 kod altında yalnız qaz qaynaqçıları qeyd edilmişdir; istinad olunan kodlar altında nəzərdə tutulmuş peşələr bilavasitə iddiaçının əmək kitabçasında qeyd edilən peşələrlə tam uzlaşmasa da, məhkəmələr yanlış olaraq iddiaçıya məhz həmin kodlar əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə iş materialları ilə tam təsdiq olunmayan bir nəticəyə gəlmişlər; cavabdehin etiraz və apellyasiya şikayətində göstərilən dəlillərə düzgün hüquqi qiymət verilməsi təmin olunmamışdır; məhkəmə qərarının nəticə hissəsində iddiaçıya hansı ildən, neçə yaşından pensiya təyin edilməli olduğu dəqiq göstərilməmişdir. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən hallarla bağlı hər hansı araşdırma aparıldığına və bunun nəticələrinə dair məlumat işdə və apellyasiya instansiyası məhkəməsinin qərarında öz əksini tapmamışdır.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarlarında şərh edilən göstərişləri diqqətə alaraq, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli 09-677 nömrəli imtina məktubuna görə, təqdim etdiyi sənədlərə əsasən xx.xx.1979-cu ildən xx.xx.1987-ci ilədək “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində, xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək Abşeron quraşdırma idarəsində işlədiyi quraşdırıcı vəzifəsi AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarına aid olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz. Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. İddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasından görə, o, xx.xx.1973-cü ildən xx.xx.2017-ci ilədək müxtəlif vəzifələrdə işləmişdir. “Mingəçevir Enerjiquraşdırma” ATSC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 27 nömrəli Güzəştli arayışa əsasən, iddiaçı “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində xx.xx.1979-cu ildən (əmr 167k, xx.xx.1979) xx.xx.1987-ci ilədək (əmr 120k, xx.xx.1987) 2-ci dərəcəli çilingər işləmiş və işlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündürmərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. İddiaçı tam iş günü ərzində icra etdiyi çilingər vəzifəsində “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısının İİİ. Metallurgiya istehsalatı bölməsinin 4-cü yarımbölməsinin boru istehsalında (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, boru tökmə, fitnik, balon) və sinkləmə sexlərində (2040400a-18599) və 3.8-ci yarımbölməsinin 35-ci abzasında bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna təminat verir. “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2016-cı il tarixli 01/08 nömrəli arayışına görə, iddiaçı “Qafqazenerjiquraşdırma” trestinin Abşeron quraşdırma idarəsində xx.xx.1996-cı ildən (əmr 46/k) xx.xx.2002-ci ilədək (əmr 18/k) quraşdırıcı peşəsində çalışmışdır. İdarənin iş sahəsi əsasən böyük həcmli çənlərin, qara metalların quraşdırılması və istilik mərkəzlərinin quraşdırılması olmuşdur. İşlədiyi sahə zərərli peşə sahəsi olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyul tarixli 320 saylı qərarına (bölmə XXXİİİ kod 23200000-11620) əsasən güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ daşıyır. “xxxxx” Birgə Müəssisəsinin verdiyi xx.xx.2016-cı il tarixli AZF-2016/60-K nömrəli Güzəştli arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək müəssisənin Azf-063 layihəsində quraşdırıcı peşəsində 1 il 11 ay 17 gün, xx.xx.2014-cü ildən xx.xx.2016-cı ilədək müəssisənin Azf-81 layihələrində konstruksiya quraşdırıcısı peşəsində 2 il 2 ay 1 gün, cəmi 4 il 01 ay 18 gün işləmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail omaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar): 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6-cı bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur; 4.1.11-ci bəndinə görə, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İstinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2017-ci il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının 57 yaşı xx.xx.2011-cü il tarixdə tamam olmuşdur. Lakin qeyd olunan tarixə, habelə xx.xx.2017-ci il tarixədək minimum 12 il 6 ay xüsusi iş stajına malik olması iş materialları ilə tasdiqini tapmır. Belə ki, iddiaçının güzətli arayış kimi təqdim etdiyi “Mingəçevir Enerjiquraşdırma” ATSC-nin xx.xx.2016-cı il tarixli, “xxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xx.xx.2016-cı il tarixli və “xxxxx” Birgə Müəssisəsinin xx.xx.2016-cı il tarixli arayışlarından ilk ikisi mötəbər deyil, üçüncüdə əks olunan müddət isə 12 il yarım şərtini ödəmir. Çünki, birinci və ikinci arayışlarda istinad olunan kodlar altında nəzərdə tutulmuş peşələr bilavasitə iddiaçının əmək kitabçasında qeyd edilən peşələrlə uzlaşmır, yəni, 2040400a-18559 kodlu peşə bilavasitə metallurgiya istehsalı ilə bağlı peşədir, iddiaçının bu illərdə işlədiyi vəzifələr isə işdəki sənədlərə əsasən metallurgiya istehsalına aid olmamış, iddiaçı özü də bu illər ərzində məhz metallurgiya istehsalında işlədiyini qeyd etməmişdir, 23200000-11620 kod altında olan peşə isə quraşdırıcı işlədiyi irəli sürülən iddiaçıya deyil, qaz qaynaqçılarına aiddir. İddiaçının xx.xx.1979-xx.xx.1987-ci il tarixlərdə hündürmərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların, buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılmasında işlədiyi çilingər peşəsi isə Siyahıda nəzərdə tutulmamışdır (Siyahıda 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər - tikinti çilingərləri; 35. Ümumi peşələr - yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingərləri və ustaları kessonçular - çilingərlər nəzərdə tutulmuşdur). Onun xx.xx.1996-xx.xx.2002-ci ilədək böyük həcmli çənlərin, qara metalların quraşdırılması və istilik mərkəzlərinin quraşdırılmasında işlədiyi quraşdırıcı peşəsi də Siyahıda təsbit olunmamışdır (Siyahıda 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, hidroaqreqatların quraşdırıcıları; 35. Ümumi peşələr - kessonçular - elektrik quraşdırıcıları və qurğuşun üzlü kabellərin polietilenlə və polixlorvinil örtüklü kabellərin qalaylanması üzrə işlərdə daim məşğul olan kabel şəbəkələri üzrə elektrik quraşdırıcıları nəzərdə tutulmuşdur). Göründüyü kimi, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan başlıca şərt - xüsusi iş stajı şərti onun tərəfindən yerinə yetirilmir. İş üzrə xüsusi staj şərtinə əməl olunmadığından, iddiaçının ümumi staj şərtini yerinə yetirib-yetirməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanun və Qaydalarla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı ləğv edlməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2803/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Xəyalə Cəmilova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar