Məhkəmə qərarları › İş №2-1(103)-763/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-763/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-763/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “Azerbaijan Pharma MMC-nin cavabdeh Bakı şəhər Gömrük İdarəsinə qarşı ( 3-cü şəxs Maliyyə Nazirliyi) “artıq ödənilmiş gömrük ödənişlərinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8528/2021 03.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) 13.04.2021-ci il tarixli, **********3134 nömrəli, **********3127 nömrəli və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə qərar qəbul edilməsi və artıq ödənilmiş gömrük rüsumlarının İddiaçı MMC-yə qaytarılması barədə rəy verilməsi vəzifəsinin cavabdeh Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi Bakı İnzibat Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 25 dekabr 2020-ci il tarixdə İddiaçı MMC ilə “X2 Ticaret ve Senaye Limited Şirketi” arasında bağlanmış “fason üretim” müqaviləsinə əsasən 5010 ədəd “Renepas Oral 200 ML”, 10800 ədəd “Vitacold Ester C Tablet № 20” və 2995 ədəd “Muttarin Tablet № 30” dərman məhsulu İddiaçı MMC-yə satılmışdır. 5010 ədəd “Renepas Oral 200 ML” dərman məhsulunun invoys dəyəri 5010 ABŞ dollar, gömrük dəyəri 9231 manat təşkil etdiyindən İddiaçı MMC 3472,47 manat gömrük ödənişi etməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 24347,40 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 9116,82 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözügedən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində iddiaçı 5644,35 manat (9116,82-3472,47=5.644.35) artıq gömrük ödənişi etmişdir. Həmçinin 10800 ədəd “Vitacold Ester C Tablet № 20” dərman məhsulunun invoys dəyəri 12960 ABŞ dollar, gömrük dəyəri 22423 manat təşkil etdiyindən İddiaçı MMC 8323,61 manat gömrük ödənişi etməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 46704,10 manat göstərilməsini tələb etmiş və buna görə də İddiaçı MMC 17027,37 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözügedən məhsulun gömrük dəyərinin heç bir əsas olmadan yüksək göstərilməsi nəticəsində iddiaçı 8703,76 manat (17027,37- 8323,61=8703,76) artıq gömrük ödənişi etmişdir. Bununla yanaşı 2995 ədəd (38 qutu) “Muttarin Tablet № 30” dərman məhsulunun invoysdəyəri 5990 ABŞ dollar, gömrük dəyəri 10268 manat təşkil etdiyindən İddiaçı MMC 4019,68 manat gömrük ödənişi etməli olduğu halda, gömrük orqanı gömrük bəyannaməsində əsassız olaraq məhsulun gömrük dəyərinin 20926,07 manat göstərilməsini tələb etmiş və buna görə də "xxxx" MMC 7824,61 manat gömrük ödənişi etmək məcburiyyətində qalmışdır. Beləliklə, gömrük orqanı tərəfindən sözügedən məhsulun gömrük dəyərinin yüksək göstərilməsi nəticəsində iddiaçı 3804,93 manat (7824,61-4019,68=3804,93) artıq gömrük ödənişi etmişdir. Qeyd olunan ödənişlər barədə rəsmi sənədlər (invoys və ödəniş tapşırıqlarını) gömrük orqanına təqdim edilmişdir. Göründüyü kimi, dərman məhsullarının alınması ilə bağlı edilən ödənişlər 5010 ədəd “Renepas Oral 200 ML” məhsulu üçün 5010 ABŞ dollar, 10800 ədəd “Vitacold Ester C Tablet № 20 məhsulu üçün 12960 ABŞ dolları və 2995 ədəd “Muttarin Tablet № 30” məhsulu üçün 5990 ABŞ dolları təşkil etmiş və bu barədə gömrük orqanına verilən məlumat dəqiq olmaqla bərabər sənədlərə əsaslanmışdır. İddiaçı həmin sənədlərdə göstərilən məlumatlara əsasən gömrük ödənişlərini hesablayaraq gömrük bəyannaməsini vergi orqanına təqdim etsə də, gömrük orqanı həmin bəyannamədən imtina etmiş, malların gömrük dəyərini əsassız yerə daha yüksək qiymətləndirmiş, əvvəlki bəyannamədən imtina etməsinin səbəbləri barədə bildiriş təqdim edilməmişdir. Odur ki, gömrük orqanı tərəfindən bəyannamədə məhsulların gömrük dəyərlərinin müvafiq olaraq 24347,40 manat, 46704,10 manat və 20926,07 manat kimi göstərilməsi tələb olunmuş, son nəticədə gömrük orqanı tərəfindən şirkətdən hər məhsul üzrə 5644,35 manat, 8703,76 manat və 3804,93 manat artıq pul tutulmuşdur. Odur ki, artıq ödənilmiş həmin məbləğlərin geri qaytarılması barədə müvafiq qərar qəbul edilməsi və rəy verilməsi üçün rəsmi qaydada Bakı Baş Gömrük İdarəsinə müraciət olunmuş ,ancaq həmin müraciət 17 may 2021-ci il tarixdə cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilməsinə baxmayaraq bu günə kimi cavablandırılmamışdır. Göründüyü kimi, gömrük orqanının hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamış və məhsulun alış dəyəri mötəbər sənədlərlə təsdiq edildiyi halda nəyə əsasən gömrük dəyərinin daha yuxarı qiymətləndirilməsi zərurəti əsaslandırılmamış, həmçinin hansı səbəbdən malların gömrük dəyərinin əks olunduğu əvvəlki bəyannamədən imtina edilməsi barədə bizə hər hansı bildiriş də təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8528/2021 03.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmənin mövqeyindən belə aydın olur ki, bəyannamə təqdim edildikdən sonra bəyannaməçi tərəfindən gömrük dəyərinin mübahisələndirilməsinə, bəyannamədə yol verilmiş səhvlərin aradan qaldırılmasına heç bir halda yol verilmir. Məhkəmənin bu mövqeyi səhvdir. Belə ki, gömrük ödənişlərinin düzgün hesablanması və ödənilməsinə nəzarəti həyata keçirən gömrük orqanının bəyannaməçi tərəfindən gömrük ödənişi az hesablandıqda bəyannaməni təsdiqləmədiyi kimi, gömrük ödənişi artıq hesablandıqda da bu səhvin aradan qaldırılması üçün bəyannaməçiyə yardım etməlidir. Bundan əlavə, məhkəmənin mövqeyinin əksinə gömrük qanunverciliyində görmük ödənişlərinin səhv hesablandıqda ödəyici tərəfindən artıq ödənilmiş məbləğin geri qaytarılması barədə tələb irəli sürməsi hüququ, gömrük orqanının isə artıq ödənilmiş vəsaiti ödəyiciyə geri qaytarmaq vəzifəsi müəyyən edilmişdir. Lakin, məhkəmə qanunvericiliyin bu tələblərini nəzərə almamış və heç bir hüquqi əsas olmadan iddaçının artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə tələb irəli sürməsini məhdudlaşdırmışdır. Digər tərəfdən cavabdeh bəyannamənin iddiaçı tərəfindən doldurulduğunu bildirmiş, məhkəmə də buna əsaslanaraq heç bir araşdırma etmədən iddianı rədd etmişdir. Lakin, cavabdehin bəhs etdiyi və məhkəmənin istinad etdiyi iş materiallarında olan bəyannamədən göründüyü kimi, həmin bəyannamə iddiaçı tərəfindən doldurulmamış və bəyannamənin “Vəkalət verən” adlanan 50-ci qrafasında iddiaçının adının qarşısında "İmza” bölməsi boş qalmışdır. Bu halda məhkəmə bəyannamədə əksini tapmış məlumatların həqiqiliyini müəyyən etmək üçün əlavə araşdırma və qiymətləndirmə aparmalı olduğu halda bunu etməmiş, iddiaçının möhürü və səlahhiyətli nümayəndəsinin imzası ilə təsdiq edilməyən bəyannaməni iddiaçı tərəfindən doldurulmuş hesab etmişdir. Halbuki, bəyannamə o halda iddiaçı tərəfindən doldurulmuş hesab edilə bilrdi ki, həmin bəyannamə iddiaçının nümayəndəsi tərəfindən imzalanaraq möhürü ilə təsdiqlənmiş olsun. Məhkəmə cavabdeh tərəfindən gömrük dəyərinin düzgün hesablanmaması barədə iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillərə ümumiyyətlə qiymət verməmiş və nəyə görə həmin dəlilləri əsassız hesab etməsini öz qərarında əsaslandırmamışdır. Hazırkı işin hallarından da göründüyü kimi, gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi üçün zəruri olan bütün sənədlər gömrük orqanına təqdim edilmişdir. Belə olan halda, malların gömrük dəyəri malların sövdələşmə qiyməti ilə müəyyən edilməli idi. Lakin, malların gömrük dəyəri müəyyən edilərkən bu üsulun tətbiqini istisna edən hər hansı səbəb olmadığı halda, cavabdeh malların gömrük dəyərini ikinci üsulla, yəni eyni malların sövdələşmə qiyməti ilə müəyyən etmişdir. Məhkəmə isə bu yöndə heç bir araşdırma aparmamış və cavabdehin hərəkətinin nə dərəcədə qanuni olmasına lazımi hüquqi qiymət verməmişdir. Digər dəlillərdə qeyd olunduğu kimi, məhkəmə bəyannamənin iddiaçı tərəfindən təsdiq edilməsi qənaətinə gələrkən həmin bəyanamənin iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanaraq möhürlə təsdiq edilib-edilməməsinə diqqət yetirməmiş, iddia ərizəsindəki dəlillər üzrə araşdırma apararaq həmin dəlilləri cavablandırmamış və özünün xidməti vəzifəsindən irəli gələn işlə əlaqədar heç bir araşdırma etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, idxal edilən malların dəyəri “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada müəyyən edilir. Əgər təqdim edilən bəyannamədə göstərilən məbləğ şübhə yaradarsa, bəyannaməçidən bəyannaməyə düzəliş edilməsi xahiş edilir. Baxılan iş üzrə iddiaçı müəyyən edilən dəyərə etirazını, bildirməmiş, bununla bağlı nə yuxarı orqana, nə də ki, məhkəməyə müraciət etməmişdir. İddiaçı müəyyən edilən gömrük rüsumlarını ödəyərək malları idxal etmişdir. İş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8528/2021 03.11.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kоllеgiyаsı cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin iddiaçının müraciətinə 02.06.2021-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, müraciətdə qeyd olunan malların gömrük dəyəri əsasında gömrük ödənişləri ödənilmiş, gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilmiş, gömrük rəsmiləşdirilməsi aprılmış və mallar sərbəst dövriyyəyə buraxılmışdır. - “**********3127” sorğu nömrəli gömrük bəyannaməsində “Renepas Oral 200 ml” miqdarı 5010 ədəd gömrük dəyəri 9231,00 AZN göstərilmişdir. - “**********3134” sorğu nömrəli gömrük bəyannaməsində “Vitacold Ester C Tablet № 20” miqdarı 108000 ədad, ümumi gömrük dəyəri 22423,00 AZN göstərilmişdir. - “**********2674” sorğu nömrəli gömrük bəyannaməsində “Muttarin Tablet № 30” miqdarı 2995 ədəd/38 qutu, ümumi gömrük dəyəri 10268,00 AZN göstərilmişdir. - iddiaçı 13.04.2021-ci il tarixli, **********3134 sorğu nömrəli, **********3127 və **********2674 sorğu nömrəli gömrük bəyannamələrinə uyğun olaraq gömrük ödənişlərini ödəmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənmiş, malların gömrük rəsmiləşdirilməsi aparılmış və mallar sərbəst dövriyyəyə buraxılmış və həmin bəyannamələrin 46-cı qrafasında göstərilmiş malın statistik dəyəri iddiaçı tərəfindən verilmiş məlumatlar əsasında bəyannaməçi tərəfindən təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, gömrük bəyannaməsinin gömrük dəyəri əks olunan qrafası gömrük orqanı tərəfindən deyil iddiaçı tərəfindən doldurulduğundan, həmçinin iddiaçı təqdim etdiyi 13.04.2021-ci il tarixli, **********3134 nömrəli, **********3127 nömrəli və **********2674 sorğu nömrəli bəyannamələrdə göstərilən məlumatların düzgünlüyünü özü gömrük orqanına təqdim etdiyindən, gömrük orqanı da öz növbəsində təqdim edilən bəyannamələri təsdiq etdiyindən, hazırkı iddia əsassızdır və təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia təmin edilməlidir. Belə ki, Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il qərarında qeyd olunmuşdur: “inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri)”. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 224.1-ci maddəsinə əsasən bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. Həmin Məcəllənin 224.2-ci maddəsinə əsasən gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. Həmin Məcəllənin 224.5-ci maddəsinə əsasən bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. Həmin Məcəllənin 224.6-cı maddəsinə əsasən gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları, həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Həmin Məcəllənin 226.0-cı maddəsinə əsasən “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı gömrük rüsumları tətbiq edilir: 226.0.1. advalor - malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan; 226.0.2. spesifik - malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan; 226.0.3. kombinə edilmiş – yuxarıda göstərilən hər iki gömrük rüsum növlərinin birləşdirilməsi yolu ilə hesablanan. Həmin Məcəllənin 242.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. Həmin Məcəllənin 242.2-ci maddəsinə əsasən gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. Həmin Məcəllənin 242.3-cü maddəsinə əsasən gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. Həmin Məcəllənin 242.4-cü maddəsinə əsasən gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. Həmin Məcəllənin 242.5-ci maddəsinə əsasən əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanır. Həmin Məcəllənin 266.1-ci maddəsinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 266.3-cü maddəsinə əsasən şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər. Həmin Məcəllənin 267.1-ci maddəsinə əsasən məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Həmin Məcəllənin 267.2-ci maddəsinə əsasəb gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. Həmin Məcəllənin 267.3-cü maddəsinə əsasən bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur. Həmin Məcəllənin 267.4-cü maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır. Həmin Məcəllənin 269-cu maddəsinə əsasən gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 270.3-cü maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. Həmin Qanunun 8.4-cü maddəsinə əsasən gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Baxılan iş üzrə iş materiallarına əsasən müəyyən edilmişdir ki, 25 dekabr 2020-ci il tarixdə İddiaçı MMC ilə “X2 Ticaret ve Senaye Limited Şirketi” arasında bağlanmış “fason üretim” müqaviləsinə əsasən 5010 ədəd “Renepas Oral 200 ML”, 10800 ədəd “Vitacold Ester C Tablet № 20” və 2995 ədəd “Muttarin Tablet № 30” dərman məhsulu İddiaçı MMC-yə satılmışdır. 19.03.2021-ci il tarixli, İHC**********012 nömrəli invoysa əsasən 5010 ədəd “Renepas Oral 200 ML” dərman məhsulunun dəyəri 2010 ABŞ dolları, 18.03.2021ci il tarixli, İHC**********011 nömrəli invoysa əsasən 10800 ədəd “Vitacold Ester C Tablet № 20” dərman məhsulunun dəyəri 12960 ABŞ dolları, 18.03.2021-ci il tarixli, İHC**********008 nömrəli invoysa əsasən 2995 ədəd “Muttarin Tablet № 30” dərman məhsulunun dəyəri 5990 ABŞ dolları olaraq müəyyən edilmişdir. İddiaçı idxal etdiyi dərman məhsullarını müvafiq olaraq 13.04.2021-ci il tarixli, **********3127, **********3134, **********2674 nömrəli gömrük bəyannamələri ilə bəyan etmişdir. Gömrük bəyannamələrində malların dəyəri invoyslarda qeyd olunan məbləğlərdə göstərildiyi kimi qeyd olunmuşdur. Daha sonra cavabdehin müəyyən etdiyi məbləğə uyğun bəyannamələr təqdim edərək, hesablanmış gömrük ödənişlərini ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən malların gömrük dəyəri hesablanarkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, eləcə də, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmuşdur. Belə ki, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün heç bir yazılı bildiriş təqdim edilməmişdir. Eləcə də, həmin Qanunun 12.1-ci maddəsinə əsasən iddiaçıya gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin hansı üsullarla müəyyən edildiyi bildirilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8528/2021 03.11.2021-ci il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı “Azerbaijan Pharma MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8528/2021 03.11.2021-ci il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı “Azerbaijan Pharma MMC -nin iddiası təmin edilsin. 13.04.2021-ci il tarixli, **********3134, **********3127 və **********2674 nömrəli gömrük bəyannamələri əsasında müvafiq olaraq artıq ödənilmiş gömrük ödənişlərinin İddiaçı MMC-yə qaytarılması barədə rəy verilməsi vəzifəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar