Məhkəmə qərarları › İş №2-1(103)-763/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-763/2023

07.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-763/2023 07.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X11 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs X13) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2777/2022 saylı, 12 avqust 2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdehin xx.xx.2019-cu il tarixli 188 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qaraj sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin qaraj sahəsinə qanunsuz müdaxilə edilərək İddiaçı məxsus əmlakların talanması barədə 2015-2019-cu illərdə polisə etdiyi müraciətlər əsasında hazırda Nərimanov Rayon Prokurorluğunda araşdırılır. Naməlum şəxslər tərəfindən qarajın qapısı sındırılaraq həmin qarajda qanunsuz tikililər aparmaqla qanunsuz olaraq zəbt edilmiş və qaraja hazırda da ziyan vurmalarına dair İcra Hakimiyyətinə müraciət edilmiş, İcra Hakimiyyəti vəzifələrini icra etmək əvəzinə tövsiyələr vermiş və buna dair 04.08.21-ci il tarixli, İ-68-149 saylı cavab məktubu ünvanlamışdır. Hazırda mülkiyyətdə olan qaraj sahəsini zəbt edən şəxslərə qarşı məhkəmə araşdırması davam edir. Qaraja məhkəmə tərəfindən yerində baxış zamanı üçüncü şəxslər xx.xx.2019-cu il tarixli yeni bir sərəncam təqdim edərək qaraja onların da hüquqlarının olduğunu bildirmişlər. İddiaçı məxsus qarajda baş verən oğurluqla əlaqədar illərdir müxtəlif instansiya və polis orqanlarında iş araşdırıldığı halda İcra Hakimiyyəti xx.xx.2019-cu il tarixli 188 saylı sərəncamla İddiaçı mülkiyyətində olan qarajı F.Əzizov adlı şəxsin adına sənədləşdirilməsinə icazə vermişdir. Sərəncam 30 saylı MİS-in arayışına və plan sxeminə əsaslanmaqla verilmişdir. F.Əzizovun uzun müddət hazır daş qarajı hansı şəraitdə istifadə etməsinə dair araşdırma belə aparılmamışdır. Çünki həmin qarajın mübahisəli olmasını 30 saylı MİS çox yaxşı bilirdi, İddiaçı çox yaxşı tanıyırdı, qarajın məhz İddiaçı məxsus olduğunu polisdə buna dair dəfələrlə araşdırma olduğunu, qarajdan İddiaçı məxsus əmlakların oğurlanmasını dəqiq bilirdi. Ən əsası vaxtı ilə dəmir qaraj olan, sonra məhz həmin MİS əməkdaşları və icra hakimiyyətinin bu sahəyə baxan əməkdaşlarının razılığı ilə və elə özləri tərəfindən qarajın yenidən daşdan tikilməsini MİS və İcra hakimiyyəti bildiyi halda mülkiyyətdə olan qaraja dair sərəncam verilmişdir. Eyni məzmunlu ərizələrlə cavabdehə müraciətlər edilsə də bu günədək xx.xx.2019-cu il tarixli 188 saylı sərəncamın ləğvi ilə əlaqədar heç bir tədbir görülməmiş, gah araşdırdıqlarını, gah məhkəməyə müraciət etməli olduğunu bildirməklə yaratdıqları mövcud vəziyyətin düzəldilməsinə dair heç bir tədbir görülmür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10895/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X13 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2777/2022 saylı, 12 avqust 2022-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddia təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qeyri-qanuni və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi şəraitində çıxarılmışdır, ona görə də ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır. İş materiallarından da görünür ki, Nərimanov rayon MKTB 30 saylı MKiS ilə X6 arasında Təbriz küçəsi 102 saylı evin həyətində yerləşən, sahəsi 20.0 kv.m olan daş qaraja dair xx.xx.2016-cı il tarixli istismar yığımı müqaviləsi bağlanmışdır, həmçinin 30 saylı MKİS-nin möhürü və mühəndisin imzası ilə xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş sxemə əsasən 20.0 kv.m sahəsi olan daş qarajın sahibi hesab edilmişəm və əsaslı olaraq Cavabdehin 188 saylı xx.xx.2019-cu il tarixli sərəncamı ilə qarajın onun adına sənədləşdirilməsi barədə Sərəncam verilmişdir. Məhkəmə tərəfindən xx.xx.1998-ci il tarixli müqaviləyə əsasən X9 tərəfindən İddiaçı satılmasını və adına 2021-ci ildə texniki pasport tərtib edilməsinə əsaslanmış və nəticədə düzgün olmayaraq sərəncamın ləğvi qənaətinə gəlməklə qərar qəbul etmişdir. Lakin 1998-ci ildən iddiaçının qarajdan istifadə edib-etməməsi, qarajın ona təhvil verilib-verilməməsi, taxniki pasportun hansı səbəbdən 2021-ci ildə verilməsi və s. hallar araşdırılmamış və qiymət verilməmişdir. İş materiallarından görünür ki, iddiaçı ona məxsus olduğunu hesab etdiyi qaraj sənədlərdə dəmir konstruksiyalı kimi göstərilmişdir, onun sahibliyimə verilmiş qaraj isə daşdan tikilmişdir və heç bir konstruksiya dəyişikliyi edilməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)2070/2021 saylı, xx.xx.2021ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X7 qarşı qarajdan çıxarılma və qarajın təhvil verilməsi tələbinə dair iddiası tələbi təmin edilməmişdir. Həmin qətnamənin təsviriəsaslandırıcı hissəsindən görünür ki, qətnamədə sadalanan sübutlar sırasında Cavabdehin xx.xx.2019-cu il tarixli 188 saylı sərəncamının adı və məzmunu qeyd edilmiş, dolayısı ilə iddiaçı mübahisələndirilən sərəncamdan mülki məhkəmə icraatı gedişində və xx.xx.2021-ci il tarixdə məhkəmədə hazırkı iddianı qaldırmaqla iddia müddətini ötürməmişdir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi sərəncamdan daha əvvəl məlumatlı olması və ya ona rəsmi qaydada həmin sərəncamın təqdim edilməsinin sübut olunmadığını nəzərə alaraq iddia müddətinin ötürülmədiyi nəticəsinə gəlir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: -1.6-cı bəndinə görə rayon bölgüsü olan şəhərin icra hakimiyyəti başçısının yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin müvafiq şəhər rayonunun ərazisində mənzil-kommunal təsərrüfatı və mənzil istismarı sahəsində fəaliyyət göstərən, məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik və işıqlandırma işlərini yerinə yetirən struktur bölmələri (mənzil-kommunal istismarı və mənzil istismarı sahələri də daxil olmaqla) ikili tabelikdədir – onlar həm şəhər icra hakimiyyətinin başçısına, həm də müvafiq şəhər rayonunun icra hakimiyyətinin başçısına tabedirlər. -3.9.6-cı bəndinə əsasən dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir; -3.9.8-ci bəndinə görə müvafiq ərazidə dövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirir. -4.15.11-ci bəndinə görə müvafiq ərazidə ictimai asayişin qorunması, kriminogen vəziyyət, habelə vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasının təmin olunması haqqında məhkəmə, ədliyyə, prokurorluq və polis orqanlarından məlumatlar almaq; -4.15.12-ci bəndinə əsasən müvafiq ərazidə hüquqpozmaların profilaktikası üzrə tədbirlər həyata keçirmək; -4.15.13-cü bəndinə əsasən müvafiq ərazidə ictimai təhlükəsizliyin qorunmasının təmin edilməsi, əhalinin və həyat üçün mühüm obyektlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün tədbirlər həyata keçirmək yerli icra hakimiyyəti başçılarının vəzifələridir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 102 saylı binanın yaxınlığında yerləşən qeyri yaşayış binası – qarajın texniki pasporta əsasən ona məxsus olduğu halda, cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli 188 saylı sərəncamla sözügedən qarajı üçüncü şəxs F.Ə.Əzizovun adına sənədləşdirilməsinin qanunsuz olduğunu iddia edərək həmin sərəncamın ləğv edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 102 saylı binanın yaxınlığında yerləşən qarajla bağlı ilkin hüquqmüəyyənedici sənədlərin surətindən görünür ki: - xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən X8 Rayon Deputatları Sovetinin xx.xx.1966-ci il tarixli razılıq məktubu əsasında ona məxsus olan qarajı X1. - X3 adına tərtib edilmiş xx.xx.1996-cı il tarixli texniki pasortun surətinə əsasən tikintilərin və qurğuların xarakteristikalarına əsasən 1966-cı ildə tikilmiş qarajın sahəsi 19.25 kv.m, həcmi 42.35 kub metr, tikinti altında torpaq sahəsi 19.25 kv.m-dir. - xx.xx.1998-ci il tarixli müqaviləyə əsasən X9 ona xx.xx.1906-cı il tarixli, 30/694 nömrəli texniki pasporta əsasında məxsus olan qarajı İddiaçı satmışdır. Bununla belə, Bakı şəhəri Cavabdehin xx.xx.2019-cu il tarixli 188 nömrəli sərəncamında göstərilmişdir ki, Bakı şəhəri, Yusifzadə küçəsi 2 saylı evin 3-cü mənzilində yaşayan vətəndaş X12 ərizə ilə Cavabdehə müraciət edərək, Təbriz küçəsi 102 saylı binanın qarşısında yerləşən, uzun müddət istifadə etdiyi daş qarajın öz adına sənədləşdirilməsinə icazə verilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən (30 saylı MKlS-nin xx.xx.2019-cu il tarixli, 30/0948 №li arayışı və tərtib etdiyi plan-sxem) müəyyən edilmişdir ki Təbriz küçəsi 102 saylı binanın qarşısında həyətində yerləşən, sahəsi 20,0 kv.m. olan daş qarajdan vətəndaş F.Ə.Əzizov uzun müddətdir ki, istifadə edir və istismar yığımı haqqını vaxtlıvaxtında ödəyir. Göstərilənlərə istinad edilərək Təbriz küçəsi 102 saylı binanın qarşısında yerləşən, sahəsi 20,0 kv.m. olan daş qarajın vətəndaş F.Ə.Əzizovun adına sənədləşdirilməsi, vətəndaş F.Ə.Əzizova tikinti və abadlıq işləri ilə əlaqədar lazım gəldikdə qarajın sökülə biləcəyinin xəbərdarlıq edilməsi, qarajdan öz təyinatı üzrə istifadə olunmasına nəzarətin 30 saylı MKİS-nə və 17-ci Polis Bölməsinə tapşırılması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 30 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 30/0459 nömrəli məktubunda bildirilmişdir ki, qarajlar müvəqqəti qurğudur və bu səbəbdən də balansda olmur. Əldə olunmuş İstismar yığımı müqavilələrinin surətlərinə əsasən həmin qaraj əvvəllər X2, daha sonra isə xx.xx.2019-cu il tarixli, 30-106 nömrəli İstismar yığımı müqaviləsinin surətinə əsasən X10 istifadəsində olmuşdur. Həmin məktubla göndərilmiş sənədlərin təsdiq olunmuş surətindən görünür ki: - 30 saylı MKİS-nin möhürü və texnikinin imzası ilə təsdiq edilmiş Təbriz küçəsi 102 saylı binanın həyətində yerləşən daş qarajın sxeminə əsasən qarajın sahibi X6, qarajın sahəsi 20.0 kv.metrdir. - 30 saylı MKİS Nərimanov rayon MKTB ilə X6 arasında Təbriz küçəsi 102 saylı evin həyətində yerləşən sahəsi 20.0 kv.m olan daş qaraja dair xx.xx.2016-cı il tarixli, 30-106 nömrəli istismar yığımı müqaviləsi bağlanmışdır - 30 saylı MKİS-nin möhürü və mühəndisinin imzası ilə təsdiq edilmiş xx.xx.2019- cu il tarixli Təbriz küçəsi 102 saylı evin həyətində yerləşən daş qarajın sxeminə əsasən qarajın sahibi X13, qarajın sahəsi 20.0 kv.metrdir Göründüyü kimi, mübahisələndirilən sərəncamla Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 102 saylı binanın yaxınlığında yerləşən sahəsi 20,0 kv m. olan daş qarajın üçüncü şəxs F.Ə.Əzizovun adına sənədləşdirilmişdir. Halbuki iş üzrə məhkəmələr tərəfindən araşdırmaların nəticəsindən aydın olur ki, qarajın alqı-satqı müqaviləsi ilə sonuncu alıcısı İddiaçıdur və sonuncu dəfə texniki pasport məhz İddiaçı adına tərtib edilmişdir. Sözügedən alqı-satqı müqavilələri və texniki pasport qüvvədədir. Cavabdeh sözügedən qarajla bağlı İİQ-nun tələbinə uyğun maraqlı şəxs statusunda olan İddiaçı məlumatlandırmadan, onun bilavasitə iştirakını təmin etmədən üçüncü şəxsin adına rəsmiləşdirmiş, bununla da İİQ-nun qeyd edilən prosessual normalarının tələblərini pozmaqla iddiaçı üçün əliverişsiz inzibati akt qəbul etmişdir. Təkcə bu hal cavabdehin sərəncamının prosessual normaların tələblərinin pozulması ilə qəbul olunduğundan ləğv edilməsi üçün əsasdır. Belə ki, İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. -2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -51.2-ci maddəsinə görə bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. -51.5-ci maddəsinə əsasən inzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmçinin, cavabdeh sərəncamda sözügedən qarajın uzun müddətdir ki, F.Ə.Əzizovun istifadəsində olduğunu qeyd etsə də, cavabdehin uzun müddət anlayışını hansı müddət çərçivəsi ilə müəyyən etdiyi etdiyi bəlli deyil. Mübahisəli sərəncamın qəbul edilməsinə əsas olmuş inzibati icraat materiallarında X13 ilə xx.xx.2019-cu il tarixdə istismar yığımı müqaviləsinin bağlandığı, qarajdan istifadəyə görə istismar haqqının isə bir dəfə -xx.xx.2019-cu il tarixdə ödənildiyi müəyyən olunur. Başqa sözlə, üçüncü şəxsin sözgüdən qarajdan xx.xx.2019-cu il tarixli sərəncama qədər uzun müddət istifadə etdiyinə dair hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Halbuki, iş materiallarından müəyyən olunur ki, adıçəkilən mübahisəli qaraj 1966-cı ilin dəmir qurğusu olmaqla ilk öncə Nərimanov Rayon Deputatları Sovetinin xx.xx.1966-ci il tarixli razılıq məktubuna əsasən Əskər Aldar oğlunun adına olmuş sonuncu xx.xx.1995-ci il tarixli müqaviləyə əsasən əsasən həmin qarajı notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən X1. X3 adına sözügedən qarajın xx.xx.1996-cı il tarixli, 30/694 nömrəli texniki pasportu tərtib edilmiş, daha sonra sonuncu həmin texniki pasport əsasında qarajı notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. Bundan sonra İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin qaraja dair xx.xx.2021-ci il tarixdə texniki pasport tərtib edilmişdir. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2777/2022 saylı, 12 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar