Məhkəmə qərarları › İş №2-1(103)-763/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-763/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-763/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7, X3, X6 və X8) “torpaq sahəsinə dair çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8287/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəlyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsinə (İddiaçı adına) çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8287/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə X7, X3, X6 və X8 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “... Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsi ulu babası Abdin Aslana məxsus olmuşdur. Bu fakt Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin X10 25 aprel 2008-ci il tarixli 9/211 saylı və 31 may 2018-ci il tarixli 12-251 saylı məktubları ilə öz təsdiqini tapmışdır. Ulu babası Abdin Aslandan (təvəllüdü 1855-ci il miras qalmış, əmlak daha sonra, babası Namdar Abidin oğluna, ondan sonra isə atası Abdin Namdar oğlunun sahiblik və istifadəsində olmuş və müvafiq qaydada vərəsə kimi həmin əmlakı qəbul etmişdir. Hazırda da həmin əmlakı, o, vərəsə kimi qəbul etmişdir. Həmin torpaq sahəsinin bir hissəsi yol üçün (dövlət ehtiyyacları üçün) alınmış və ona görə ona dövlət tərəfindən müvafiq kompensasiya da ödənilmişdir. O, həmin əmlakı vərəsəlik qaydasında qəbul etdiyindən Sabunçu rayon Məhkəməsinə müraciət edərək həmin torpaq sahəsinin vərəsəlik qaydasında qəbul edilməsini hüquqi fakt kimi təsdiq edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(008)-2348/2022 saylı qətnaməsi ilə onun ərizə təmin edilmiş, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları ərazisində yerləşən 0.82 ha torpaq sahəsi onun tərəfindən vərəsəlik qaydasında qəbul edilməsi müəyyən edilmişdir. Həmin qətnamə ilə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsinin ulu babasına məxsusuluğu və sonradan vərəsəlik qaydasında qəbul edilməsi öz təsdiqini tapmışdır. Həmin qətnamə də öz qüvvəsini almışdır. Odur ki, bu faktın təsdiq və yenidən sübut edilməsinə ehtiyac yoxdur və onun həmin sahəyə hüququ tanınmalı müvafiq çıxarış verilməlidir. Nəzərə alınmalıdır ki, həmin ərazidə dairəvi yol çəkilişi ilə əlaqədar ona məxsus torpaq sahəsinin bir hissəsi dövlət ehtiyacları üçün alınmışdır (kompensasiyası tam ödənilməmişdir) odur ki, ona çıxarış verilərkən mövcud sahəyə uyğun çıxarış verilməlidir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Eyni zamanda, həmin torpaq sahəsi ləğv edilmiş Bakı şəhər İcra Hakimiyyətinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin müqavilələri əsasında digər fiziki şəxslərin mülkiyyətinə verilmişdir. Həmçinin, Sabunçu rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(008)- 10426/2017 nömrəli qərarı ilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddiası təmin edilməmiş, həmin qətnamə Bakı Apelyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli 2(103)-5730/2018 nömrəli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(008)-10426/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən yerli baxış zamanı, göstərilən torpaq sahəsinin faktiki ölçüsünün 5888.0 kv.m olduğu məlum olmuşdur. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin çox hissəsi daşınmaz əmlakın dövlət reyestrindən X4 adına **********77 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1951” saylı bağ sahəsi, X1 adına **********60 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1952” saylı bağ sahəsi, X2 adına **********00 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “3194” saylı bağ sahəsi və X5 adına **********18 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1814B” saylı bağ sahəsi ilə üst-üstə düşməklə yerdə qalan hissəsi ümumi istifadədə olan yola, bir hissəsi isə avtomobil yolu ilə hasarlar arasında qalan yolkənarı hissəyə düşür...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8287/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayətini iddiaçı aşağıdakılarla əsaslandırılmışdır: “...Qərar işin həqiqi mahiyyətini əks etdirmir və qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini işdə olan faktlar əsasında düzgün həyata keçirməmişdir. Bununla da məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutlara münasibətdə iddiaçının tələb hüququnu yanlış qiymətləndirmiş, iddianı rədd etməklə səhv nəticəyə gəlmişdir. Məhkəmə aşağıda qeyd edilən halları nəzərə almamışdır: Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsi iddiaçının ulu babası Abdin Aslana məxsus olmuşdur. Bu fakt Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin X10 25 aprel 2008-ci il tarixli, 9/211 saylı və 31 may 2018-ci il tarixli, 12-251 saylı məktubları ilə öz təsdiqini tapmışdır. Ulu babası Abdin Aslandan miras qalmış əmlak daha sonra babası Namdar Abdin oğlunun, ondan sonra isə atası Abdin Namdar oğlunun sahiblik və istifadəsində olmuş və hazırda onun özü tərəfindən müvafiq qaydada vərəsə kimi həmin əmlak qəbul edilmişdir. Eyni zamanda torpağın müəyyən hissəsi dövlət ehtiyacları üçün alınmış, onun tərəfindən miras əmlakın vərəsəlik qaydasında qəbul edilməsinin hüquqi fakt kimi təsdiqi məhkəmə tərəfindən tanınmışdır. Belə olan halda iddiaçının iddiası təmin edilərək yeni qərar çıxarılmalı, mübahisə predmeti olan miras əmlak vərəsəlik qaydasında qəbul edildiyindən ona məxsus Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən üçüncü şəxslərin işə cəlb olunsa da, məhkəmə onların iştirakına zəruri şərait yaratmamışdır. Elə ikinci iclasdan məhkəmə qərarı tez bir şəkildə çıxarmış, tələbini dəqiqləşmə etməyə şərait yaratmamışdır. Şikayətə əlavə edilən sənədlərdən də görünür ki, məhkəmə əvvəlki sənədlərdə olan texniki səhvlərdən sui-istifadə edib. X7 həmsərhəd qonşusundan torpaq sahəsi alaraq 2011-ci ildə orada ev tikib. Lakin pərakəndə tikinti materialı satışını onun torpaq sahəsində həyata keçirib (2011 -ci ildə). 2017-ci ildə isə anası və həyat yoldaşına çıxarışlar alıb. Çıxarışı olan 1814B saylı torpaq sahəsi 2012-ci ildə dairəvi yolun layihəsinə düşdüyü üçün mövcud deyildir. Buna baxmayaraq, həmin torpaq sahəsinə çıxarış verilib. 3194 saylı torpaq sahəsi ardcıl olaraq xəritə üzrə nömrələnib. Bəs necə olur ki, 3194 saylı torpaq sahəsi 1814 və 1951 saylı torpaqların sırasına yazılıb? Çünki onun torpaq sahəsi 1951-1814 saylı torpaqlardır. Aslanov Vüqar 2011-ci ildə köhnə hasarını, tikdiyi evi sökərək, 2017-ci ildə isə tikdiyi hündür hasarı sökərək, çoxlu sayda meyvə ağaclarını kəsərək məhv etmişdir…” Məhkəmə kollegiyasının iclasında iştirakı edən iddiaçı iddia ərizəsinə və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının tələbindən göründüyü kimi, iddiaçı “Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhiş bağları ərazisində yerləşən 0,82 ha torpaq sahəsinə (İddiaçı adına) çıxarışın verilməsi tələbinə dair” iddiası birinci instansiya məhkəməsinin qərarı ilə rədd olunmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.” Həmin maddədə nəzərdə tutulan müvafiq icra hakimiyyətinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda qeydiyyata əsas verən sənədlər sırasına aşağıdakılar aid edilmişdir. Belə ki, həmin Siyahıda nəzərdə tutulan daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər aşağıdakılardan ibarətdir.

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı,sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. İş materialları araşdırıldıqda iddiaçının Ulu babası Abdin Aslandan miras qaldığını iddia etdiyi 0,82 ha torpaq sahəsinə dair qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı birinə malik deyildir. İş materialları üzrə məhkəmə sorğusu ilə əldə olunmuş materiallara əsasən iddiaçının malik olduğu sənədlər isə aşağıdpakılardan ibarətdir: Azərbaycan Respublikası X10 işə əlavə edilmiş xx.xx.2008-ci il tarixli 9/211 nömrəli, xx.xx.2018-ci il tarixli R-251 nömrəli və xx.xx.2024-cü il tarixli 3-48-TA/2-54/2024 nömrəli məktublarında qeyd edilir ki, X10 sənədlərində Balaxanı kəndi üzrə istifadələri üçün ayrılmış həyətbaşı miras torpaq sahələri olan şəxslərin 15 may 1916-cı ilə dair siyahılarından məlum olur ki, Abdin Aslan oğlunun Kürdəxanı kəndində 1800 kv. sajına (1 kv. sajın = 4,550 kv.m) bərabər olan torpaq sahəsi olmuş, lakin həmin torpaq sahəsinin hansı ərazidə yerləşdiyini mümkün olmamışdır. Bununla əlaqədar qeyd olunmalıdır ki, birincisi, adıçıkilən arxiv sənədində təsbit olunan məlumatlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin qeyd olunan müddalarında, habelə, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulan hüquqmüəyyənedici əsaslar sırasında öz əksini tapmamışdır. İkinci bir tərəfdən, iddia edilən 0,82 ha torpaq sahəsinin hansı əsaslarla, yəni, hansı sənədlərə əsasən və kim tərəfindən konkret olaraq, iddiaçının 1855-ci il təvəllüdlü Ulu babası Abdin Aslanın istifadəsinə verildiyi müəyyən deyildir. Üçüncü bir tərəfdən, qeyd olunmalıdır ki, keçmiş torpaq mülkiyyətçilərinin (onların varislərinin) torpaq sahələri üzərində hüquqlarının restitusiyasına yol verilmir. Dördüncüsü, cavabdehin iddia ərizəsinə etirazına, məhkəmənin sorğusuna əsasən xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim etdiyi arxiv sənədlərinə, işə əlavə olunmuş ortofoto görüntülərə, habelə, iddiaçının apellyasiya şikayətinin mübahisələndirilməyən dəlillərinə əsasən müəyyən olunur ki, iddia edilən və iddiaçı tərəfindən tərəfindən göstərilən torpaq sahəsinin çox hissəsi daşınmaz əmlakın dövlət reyestrindən X4 adına **********77 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1951” saylı bağ sahəsi, X1 adına **********60 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1952” saylı bağ sahəsi, X2 adına **********00 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “3194” saylı bağ sahəsi və X5 adına **********18 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş “1814B” saylı bağ sahəsi ilə üst-üstə düşməklə yerdə qalan hissəsi ümumi istifadədə olan yola, bir hissəsi isə avtomobil yolu ilə hasarlar arasında qalan yolkənarı hissəyə düşür. Başqa sözlə, faktiki olaraq iddia edilən 0,82 ha torpaq sahəsi iddiaçının istifadəsində deyil, həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin mülkiyyəti kimi qeydiyyata alınmışdır. Bundan əlavə qeyd olunmalıdır ki, cavabdehin iddia ərizəsin etirazından və məhkəməyə təqdim etdiyi Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli 2(103)-5730/2018 nömrəli qətnaməsindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 19 dekabr 2017-ci il tarixli 2(008)-10426/2017 nömrəli qərarı ilə iddiaçının mübahisəli torpaq sahəsində yerləşən qeyd edilən torpaq mülkiyyətçilərinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, torpaq sahəsindən çıxarılma, maneələrin aradan qaldırılması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələblərinə dair iddia tələbləri rədd edilmiş və həmin qətnamənin Bakı Apelyasiya Məhkəməsinin qeyd olunan qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddiaçının Sabunçu rayon Məhkəməsinin 2(008)-2348/2022 saylı xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış qərarı və xx.xx.2022-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Ləhiş bağları ərazisində yerləşən 0.82 ha torpaq sahəsinin onun tərəfindən vərəsəlik qaydasında qəbul edilməsinin müəyyən edilməsinə gəldikdə, birincisi, ona görə, yuxarıda qeyd olunan əsaslar baxımından, istinad olunan həmin məhkəmə qətnamə icrası mümkün olmayan bir məhkəmə aktıdır. İkincisi, hazırkı cavabdeh qeydiyyat orqanı həmin məhkəmə mübahisəsi üzrə işdə iştirak edən şəxs qismində prosessual iştirakçı olmamışdır. İPM-in 78-ci maddəsi isə nəzərdə tutur ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi vərisləri üçün məcburidir. Bu baxımdan, Sabunçu Rayon Məhkəməsinin sözügedən qətnaməsi hazırkı cavabdedeh qeydiyyat orqanı üçün məcburi xarakter daşıya bilməz. Bütün bu yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hazırkı tələbinin təmin edilməsindən imtina edilməsi işdə olan sənədlərə, maddi və prosessul hüquq normalarına uyğun olduğundan əsasslıdır. Cavabdehin əsaslı imtinası isə iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. “Saghinadze və başqaları Gürcüstana qarşı” işə dair Avropa Məhkəməsi qərarında (“27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05) qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” İPM-in 73.1-ci maddəsinin mənası da onu ehtiva edir ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması mahiyyəti üzrə düzgün nəticədir. Bu baxımdan, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin məhkəmə tərəfindən hərtərəflii araşdırma aparılmadığını, qəbul etdiyi qərarın işin həqiqi mahiyyətini əks etdirmədiyini və qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8287/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8287/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar