Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-764/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil ( Bakı şəhəri Mərkəz Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X1 (Hüquq İdarəsinin dövlət qulluqçusu) iştirakları ilə, İddiaçı (xx.xx.1976-cı il tarixdə Dəvəçi rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3121/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun kəşfiyyat və əks-kəşfiyyat subyektinin hərbi qulluqçusu kimi xidmət etdiyi xx xxxx 2001-ci ildən xx xxxxxx 2017-ci ilədək hər ili üçün məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinətin, hər ili üçün iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin, həyat və sağlamlığına görə 5 illik pul təminatı məbləğində sığorta məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 2001-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyində 0023 saylı əmrə əsasən 052 saylı xüsusi əməliyyat qrupunun baş kəşfiyyatçısı vəzifəsində xidmət etmiş, xx xxxxxx 2015-ci il tarixdə Goranboy rayonu TapQaraqoyunlu istiqamətində tapşırığı icra edib geri qayıdarkən mina partlayışında xəsarət almış və ayağının üçdə biri amputasiya olunmuşdur. xx xxxxxx 2017ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununda qeyd olunan güzəştlərdən yararlanmaq və ona çatası təminatları almaq üçün xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyi 12/60 saylı xx xxxxxx 2020-ci il tarixli məktubla ona bildirmişdir ki, Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsində sığorta edən tərəfindən ödənilən sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən də kəşfiyyat fəaliyyəti subyektləri həmin qanunun tələbləri ilə deyil, digər hərbi qulluqçular kimi sığortalanırlar. Həmin qanunun icra mexanizmi olmadığından onun ərizəsinə mahiyyəti üzrə baxılması mümkün deyildir. Lakin Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 186 saylı Fərmanının 3.1-ci maddəsinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsində nəzərdə tutulmuş kəşfiyyat və əks-kəşfiyyat tədbirlərini Azərbaycan Respublikasının Xarici Kəşfiyyat xidməti, öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə nazirliyi və dövlət sərhəddinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirir. xx.xx.2020-ci il tarixdə cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək, onun həyat və sağlamlığına görə 5 illik pul təminatı məbləğində sığorta məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3121/2020 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3121/2020 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbi üzrə iddiası mümkün sayılmamışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı qərardaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3121/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 185 saylı Fərmanının 3.1-ci maddəsinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsində nəzərdə tutulmuş Kəşfiyyat və əks-kəşfiyyat tədbirlərini Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi və dövlət sərhədinin mühafizəsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti həyata keçirir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, N nömrəli hərbi hissə komandirinin N nömrəli xx xxxxxx 2016-cı il tarixli əmrindən çıxarışdan görünür ki, baş gizir İddiaçı Əbdülkərim oğlu (mətnə uyğun) N nömrəli hərbi hissənin-Xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı-Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx xxxxxx 2016-cı il tarixli 0329 gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin v bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verməklə ehtiyyata buraxılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixli ərizəsi ilə inzibati orqana müraciət edərək, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsinə əsasən dövlət büdcəsi vəsaiti hesabına beş illik pul təminatı məbləğində ona ödənilməli olan sığorta məbləğinin ödənilməsini xahiş etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2020-ci il tarixli, 12/60 nömrəli məktubla bildirmişdir ki, Müdafiə Nazirliyində xidmət edən hərbi qulluqçular “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq sığortalanırlar. Həmin qanunun 4-cü maddəsində sığortaedən, yəni Müdafiə Nazirliyi tərəfindən sığorta şirkətinə hər bir hərbi qulluqçu üçün ödənilən sığorta məbləği, 5-ci maddəsində isə sığorta hadisələri və qruplar üzrə sığorta ödənişlərinin məbləği göstərilmişdir.Bu qanunun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən aparılır. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 20.11-ci maddəsində isə sığortaedən tərəfindən ödənilən sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığorta ödənişlərinin miqdarı göstərilməmişdir. Bu səbəbdən kəşfiyyat fəaliyyəti subyektləri göstərilən qanunun tələbləri ilə deyil, digər hərbi qulluqçular kimi sığortalanırlar. Qeyd olunan maddənin icra mexanizmi olmadığından ərizəyə mahiyyəti üzrə baxılması mümkün deyildir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbi üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşıyan orqan olmadığına görə iddia tələbi mümkün sayılmamalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında Qanunu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir. Həmin Qanunun 3-cü maddəsinə əsasən Hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Həmin Qanunun 4-cü maddəsinə əsasən Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı, sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla, sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına aparılır. Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli olan əsas prinsipləri və müddəaları müəyyən edir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sığorta hadisəsi baş verdikdə, hərbi qulluqçulara sığorta ödənişləri Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən aparılır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbini həyat və sağlamlığına görə 5 illik pul təminatı məbləğində sığorta məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi təşkil etmiş, cavabdeh qismində isə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində (dəqiqləşdirilmiş) nəzərdə tutduğu tələbi hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş inzibati orqanın səlahiyyətləri çərçivəsində olmadığından birinci instansiya məhkəməsinin iddia tələbini mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-3121/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-764/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-764/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver