Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-764/2022 11.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı «keçmiş dövr üzrə müavinətin ödənilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05.10.2021-ci il tarixli, 2-1(112)-7515/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 08-11 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 19 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 06.10.2005-ci il tarixdən 06.10.2008-ci il tarixədək olan dövr üçün sosial müavinət hesablanıb ödənilməsi vəzifəsinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun çoxsaylı müraciətlərindən sonra qaldırdığı məsələyə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində yaradılmış komissiyada baxılaraq, ona “müharibə veteranı” adı və MTV seriyalı 077725 nömrəli 06.10.2008-ci il tarixli “müharibə veteranı” vəsiqəsi verilmişdir. Bununla da əslində onun “müharibə veteranı” adı bərpa olunmuşdur. Çünki, o, müharibə zamanı bilavasitə döyüşlərdə iştirak etmiş və bu ada layiq olmuşdur. Bu baxımdan da ona əslində “müharibə veteranı” adı və müvafıq vəsiqə verildiyi 06.10.2008-ci il tarixədək olan bütün dövr üçün sosial müavinət (kommunal, nəqliyyat və digər güzəştlərə görə) hesablanaraq ödənilməlidir. Lakin «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsində ən çoxu müraciət etməzdən əvvəlki 3 il üçün müavinət ödənilməsi nəzərdə tutulduğundan, o, 15.03.2021-ci il tarixdə ərizə ilə DSMF Şəmkir rayon şöbəsinə müraciət edərək, ona 06.10.2005-ci il tarixdən 06.10.2008-ci il tarixədək olan dövr üçün sosial müavinətin (kommunal, nəqliyyat və digər güzəştlərə görə) hesablanaraq ödənilməsini xahiş etmişdir. DSMF 19 saylı Regional Ərazi Filialının **********8 nömrəli 19.03.2021-ci il tarixli məktubu ilə ona əvvəlki illərə görə müharibə veteranı kimi sosial müavinətin ödənilməsindən imtina edilərək, həmin məsələ ilə bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də hesab edir ki, DSMF Şəmkir rayon şöbəsi tərəfindən ona 6 oktyabr 2005-ci il tarixdən 6 oktyabr 2008-ci il tarixədək olan dövr üçün sosial müavinət (kommunal, nəqliyyat və digər güzəştlərə görə) hesablanaraq ödənilməlidir. Sonda iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi Gəncə İnzibati Məhkəməsinin icraatına daxil olduqdan sonra məhkəmə iş üzrə cavabdeh DSMF 19 saylı Regional Ərazi İdarəsinin DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz etmişdir. Gəncə İnzibati Məhkəməsinin 06.05.2021-ci il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 05.10.2021-ci il tarixli, 2-1(112)-7515/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı müharibə veteranları üçün nəzərdə tutulan müavinətin 1 yanvar 2006-cı il tarixdən 6 oktyabr 2008-ci il tarixədək olan dövr üzrə məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim: R.Kərimli) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 06.10.2008-ci il tarixində “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş və həmin vəsiqə əsasında Fondun müvafiq şöbəsi vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni 06.10.2008-ci il tarixindən ona sosial müavinət təyin etmişdir. İddiaçı daha sonra Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala müraciət edərək, ona vəsiqəni aldığı tarixdən əvvəlki dövrlər üçün “veteran müavinəti”nin ödənilməsini tələb etmişdir. Lakin cavab məktubunda əvvəlki dövr üçün müavinətin hesablanaraq ödənilməsinin qanunauyğun olmadığı qeyd olunmuşdur. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Nəzərə alsaq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. İddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsi 08.10.2008-ci ildə verilmişdir. Yəni, müharibə veteranı kimi bu tarixdən sonra tanınır və belə bir adı təsdiq edən sənəd kimi isə qeyd olunan vəsiqə çıxış edir. Buna görə də, hüquqi olaraq veteran kimi tanınmadığı dövr üçün bu adla müavinətin verilməsi qanuni deyildir. İşə baxan məhkəmə adı çəkilən Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına əsaslanmaqla, həmin müavinətlərin şəxsin müharibə veteranı statusunu aldığı vaxtdan, yəni müvafiq müavinəti almaq hüququnun yarandığı gündən əvvəlki üç il üçün də ödənilməli olmasını qət etmiş, bununla da sözügedən maddi hüquq normasını səhv təfsir və tətbiq edərək düzgün olmayan qərar çıxarmışdır. Maddənin dispozisiyasından göründüyü kimi, qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnu yarandığı günlə şərtləndirmişdir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 06.10.2005-ci il tarixdən 06.10.2008-ci il tarixədək olan dövr üçün sosial müavinət hesablanıb ödənilməsi vəzifəsinin qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş və qeyd etmişdir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi 06.10.2015-ci il tarixdə verilsə də, bu statusa o, əvvəlki dövrdə olan xidmətlərinə görə malik olduğundan, «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1.5-ci maddəsinə uyğun olaraq vəsiqənin alındığı (həmin vaxt müraciət etmişdir) vaxtdan əvvəlki müvafiq dövrdən – bu Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixdən başlayaraq hesablanmalıdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçı yalnız həmin dövr üzrə müavinət məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Ona 06.10.2005-ci il tarixdən 31.12.2005-ci il tarixədək olan sözügedən müavinətin verilməsi «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsinin tələblərinə ziddir. Odur ki, cavabdeh inzibati orqanın imtinası qismən qanuna zidd və iddiaçının sosial təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Şəmkir rayon Hərbi Komisarlığı tərəfindən verilmiş M/V seriyalı 077725 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 06.10.2008ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 19 saylı Regional Ərazi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 19.03.2021-ci il tarixli **********8 saylı məktubundan görünür ki, iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsinə və «Veteranlar haqqında» AR Qanunun 7-ci maddəsinə müvafiq olaraq iddiaçının əmək pensiyası almaq hüququ olmayan şəxs kimi Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı kimi sosial müavinət almaq hüququ Azərbaycan Respublikası Müdafiə Nazirliyinin veteran vəsiqəsini təqdim etdiyi gündən, yəni 06.10.2008-ci il tarixdən yarandığı, bu səbəbdən də ərizədə qeyd edilmiş əvvəlki illərə görə iddiaçıya müharibə veteranı kimi sosial müavinətin ödənilməsinin imkan xaricində olması göstərilmişdir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla),müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Hazırki işin hallarından görünür ki, iddiaçıya 06.10.2008-ci ildən müharibə veteranı vəsiqəsi verilmiş və ona bununla əlaqədar olaraq sosial müavinət təyin edilmişdir. İşin mübahisələndirilən halı həmin müavinətin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təyinatdan əvvəlki üç il nəzərə alınaraq yenidən hesablanması və fərqin ödənilməsi ilə bağlıdır. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin 2008-ci ildə verilməsini əsas götürərək, həmin tarixdən də ona sosial müavinət təyin edildiyini bildirir və bu səbəbdən iddiaçıya əvvəlki üç il üçün sosial müavinətin təyin edilməsindən imtina edir. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 06.10.2008-ci il tarixdə verilsə də, cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən də iddiaçıya həmin tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Göründüyü kimi iddiaçıya 2008-ci ildə müharibə veteranı vəsiqəsi verilsə də, iddiaçı Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirakına görə həmin vəsiqəni almış və həmin vəsiqəni alması səbəbi 2008-ci il tarixdə deyil, o, döyüş əməliyyatlarında iştirak etdikdən sonra yaranmışdır. Yəni iddiaçı 2008-cı ildə müharibə veteranı olmamış, onun bu statusu daha öncə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı ilə əlaqədar yaranmış, lakin ona vəsiqə sonradan verilmişdir. Başqa sözlə, iddiaçıya 2008-ci ildə müharibə veteranı vəsiqəsi verilməsi onun statusunu sadəcə leqallaşdırılmışdır və bu hal iddiaçının hüququnu məhdudlaşdırmaq üçün əsas ola bilməz. Yuxarıda istinad olunan normadan da görünür ki, qanunvericilik ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlərin təyin olunmasını mümkün saymışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin edərək ona «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1.5-ci maddəsinə uyğun olaraq vəsiqənin alındığı vaxtdan əvvəlki müvafiq dövrdən – bu Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixdən başlayaraq hesablanıb ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun əlilliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb ola bilər. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05.10.2021-ci il tarixli, 2-1(112)-7515/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-764/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-764/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver