Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-765/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X9, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı “İddiaçı” Şirkətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı büdcəyə artıq ödəmələrinin qaytarılması barədə rəy tərtib etmək tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2867/2020 saylı qərardadından iddiaçının vəkili və nümyəndəsi E.Usub tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “İddiaçı” Şirkəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 rezident olan “İddiaçı” Şirkəti ilə Azərbaycan Respublikasının rezidenti olan “xxxx” MMC arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə rəy tərtib vəzifəsinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, X3 rezident olan “İddiaçı” Şirkəti ilə Azərbaycan Respublikasının rezidenti olan “xxxx” MMC arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə rəy tərtib etmək vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-2867/2020 qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2867/2020 qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirıliyi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2867/2020 saylı qərardadı ilə iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır (hakim A.Oruczadə). Həmin qərardan narazı qalan iddiaçının vəkili və nümayəndəsi E.Usub apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, iddiaçı X3 rezidentidir və Azərbaycan Respublikasının rezidenti olan "xxxx MMC” arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə bağlanmış və müqavilə əsasında xidmətlər göstərilmişdir. İddiaçının Azərbaycan Respublikası ərazisində göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirlərdən Azərbaycan Respublikasında vergi tutulmuşdur. Azərbaycan Respublikasının Hökuməti və X7 Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında xx xxxxxx 2006- cı il tarixli Konvensiya mövcuddur və xx xxxxx 2007-ci il tarixli, 295-İİ1Q №-li Azərbaycan Respublikasının Qanunu ilə qüvvədədir. Həmin Konvensiyanın 8-ci maddəsində göstərilmişdir ki, razılığa gələn dövlətin müəssisəsinin mənfəəti yalnız həmin dövlətdə vergiyə cəlb edilir, bir şərtlə ki, həmin müəssisə sahibkarlıq fəaliyyətini razılığa gələn digər dövlətdə orada yerləşən daimi nümayəndəlik vasitəsi ilə həyata keçirməsin. Elə bu səbəbdən də İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə xx.xx.2017-ci il tarixdə ərizə ilə müraciət etmiş, müraciətində “artıq ödənilmiş vergilərin qanunvericilikdə göstərilən müddətdə "İddiaçı” şirkətinin hesabına qaytarılmasından ötrü hazırlanmış DTA-06 forma ərizəsini təsdiq etməklə Maliyyə Nazirliyinə rəy forması verilməsi” xahiş edilmiş və Azərbaycan Respublikası Vergilər Nazirliynin Kollegiyasının xx.xx.2013-cü il tarixli **********002400 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 qaydaları"nda nəzərdə tutulmuş sənədlər qoşma şəklində əlavə edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindəni İddiaçının xx.xx.2017-ci il tarixli müraciətinə xx.xx.2017-ci il tarixdə cavab verilmiş və əlavə sənədlərı tələb edilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinə xx.xx.2017-ci il tarixdə ərizə ilə müraciət etmiş, həmin ərizənin birinci abzasında da xüsusi ilə qeyd etmişdir ki, DTA-6 formalı ərizə ingilis dindində tərtib edilərək, azərbaycan dilinə tərcümə edilərək, həmçinin notariat qaydasında təsdiq edilərək 3 nüsxədən ibarət təqdim edilməsinə baxmayaraq yenidən həmin sənədin təqdim edilməsi tələb edilmiş və bu səbəbdən də həmin sənədlər yenidən təqdim edilir. Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən İddiaçının xx.xx.2017-ci il tarixli müraciətinə xx.xx.2017-ci il tarixdə cavab verilmiş və əvvəlkilərlə eyni məzmun təşkilidən sözlər yazılaraq qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə də xx.xx.2017-ci il tarixdə müraciət etmiş, lakin Azərbaycan Respublikasının Vergilər Nazirinin müşaviri Riyad Hüseynov tərəfindən də eyni məzmunlu cavab verilmişdir. Sonradan İddiaçı Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdi. Qeyd edilən tələb 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(82)- 1960/2018 saylı qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə həmin qərar qüvvəsində saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2-1(82)-1960/2018 saylı qərarı ilə ləğv edilmiş, iddiaçı “İddiaçı”-nin iddia tələbi mümkün sayılmamışdır. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, xx.xx.2020-ci il tarixli qərardadı qanunvericiliyin tələblərinin pozulması ilə çıxarılmışdır və aşağıda göstərilən əsaslara görə ləğv edilməlidir: Azərbaycan Respublikası Vergilər Nazirliynin Kollegiyasının xx.xx.2013-cü il tarixli **********002400 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 qaydalarına əsasən ərizə ilə Azərbaycan Respublikası Vergilər nazirliyi yanında Milli Gəlirlər Departamentinə dəfələrlə müraciət edilmiş və qaydalarda nəzərdə tutulan sənədlər təqdim edilmişdir. Lakin Azərbaycan Respublikası Vergilər nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən verilmiş cavabda göstərilmişdir ki, müraciətə qeyd edilən qaydaların tələblərinə uyğun olaraq ərizəyə vergilərifl ödənilməsini təsdiq edən sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcümələri əlavə edilməlidir. Halbuki, Azərbaycan Respublikası Vergilər nazirliyi yanında Milli Gəlirlər Departamentinə müraciət edilən zaman iddiaçıdan vergilər tutulan zaman Azərbaycan Respublikası Vergilər Nazirliynin Kollegiyasının xx.xx.2013-cü il tarixli **********002400 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 qaydaları" qüvvədə olmuş və həmin qaydalarda qeyd edilən sənədlərin notarial təsdiq edilmiş surətlərinin əlavə edilməsi nəzərdə tutulmamışdır. Buna baxmayaraq yenə də zəruri sənədlərin azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq edilmiş surətləri əlavə edilmişdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, təqdim edilən sənədlərin notarial qaydada təsdiq edilən surətlərinin ərizəyə əlavə edilməsi həmin qaydalara xx.xx.2017-ci il tarixdə edilmiş dəyişiklikdən sonra nəzərdə tutulmuşdur. Beləliklə, Azərbaycan Respublikası Vergilər nazirliyi yanında Milli Gəlirlər Departamenti əsassız olaraq sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərinin ərizəyə əlavə edilməməsi əsası ilə müraciətə baxmaqdan imtina etmiş və bununlada beynəlxalq konvensiya ilə nəzərdə tutulmuş tələbləri pozmuşdur. Yuxarıda göstərildiyi kimi, Azərbaycan Respublikası Vergilər nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən qanunda nəzərdə tutulmayan əsaslara istinad etməklə, yenidən inzibati orqana ərizə ilə müraciət etmək tələbin heç bir halda bu iddianın mümkünlük tələbi kimi qəbul edilə bilməz və faktiki olaraq hüquqdan sui-istifadə kimi qəbul edilməlidir. Habelə nəzərə almaq lazımdır ki, yeni iddia verilən zaman iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında göstərilən hüquqi mövqeləri də nəzərə almış, iddia tələbini Ali Məhkəmənin hüquqi mövqelərinə uyğun olaraq dəqiqləşdirmiş və artıq “ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını” deyil, “ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə rəy tərtib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasına məhkəmədən xahiş etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, onun nümayəndələsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. İş materiallarında aydın görünür ki: - İddiaçı şirkət X5 rezidentidir; həmin şirkətlə Azərbaycan Respublikasının rezidenti olan «xxxx MMC» arasında «Texniki xidmətlərin göstərilməsinə dair» bir neçə müqavilə bağlanmışdır ki, bu müqavilələr əsasında iddiaçı şirkət tərəfindən MMC-yə müvafiq xidmətlər göstərilmiş və bundan sonra iddiaçı şirkətdən Azərbaycan Respublikası ərazisində göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirlərdən Azərbaycan Respublikasında vergi tutulmuşdur. İddiaçı şirkət hesab etmişdir ki, yuxarıda qeyd edilən Konvensiyaya görə, yuxarıda qeyd edilən əməliyyatlardan əldə olunmuş gəlirdən şirkət Azərbaycan Respublikasında vergi ödəməməli idi və bu halda ondan verginin tutulması Konvensiyaya zidd olaraq ikiqat verginin tutulması kimi qiymətləndirilməlidir və ona görə, iddiaçı şirkətin etibarnamə üzrə nümayəndəsi vasitəsilə Azərbaycan Respublikası Vergilər Nazirliynin Kollegiyasının xx.xx.2013-cü il tarixli **********002400 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 qaydaları»na uyğun olaraq tutulmuş vergi məbləğinin geri qaytarılması haqqında xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli ərizələrlə cavabdeh Departamentə müraciət etmişdir. İddiaçı şirkətin müraciətlərinə cavab vermiş cavabdeh Departamentin xx.xx.2017-ci il tarixli 1-ci məktubunda şirkətə bildirilmişdir ki, təqdim edilmiş DTA-06 formasının aşağıdakı bölmələrində qeyd olunan məlumatlarda kənarlaşmalar müəyyən edilmişdir, belə ki, DTA-06 formasının 9-cu bəndi yalnız fiziki şəxslər tərəfindən doldurulmalı olduğu halda tərəfinizdən həmin bənddə qeydlər aparılmışdır. DTA-06 forması qeyri-rezident tərəfindən 3 nüsxədə tərtib edilir, Azərbaycan dilində və ya notariat qaydasında təsdiq edilmiş tərcüməsi ilə birgə ingilis dilində doldurulur və xarici dövlətin qeyri-rezidentin vergi uçotunda olduğu səlahiyyətli vergi orqanı tərəfindən təsdiqlənir. Lakin təqdim olunmuş müqavilələr Azərbaycan dilinə notarial qaydada tərcüməsi ilə birlikdə təqdim edilməmişdir. Məktubda «Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1» Qaydalarının 13.10-cu bəndinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.2-1 və 71.3-cü maddələrinə istinad olunmaqla ərizənin (DTA-06 forması) təsdiqlənməsinin mümkün olmadığı bildirilmiş və yeni ərizənin, həmçinin vergilərin ödənilməsini təsdiq edən sənədlərin (müqavilə və digər sənədlər Azərbaycan dilinə notarial qaydada tərcüməsi ilə birlikdə) təqdim olunması tövsiyə olunmuşdur. Cavabdeh Departamentin iddiaçı şirkətə ünvanladığı, 2-ci, xx.xx.2017-ci il tarixli **********0826 nömrəli DTA-06 formasının təsdiqi barədə məktubda bildirilmişdir ki, şirkətin nümayəndəsinin xx.xx.2017-ci il tarixli müraciəti cavablandırılaraq «Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair X1 Qaydaları» və «X7 ilə Azərbaycan Respublikası arasında gəlirlərin ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında» Sazişin tələbləri nəzərə alınmaqla yeni ərizənin və müraciətə əlavə edilən sənədlərin (müqavilələrin) Azərbaycan dilinə notariat qaydada təsdiq olunmuş tərcümələrinin təqdim edilməsi xahiş edilmişdir. Lakin şirkət tərəfindən təqdim olunmuş ərizə formasına vergilərin ödənilməsini təsdiq edən sənədlərin (müqavilə və digər sənədlər) Azərbaycan dilinə notarial qaydada təsdiq olunrmuş tərcümələri və yeni ərizə əlavə edilməmişdir. Göstərilənlərlə əlaqədar şirkətdən müraciətə aid olmayan hər hansı əlavə sənədlər deyil, yalnız müraciətə əlavə edilmiş (və ya edilməli olan) sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcümələri tələb edilmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə (hakim E.Mustafayev: iş № 2-1(82)-1960/2018) iddiaçı X3 rezidenti olan “İddiaçı” şirkətinin iddia tələbinin təmin edilməsi: iddiaçı şirkət ilə Azərbaycan Respublikası rezidenti olan “xxxx” MMC arasında texniki xidmətlərin göstərilməsinə dair müqavilə əsasında görülmüş işlərlə bağlı ödəmə mənbəyindən tutulmuş vergilərin geri qaytarılması vəzifəsi cavabdeh Departamentin üzərinə qoyulması qərara alınmışdır. - Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (iş № 2-1(103)-2090/2018) cavabdeh Departament tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixlli qərarı ilə, cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1937/2019 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departameninin apelyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-1960/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-1960/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə iddianın mümkün sayılmamasının əsaslarından biri də, cavabdeh inzibati orqanın iddiaçı şirkətin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müraciətlərinin təmin edilməsindən imtina etməməsi ilə bağlıdır. İş araşdırılmış hallarından göründüyü kimi, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1937/2019 saylı qərardadı ilə razılaşmış, qərardadı mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsinin qənətinə görə cavabdeh inzibati orqana yenidən müraciət etmədən, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli müraciətlərini iddia ərizəsinə əlavə etməklə yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandİrdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda ilkin olaraq cavabdeh orqana müraciətin ünvanlanması və (və ya) cavabdeh orqanın imtina məktubu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı şirkət inzibati qaydada məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etməli, müraciətində əsaslandığı hallara dair sənədləri əlavə etməli, inzibati orqan iddiaçının tələbinin təmin edilməsindən imtina etdiyi halda məhkəməyə müraciət etməli idi. İnzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərindən çıxış edərək iddiaçıdan müraciətilə bağlı sənədləri tələb etmiş, daha sonra müraciətinə baxılacağını bildirmişdir.Belə olan halda, cavabdeh inzibati orqanın cavab məktubu imtina məktubu hesab edilməməlidir. İddiaçı yenidən inzibati orqana müraciət etmədən, məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşdə olan xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli vergi orqanlarına müraciətlərindən görünür ki, iddiaçı DTA-06 forma ərizəsini təsdiq etməklə Maliyyə Nazirliyinə rəy formasını göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti tərəfindən verilmiş cavablarda göstərilmişdir ki, müraciətlərdə qeyd edilən qaydaların tələblərinə uyğun olaraq ərizəyə vergilərini ödənilməsini təsdiq edən sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcümələri əlavə edilməlidir. İddiaçının vergi orqanlara olan müraciətlərdə olan rəy formasının göndəriməsi tələbinə baxmayaraq iddiaçı məhkəməyə ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmiş və yuxarıda göstərilən məhkəmə qərarına əsasən iddiaçının bu tələbi mümkünsüz sayılmışdır. Hazırki işdə iddiaçı tələbi - ödəniş mənbəyindən tutulmuş vergilərin geri qaytarılması məqsədi ilə vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə rəy tərtib etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasıdır. Hazırki iddianın mümkünlük şərti iddiaçının müvafiq inzibati orqana müraciət edilməsinin, həmin inzibati orqan tərəfindən isə arzuladığı nəticədən imtina olunmasını ehtiva edir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya ünvanlanmış olduğu cavab məktublarını iddiaçının müraciətinin təmin olunmasından imtina edilməsi kimi qəbul etməmişdir. AR VM-nin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. AR VM-nin 125.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, ödəmə mənbəyində artıq tutulmuş vergi məbləği bu Məcəllənin 87.4-cü maddəsində müəyyən edilmiş qaydada geri qaytarılır. AR VM-nin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 48 saylı qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyasının vergi ödəyicisinə qaytarılması Qaydaları”na əsasən düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılması vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqan tərəfindən hazırlanmış rəy əsasında maliyyə orqanları tərəfindən həyata keçirilir. Qaydaların 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdə vergilərin aşağı dərəcəsi və ya vergilərdən tam azad olunma nəzərdə tutulduğu halda, xarici dövlətin rezidenti Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulmuş vergi məbləğinin geri qaytarılması barədə ərizəni Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanılmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydalarında göstərilən sənədlər əlavə edilməklə, vergi agentinin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim etməlidir. Qaydaların 4.1ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Qaydaların 4.9-cu bəndinə əsasən Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. İddiaçının vergi orqanına göndərdiyi xx.xx.2017-ci il tarixli məktubunda onun tərəfindən xx.xx.2017-ci il tarixdə DTA-06 ərizə formasını 3 nüsxədə ingilis dilində tərtib edilərək notariat qaydasında Azərbaycan dilinə tərcümə olunaraq vergi orqanına təqdim edildiyi, buna baxmayaraq əlavə olaraq yenidən 3 nüsxədə DTA 06 ərizə formasını Azərbaycan dilinə notarial qaydada 51 vərəqdən ibarət olan tərcümə əlavə edildiyi bildirilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan qanunun tələblərinə uyğun olaraq iddiaçının müraciətinə yuxarıda qeyd edilən hüquq normalarının tələblərinə uyğun baxmalı və müvafiq qərar etməli olduğu halda, qanunvericiliyin göstərişlərinə əməl etməmiş, iddiaçıya ərizəyə vergilərini ödənilməsini təsdiq edən sənədlərin Azərbaycan dilinə notarial qaydada təsdiq edilmiş tərcümələri əlavə edilməsi sənədlər təqdim edildikdən sonra onun müraciətinə baxıla biləcəyi məzmnunda cavab verməklə VM ilə üzərinə qoyulmuş vəzifələrin icrasından yayınaraq, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçının hazırki iddia tələbi üzrə mübahisəli hüquq münasibətləri vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydalar əsasında tənzimləməli olduğu halda, birinci instansiya məhkəməsi işin bu və yuxarıda göstərilən digər hallarını nəzərə almamış, cavabdehin cavab məktublarını iddiaçının müraciətinin təmin olunmasından imtina edilməməsi kimi qiymətləndirməklə səhv nəticəyə gəlmişdir. Hazırki vəziyyətdə cavabdeh inzibati orqan qanunla onun üzərinə düşən hərəkətləri yerinə yetirməmiş, iddiaçının müraciətinə baxmaqdan imtina etməklə haqlı olmamışdır. Qanunun tələblərinə görə rəyin hazırlanması münasibətdə qanunla müəyyən edilmiş qaydada cavabdehin müvafiq qərar qəbul etmək səlahiyyəti olduğu halda, bundan imtina etmiş, inzibati icraat üzrə nəzərdə tutulan sənədləri iddiaçı tərəfindən təqdim olunduğu halda ondan təkrar olaraq həmin sənədləri əsassız olaraq tələb emişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavadehin iddiaçının müraciətlərinə cavab məktubları iddiaçı ilə bağlı yeni hüquqi status (vəziyyət) yaratdığına görə, bu məktublar imtina məktubu kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İPM-nin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: İPM-in 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 80, 85, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının vəkili və nümayəndəsi E.Usub tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2867/2020 saylı qərardadı ləğv edilsin və iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-765/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-765/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver