Məhkəmə qərarları › İş №2-1(103)-765/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-765/2022

05.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-765/2022 05.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi) qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5500/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1, 4 saylı mənzilin onun adına özəlləşdirilməsi, ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilin 1990-cı ildən onun sərəncamına verilməsi, onun icarədar olması Mənzil istismar sahəsinin aidiyyəti kitabında qeyd olunmaqla rəsmiləşdirilmişdir. Bunu təsdiq edən arayış isə ona təqdim olunmuşdur. 9 saylı mənzil istismar sahəsi tərəfindən verilmiş 16.01.2021ci il tarixli 35 və 36 saylı arayışlardan da göründüyü kimi, iddiaçı 1990-cı il tarixdən qeyd olunan mənzilin icarədarıdır. Hətta mənzil istismar sahəsinin mühəndisi tərəfindən mənzilin sxemi də çəkilərək təsdiq edilmişdir. Orada da o, mənzilə sahiblik edən şəxskirayəçi kimi göstərilmişdir. Göründüyü kimi, 9 saylı mənzil istismar sahəsi 1990-cı ildən onu mənzilin icarədarı kimi tanıyır və o da 1990-cı ildən hazıradək bütün kommunal xidmət (mənzil) haqqlarını vaxtı vaxtında ödəyir. Məhkəmənin 2-1(112)-5500/2021 saylı, 18.05.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh inzibati orqan etirazında göstərmişdir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5500/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4 və 8-ci maddəsinə istinad edərək göstərir ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında ” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı 01.10.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni AR Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “ Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında’’ AR Qanununun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən 01.10.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. Lakin işdən görünür iddiaçı mübahisəli mənzilin onun adına özəlləşdirilməsi barədə müraciət etsə də, yuxarıda istinad olunan sənədlərdən - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamdan hər hansı birini təqdim etməmişdir. Bundan sonra hakim göstərir ki, işdən görünür ki, mübahisəli mənzillə bağlı iddiaçı barəsində yalnız 31.01.1991-ci il tarixli N nömrəli N nömrəli hərbi hissənin rəhbərliyinin X1 səhhəti ilə bağlı uzunmüddətli getməsinə görə Bakı şəhəri, Həzi Aslanov qəsəbəsi, 5-ci Dairəvi küçəsi, ev 62 mənzil 4-ün şəxsi hesab vərəqəsinin İddiaçı adına rəsmiləşdirilməsinə icazə verilməsi barədə arayış mövcuddur, hansı ki, həmin sənəd Qanunun 8-ci maddəsində göstərilən sənədlərə bərabər tutulan hüquq müəyyənedici sənəd hesab oluna bilməz. Lakin məhkəmə qeyd olunan ziddiyyətli mövqeyini hüquqi cəhətdən əsaslandırmamışdır. Belə ki, mənzilin icarəyə verilməsinə dair sərəncam qismində 31.01.1991-ci il tarixli N nömrəli N nömrəli hərbi hissənin rəhbərliyinin arayışı çıxış edir. Bundan başqa kirayə müqaviləsinin sürəti onda olmasa da, məhkəmə qərarında da göstərilir ki, “İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 9 nömrəli Mənzil-İstismar sahəsinin 16.01 2002-ci il tarixli, 35 və 36 saylı arayışlarına əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi, ev 62, 4 saylı mənzildə yaşayır. O, həqiqətən 1990-cı il tarixdən halhazıra kimi kommunal xidməti (mənzil və zibil) haqqını ödəmişdir. Ev Bakı Qarnizonuna məxsusdur. Mənzilin icarədarı İddiaçıdur. Bundan başqa məhkəməyə təqdim edilmiş, lakin hakim tərəfindən nəzərə alınmamış və qərarda hüquqi qiymət verilməmiş, mənzilin plan sxemində də o mənzilin kirayəçisi kimi göstərilmişdir. Hakim qərarında əsassız olaraq, göstərir iddiaçı “Əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində müəyyən edilən sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Lakin nəzərə alınmalıdır ki, yuxarıda da göstərildiyi kimi ona münasibətdə mənzilin kirayəyə verilməsi ilə bağlı sərəncam (31.01.1991-ci il tarixli N nömrəli N nömrəli hərbi hissənin rəhbərliyinin arayışı) olsa da, Mənzil istismar sahəsi tərəfindən verilmiş arayış və mənzilin plan sxemində kirayəçi kimi göstərilsə də, təxminən 30 il ərzində kirayə haqqı (mənzil haqqı) ödəsə də, qeyd olunan sənədlər kirayə müqaviləsini əvəz etsə də, kirayə ilə bağlı hüquq münasibətlərinin mövcud olduğunu təsdiq etsə də, hakim bu halları qanunsuz və əsassız olaraq nəzərə almamışdır. Məhkəmə həmçinin qeyd edir ki, “maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İşdən görünür ki, mübahisəli mənzil Müdafiə Nazirliyinin mənzil fonduna aid olmaqla xidməti mənzillərə aiddir. Belə olan halda isə aydın olur ki, mövcud qanunvericiliyə əsasən iddiaçının həmin mənzili özəlləşdirmək hüququ, ümumiyyətlə, mövcud olmamışdır. Məhkəmənin bu mövqeyi tamamilə qanunsuz və əsassızdır, Çünki onun özəlləşdirmək istədiyi mənzil qapalı hərbi şəhərcikdə yerləşmir və xidməti mənzil deyil. Çünki ona mənzil hərbi xidmətə görə deyil adi qaydada kirayəyə verilmişdir. Bunu işdə olan materiallarda sübut edir. Bundan başqa həmin ev qapalı hərbi şəhərcikdə yerləşdirmir. Çünki özəlləşdirmək istədiyi 4 saylı mənzil 62 saylı evdə yerləşir və həmin 62 saylı evdə olan digər 3 mənzil artıq digər hərbi qulluqçu olmayan şəxslər tərəfindən özəlləşdirilmişdir. Hakim özü sorğu verərək, mənzillərin özəlləşdirildiyini məhkəmə baxışı zamanı müəyyən etmişdir. Lakin həmin evdə yerləşən digər mənzillərin hərbi qulluqçu olmayan şəxslər tərəfindən özəlləşdirildiyini qərarda göstərməmiş, buna heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5500/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 02.07.2021- ci il tarixli, 1/2239 saylı məktubuna əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən, İddiaçı Azərbaycan Ordusunda zabit və ya gizir (miçman) qismində xidmət keçməsi və mülki işçi qismində işləməsi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Qərargahı Təşkilat-Səfərbərlik İdarəsinin 23.07.2021-ci il tarixli, 20/2976 saylı məktubuna əsasən xx.xx.1954-cü il təvəllüdlü İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində Azərbaycan Ordusunda hərbi xidmət keçməsi barədə məlumat yoxdur. 20.04.2021-ci il tarixli, 1764 nömrəli məktuba əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. Məktuba qoşma olaraq maliyyə hesab vərəqəsinin İddiaçı adına verilməsinə dair N nömrəli hərbi hissədən verilmiş arayışın kserosurəti əlavə edilmişdir. 31.01.1991-ci il tarixli N nömrəli həmin arayışa əsasən N nömrəli hərbi hissənin rəhbərliyi X1 səhhəti ilə bağlı uzunmüddətli getməsinə görə Bakı şəhəri, Həzi Aslanov qəsəbəsi, 5-ci Dairəvi küçəsi, ev 62 mənzil 4-ün şəxsi hesab vərəqəsinin onun əri İddiaçı adına rəsmiləşdirilməsinə icazə vermişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsi 9 nömrəli Mənzil-İstismar sahəsinin 16.01.2002-ci il tarixli, 35 və 36 saylı arayışlarına əsasən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Sahib Hümbətov küçəsi, ev 62, 4 saylı mənzildə yaşayır. O, həqiqətən 1990-cı il tarixdən hal-hazıra kimi kommunal xidməti (mənzil və zibil) haqqını ödəmişdir. Ev Bakı Qarnizonuna məxsusdur. Mənzilin icarədarı İddiaçıdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 21.09.2021ci il tarixli 5213 nömrəli məktubundan görünür ki, iddiaçı mübahisəli mənzilin özəlləşdirilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə rəsmi müraciət etməmişdir. 08.07.1982-ci tarixdə qəbul olunmuş və 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsinin icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Azərbaycan Respublikasının 01.10.2009-cu il tarixdən qüvvəyə minən Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Sözügedən normalardan görünür ki, şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı 01.10.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni AR Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən 01.10.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. Lakin işdən görünür ki, iddiaçı mübahisəli mənzilin onun adına özəlləşdirilməsi barədə müraciət etsə də, yuxarıda istinad olunan sənədlərdən - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamdan hər hansı birini təqdim etməmişdir. Mübahisəli mənzillə bağlı iddiaçı barəsində yalnız 31.01.1991-ci il tarixli N nömrəli N nömrəli hərbi hissənin rəhbərliyinin X1 səhhəti ilə bağlı uzunmüddətli getməsinə görə Bakı şəhəri, Həzi Aslanov qəsəbəsi, 5-ci Dairəvi küçəsi, ev 62 mənzil 4-ün şəxsi hesab vərəqəsinin İddiaçı adına rəsmiləşdirilməsinə icazə verilməsi barədə arayış mövcuddur, hansı ki, həmin sənəd Qanunun 8-ci maddəsində göstərilən sənədlərə bərabər tutulan hüquqmüəyyənedici sənəd hesab oluna bilməz. Bununla yanaşı, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işdən görünür ki, mübahisəli mənzil Müdafiə Nazirliyinin mənzil fonduna aid olmaqla xidməti mənzillərə aiddir. Belə olan halda isə aydın olur ki, mövcud qanunvericiliyə əsasən iddiaçının həmin mənzili özəlləşdirmək hüququ, ümumiyyətlə, mövcud olmamışdır. Bu isə iddiaçının uzun müddət mübahisəli əmlakdan istifadə etsə belə, həmin əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı “qanuni gözlənti”yə malik olmadığını da deməyə əsas verir. Çünki qanuni gözləntinin əmələ gəlməsi üçün bunun hüquqi əsası olmalıdır. Hazırkı halda isə iddiaçının qanuni gözləntisi olması üçün hüquqi əsası mövcud deyil. Eyni zamanda, AR Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində müəyyən edilən sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-5500/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar