Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-765/2023 28.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-765/2023 (Açar sözlər:“güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ) Bakı şəhəri 28 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8902/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1960-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.
2. HЗ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə hərbi xidmətə çağırılmış, xx.xx.1981-ci ildə tərxis olunmuşdur.
3. xx.xx.1981-ci il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1978-ci ildə Vaqif adına üzümçülük sovxozuna fəhlə qəbul edilmiş, xx.xx.1979cu ildə işdən azad edilmişdir. xx.xx.1981-ci ildə 4 saylı DBM zavodunda Beton sexinə 2-ci kateqoriya motorçu qəbul edilmiş, xx.xx.1983-cü ildə Beton-qarışdırma sexinin 3cü kateqoriya yükləyicisi keçirilmiş, xx.xx.1989-cu ildə zavodun nəzdində olan “Motor” kooperativinə keçirilmiş, xx.xx.1989-cu ildə 4 saylı DBM zavodunda “Motor” kooperativinə qəbul edilmiş, xx.xx.1991-ci ildə 4 saylı DBM zavoduna keçirilmiş, xx.xx.1991-ci ildə 4 saylı DBM zavodunda Beton-qarışdırma sexinə yükləyici kimi qəbul edilmiş, xx.xx.2001-ci ildə 4 saylı DBM zavodu Bakı Dəmir Beton 4 ATSC-yə çevrilmiş, xx.xx.2005-ci ildə işdən azad edilmişdir. xx.xx.2014-cü ildə DT Mühəndislik və Taahhüt Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialının obyektinə santexnik ustası vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci ildə işdən azad edilmişdir.
4. Lerik Rayon İcra Hakimiyyəti Lerik Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 107 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o, Vaqif adına üçümçülük sovxozu üzrə 14 iyun 1978-ci il tarixli 46 saylı əmrlə /sıra 76/ sovxoza fəhlə təyin edilmişdir (Fond 131, saxlama vahidi 1, iş 1, səhifə 52). Ordu sıralarına getdiyi üçün o, sovxoz üzrə 05 may 1979-cu il tarixli 153 saylı əmrlə işdən azad edilmişdir (iş 1, səhifə 77). İddiaçı Vaqif adına sovxozda aşağıdakı cədvəl üzrə əmək haqqı vardır (əmək haqqı kitablarına əsasən): 1978-ci il üzrə Vİ - 11, Vİİ - 25, Vİİİ - 51, İX - 40, X - 65, Xİ - 92, Xİİ - 104 ayları, 1979-cu il üzrə İ - 1, İİ - 78, İİİ - 68, İV - 61 ayları.
5. Bakı Dəmir Beton 4 ASC-nin xx.xx.2021-ci il tarixli, 061C nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, verilir, İddiaçı Nabatalı oğluna ondan ötrü ki, o, həqiqətən xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi 4 saylı X3 zavodunda sement boşaltma üzrə motorist vəzifəsində işləmişdir ki, bu da ona güzəştli təqaüdə çıxmağa icazə verir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 №-li Qərarının 14.1 bəndinə uyğun olaraq. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Dəmir Beton 4 ASC-nin xx.xx.2022-ci il tarixli, 09K nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 4 saylı X3 zavodunda yerinə yetirdiyi iş (qapalı vaqonlardan sement boşaltma əməliyyatı) yükləyici və boşaldıcı motoristin 2180800a-13977 koduna aiddir.
6. Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki:
7. --İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədə ona 60 yaşına güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir;
8. -- İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədə ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərinizdə xx.xx.1981- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 4 saylı X3 zavodunda işlədiyiniz motorist vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) Sement istehsalı bəndində (14.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.
9. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Bakı Dəmir Beton 4 ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı 4 saylı X4 zavodunda yerinə yetirdiyi iş (qapalı vaqonlardan sement boşaltma əməliyyatı) yükləyici və boşaldıcı motoristin 2180800a-13977 koduna aiddir. Vətəndaş İddiaçı Azərbaycan Respublikasının Qaradağ Sement zavodundan, Rusiya Federassiyası və Ukrayna Respublikasının Sement zavodlarından vaqonla gətirilən sementin boşaldılması ilə məşğul olmuşdur. Hər bir iş günü o 0,5 litr həcmindən süd və xüsusi masqa ilə təmin olunmuşdur.Sement boşaltma işi 4 saylı X4 zavodunda ən yüksək maaşlı, ən ağır, insan orqanizminə xüsusən nəfəs yollarına, ağ çiyərə və gözə mənfi təsir göstərən bir sahə olmuşdur. Yuxarıda göstərilənlərə görə İddiaçı işlədiyi sahə (gördüyü iş) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə'‘Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işlər siyahısına aiddir” xx.xx.2001-ci il tarixdə Əmək Nazirliyinin 100 saylı sərəncamına əsasən 4 saylı X4 zavodu “Bakı Dəmir Beton-4 ASC”-yə çevrilmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin ediliməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. xx.xx.1978-ci ildən əmək fəaliyyətinə başlamışdır. Ümumilikdə 35 ildən çox əmək stajı var. Ümumi əmək stajının 24 ildən çoxunu zərərli peşələrdə çalışmışdır. İşlədiyi iş yerləri üzrə peşəsinin zərərli sahə olmasını, ümumi və xüsusi sahədə olan iş stajını və yaşını nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. xx.xx.2022-ci il tarixli **********3 saylı imtina məktubunda qeyd edilmişdir ki, “Mərkəzi filiala təqdim etdiyiniz sənədlərinizdə xx.xx.1981-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 4 saylı X3 zavodunda işlədiyiniz motorist vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) Sement istehsalı bəndində (14.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən sizin güzəştli iş stajınız yoxdur. Cavadehin imtinası tamamamilə qanunsuz və əsassızdır. “Əmək pensiyaları haqqında” Qanunun tələbinə əsasən 60 yaşına çatmışdır, 34 ildən çox əmək stajı var. Bu stajın azı 24 ilini xüsusilə ağır olan işlərdə çalışmışdır. İş sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 14.1-ci “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin bəndinə uyğundur. Bakı Dəmir Beton 4 ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 06 K saylı arayışın məzmunundan da görünür ki, onun zərərli sahədə 24 ildən çox əmək stajı var.
11. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 23 sentyabr 2021-ci il tarixli **********9 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 6 aprel 2022-ci ıl tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərində xx.xx.1981-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 4 saylı X3 zavodunda işlədiyi motorist vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) Sement istehsalı bəndində (14.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Göstərilənləri nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
12. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək ona 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8902/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir.
15. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2017-ci il tarixdə tamamlamışdır.
16. Birinci instansiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə, 9.8-ci maddəsinə, xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə, Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
17. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-8902/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1981-ci il tarixdən 01,12.2005-ci il tarixədək 4 saylı X3 zavodunda motorist vəzifəsində işləmişdir. Lakin İddiaçı 4 saylı X3 zavodunda işlədiyi motorist vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) Sement istehsalı bəndində (14.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan güzəştli iş stajı mövcud deyil. Qeyd olunanlara əsasən iddiaçı N.B.Əsgərova güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Prosses iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu:
23. 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz.
24. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.
25. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
26. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
27. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
28. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
29. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.
30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
31. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
32. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
33. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) Sement istehsalı bəndində (14.1) sement yükləməsi ilə məşğul olan yükləyicilər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
35. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
36. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Maddə 73.1-inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
38. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
39. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
40. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 41.Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
42. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;
43. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
44. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
45. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
46. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. iddia mümkün iddiadır.
48. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki,
49. Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021ci il tarixli ərizədə ona 60 yaşına güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
50. - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədə ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
51. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********3 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, iddiaçı xx.xx.1981- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində 4 saylı X3 zavodunda işlədiyi motorist vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) Sement istehsalı bəndində (14.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən güzəştli iş stajı yoxdur.Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
52. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
53. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
54. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
55. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2017-ci il tarixdə tamamlamışdır.
56. Apellyasiya şikayətinin dəlili iddia ərizəsinə Etiraz ilə oxşar olmaqla ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı məxsus ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 4 saylı X3 zavodunda motorist vəzifəsində işləmişdir. Lakin İddiaçı 4 saylı X3 zavodunda işlədiyi motorist vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) Sement istehsalı bəndində (14.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün qanunvericiliklə tələb olunan güzəştli iş stajı mövcud deyil. Qeyd olunanlara əsasən iddiaçı N.B.Əsgərova güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilməmişdir.
57. Apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna cavab olaraq Bakı Dəmir Beton 4 ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı 4 saylı X4 zavodunda yerinə yetirdiyi iş (qapalı vaqonlardan sement boşaltma əməliyyatı) yükləyici və boşaldıcı motoristin 2180800a-13977 koduna aiddir. Vətəndaş İddiaçı Azərbaycan Respublikasının Qaradağ Sement zavodundan, Rusiya Federassiyası və Ukrayna Respublikasının Sement zavodlarından vaqonla gətirilən sementin boşaldılması ilə məşğul olmuşdur. Hər bir iş günü o 0,5 litr həcmindən süd və xüsusi masqa ilə təmin olunmuşdur.Sement boşaltma işi 4 saylı X4 zavodunda ən yüksək maaşlı, ən ağır, insan orqanizminə xüsusən nəfəs yollarına, ağ çiyərə və gözə mənfi təsir göstərən bir sahə olmuşdur. Yuxarıda göstərilənlərə görə İddiaçı işlədiyi sahə (gördüyü iş) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə'‘Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən işlər siyahısına aiddir” xx.xx.2001-ci il tarixdə Əmək Nazirliyinin 100 saylı sərəncamına əsasən 4 saylı X4 zavodu “Bakı Dəmir Beton-4 ASC”-yə çevrilmişdir.
58. Yuxarıda qeyd edilən məhkəmənin sorğusuna cavab olaraq Bakı Dəmir Beton 4 ASCnin xx.xx.2023-cü il tarixli məktubundan və iddiaçının izahatından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının Qaradağ Sement zavodundan, Rusiya Federassiyası və Ukrayna Respublikasının Sement zavodlarından vaqonla gətirilən sementin boşaldılması ilə məşğul olmuşdur və bu iş sement yükləməsi ilə məşğul olan yükləyicilərin gördüyü işlə eyni xarakterli işdir.
59. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Tikinti materialları istehsalı bölməsində (14) Sement istehsalı bəndində (14.1) sement yükləməsi ilə məşğul olan yükləyicilər nəzərdə tutulmuşdur.
60. Beləliklə, məhkəmə Kolleiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8902/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8902/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.