Məhkəmə qərarları › İş №2-1(103)-765/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-765/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-765/2025 15.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9276/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin inzibati orqanın (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına güzəştli şərtlərlə pensiya təyinatı ilə bağlı müraciət etmiş, lakin cavabdeh qurum əsassız olaraq imtina vermişdir. İmtinaya əsas kimi göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sında yeyinti sənayesi bölməsinin (27) Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarım bölməsinin (27.5) Tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, mütəxəssisləri yarımbəndində (b) isə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar vəzifələrinin nəzərdə tutulması qeyd olunmuşdur. Eyni zamanda imtina məktubunda Fondun mərkəzi filialına təqdim etdiyi “Europan Tobacco-Baku“ Açıq Səhmar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli 92 və 93 saylı arayışlarında xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.2000- xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlərdə sözügedən müəssisədə tənzimləşdirici maşinist şagirdi, fəhlə, operator, mexanik, mexanik-operator vəzifələrini tutduğu bildirilmiş və arayışda qeyd olunmuş tənzimləşdirici maşinisti şagirdi və fəhlə vəzifələri yuxarıda qeyd olunan papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri vəzifəsinə, operator, mexanik, mexanik-operator vəzifələrinin isə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar vəzifələrinə uyğun olmaması bildirilmişdir. Bunlara əsaslanaraq güzəştli iş stajının 12 il 6 aydan az (5 il 2 ay 4 gün (xx.xx.1991xx.xx.1998-ci il tarixləri arasındakı) dövrü təşkil etdiyi bildirilərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliyinin tələbləri baxımından mümkün olmaması bildirilmişdir. Cavabdehin imtinası əsassızdır. “X7” Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş vəkil sorğusunda İddiaçı hansı müddətlərdə hansı vəzifələrdə və tutmuş olduğu vəzifələrin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən hansı zərərli sahəyə uyğun olması və həmin vəzifələrin təlimatı barədə məlumat verilməsi istənilmişdir. "xxxx" Açıq Səhmar Cəmiyyətinin 92 saylı, xx.xx.2024-cü il tarixli və “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin HR/133 saylı, xx.xx.2024-cü il tarixli arxiv fondu sənədlərinə əsasən təqdim etmiş olduğu arayışlarda xx.xx.1990-cı il tarixli, 142-L saylı əmrlə 6 aylıq sınaq müddəti ilə 1 nömrəli Siqaret sexinə tənzimləşdirici, maşinistin şagirdi vəzifəsinə qəbul edilməyi qeyd olunmuşdur. İddiaçı daha sonra xx.xx.1991-ci il tarixli, 59 saylı Əmrlə 5-ci dərəcəli tənzimləşdirici maşinist vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2000-ci il tarixdə, 159 ş/h saylı əmrlə 3 aylıq sınaq müddəti ilə siqaret sexinə fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.2002-ci il tarixli, 70-ş/h saylı əmrlə Siqaret sexinə operator vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu il tarixli 92ş/h saylı əmrlə Siqaret sexinə mexanik operator, xx.xx.2016-ci il tarixli 121-ş/h saylı əmrlə siqaret sexinə operator vəzifəsinə keçirilmişdir. xx.xx.2017-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Sonra xx.xx.2017-ci il tarixində, 322/ş saylı əmrlə 3 aylıq sınaq müddəti ilə İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə operator vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixli, 101 ş/h saylı əmrlə 3 aylıq sınaq müddəti ilə İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə mexanik-operator vəzifəsinə keçirilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli 119 ş/h saylı əmrlə 1 aylıq sınaq müddəti ilə İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilib, elə həmin gün yenidən 73/Q saylı əmrlə “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə mexanik vəzifəsinə qəbul edilmişdir. xx.xx.2021-ci tarixli, 123-Q saylı X8 İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixli 361 saylı Əmrlə İstehsalat Departamentinin Siqaret İstehsalı sexinə mexanik vəzifəsinə keçirilmişdir. Hal-hazıradək həmin vəzifədə işləyir. "xxxx" Açıq Səhmar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 92 saylı arayışından da göründüyü kimi, xx.xx.1990-xx.xx.1998 (7 il 1 ay 29 gün), xx.xx.2000-xx.xx.2002 (1 il 5 ay 21 gün), xx.xx.2002-xx.xx.2009 (7 il 2 ay) ümumilikdə 01.01 2006-cı il tarixədək 12 il 3 ay 7 gün güzəştli şərtlərlə və ümumilikdə 29 il 10 ay 23 gün iş stajı mövcuddur. “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-xx.xx.2024 (2 il 10 ay 10 gün) güzəştli şərtlərlə və ümumilikdə 32 il 10 ay 27 gün iş stajının olması göstərilmişdir. Arayışlardan göründüyü kimi, iddiaçının zərərli sahələrdə iş stajı 15 ildən artıq, ümumilikdə stajı 32 ildən artıq olması göstərilmişdir. Eyni zamanda X1 vəkil sorğusuna cavab olaraq Xəzər Konsaltinq vəkil bürosuna göndərmiş olduğu M/291 saylı xx.xx.2024-cü il tarixli və 93 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda iddiaçının işlədiyi siqaret sexində mexanik vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) və b) yarımbölməsinə (mütəxəssislər) uyğun olması göstərilib. Həmçinin qeyd edilən qərarın a) yarımbölməsi üzrə (fəhlələr) fəhlə və tənzimləşdirici maşinist, tənzimləşdirici maşinistin şagirdi vəzifəsinə: papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınların maşinistləri və tənzimləşdirici maşinist, 27.5.1-ci bölməsinin b) yarımbölməsi üzrə isə operator, mexanik operator və mexanik vəzifəsinə: tütün, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar olması qeyd edilmişdir. Hazırda qeyd edilmişdir ki, iddiaçı qanunvericiliyin ona tanıdığı imkanlar nəticəsində yaranmış hüququndan istifadə edir. Eyni zamanda qeyd edilmişdir ki, iddiaçı bütün zəruri sənədləri təqdim etməklə yanaşı mübahisələndirilən hüququ tam yaranmışdır. Belə ki, siqaret sexində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin a) və b) yarım bölməsinə uyğun gəlməsi X1 M/291 saylı xx.xx.2024 cü il tarixli və 93 saylı xx.xx.2024 cü il tarixli cavab məktublarındada öz əksini tapmışdır. Göründüyü kimi cavabdeh qurum imtinanı əsassız verməsi ilə yanaşı qanunvericiliyin tələblərinidə pozmuşdur. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ olduğu halda cavabdeh qurum müxtəlif bəhanələr gətirməklə əsassız imtina etmişdir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına sonuncu dəfə xx.xx.2024-cü il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filial tərəfindən iddiaçıya verilmiş xx.xx.2024-cü il tarixli 3-17-1/2-Y-83481/2024 nömrəli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9276/2024 saylı qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9276/2024 saylı qərarından narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilib iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək (xx.xx.2006-ci il tarixədək) bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli, 260-lllQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda, 2) xx.xx.2006-ci il tarixədək azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. İkinci şərt: iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, İddiaçı 01 yanvar 2006ci il tarixədək ümumi iş stajı 25 ildən azdır. Üçüncü şərt isə iddiaçının əmək şəraiti zərərli və ağır işlərdə işləməsi faktı müəssisə tərəfindən təqdim edilmiş arayışda əks olunub. Qeyd olunan arayışa əsasən iddiaçının 01 yanvar 2006-ci il tarixədək güzəştli iş stajı 12 il 06 aydan azdır. Göründüyü kimi, qanunla tələb olunan şərtlər ödənilmir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, (xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (57 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Birinci şərt: Qanunun bu normasının xx.xx.2017-ci il tarixədək qüvvədə olduğu nəzərə alınarsa, deməli bu norma 57 yaşı həmin tarixədək (xx.xx.2017) tamamlanmış şəxslərə şamil edilir. Lakin iddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olması səbəbindən qeyd edilən şərt ödənilmir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, (xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın yeyinti sənayesi bölməsinin (27) Tütün istehsalı və bərpa olunmuş tütünün istehsalı yarım bölməsinin (27.5) Tütün istehsalı bəndinin (27.5.1) fəhlələr yarımbəndində (a) papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri; mütəxəssislər yarımbəndində (b) isə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının mərkəzi filiala təqdim etdiyi "xxxx" Açıq Səhmar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 92 və 93 nömrəli arayışlarında xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.2000-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə tənzimləşdirici maşinist şagirdi, fəhlə, operator, mexanik, mexanik-operator vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, tənzimləşdirici maşinisti şagirdi və fəhlə vəzifələri sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri vəzifəsinə, operator, mexanik, mexanik-operator vəzifələri isə tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar vəzifələrinə uyğun deyil. Bu səbəbdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 2 ay 4 gün (xx.xx.1991-xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil edir. Həmçinin İddiaçı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2022-ci il tarixə ona münasibətdə 48960,00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 44735,36 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Odur ki, qanunvericilik normalarının tələbləri və işin faktiki hallarını nəzərə alınaraq hesab edilik ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, cavabdeh tərəfindən ümumi iş stajı mübahisələndirilmir, mübahisəli hal güzəştli iş stajı ilə bağlıdır. Səbəbi də ondan ibarətdir ki, şəxsin arayışından da göründüyü kimi, maşinist şagirdi, fəhlə operator, mexanik, mexanik operator siyahıda öz əksini tapmamışdır. Bu hal vəzifə uyğunsuzluğu kimi qiymətləndirilmiş, güzəştli iş stajına daxil edilməmişdir. Apellyasiya şikayətinin təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(112)-9276/2024 saylı qərarının ləğv edilməsini, iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, o, 1990-cu ildən tütün kombinatında işləyir. Əlbəttə, bununla bağlı səhhətində də problemlər yaranıb. İllərdir papiros tozu üstündən əskik olmayıb, ciyərlərinə dolub. Birinci instansiya məhkəməsi iddia tələbini əsaslı hesab etmiş və təmin etmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(112)- 9276/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (xx.xx.2022-ci il tarixdən qüvvədə olan redaksiyada) 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə müvafiq olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 3.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə müvafiq olataq, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən, Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir). "Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarının 27.5.1-ci bəndində göstərilmişdir ki, tütün istehsalı a) fəhlələr: tütün üzrə kupajçılar pnevmatik qurğu maşinistləri papirossiqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri tənzimləşdirici maşinistlər tütünkəsən maşın maşinistləri tütün keşinin presləyiciləri tütünyumşaldanlar tütün yarpaqlarını düzənlər tütünü çəkib bükənlər tütün çeşidləyiciləri tütün quruducuları istehsalat binalarının yığışdırıcıları avadanlığın təmizləyiciləri b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən isə, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin, xüsusilə də cavabdehin mübahisələndirdiyi güzəştli iş stajı ilə əlaqədar şərtin iddiaçıya münasibətdə yerinə yetirilməsi ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Belə ki, hazırkı tələb kontekstində şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün üç şərt mövcud olmalıdır: yaş, ümumi iş staj, güzəştli iş stajı. İddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün qanunla müəyyən edilmiş yaş və ümumi iş stajı mövcuddur. Eyni zamanda bu hal cavabdeh tərəfindən də mübahisə edilmir. Başqa sözlə, cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxması üçün yaşının və ümumi stajının qanunda nəzərdə tutulmuş meyara uyğun gəldiyi ilə razılaşır. Mübahisə edilən məqam iddiaçının işlədiyi vəzifələrin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarında göstərilən vəzifələrə uyğun olmaması ilə bağlıdır. Hazırkı mübahisəyə münasibətdə işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki: - “X4” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, M/291 saylı sorğuya cavabından görünür ki, İddiaçı müəssisənin siqaret sexində işlədiyi mexanik vəzifəsi Azərbaycan Resspublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı “Güzəştli şəxrtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinifinin b) yarım bölməsinə uyğundur. - İddiaçının Mərkəzi filiala təqdim etmiş olduğu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 92 və 93 nömrəli arayışlarından görünür ki, xx.xx.1990-xx.xx.1991ci il, xx.xx.2000-xx.xx.2017-ci il və xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisədə tənzimləşdirici maşinist şagirdi, fəhlə, operator, mexanik, mexanik-operator vəzifələrində işləmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 66 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından isə İddiaçı əmək haqqının yekun məbləğinin 1990-2006-cı illər arası 2.315,20 olduğu müəyyən olunmuşdur. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 92 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1990xx.xx.1998 (7 il 1 ay 29 gün), xx.xx.2000xx.xx.2002 (1 il 5ay 21 gün), xx.xx.2002xx.xx.2009 (7 il 2 ay) ümumilikdə xx.xx.2006-cı il tarixədək 12 il 3 ay 7 gün güzəştli şərtlərlə və ümumilikdə 29 il 10 ay 23 gün iş stajı mövcuddur. - “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin HR/133 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2021 — xx.xx.2024 ( 2 il 10 ay 10 gün) güzəştli şərtlərlə və ümumilikdə 32 il 10 ay 27 gün iş stajı mövcuddur. - “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçının nümayəndəsinə ünvanlanmış M/291 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı müəssisənin siqaret sexində işlədiyi mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı ''Güzəştli şərtlərlə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə qərarında qeyd edilən 27.5.1 tütün istehsalı sinfinin b) yarım bölməsinə (mütəxəssislər) uyğundur. Qeyd edilən qərarın 27.5.1-ci bölməsinin b) yarım bölməsi üzrə mexanik vəzifəsinə: tütün,papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan ustalar, böyük ustalar aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Birinci instansiyası məhkəməsi haqlı olaraq qərarında belə qənaətə gəlmişdir ki, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək azı 16 il əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı mövcuddur. Lakin həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən qeyd edilən tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün yetərli pensiya kapitalının mövcudluğu zərurdir. 29 iyun 2022-ci il tarixində qanunvericiliyə yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq istisna olunmuşdur. Bu səbəbdən qeyd edilən tarixə iddiaçının 60 yaşı tamam olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 29 iyun 2022-ci il tarixdən təyin olunmalıdır. İddiaçının əmək şəraiti zərərli işlərdə stajı cavabdeh qurum tərəfindən mübahisələndirildiyindən əlavə olaraq xx.xx.2022ci il tarixdən pensiya təyini ilə bağlı müraciətin olunmasına zərurət yoxdur. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9276/2024 saylı qərarından verilmiş apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə birinci instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-9276/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar