Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-766/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 (xx.xx.1955-ci il tarixdə Sabirabad rayonun Qalağayıl kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı “təhqiqat aktının və iz aktının ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-7033/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı X3 xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx xxxx 2005-ci ilin təhqiqat aktının və İz aktının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildən “Dəmir Özüllər” zavodunda çilingər çalışmış, 2002-ci ildən zavodun və Fransızların birgə müəssisəsi olan “xxxx’ Firmasında mexanik vəzifəsinə köçürülmüşdür. 2005-ci il mart ayının 25-i saat 10:15-də iş zamanı xəsarət alaraq, sağ qıçının 2 yeri sınmışdır. Onu təcili yardımla “Medi Club”a cərrahiyyə əməliyyatına aparmışlar və o martın 26-da (bur gün sonra) əməliyyat olmuşdur. Bu günə qədər də iki qol ağacı ilə gəzir. Bu halda da onu işə çağırırmışlar. Onun xəsarət almağını istehsalat qəzası kimi əlaqələndirməmək üçün “iz” aktını da verməyiblər. Onun işə çıxmağına isə sağlamlığı (vəziyyəti) yol vermirdi. Dəfələrlə əmək müfəttişliyinə müraciət etdikdən sonra 2005-ci ilin aprel ayında istehsalatda bədbəxt hadisə haqqında 02 saylı akt tərtib etdilər. Məcbur olub xəstə- xəstə işə davam etmişdir. Xəsarət aldığı üçün uzun müddət müalicə və yenidən əməliyyat olunmağı üçün ödəniş tələb etsə də heç bir yardım etmədilər. Bildirdilər ki, bir müddət keçsin ödəyərik. Məcbur olub qohum-qonşudan borc alıb, müalicəsini etmişdir. Aldığı xəsarətlərə baxmayaraq məcbur olub işləyirmiş, bunun nəticəsində də səhhətində daha ciddi fəsadlar yaranmışdır. Bundan sonra xx.xx.2017-ci il tarixdə onu işdən azad etdilər. İşdən çıxarılandan sonra ona təhqiqat aktı və iz formalı aktı verilməmişdir. Məhkəmə zamanı ona məlum oldu ki, onu təqsirli biliblər. Məhkəməyə müraciət edib, sağlamlığına vurulmuş zərərin ödənilməsinə dair iddia qaldırdıqda məlum oldu ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-i təhqiqat aktı və İz formalı akt tərtib ediblər. Bu aktları ona təqdim etməyiblər. Baş vermiş qəza onun günahından deyildir, müəssisənin təhlükəsizlik qaydalarını düzgün qurulmaması nəticəsində baş vermişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə “xxxx” MMC üçüncü şəxs qismində cəlb edilmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-7033/2020 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-7033/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə "BOS Self' MMC məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə məhkəmə hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq təhqiqat aktından və iz aktından xəbərdar olmadığınl, işdən çıxdıqdan sonra da bu aktların ona verilmədiyini bildirmiş, məhkəmə zamanı həmin aktlarda onun təqsirli kimi qeyd edilməsini bildiyini, əslində isə müəssisənin təhlükəsizlik qaydalarının düzgün qurulmaması nəticəsində qəzanın baş verdiyini qeyd etmiş və həmin aktların ləğvini xahiş etmişdir. Göründüyü kimi, mübahisələndirilən təhqiqat aktının qəbul edilməsində səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən yaradılmış komissiyadır. Həmçinin iddiaçı barəsində qəbul edilmiş təhqiqat aktı inzibati akt hesab olunur, bu akt publik hüquq sahəsinə aid olmaqla iddiaçı barəsində müəyyən hüquqi nəticələr yaratmışdır. Belə olan halda, Məhkəmə hesab edir ki, "BOS Self' şirkətində xx.xx.2005-ci il tarixində baş vermiş bədbəxt hadisənin təhqiqat aktı inzibati məhkəmə qaydasında mübahisələndirilə bilər. Məhkəmə qərardadı qanunsuz, əsassız olduğundan ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Təhqiqat aktı ona verilməmiş və yalnız, məhkəməyə müraciət etdikdən sonra bu barədə məlumatı olmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs “xxxx” MMC (VÖEN **********, hüquqi ünvan- AZ1083, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, qanuni təmsilçi-X2, dövlət qeydiyyatına alındığı tarix-xx.xx.2001-ci il) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti və prosessual müddətin bərpası barədə ərizə vermək üçün müəyyən edilmiş müddəti ötürdüyündən iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkünsüz sayılmalıdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisənin predmetini xx xxxx 2005-ci ilin təhqiqat aktının və İz aktının ləğv edilməsi təşkil edir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2019cu il tarixli 2(002)-1989/2019 saylı qətnaməsindən (hakim G.Əhmədova) və Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(103)- 14379/2019 saylı qətnaməsindən (hakimlər R.Eyvazov, Z.Əliyev və F.Talışinski) görünür ki, iddiaçı X3 cavabdeh “xxxx” MMC-yə qarşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi, onun xeyrinə 70.000 manat pulun tutularaq alınıb iddiaçıya verilməsi” tələbi ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmiş və həmin Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırda mübahisələndirdiyi aktların mövcudluğundan ən geci Qaradağ Rayon Məhkəməsinə iddia qaldırdığı vaxtdan xəbərdar olmuşdur. Göründüyü kimi, iddiaçı mübahisələndirmə iddia növü üzrə qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə iddia tələbini qaldırmışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Göründüyü kimi inzibati məhkəmə icraatında iddianın mümkün hesab edilməsi üçün şərtlərdən biri də onun qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməsidir. İş materiallarından göründüyü kimi iddiaçı mübahisələndirmə barədə iddia versə də bununla bağlı məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (bundan sonra - İPM) bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır (35.1.). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-7033/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-766/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-766/2021
23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver