Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-766/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “ona təkrar əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı “ona təkrar əlillik dərəcəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4408/2020 saylı 09 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 fevral 2022ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin verilməsi barədə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1977-ci il tarixdə doğulmuş. hazırda ünvan 3 ünvanında müvəqqəti olmaqla yaşayır və 1999-cu ildən 2007-ci ilədək İİ qrup əlil kimi pensiya almışdır. Sonradan təkrar müayinəyə getməsi üçün pensiyası dayandırılmış, bununla bağlı o, təkrar olaraq cavabdeh orqana müraciət etmiş, müraciətindən sonra 23 aprel 2018-ci il tarixdə ona yenidən 5 il müddətinə İİ qrup əllilik dərəcəsi təyin edilmişdir. Lakin heç bir əsas göstərilmədən, 2019-cu ilin fevral ayında ona verilən pensiya dayandırılmışdır. Bununla bağlı təkrarən cavabdeh orqana müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-339/2020 saylı 12.02.2020-ci il tarixli qərardadı ilə işin baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4408/2020 saylı 09 oktyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassız olduğu, maddi və prosesual hüquq normaları pozulmaqla və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunduğu, bu isə, qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə və faktlar nöqteyi – nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olduğu üçün ləğv olunmalı və iddanın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Çox təəssüflər olsun ki, Baki İnzibati Məhkəməsi iş üzrə faktiki halları tam araşdırmadan əsassız və qanunsuz olaraq cavabdehin maraqlarına xidmət edən qərar qəbul etmişdir. Belə ki, onun müraciətinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən ona ünvanlanmış 11.09.2019-cu il tarixli imtina məktubunda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21,24,28,45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmaması, cavabdehin (inzibati orqan) icraat qaydalarına lazımınca əməl etməməsi, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmadığı, imtina məktubunu kifayət qədər əsaslandırılmadığı, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilmədiyi, mümkün hüquq müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumatın öz əksini tapmaması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi 18 iyun 2020-ci il tarixli qərardadı ilə “X3” QSC-nin Sosial İnkişaf idarəsinin MDX Əhmədli Tibbi – sanitar hissəsi inzibati məəhkəmə icraatına üçüncü şəxs qismində cəlb etsə də, həmin idarənin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və idarə tərəfindən verilən 4405003AAB5B saylı göndərişin hansı səbəbdən əsassız hesab edilməsi araşdırılmamışdır. Bundan əlavə məhkəmə icraatı zamanı onun tərəfindən tibbi-sosial ekspertiza müayinəsindən keçirilməsi və 1999-cu il tarixdən 2007-ci il tarixədək İİ qrup əlillik dərəcəsi almasına səbəb olmuş sənədlərin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi barədə vasatət verilsə də, birinci instansiya məhkəməsi tərəfindən vəsatət təmin edilməmişdir. Həmin vəsatətdə qeyd olunmuşdur ki, onun hər iki gözünun zəif görməsi, sol qolun ciyin skulplarının qırılması, sol qalça nahiyyəsində L5 fəqərəsinin köndələn çıxıntısına və qalça sümüyü darağının arxa yuxarı qabarına içəri tərəfdən siraət etmiş ölçüsü 6x14 mm yad cisim (güllə) olması, (güllənin bədəndə olması qasığ və onurğa sütununun yaxınlığında hərəkətə mane olur, bu da ayaq üstə durmasına imkan vermir, güllənin bədənə girməsi nəticəsində bağırsağ 6 yerdən deşilmiş, bunun nəticəsində bağırsaqdan 12 sm kəsilərək götürülmüş, və buna görə də bağırsaqda daralma gedir) sol ayağında 6 sm uzunluğunda, 2sm enində çapığının olması ona İİ qrup əlillikl dərəcəsinin təyin edilməsi üçün əsasdır. Hesab edirik ki, o, yuxarıda qeyd olunan halların müəyyən edilməsi üçün sosial ekspertiza müayinəsindən keçməlidir. Onun tibbi–sosial ekspertizasından keçməsi və onun 1999-cu il tarixdən 2007-ci il tarixədək İİ qrup əlillik dərəcəsi almasına səbəb olmuş sənədlərin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-533/2021 saylı 08 iyun 2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinin qismən təmin edilərək, 09 oktyabr 2020-ci il tarixli qərarın ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3, 8.5 və 9-cu bəndlərinə, İPMnin 35.1-ci maddəsinə istinad etmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-2182/2021 saylı 03 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-533/2021 saylı 08 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları 02.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. 02.02.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «köçüb» səbəbindən geri qaytarıldığı üçün 3-cü şəxs məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin edə bilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya əvvəllər əlilliyin verilməsinə əsas olmuş tibb müəssisəsi tərəfindən əlillk vəziyyətinə dair verilmiş göndərişin əsassız hesab edilməsinə, cavabdeh inzibati orqanın imtinasının qanuna zidd olmadığına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan əsasla iddianın təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçıya İİ dərəcəli əlillik təyin edilmişdir. Lakin 2019-cu ildə əlillik müavinətinin ödənilməsi dayandırılmış, dayandırılmaya səbəb kimi onun müalicə məlumatlarının qeyd edildiyi səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişın əsassız hesab edilib, əlilliyinin əlillik Alt sistemində etibarsız hesab edilməsi göstərilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı tələbi “ona təkrar əlillik dərəcəsinin verilməsi” barədədir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsi iddiaçının məhkəmədə qaldırdığı iddia (ona yenidən əlilliyin verilməsi) ilə hüquqi marağının əhatə olunub-olunmadığını yoxlamalı, ona istədiyi məqsədə çatmaq üçün daha uğurlu iddia tələbini qoymaq üçün tələbini dəqiqləşdirməyi təklif etməli və yalnız bu barədə hüquqi yardım göstərdikdən sonra işə baxıb müvafiq qərar qəbul edə bilərdi. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, iddiaçının hüquqi marağı əslində ona təyin edilmiş əlilliyin bərpasından ibarətdir, lakin birinci instansiya məhkəməsi iddiaçının “Əlilliyin verilməsi” barədə tələbinə baxaraq onun təmin edilməməsi qənaətinə gəlmişdir. Belə olan halda iddiaçının hüquqi marağı nəzərə alınaraq ona verilmiş “əlilliyinin bərpası” ilə bağlı tələbini dəqiqləşdirmək təklif olunmalı, tələb dəqiqləşdirildikdən sonra işə mahiyyəti üzrə baxılıb müvafiq qərar qəbul edilməlidir. İşin mahiyyəti üzrə birinci instansiya məhkəməsi tərəfindən araşdırma aparılarkən cavabdeh inzibati orqan tərəfindən aşağıda qeyd olunan maddi hüquq normalarının tələblərinə riayət olunub-olunmaması məsələləri də yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Hazırki işdə cavabdeh tərəfindən iddiaçının tələbi üzrə müəyyən edilmiş məcburi prosedur qaydalarına riayət edib-edilmədiyi araşdırılmamış, iddiaçıya 23.04.2018-ci il tarixdə əlillik dərəcəsinin təyin edilməsi barədə olan inzibati aktın ləğv edilib-edilməməsi yoxlanılmamış, bu inzibati aktın ləğv olunduğu halda hansı qərarla həyata keçirilməsi və bununla əlaqədar olaraq “İnzibati icraat haqqında” Qanunun İV fəslinin müəyyən etdiyi müddəalara riayət edilməklə inzibati icraatın keçirilib-keçirilməməsi araşdırılmamış, nəticə etibarilə də iş üzrə əsaslı olmayan məhkəmə qərarı qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi 09.10.2020-ci il tarixli qərarı ləğv edilməli və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci bəndinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4408/2020 saylı 09 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-766/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-766/2022
02.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver