Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-767/2020 18.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin Q-472/04-ANİ saylı, xx xxxxxx 2018-ci il tarixli və Q-142/04-ANİ saylı, xx xxxx 2019-cu il tarixli cavab məktublarının əsassız hesab edilməsi və iddiaçıya məxsus olan Ukrayna Respublikası V.N Karazin adına Xarkov Milli Universiteti tərəfindən ona verilmiş B17 194781 nömrəli, xx.xx.2017-ci il tarixli diplomu üzrə aldığı ali təhsil ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən olunması tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1847/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin Q-472/04-ANİ saylı, xx xxxxxx 2018-ci il tarixli və Q- 142/04-ANİ saylı, xx xxxx 2019-cu il tarixli cavab məktublarının əsassız hesab edilməsi və iddiaçıya məxsus olan Ukrayna Respublikası V.N Karazin adına Xarkov Milli Universiteti tərəfindən ona verilmiş B17 194781 nömrəli, xx.xx.2017-ci il tarixli diplomu üzrə aldığı ali təhsil ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universitetini bitirmişdir. Bundan sonra diplom və əlavəni «apostil» möhürü ilə leqallaşdırmışdır. İddiaçı ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi üçün xx.xx.2018-ci il tarixdə elektron ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən iddiaçıya verilmiş xx.xx.2018-ci il tarixli cavab məktubunda Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş B17 194781 nömrəli, xx.xx.2017-ci il tarixli diplom üzrə aldığı ixtisasının ölkə ərazisində tanınmasının mümkün hesab edilməməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin məktubunda imtinanın səbəbi kimi iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin bilmə səviyyəsinin qənaətbəxş olmadığı qeyd olunmuşdur. İddiaçı ali təhsil aldıqdan sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu üçün təhsil aldığı dildən biraz uzaqlaşmışdır. Hazırda bu məsələdə bir problemi qalmamışdır. Buna görə də qeyd olunan halı nəzərə alaraq iddiaçı Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən verilmiş B17 194781 nömrəli, xx.xx.2017-ci il tarixli diplom üzrə aldığı ixtisasının ölkə ərazisində tanınmasına və ekvivalentliyinin müəyyən edilməsinə yenidən baxılması üçün təkrar ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin xx xxxx 2019-cu il tarixli cavab məktubunda bu barədə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nostrifikasiya İdarəsinin Q-472/04- ANİ saylı, xx xxxxxx 2018-ci il tarixli və Q-142/04-ANİ saylı, xx xxxx 2019-cu il tarixli cavab məktublarının əsassız hesab edilməsi və iddiaçıya məxsus olan Ukrayna Respublikası V.N. Karazin adına Xarkov Milli Universiteti tərəfindən ona verilmiş B17 194781 nömrəli, xx.xx.2017-ci il tarixli diplomu üzrə aldığı ali təhsil ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya yazılı etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Bu konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ı təsdiq edilmişdir. Bu müddəa Qaydaların 1.1-ci bəndində də öz əksini tapmışdır. Ekspert Qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçının tədris dilinin tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsənilməsini şübhə altına alır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1847/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iş üzrə iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının tələbinə dair iş üzrə müvafiq qərar qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması və düzgün tətbiq edilməməsi hallarına yol verilmiş, tətbiq edilməli olan normativ aktlar nəzərə alınmamış və mövcud qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında qeyd edilmişdir ki, nostrifikasiyanın prosedurun tərkib hissəsi olan müsahibə zamanı iddiaçının aldığı ixtisası mənimsəməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən iddiaçının adına verilmiş B17 194781 saylı diploma əlavənin notariat qaydada təsdiq və tərcümə edilmiş surətindən görünür ki, Qasımov X2 V.N.Karazin adına Xarkov Milli Universitetinin hüquqşünaslıq ixtisası üzrə rus dilindən kafi, yaxşı qiymətlərlə 4 il müddətində bakalavr dərəcəsi əldə etmişdir. Məhkəmə qərarında hüquq normalarının tələbləri pozulmuş və işə dair mühüm əhəmiyyətli faktlar araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o, 2013-2017-ci illərdə Xarkov şəhərində təhsil almışdır. Tədris dilini yaxşı bilir. Ekspertlər tərəfindən qiymətlərində düzgün aparılmamışdır. Ekspert Komissiyasında 2 üzv var idi. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki,iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilinin bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçının tədris dilinin tam səviyyədə bilməməsi onun aldığı ixtisası mənimsənilməsini şübhə altına alır. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən xx xxxx 2017-ci il tarixində hüquq istiqaməti üzrə B17 seriyalı 194781 nömrəli bakalavr diplomu verilmişdir. İş materiallarına əlavə edilmiş Ukraynanın V.N.Karazin adına Xarkov Milli Universiteti tərəfindən iddiaçının adına verilmiş B17 194781 saylı diploma əlavənin notariat qaydada təsdiq və tərcümə edilmiş surətindən görünür ki, Qasımov X4 V.N.Karazin adına Xarkov Milli Universiteti”nin Hüquqşunaslıq ixtisası üzrə rus dilində kafi, yaxşı qiymətlərlə 4 il müddətində bakalavr dərəcəsi əldə etmişdir. İddiaçı diplomun tanınması tələbi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Nostrifikasiya və Akkreditasiya İdarəsinə müraciət etmiş, Nazirlik onun müraciətini təmin etməkdən Q-472/04-ANİ nömrəli xx xxxxxx 2018-ci il tarixli imtina məktubu ilə imtina etmişdir. Cavabdeh inzibati orqanın imtinası onunla əsaslandırılmışdır ki, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən Sizin aldığınız ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyənizin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçı həmin imtina ilə razılaşmayaraq məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddiaçının tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığına dair ekspert qrupunun rəyinə istinad edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin Ali Təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"nın 3.7-ci bəndinə əsaslanaraq hesab etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Q-472/04-ANİ saylı, xx xxxxxx 2018-ci il tarixli və Q-142/04-ANİ saylı, xx xxxx 2019-cu il tarixli cavab məktublarının əsassız hesab edilməsi üçün əsaslar yoxdur və iddiaçıya məxsus olan Ukrayna Respublikası V.N Karazin adına Xarkov Milli Universiteti tərəfindən ona verilmiş B17 194781 nömrəli, xx.xx.2017-ci il tarixli diplomu üzrə aldığı ali təhsil ixtisasının ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən olunması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.43-cı maddəsinə əsasən təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsidir. "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" xx.xx.1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikası Qanunu 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin bu konvensiyanın təsdiq edilməsi barədə qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında xx.xx.2000-ci il tarixli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx.xx.2003-cü il tarixli, 64 saylı Qərar ilə“Xarici dövlətlərin Ali Təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları" təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən bu Qaydalar "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. Sözügedən Qaydaların 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza — xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.3.-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin elmi-metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərdən ibarət ekspert qrupu yaradılır. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən ekspertiza zamanı aşağıdakılar nəzərə alınır: tədris planının və proqramlarının məzmunu; attestasiya sistemləri; öyrənilmiş fənlərin həcmi; fənlər üzrə attestasiyanın nəticələri; istehsalat təcrübəsi və onun müddəti; yekun attestasiyasının nəticəsi. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Eyni zamanda, Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 919-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş»in 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə əsasən Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmin Sazişin 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən Sazişin tələblərinə əsasən, iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa dair dəlillər nəzərə alınmalıdır. Lakin Sazişdə təsbit edilmiş bu meyarlar iddiaçının xarici universitetdə aldığı ali təhsil üzrə ixtisas diplomunun tanınması və ekvivalentlik şəhadətnaməsinin verilməsi üçün kifayət deyildir. Bakalavr təhsilinin məzmununu tədris prosesinin planlaşdırılmasına, onun həyata keçirilməsinin forma və metodlarına, tədris yükünün həcminə, tədris mərhələlərinin (semestrlərin) müddətinə, tədris növlərinə (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcminə və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələblər əhatə edir ki, hazırkı iş üzrə məhkəmə araşdırması ilə iddiaçının qeyd olunan tələblərə cavab vermədiyi müəyyən olunmuşdur. Bu hal isə iddiaçının təhsil aldığı ixtisas üzrə təhsil proqramı əsasında qazanılmış bilik və bacarıqlarını əmək fəaliyyətinin müxtəlif sahələrində tətbiq etməsinin mümkünsüz olması barədə nəticəyə gəlməyə əsas verir. «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici ixtisasların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə Tövsiyyələr”in V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 36-cı və 37-ci paraqraflarını rəhbər tutularaq Ukrayna Respublikası V.N Karazin adına Xarkov Milli Universiteti tərəfindən İddiaçı adına verilmiş B17 194781 nömrəli, xx.xx.2017-ci il tarixli diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrlə əsaslandırılmışdır və birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək, iş üzrə təqdim edilmiş sübutları hərtərəfli və obyektiv araşdıraraq düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin əsas dəlili kimi iddiaçının tədris dilini qənaətbəxş səviyyədə bilməsinin iş materiallarında olan Ukrayna Respublikası V.N Karazin adına Xarkov Milli Universiteti tərəfindən ona verilmiş B17 194781 nömrəli, xx.xx.2017-ci il tarixli diplom ilə təsdiqlənməsi göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Xarici dövlətlərin Ali Təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları"nın 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Cavabdeh inzibati orqanın keçirdiyi ekspertiza nəticəsində iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilməsi səviyyəsinin qənaətbəxş olmadığı müəyyən olunmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı halda cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunauyğun şəkildə həyata keçirilməməsi və bu zaman iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol verilməsi ilə bağlı hər hansı halın mövcudluğu iş üzrə öz təsdiqini tapmır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddianın təmin edilməsi üçün qanunauyğun əsas olmamışdır. Apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas təşkil etmir. Buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1847/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-767/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-767/2020
18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver