Məhkəmə qərarları › İş №2-1(103)-767/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-767/2021

05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-767/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, iddiaçının vəkili və nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi X2 iştirakı ilə xidməti vəzifənin icrası ilə bağlı vəfatetmə barədə arayışın verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5663/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, əri X4 xidməti vəzifəsinin icrası ilə bağlı vəfat etməsi barədə arayış verilməsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının Nərimanov RPİ-nin 18-ci PŞ-də baş əməliyyat müvəkkili vəzifəsində işləyən əri S.Bayramov 23.12.2019-cu il tarixdə 18-ci PŞ-də növbətçi əməliyyat qrupunda xidməti vəzifəsini icra etmiş, saat 07:30 radələrində özünü pis hiss etdiyindən dəvət edilmiş X5 Yardım Məntəqəsinin əməkdaşları tərəfindən 18-ci PŞ-nin inzibati binasında xidməti otağından əvvəlcə Bakı şəhəri 5 saylı Kliniki Xəstəxanaya, daha sonra isə X12 aparılmış və orada kəskin metil zəhərlənməsi diaqnozu ilə vəfat etmişdir. Dəfələrlə DİN-ə müraciət etmiş, lakin orqan tərəfindən əri Bayramovun xidməti vəzifəsini icra edərkən vəfat etməsi barədə arayış verilmədiyindən onun himayəsində olan azyaşlı uşaqlarına birdəfəlik icbari dövlət sığorta ödənişlərinin verilməsi və ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsini həll edə bilmir. DİN-dən daxil olmuş məktubda ərinin metil spirti ilə zəhərlənməsi nəticəsində ölməsi müəyyən edildiyindən onun ölümünün xidməti vəzifəsinin icrası ilə bağlı hesab edilmədiyi göstərilmişdir. Həyat yoldaşı 21.12.2019-cu il tarixdə qanunla fəaliyyət göstərməsinə və spirtli içki satmasına icazə verilmiş Bakı şəhərinin ən prestijli restoranlarından biri sayılan “Baku City” adlanan restoranda öz dostu ilə yemək yeyərkən restoran işçilərinin zəhərli olduğunu bildikləri halda qəsdən verdikləri saxta spirtli içkidən az miqdarda qəbul etmiş, 22.12.2019-cu il tarixdə əməliyyat qrupunun tərkibində xidməti vəzifəsini icra etmişdir. Həmin vaxt o işə getməyib evdə qalsa idi, müalicəsi ilə məşğul olmaq olardı. Bakı İnzibati Məhkəməsinin 16.10.2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarın əsaslarına görə, DİN Daxili Təhqiqatlar İdarəsində aparılmış yoxlama zamanı məlum olmuşdur ki, polis baş leytenantı S.Bayramovun 21.12.2019-cu il tarixdə restoranda qəbul etdiyi spirtli içki keyfiyyətsiz olduğuna görə halı pisləşmiş, nəticədə iki gün sonra “Metil spirti ilə zəhərlənmə” səbəbindən vəfat etmiş, toplanmış materiallar sabiq polis əməkdaşı S.Bayramovun ölüm faktının məhz xidməti vəzifələrin icrası ilə bağlı olmasını deməyə əsas vermir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının mərhum yoldaşı S.Bayramovun metil spirti ilə zəhərlənmə nəticəsində ölməsi Bakı şəhər Təcili və X6 Stansiyasının məktubu ilə təsdiqləndiyindən, həmçinin, bu hal iddiaçı tərəfindən də mübahisələndirilmədiyindən, cavabdehin imtinası qanunazidd olmadığından, iddiaçının iddiası təmin edilməməlidir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qeyd olunan qərarında “Polis haqqında” AR Qanununun 3-cü maddəsinə istinad edərək ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək, şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq, törədilmiş cinayətləri açmaq, cinayətkarları aşkara çıxarmaq və tutmaq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirməyin polisin əsas vəzifələrindən saylmasını göstərsə də, nədənsə həyat yoldaşının məhz həmin vaxt qeyd olunan vəzifələri həyata keçirməsini “nədənsə görə bilməmişdir”. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası müdafiəsi haqqında” AR Qanununun 8-ci maddəsində sığorta hadisəsinin sığorta olunanın xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olmamasını müəyyən edən məhkəmə hökmünün və ya qərarının qəbul edilməsi, yaxud sığorta olunan alkoqoldan, narkotik vasitələridən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə hərəkət etdikdə sığorta ödənişlərinin verilməsindən imtitina olunmasının əsası kimi göstərilmişdir. Göründüyü kimi, əri S.Bayramov 21.12.2019-cu il tarixdə restoranda spirtli içki qəbul etsə də, həmin gün və səhərisi gün özünü gümrah hiss etmiş, onun hərəkətlərində hər hansı sərxoşluğun əlamətləri olmamış, 22.12.2019-cu il tarixdə saat 09 radələrində xidməti vəzifəsinin icrası ilə əlaqədar işə getmiş və əməliyyat qrupunun tərkibində xidməti vəzifəsini tam icra etmiş, qanunla öhdəsinə düşən vəzifələrin, o cümlədən də xidmət etdiyi ərazidə törədilmiş cinayətləri açmaq, cinayətkarları aşkara çıxarmaq və digər vəzifələri layiqincə yerinə yetirmişdir. Əgər onun sərxoş vəziyyətdə işdə olması müəyyən edilərdisə yəqin ki, o, bu işlərin öhdəsindən gələ bilməzdi, ən azı belə hərəkət olsaydı o, rəhbərlik tərəfindən həmin gün işə buraxılmazdı. Əri ancaq 23 dekabr 2019-cu il tarixdə saat 07:47də özünü pis hiss etdiyindən təcili yardım xidmətinə müraciət etmişdir. Əgər əri həmin gün işə getməyib evdə qalsa idi, onlar vaxtında onun müalicəsi ilə məşğul olmaqla onu xilas edərdilər. Onunla birlikdə spirtli içki qəbul etmiş dostu həmin günün səhərisi evdə olduğundan müalicə olunaraq sağ qalmışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, cavabdehin vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətcə əsassızdır. İşdə olan, AZ-İİ 014156 nömrəli Nikah haqqında şəhadətnaməyə görə, X7 ilə X3 arasında 15.03.2019-cu il tarixdə nikah bağlanmışdır. AZ-İİ 061150 nömrəli Ölüm haqqında şəhadətnaməyə əsasən, S.Bayramov 23.12.2019-cu il tarixdə “İlgək diuretikləri ilə zəhərlənmə” diaqnozu ilə ölmüş, 08.01.2020ci il tarixdə 54 nömrəli akt qeydi kitabında qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhər Təcili və X6 Stansiyasının 20.02.2020-ci il tarixli 97 nömrəli məktubundan görünür ki, 23.12.2019-cu il tarixdə saat 07:47-də “103” xidmətinə 18-ci polis bölməsi ünvandan S.Bayramovun (33 yaş) adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 1 saylı bölmənin həkimi A.Bayramova icra edərək, xəstə S.Bayramova “Naməlum etiologiyalı hipotonik vəziyyət. Kəskin qarın.” Diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmiş və 5 saylı Şəhər Klinik Xəstəxanasına hospitalizasiya etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin 16.03.2020-ci il tarixli 023-11950B3220 nömrəli məktubda qeyd edilmişdir ki, aparılmış xidməti təhqiqat nəticəsində Nərimanov RPİ 18-ci PŞ-nin sabiq baş əməliyyat müvəkkili S.Bayramovun metil spirti ilə zəhərlənmə nəticəsində ölməsi müəyyən edildiyindən onun ölümü xidməti vəzifəsinin icrası ilə bağlı hesab edilməmişdir. Nərimanov RPİ-nin rəisi V.Müslümovun DİN-in rəhbərliyinə ünvanladığı raportu və vətəndaş Niyazi Bayramovun müraciətləri əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair arayışında Nərimanov RPİ 18-ci PŞ-nin sabiq baş əməliyyat müvəkkili polis baş leytenatı S.Bayramovun ölümünün xidməti vəzifəsinin icrası ilə bağlı hesab edilməmişdir. İddiaçı DİN tərəfindən ərinə xidməti vəzifəsinin icra edərkən vəfat etməsi barədə arayış verilmədiyindən müvafiq ödənişləri ala bilmədiyi üçün arayışın verilməsini xahiş edir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh inzibati orqan zəruri inzibati icraat aparmışdır. Belə ki, “Polis haqqında” Qanunun 37-ci maddəsinə əsasən polis əməkdaşının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanuna uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır (37.1). Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və ya onun ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir (37.2). Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir (37.3). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20.04.2000-ci il tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə kimi “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və onun ailəsinə birdəfəlik kompensasiyanın müəyyən edilməsi üçün tələb olunan sənədlər”ə, polis əməkdaşı həlak olduqda, vəfat etdikdə: ölüm haqqında şəhadətnamə; əməkdaşın ölümünün bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş müvafiq xidmətin rəyi; ailə üzvlüyünü təsdiq edən arayış; vərəsəlik hüququna malik ailə üzvünün ərizəsi, aiddir. Bununla da, iş materialları sabiq polis əməkdaşı S.Bayramovun ölüm faktının xidməti vəzifələrin icrası ilə bağlı olmasını deməyə əsas vermir. Odur ki, iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçının mərhum ərinin metil spirti ilə zəhərlənmə nəticəsində vəfat etməsi Bakı şəhər Təcili və X6 Stansiyasının məktubu ilə təsdiqləndiyindən, həmçinin, bu hal iddiaçı tərəfindən də mübahisələndirilmədiyindən, cavabdehin imtinası qanunazidd sayıla bilməz. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), cavabdehin imtinası mahiyyətcə qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya zidd olmamaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İnzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5663/2020 nömrəli iş üzrə 16 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar