Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-767/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 qızının, İddiaçının vəkili və nümayəndəsi X4, Cavabdehin nümayəndəsi və vəkili X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3951/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.05.1986-cı ildən "xxxx"ində kran maşinisti peşəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə ona 57 yaşından 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və hüququ yaranandan bu günə kimi ödənilməmiş pensiyanın birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə Oğuz rayonu Baş Daşağıl kəndində anadan olmuşdur. İlk əmək fəaliyyətinə 14.02.1980-ci ildə 5 zolaqlı ötürücü kəmərlər sexində təmir üzrə 2-ci dərəcəli növbətçi çilingər kimi başlamışdır. 05.05.1980-ci il tarixdə keçmiş SSRİ Silahlı Qüvvələri sırasında müddətli həqiqi hərbi xidmətə çağrılması ilə əlaqədar işdən azad edilmişdir. 16.06.1982-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 28.07.1982-ci ildə 5 zolaqlı ötürücü kəmərlər sexinə 3-cü dərəcəli növbətçi təmirçi çilingər kimi işə qəbul olunmuş, 15.12.1982-ci ildə Mexaniki sexə 4-cü dərəcəli ehtiyat qülləli kran krançısı vəzifəsinə qəbul edilmiş və 10.01.1983-cü il tarixdə 2-ci dərəcəli qəlibçi qismində 2-ci sexə köçürülmüş, 04.04.1983-cü il tarixdə isə öz istəyi ilə işdən azad edilmişdir. 25.04.1983-cü il tarixdə 1 saylı mexanikləşdrilmiş ev tikintisi kolonu Mingəçevir y/s, 4 dərəcəli Q/kranının krançısı vəzifəsinə təyin edilmişdir. 1984-cü ildə qeyd edilən işdən ərizəsi ilə azad edilmişdir. 02.06.1986-cı ildə Azərbaycan DRES Mərkəzləşdirilmiş təmir sexinə 4-cü dərəcəli kran maşinisti vəzifəsinə qəbul edilmiş və həmin sexdə 01.03.1989-cu il tarixdə tutduğu vəzifədə 5-ci dərəcə verilmişdir. 18.04.1994-cü ildə isə kran maşinisti vəzifəsində 6-cı dərəcə verilmişdir. İşlədiyi “Azərbaycan DRES" MMC yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC adlandırılmışdır. Hazırda X3 sexində kran maşinisti vəzifəsində işləyir. İşlədiyi iş yeri və vəzifələr güzəştli şərtlərlə ona 2018-ci ildən pensiya təyin edilməsinə əsas verməsinə baxmayaraq, hazırda bu hüququndan istifadə edə bilmir. 28.11.2019-cu il tarixdə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin 28.11.2019-cu il tarixli ərizəsinə verilmiş Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında 10 dekabr 2019-cu il tarixli məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar) vəzifəsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. "xxxx" MMCnin işin xarakteri haqqında arayışında işlədiyi iş şəraitinin ağır və zərərli olmasına görə İddiaçı 26.05.1986-cı il tarixdən bu günə kimi hər ay aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənildiyi, əmək qanunvericiliyinə əsasən əlavə məzuniyyət günü verildiyi, o cümlədən zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələrlə, səs-küy, titrəmə, iş yerində havanın tempraturunun normadan yuxarı olması faktorlarının mövcud olması qeyd edilmişdir. Həmin arayışa əsasən 26.05.1986-cı il tarixdən halhazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarının 24 bölməsinin «a» bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 13.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3951/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3951/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 13.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh 22.12.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçası və arayışdan göründüyü kimi, iddiaçı "xxxx"-nin Mərkəzləşdirilmiş Təmir Sexində 26.05.1986cı ildən 01.10.1993-cü ildə müxtəlif dərəcəli kran maşinisti vəzifəsində işləmişdir. 01.10.1993-cü il tarixdən hal-hazıradək isə həmin müəssisənin X3 və Təmiri Sexin “X7 istismarı briqadasında” kran maşınisti işləmişdir. İddiaçının işlədiyi müəssisənin verdiyi arayışdan bəlli olur ki, həmin müəssisə "xxxx" ASC-nin tərkibindədir. Həmin ASC-nin adından da bəlli olduğu kimi, qeyd edilən ASC-nin işçilərin güzəşltli pensiya hüququ verən peşələr həmin ASC-nin fəaliyyət sahəsinə uyğun olaraq qeyd edilmiş həmin Siyahının 24cü bölməsində nəzərdə tutulmuş Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aiddir. Qeyd edilən sahədə isə kran maşinistləri peşəsindən ancaq “qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar)” nəzərdə tutulmuş, iddiaçının işlədiyi peşə, yəni “X3 və Təmiri Sexin “X7 istismarı briqadasında” kran maşınist” peşəsi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi peşə həmçinin hal-hazırda güvvədən düşmüş Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993cü il tarixli qərarı ilə qəbul edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Qərarda da nəzərdə tutulmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvələr güvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd edilən əmək kitabçası və arayışdan göründüyü kimi, iddiaçının 05.05.1980-ci ildən 01.01.2006-cı il tarixədək ümumi iş stajı, hərbi xidmətdə olduğu müddət ilə birlikdə 24 il 03 ay 11 gün, yəni 25 ildən az olduğundan məhkəmənin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-899/2021 saylı, 20.04.2021-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3951/2020 saylı, 04 noyabr 2020-ci il tarixli ləğv edilmiş, hazırkı iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialına qarşı “ona 57 yaşının tamam olduğu 13.06.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbi rədd edilmişdir. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1803/2021 saylı, 03.11.2021-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)- 899/2021 saylı 20 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmiş, kasasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Ali Məhkəmənin qərarında qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni hər hansı mötəbər sübutla əsaslandırmamış, iddiaçının iş yerindən verilmiş işin xarakteri haqqında arayışda olan məlumatları yoxlamamış, iddiaçının işlədiyi peşənin həqiqətən Nazirlər Kabinetinin 320 saylı 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda hansı peşə ilə üst-üstə düşməsini, siyahıda olan hansı peşənin iddiaçının işləmiş olduğu peşənin vəzifə, funksiya və xarakteri ilə eyni olması barədə iş yerindən əlavə məlumat almamış, 1 yanvar 2006-cı ilə qədər hansı dövrün güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə olmasını müəyyən etməmişdir. AR İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur, əmək kitabçasına əsasən 18.02.1980cı il tarixdə Mingəçevir şəhər “Azrezintexnika” zavodunda 5 zolaqlı ötürücü kəmərlər sexinə təmir üzrə 2-ci dərəcəli növbətçi çilingər vəzifəsinə qəbul edilmiş, 05.05.1980-ci il tarixdə azad edilmiş, 05.05.1980-16.06.1982-ci il tarixədək Sovet Ordusunda hərbi xidmətdə olmuş, 29.07.1982-ci il tarixdə Mingəçevir şəhər “Azrezintexnika” zavodunda 5 zolaqlı ötürücü kəmərlər 3-cü dərəcəli növbətçi çilingər vəzifəsinə qəbul edilmiş, 01.11.1982-ci il tarixdə şəhərdən getməsi ilə əlaqədar işdən azad edilmiş, 20.12.1982-ci il tarixdə DBM Zavodunda mexaniki sexə 4-cü dərəcəli ehtiyat qülləli kran krançısı vəzifəsinə qəbul edilmiş, 11.01.1983-cü il tarixdə 2-ci dərəcəli qəlibçi qismində 2-ci sexə köçürülmüş, 01.04.1983-cü il tarixdə öz istəyi ilə işdən azad edilmiş, 25.04.1983-cü il tarixdə 1 saylı mexanikləşdirilmiş ev tikintisi kolonunda Mingəçevir y/s, 4- cü dərəcəli Q/kranının krançısı vəzifəsinə təyin edilmiş, 23.11.1984-cü il tarixdə verilən ərizəyə əsasən işdən azad edilmiş, 26.05.1986-cı il tarixdə Azərbaycan DRES-də mərkəzləşdirilmiş təmir sexinə 4-cü dərəcəli kran maşinisti vəzifəsinə qəbul edilmiş, 21.02.1989-cu il tarixdə həmin sexdə tutduğu vəzifədə 5-ci dərəcə verilmiş, 01.10.1993-cü il tarixdə X3 və təmiri sexinə 5-ci dərəcəli kran maşinisti keçirilmiş, 08.04.1994-cü il tarixdə mərkəzi komissiyada imtahan verdikdən sonra kran maşinisti vəzifəsində 6-cı dərəcə verilmiş, 25.04.2003-cü il tarixdə "xxxx" ASC-nin yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" "xxxx" MMC adlandırılmış, 05.01.2006-cı il tarixdə "xxxx" ASC-nin yeni idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC – "xxxx" MMC adlandırılmış, 01.04.2009-cu il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq X3 və Təmiri X1 sexi adlandırılmış, hal hazırda orada işləyir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Oğuz rayon İcra Hakimiyyəti Oğuz rayon Dövlət Arxivi tərəfindən verilmiş 15.08.2019-cu il tarixli arayışa əsasən iddiaçı Oğuz rayon “Əzizbəyov” adına kolxozda (şəxsi hesab 169) 1984-cü ildə kolxozçu (minimum norma 250, iş günü 29, əmək haqqı 184), 1985-ci ildə çoban (minimum norma 250, iş günü 264, əmək haqqı 2135), 1986-cı ildə çoban (minimum norma 250, iş günü 89, əmək haqqı 517) vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin 19.08.2019-cu il tarixli arayışına əsasən iddiaçı həqiqətən 05.05.1980-ci il tarixdən 16.06.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir (əsas hərbi bilet NZ № 4247340). Mingəçevir Peşə Məktəbinin 08.06.2020-ci il tarixli arayışına əsasən iddiaçı 1978-1979-cu il tarixlərdə Mingəçevir şəhər 39 nömrəli Texniki Peşə Məktəbinin (hazırkı Ələmdar Quliyev adına Mingəçevir Peşə Məktəbi) 1 illik əyani 6 saylı qrup üzrə “Avtomobil təmiri çilingəri” ixtisasına daxil olmuş və həmin kursu tam bitirmişdir. Dövlət imtahan komissiyasının qərarı ilə ona 4-cü dərəcəli avtomobil təmiri çilingəri ixtisası üzrə attestat verilmişdir. Adlar kitabında qeydiyyat №-si 3627. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 22.08.2019-cu il tarixli işin xarakteri haqqında arayışında qeyd edilmişdir ki, xx.xx.1961-ci il təvəllüdlü iddiaçı 26.05.1986-cı il tarixdən 21.02.1989-cu il tarixədək "xxxx"-nın Mərkəzləşdirilmiş Təmir sexində, 4-cü dərəcəli kran maşinisti vəzifəsində, 21.02.1989-cu il tarixdən 01.10.1993-cü il tarixədək həmin sexdə 5- ci dərəcəli kran maşinisti vəzifəsində, 01.10.1993-cü il tarixdən 08.04.1994-cü il tarixədək X3 və Təmiri sexinin “X7 istismarı briqadasında” 5-ci dərəcəli kran maşinisti vəzifəsində, 08.04.1994-cü il tarixdən halhazıradək həmin sexin “X7 istismarı briqadasında” 6-cı dərəcəli kran maşinisti vəzifəsində işləyir. 01.04.2009-cu il tarixdən struktur dəyişikliyi ilə əlaqədar olaraq X3 və Təmiri X1 sexi adlandırılmışdır. İddiaçı 26.05.1986-cı il tarixdən hal-hazıradək Qazan turbin sexinin avadanlıqları təmiri ilə məşğul olan (125/20 tonluq) körpülü kranda 6-cı dərəcəli kran maşinisti vəzifəsində işləyir. İşlədiyi müddət ərzində 26.05.1986-cı il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mr/m3 təhlükəlilik sinfi 3- 4, səs-küy, titrəmə, iş yerində havanın temperaturunun, hava hərəkətinin surətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur. İş şəraiti ağır və zərərli olduğuna görə iddiaçıya 26.05.1986-cı il tarixdən hal-hazıradək hər ay aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir. Əmək şəraiti zərərli olduğu üçün iddiaçıya 26.05.1986-cı il tarixdən halhazıradək əmək qanunvericiliyinə əsasən əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı 26.05.1986-cı il tarixdən hal-hazıradək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12№-li qərarının 24cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. "xxxx" ASC-nin 25.04.2003-cü il tarixli əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - "xxxx" MMC adlandırılmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13.09.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, onun təqdim etdiyi sənədlərdə qeyd olunan 26.05.1986-cı il tarixdən bugünədək "xxxx"-ində işlədiyi kran maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün hesab edilmir. - Cavabdeh iddiaçıya ünvanladığı 10.12.2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 9.8-ci maddəsinə, 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə istinad edərək qeyd etmişdir ki, yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci ıl tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının idarəyə təqdim etdiyi "xxxx" MMC-nin 22 avqust 2019-cu il tarixli arayışında 26.05.1986-cı il tarixindən bugünədək "xxxx"-in Mərkəzləşdirilmiş Təmir sexində və X2 və Təmir sexinin “Yükqaldırıcı mexanizmlərin istismarı biriqadası”nda kran maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahə sözügedən qərarda qeyd olunan sahəyə aid deyil. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci intansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. İddiaçının hərbi xidmət və təhsil dövrü nəzərə alınmaqla ümumi stajı 25 ildən çoxdur. Bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Belə olan halda iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «e» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır:
1. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;
2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün 01.01.2006-cı il tarixədək qanunvericiliklə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajı mövcudur. İddiaçının hərbi xidmət və təhsil dövrü nəzərə alınmaqla ümumi stajı 25 ildən çoxdur və bu hal cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 22.08.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı 26.05.1986-cı il tarixdən 21.02.1989-cu il tarixədək "xxxx"-nın Mərkəzləşdirilmiş Təmir sexində, 4-cü dərəcəli kran maşinisti vəzifəsində, 21.02.1989-cu il tarixdən 01.10.1993-cü il tarixədək həmin sexdə 5ci dərəcəli kran maşinisti vəzifəsində, 01.10.1993-cü il tarixdən 08.04.1994-cü il tarixədək X3 və Təmiri sexinin “X7 istismarı briqadasında” 5-ci dərəcəli kran maşinisti vəzifəsində, 08.04.1994-cü il tarixdən hal-hazıradək həmin sexin “X7 istismarı briqadasında” 6-cı dərəcəli kran maşinisti vəzifəsində işləyir və qeyd olunan vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12№-li qərarının 24-cü bölməsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Cavabdeh qeyd olunan vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına aid olmadığını bildirir. Lakin həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 saylı siyahısında nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda Xİİİ bölmə Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı, 2140000a-13790, qazanxana, turbin (qaz turbini) avadanlığının təmiri ilə maşğul olan kran maşinistləri (krançılar) peşələri nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı», bölmə 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, qazanxana-turbin (qaz turbini) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar). Göründüyü kimi iddiaçının iş yeri tərəfindən verilmiş arayışda qeyd olunan işlərin xarakteri açıqlanaraq, işin xarakterinə görə qeyd olunan vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin siyahısına aid olduğu göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya uyğundur və qeyd olunan dövrlər güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən "xxxx" ASC "xxxx" MMC-yə verilmiş sorğunun cavabında bildirilmişdir ki, İddiaçı (təvəllüdü xx.xx.1961-cı il) 26.05.1986-cı il tarixdən 21.02.1989-cu il tarixədək "xxxx"-nin Mərkəzləşdirilmiş Təmir sexində 4-cü dərəcəli kran maşinisti vəzifəsində (Əmr 444 02.06.1986) ,21.02.1989-cu il tarixdən 01.10.1993-cü il tarixədək həmin sexdə 5-ci dərəcəli kran maşinisti vəzifəsində (Əm' 40/K,01.03.1993),01.10.1993-cü iltarixdən 08.04.1994-cü il tarixədək X3 və Təmiri sexində “X7 İstismarı briqadasında” 5-ci dərəcəli kran maşinisti vəzifəsində (224/K.13.10.1993),08.04.1994-cü il tarixdən 01.06.2020-ci il tarixədək həmin sexdə 6-cı dərəcəli kran maşinisti vəzifəsində (əmr 83/K 18.04.1994),01.06.2020-ci il tarixdən hal-hazıradək Mərkəzi Təmir sexi,”Yük qaldırıcı mexanizmlər sahəsində” 6-cı dərəcəli kran maşinisti vəzifəsində(Əmr 80/Ş 01.06.2020) işləyir. İddiaçı 26.05.1986-cı il tarixdən hal-hazıradək Qazan-Turbin sexində yerləşən əsas və köməkçi avadanlıqlarının təmiri ilə məşğul olmuşdur.Xidmət etdiyi kranın yükqaldırma qabiliyyəti 125/20 tonluq körpülü kran və yerdən məsafəsi 50 metr təşkil edir. İddiaçı işlədiyi müddət ərzində 26.05.1986-cı il il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlıq iş günü ərzində zərərli kimyəvi maddələr mr/m3- təhlükəlilik sinfi 3-4, səs-küy, titrəmə, iş yerində havanın temperaturunun, hava hərəkətinin surətinin normadan yuxarı olması faktorları mövcud olmuşdur.İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı 26.05.1986-cı il tarixdən hal-hazıradək hər ay aylıq məvacibinin 12 % miqdarında əlavə əmək haqqı ödənilmişdir.və əmək şəraiti zərərli olduğu ücün Nazirlər Kabinetinin müvafiq qərarına və Əmək Qanunvericiliyinə əsasən əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. İddiaçı işlədiyi illər ərzində 26.05.1986-cı il tarixdən hal- hazıradək tutduğu kran maşinisti vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində”, qazanxana-turbin (qaz turbin) avadanlığının təmiri ilə məşğul olan kran maşinistləri (krançılar) 24-cü bölməsinin “a “ bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən 2140000a-13790 vəzifə koduna uyğundur. Həmin sahədə iş stajı 26.05.1986-cı il tarixdən hal-hazıradək iş stajı 35 il 09 ay 14 gün təşkil təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının təqdim etdiyi həmin arayışlarda iddiaçının işlədiyi sahə və peşələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Göründüyü kimi iddiaçının 57 yaşının tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının və 12 il 06 aydan artıq güzəştli iş stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası və güzəştli arayış ilə təsdiq edilmişdir. Cavabdeh inzibati orqanının imtinasının əsasları mövcud qanunvericilik normalarına zidd, əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında öz əksini tapdığından və orada göstərilən müvafiq qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur. Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3951/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.