Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-768/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın yarandığı vaxtdan, yəni 25.05.2019-cu il tarixdən hal-hazıradək hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın yarandığı vaxtdan, yəni 25.05.2019-cu il tarixdən hal-hazıradək hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5128/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 sentyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. VÇ seriyalı 054680 saylı hərbi biletdən görünür ki, iddiaçı 12.05.1975-ci il tarixdən 19.05.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. EV seriyalı 282965 saylı diplomun surətindən görünür ki, İddiaçı 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə oranı bitirmişdir. İddiaçıya məxsus əmək kitabçasından (17.09.1971-ci il və 27 dekabr 1990-cı il dövrlərini əhatə edir) görünür ki, o, 16.09.1971-ci ildən 20.12.1972-ci ilədək (1 il 3 ay 4 gün) “Engels” adına üzümçülük sovxozunda fəhlə, 01.08.1973-cü ildən 27.08.1974-cü ilədək (1 il 26 gün) fəhlə, 02.12.1974-cü ildən 06.05.1975-ci ilədək (5 ay 4 gün) Milli Kanal Su idarəsində çilingər, 01.06.1977-ci ildən 30.08.1978-ci ilədək (1 il 2 ay 29 gün) “Engels” adına üzümçülük sovxozunda fəhlə, 31.08.1978-ci ildən 16.09.1987-ci ilədək (9 il 16 gün) 116 saylı Kənd orta texniki peşə məktəbində müəllim, 16.09.1987-ci ildən 02.01.1991-ci ilədək (3 il 3 ay 16 gün) Füzuli rayon Partiya Komitəsində İdeologiya şöbəsində təlimatçı, 27.12.1990-cı ildən 18.11.1992-ci ilədək (1 il 11 ay 21 gün) Engels adına sovxozun direktoru, 16.02.1993-cü ildən 15.08.1994-cü ilədək (1 il 6 ay) Füzuli rayon X3 07 saylı əmrinə əsasən Qoyunçuluq sovxozunun direktoru, 23.09.1994-cü ildən 27.08.1998-ci ilədək (3 il 11 ay 4 gün) Azərbaycan Respublikası Gənclər X4 “İlkin” Gənclər konserinin Rayonlararası İstehsalat Birliyində direktor müavini işləmişdir. İddiaçı onun yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********7 saylı 05 may 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanmadığından və ya 25 il sığorta stajı olmadığından ona Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın yarandığı vaxtdan, yəni 25.05.2019-cu il tarixdən hal-hazıradək hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbi onunla əsaslandırmışdır ki, onun hazırda 65 yaşı vardır. Əmək fəaliyyətinə 1971-ci ildə başlamış, həmin dövrdən 1999-cu ilə qədər bir neçə müxtəlif vəzifələrdə çalışmışdır. O, pensiya yaşına çatdığından yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, onun müraciətinin təmin olunmasından 25 il sosial sığorta stajı olmadığından və fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplanmadığından 06.05.2020-ci il tarixli **********7 saylı məktubla imtina edilmişdir. O, hazırki imtina ilə razılaşmır və bildirir ki, onun iş stajı 28 ildən artıqdır və işlədiyi illər əmək kitabçası ilə təsdiq olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçı fərdi hesabın sığorta hissəsində pensiya kapitalı toplanmadığından və ya 25 il sığorta stajı olmadığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu qeyd olunmuşdur. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1.1-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı hesab olunur. Əmək kitabçasındakı qeydlərin mötəbərliyinə dair əsaslı şübhələr yaranmışdır. Belə ki, iddiaçı 9 iyul 2019-cu il tarixli iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (İş № 2-1(81)-3168/2019) müraciət etmiş, yaşa görə pensiya təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını tələb etmişdir. Lakin iddia ərizəsinə qoşma formasında əlavə olunmuş əmək kitabçasının surətində 1994-1998-ci illərə dair qeydlər mövcud olmamışdır. Lakin, iddiaçının məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Füzuli rayon İcra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin 26.04.2019-cu il tarixli 01/263 saylı arayışında qeyd olunur ki, iddiaçı 01 oktyabr 1994-cü ildən 15.01.1999-cu il tarixə kimi Füzuli rayon X3 Tədarük İdarəsinin direktoru vəzifəsində işləmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Füzuli rayon X3 məcburi dövlət sosial ödənişləri barədə heç bir məlumat əldə edilməmişdir. Həmçinin vətəndaşın həmin müəssisədə işləyib məvacib alması faktının yoxlanılması mümkün olmamışdır. Hazırda icraatda olan iş ( № 2-1(112)- 5128/2020 ) üzrə təqdim olunan əmək kitabçasının surətində isə 1994-1998-ci illərdə vətəndaşın işlədiyi qeyd olunub. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi X8 filialına və Azərbaycan Respublikası Füzuli rayon İcra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri X5 rayon X3 Tədarük İdarəsində işlədiyi illərə dair əmrlərin surətini və əmək haqqı cədvəlinin təqdim edilməsinə dair sorğular verilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Füzulı filialından 01.10.2020-ci il tarixli DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına daxil olmuş məktuba əsasən Füzuli rayon X3 Tədarük İdarəsi İddiaçı Əii oğluna dair sənədləri arxiv idarəsinə təhvil verməmişdir. Məhz iddiaçıya məxsus sənədlərin arxivə təhvil verilməməsi arayışın mötəbərliyi və vətəndaşın işləmə faktını şübhə altına alır. Həmçinin arayışı təqdim edən Azərbaycan Respublikası Füzuli rayon İcra hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Bayram Niftəliyevə 15.09.2020-ci il tarixli sorğu göndərilməyinə baxmayaraq cavab məktubu gəlməmişdir. Məhkəməyə təqdim olunmuş əmək kitabçasının sürətində iddiaçının 23.09.1994-27.08.1998-ci illərdə Gənclər X4 “İlkin Gənclər” konserinin rayonlararası istehsalat birliyində işlədiyi qeyd olunub. Əmək kitabçasına sonradan əlavə edilmiş bu fakt əsaslı şübhələr doğurur. Belə ki, İddiaçı iddia etdiyi kimi eyni illərdə Füzuli rayon X3 Tədarük idarəsində və Gənclər X4 “İlkin Gənclər” konserinin rayonlararası istehsalat birliyində işləməsi mümkünsüzdür. Qeyd olunanlara əsasən İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması barədə iddia tələbi əsassız və qanunsuzdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5128/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, o, birinci dəfə müraciətinə əmək kitabçasında olan qeydlərin tam olaraq surətini çıxarıb əlavə etməmişdir. Belə ki, əmək kitabçasının son səhifəsi səhlənkarlıqla qeyd edilməmişdir. Füzuli rayon İcra Hakimiyyətinin 01/236 saylı 26.04.2019-cu il tarixli arayışı onun həqiqətən də müddətli əmək müqaviləsi ilə 1994-1998ci illərdə Füzuli rayon X3 tədarük İdarəsinin direktoru vəzifəsində çalışmasının təsdiq edilməsi üçün verilmişdir. O, Gənclər X4 “İlkin Gənclər” konserinin rayonlararası istehsalat birliyində çalışmışdır. Cavabdehin onun iki yerdə işləməsinin mümkünsüzlüyü, eyni zamanda onun əmək kitabçasının sonradan yazılması ilə bağlı mövqeyi tam əsassızdır. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etirazın dəlilləri iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 15 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 28.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh inzibati orqana qarşı tələbi “ona yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiyanın yarandığı vaxtdan, yəni 25.05.2019-cu il tarixdən hal-hazıradək hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədədir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalının toplanmamasına və 25 il sığorta stajının olmamsına istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Bununla bağlı o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsilini təsdiq edən sənədi və əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən aydın olur ki, o, 12.05.1975-ci il tarixdən 19.05.1977-ci il tarixədək (2 il 7 gün) hərbi xidmətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. İddiaçıya məxsus EV seriyalı 282965 saylı diplomun surətindən görünür ki, İddiaçı 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1981-ci ildə (7 il) oranı bitirmişdir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Belə olan halda iddiaçı 01.01.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə təhsil müəssisəsindəki təhsil müddəti və hərbi xidmət dövrü də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin və hərbi xidmət dövrünün yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Bununla yanaşı, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, həmin əmək kitabçası özündə iki dövrü- 17.09.1971-02.01.1991, 27.12.1990-27.08.1998-ci il tarixləri əhatə edir. Həmin əmək kitabçasına əsasən iddiaçı 16.09.1971-ci ildən 20.12.1972-ci ilədək (1 il 3 ay 4 gün), 01.08.1973-cü ildən 27.08.1974-cü ilədək (1 il 26 gün), 02.12.1974-cü ildən 06.05.1975-ci ilədək (5 ay 4 gün), 01.06.1977-ci ildən 30.08.1978-ci ilədək (1 il 2 ay 29 gün), 31.08.1978-ci ildən 16.09.1987-ci ilədək (9 il 16 gün), 16.09.1987ci ildən 02.01.1991-ci ilədək (3 il 3 ay 16 gün), 27.12.1990-cı ildən 18.11.1992-ci ilədək (1 il 11 ay 21 gün), 16.02.1993-cü ildən 15.08.1994-cü ilədək (1 il 6 ay), 23.09.1994-cü ildən 27.08.1998-ci ilədək (3 il 11 ay 4 gün) müxtəlif müəssisələrdə işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İddiaçının təqdim etdiyi əmək kitabçası və təhsili barədə sənəd nəzərdən keçirilərkən müəyyən olundu ki, iddiaçının 1974-1981-ci illərdə təhsil aldığı dövr həm də onun əmək fəaliyyətində olduğu dövrün bir hissəsinə təsadüf edir. Bundan başqa cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1994-1998-ci illər ərzində Azərbaycan Respublikası Gənclər X4 “İlkin” Gənclər konserinin Rayonlararası İstehsalat Birliyində işləməsi halı mübahisələrdirilir. Belə ki, bu fakt həm iddiaya, həm də apellyasiya şikayətinə dair yazılı etirazların məzmununda da öz əksini tapır. Odur ki, iddiaçının 1994-1998-ci illər ərzində yuxaıda adı çəkilən müəssisədə işləməsi halının müəyyən edilməsi məqsədilə işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən əmrlərin surətinin, əmək haqqı cədvəlinin, Birliyin hüquqi şəxs kimi qeydiyyata alınıb-alınmaması, qeydiyyata alındığı halda hazırda fəaliyyət göstəribgöstərməməsi barədə müvafiq sorğular verilmişdir. Eyni zamanda hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılmasının təmin edilməsi məqsədilə də İddiaçı 1994-1998-ci illərdə işlədiyi müəssisənin, yəni Gənclər X4 “İlkin Gənclər” konserninin Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Qeydiyyatı İdarəsində qeydiyyatdan keçib-keçməməsi, keçdiyi təqdirdə qeydiyyatdan keçmə ilə bağlı sənədlərin vergi orqanına təhvil verilib-verilməməsi, eyni zamanda sənədlərin arxiv idarəsinə təhvil verilib-verilməməsi barədə məhkəməyə məlumat verilməsi, təhvil verildiyi halda İddiaçı işlədiyi dövr üzrə əmrlərdən çıxarışların məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq Milli Gəlirlər İdarəsinin X9 Qeydiyyatı İdarəsi tərəfindən 17.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, İdarədə olan reyestrdə X10 Qərargahının “X11” adlı kommersiya qurumunun aşkar edilmədiyi göstərilmişdir. Milli Arxiv İdarəsi tərəfindən 22.07.2021-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubunun məzmunundan müəyyən olunur ki, “İlkin Gənclər” konserinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmiş, sənədlərin mühafizə olunduğu yer haqqında hər hansı məlumat yoxdur. 30.07.2021-ci il tarixdə Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda X10 Qərargahının “X11” adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumatın mövcud olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, iddiaçının 1994-1998-ci illərdə işlədiyi müəssisənin, yəni Gənclər X4 “İlkin Gənclər” konserninin mövcud olması və iddiaçının həmin müəssisədə işləməsi faktı iş materialları ilə öz təsdiqini tapmadığından və bu hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən Kollegiya həmin dövrün onun əmək stajına daxil edilməməsi qənaətinə gəlir. Aparılmış araşdırmalar nəticəsində iddiaçının əmək kitabçasına əsasən onun 16.09.1971-ci ildən 20.12.1972-ci ilədək (1 il 3 ay 4 gün), 01.08.1973-cü ildən 27.08.1974cü ilədək (1 il 26 gün), 02.12.1974-cü ildən 06.05.1975-ci ilədək (5 ay 4 gün), 01.06.1977ci ildən 30.08.1978-ci ilədək (1 il 2 ay 29 gün), 31.08.1978-ci ildən 16.09.1987-ci ilədək (9 il 16 gün), 16.09.1987-ci ildən 02.01.1991-ci ilədək (3 il 3 ay 16 gün), 27.12.1990-cı ildən 18.11.1992-ci ilədək (1 il 11 ay 21 gün), 16.02.1993-cü ildən 15.08.1994-cü ilədək (1 il 6 ay) işlədiyi müddət mübahisələndirilməyən əmək stajı sayılır. İddiaçının 01.09.1974- 19.11.1981-ci ilədək təhsil aldığı müddətin onun əmək fəaliyyətinin bir hissəsinə düşdüyü nəzərə alınarsa, bu müddətlərdən biri- təhsil müddəti (7 il 2 ay 18 gün) əsas götürülməklə və 2 il hərbi xidmət dövrü də nəzərə alınmaqla stajının 24 il 1 ay 16 gün (16.09.1971- 20.12.1972 (1 il 3 ay 4 gün) + 01.08.1973-27.08.1974 (1 il 26 gün) + 01.09.1974- 19.11.1981 təhsil müddəti (7 il 2 ay 18 gün) + 19.11.1981-16.09.1987 (5 il 9 ay 27 gün) + 16.09.1987-02.01.1991 (3 il 3 ay 16 gün) + 27.12.1990-18.11.1992 (1 il 11 ay 16 gün (5 gün digər stajla üst-üstə düşdüyündən çıxılmaqla) + 16.02.1993-15.08.1994 (1 il 6 ay) + 2 il hərbi xidmət dövrü) olduğu müəyyən olunur. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənilmir. Digər şərtə- fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtinə gəldikdə isə apellyasiya baxışı zamanı bu şərtin də ödənilmədiyi aydın olur. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş arayışdan və pensiya alt sistemindən çıxarışdan görünür ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 23040 manat olmalı olduğu halda, 15895,48 manat təşkil edir ki, bu da ona yaşa görə pensiya təyin olunması üçün kifayət etmir. Odur ki, iddiaçıya yaşa görə pensiya təyin olunması barədə tələb əsassız olub rədd edildiyi üçün iddiaçının “25.05.2019-cu il tarixdən hal-hazıradək pensiyasının hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə tələbi əsas tələbə əlavə tələb olduğundan həmin tələb də rədd edilməlidir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası iddia tələbinin rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın təmin olunması üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5128/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5128/2020 saylı 18 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-768/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-768/2021
15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver