Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-768/2022 22.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, vəkili X5 və üçüncü şəxs "xxxx" MTK-nın vəkili X4 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, "xxxx" MTK, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi) ”sərəncamların ləğv edilməsi tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 19-22 aprel 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi işə cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli, 505 saylı və xx.xx.2015-ci il tarixli, 550 saylı sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2003-cü ildə verilmiş, ÖM seriyalı, 147706 saylı qeydiyyat vəsiqəsinə əsasən Nərimanov rayonu, Mayakovski küçəsi, 7 saylı evin 4-cü mənzili xüsusi mülkiyyət hüququ ilə onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə müvafiq qeydiyyat aparılmışdır. Ev şəraitinin darısqal olduğu nəzərə alınaraq, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2006-cı il tarixli, 418 saylı sərəncamı ilə ona məxsus Mayakovski küçəsi, 7/3 və 7/4 saylı evlərin sökülüb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun tikilməsinə icazə verilmiş, qeyd olunan eskiz layihəsi və sərəncam əsasında tikinti işlərinə başlayıb, ümumi sahəsi təxminən 450 kv.m olan 3 mərtəbəli mansardlı fərdi yaşayış evi inşa etmişdir. Qeyd olunan ərazidə onun və onun kimi yaşayan qonşuların mülkiyyətində fərdi yaşayış evləri mövcud olmasına baxmayaraq, yaşayış və qeyri-yaşayış mülkiyyətçilərinin əvvəlcədən razılığı olmadan, Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli, 505 saylı sərəncamı ilə ünvan 1 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmiş, sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsinin "xxxx" MTK tərəfindən həll edilməsi qərara alınmışdır. Bundan sonra, Bakı şəhər İcra Hakimiyyəti başçısının 22 dekabr 2015-ci il tarixli, 550 saylı sərəncamı ilə ünvan 1 ünvanda 18 mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün "xxxx" MTK-yə icazə verilmişdir. Qeyd olunan sərəncamların mövcudluğundan Nərimanov Rayon Məhkəməsi tərəfındən 09 sentyabr 2020-ci ildə məhkəmə iclasında olarkən məlumatlı olmuş və həmin sənədlərin surətlərini əldə etmişdir. Hesab edir ki, hər iki sərəncamlar əsassız və qanunsuz olmaqla ləğv edilməlidir. Belə ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin, ümumiyyətlə ərazi icra hakimiyyətlərinin xx.xx.2001-ci ildən torpaq sahəsi ayırmaq səlahiyyəti olmamış, eləcə də, mülkiyyətlərindəki fərdi yaşayış evlərinin dövlət ehtiyacları üçün sökülməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Bundan əlavə, onun fərdi yaşayış evinin mülkiyətçisi olaraq, Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hüquqları pozulmuş, düz yaşayış evinə bitişik, təxminən 1 metr aralı məsafədə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Daha sonra, dəfələrlə müxtəlif dövlət orqanlarına şikayətlər etsə də, hər dəfə bir bəhanə ilə şikayəti təmin edilməmiş, şikayətləri bir ünvandan digərinə göndərilmiş, sonra isə itmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi xx.xx.2020-ci il tarixli 05/09-PA/R-10/5-3436 saylı məktubunda qeyd edir ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli 505 saylı sərəncamının 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi və sakinlərin qanunvericiliyə uyğun köçürülməsi "xxxx" MTK-ya həvalə edilmiş, lakin obyektin tikintisinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə riayət etmədən, həmçinin tikintinin təhlükəsizliyi təmin olunmadan tikinti işlərinə başlanmışdır. Qeyd olunan əsaslar şikayəti Şəhərsalma və Tikinti Məcəlləsinin 97-ci maddəsinə və “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən tikintiyə dövlət nəzarəti Tikintidə X2 Agentliyi tərəfindən həyata keçirildiyindən, həmin quruma göndərilmişdir. Bütün bu şikayətlərinə baxmayaraq, "xxxx" MTK xx.xx.2020-ci il tarixli, 20 saylı məktub ünvanlayaraq, ərazidə məskunlaşmış digər sakinlərlə birlikdə onun da, qarşılıqlı razılaşma əsasında köçürülməsini tələb edilmiş, bu məqsədlə ona 450 kv.m olan, 3 mərtəbəli mansardlı evinin əvəzinə yeni tikdikləri binadan 3 otaqlı mənzil verilməsini təklif etmişlər. Halbuki, həmin təklif ümumiyyətlə onu qane etmir və birbaşa mülkiyyət hüquqlarını kobudcasına pozur. Daha sonra, onun cavabdeh inzibati orqana müraciəti 21 iyul 2020-ci il tarixli, R-132-151 saylı məktubla Nərimanov rayon İcra Hakimiyyətinə göndərilmiş, lakin həmin şikayəti sonradan araşdırılmamışdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, iddiaçı müvəqqəti xarakterli ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iddia tələbi üzrə qəbul ediləcək, yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının «Bakı şəhər İcra Hakimiyyətinin layihələndirmə ilə əlaqədar sərəncamını nəzərə alaraq "xxxx" MTK-ya tikintiyə icazə verilməsi haqqında» 22 dekabr 2015-ci il tarixli, 550 saylı sərəncamının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7171/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə "xxxx" MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2180/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: A.Abdullayeva) İddiaçı apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2646/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Eyni zamanda iddiaçı qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməmənin əsası kimi qeyd etmişdir ki. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli ekspertiza rəyi mövcuddur ki, yaşayış binası ilə tikili arasındakı məsafə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğundur, həmçinin yaşayış binasının tikintisi tikinti norma və qaydalarına uyğun aparılır. Bundan əlavə, iddiaçı tələbində göstərdiyi kimi ona məxsus 450 kv.m 3 mərtəbəli mansardlı bina əvəzinə ona yeni tikilən binadan 3 otaqlı mənzil verilməsi təklifinə qane deyilsə, mülki məhkəmə icraatı qaydasında MTK-ya qarşı tələb irəli sürə bilər. Hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi tamamilə əsassız olmaqla, onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Əvvəla, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyi sırf AR FHN Tikintidə X2 Agentliyinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyini nöqtə-vergülünəcən köçürməklə tərtib edilib. İkincisi, həmin Agentlik tərəfindən onun müraciətlərinə verilmiş cavab məktublarında dəfələrlə qeyd edilib ki, MTK şəhərsalma tikinti norma və qaydalarına riayət etmədən tikinti işlərini davam etdirir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, onun fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınmayıb, bununla bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hər hansı formada qərar qəbul edilməyib. Pilot layihənin ərazisi deyil, eləcə də məhkəmənin istinad etdiyi MTK özəl kommersiya qurumu olmaqla Bakı şəhər İcra Hakimiyyəti və ya Nərimanov rayon İcra Hakimiyyətinin strukturuna daxil deyildir. İkincisi onun davam (çəkişməsi), ona hansısa ölçüdə sökülməli olan əmlakının əvəzinə yeni yaşayış binasında hansısa ölçüdə yeni kv.m sahə verilməsindən ibarət deyildir ki, məhkəmə həmin hala görə iddiasını rədd edir. Birinci instansiya məhkəməsi işi qanuni əsaslarla araşdrımaq əvəzinə, işdə olan sənədləri sadalamaqla öz işini bitmiş hesab etmiş, dəfələrlə iş üzrə iddianı təmin etmə tədbiri barədə ərizəsinə də mahiyyəti üzrə baxıb ona bu barədə qərardad verilməsinin xahiş etsə də, hazırki vaxtadək belə bir qərardadı ona verməmişdir. Nəticədə isə MTK bu haldan suiistifadə edib, ərizə verən anda tikdiyi 1 mərtəbəni artıq 15 mərtəbə qaldırmışdır. Bu hal məhkəmə hakiminin işə qeyri-qanuni yanaşmasından irəli gəlməklə, dövlətimizin və qanunvericiliyin təməl prinsiplərinə zidd qərar qəbul etməsi ilə nəticələnmişdir. Daha sonra, o, məhkəməyə ərazinin fotoşəkillərini təqdim etmişdir ki, vizual görünür ki, evinin 1,5 metrliyində ən azı 8 metr dərinliyində katlavan qazılmışdır ki, bu hal onun evinə ciddi fəsadlar yetirməsinə səbəb olmuşdur. Məhkəmə yerində baxış keçirməklə ən azından obyektiv nəticəyə gələ bilərdi. İşin araşdırılan hallarından görünür ki, hazırki halda torpaqların və üzərindəki fərdi yaşayış evinin dövlət ehtiyacları üçün alınması prosesi baş verməmiş, köçürülmə barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilməmişdir. Belə olan halda, dövlət ehtiyacları və ya pilot layihə olmadan, nizamnamə kapitalı cəmi 200 manat təşkil edən "xxxx" MTK-nın hazırki iddianı qaldırması Qanunvericiliyin tələblərinə ziddir. Hesab edir ki, həmin tikili onun qanuni sahibliyində və istifadəsində olduğundan, həm milli qanunvericilik baxımından, eləcə də Avropa Məhkəməsinin president hüququ baxımından «qanuni gözləntiyə» malik hüquqdur. Çünki, Nərimanov rayon İcra Hakimiyyət başçısının xx.xx.2006-cı il tarixli sərəncamı hüquqların dövlət qeydiyyatına alınması üçün əsaslardan biri olmuş, eləcə də fərdi yaşayış evinin altındakı və həyətyanı torpaq sahəsi üzərində də mülkiyyət gözləntisi olmuşdur. Qeyd olunan fərdi yaşayış evi mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmış, həmin evin darısqal olması nəzərə alınaraq məhz həmin dövrdə yeni evlərin tikintisinə icazə verən səlahiyyətli dövlət orqanı hesab edilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının 11 sentyabr 2006-cı il tarixli 418 saylı sərəncamı ilə özünə məxsus Mayakovski küçəsi, 7/4 saylı evin sökülüb Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun tikilməsinə icazə verilmiş, qeyd olunan eskiz layihəsi və sərəncam əsasında tikinti işlərinə başlayıb, ümumi sahəsi təxminən 450 kv.m olan 3 mərtəbəli mansardlı fərdi yaşayış evi inşa etmiş, eskiz layihəsi ilə mövcud tikili arasındakı fərq yalnız 1 mərtəbə artıq tikilməsi olmuşdur ki, bu hala həmin vaxt dövlət qurumları o cümlədən Bakı şəhər İcra Hakimiyyəti ilə Nərimanov rayon İcra Hakimiyyəti göz yummuş, ailə üzvləri ilə birlikdə tikdiyi 3 mərtəbəli mansardlı fərdi yaşayış evində yaşamağa başlamışdır. Həmin ev bütün kommunal xidmətlərlə, qaz, su, işiq, kanalizasiya və digər xidmətlər dövlət qurumları tərəfindən tam təmin edilməklə hazırda da yaşayışa tam yararlıdır. Bundan başqa. MTK-ya çoxmərtəbəli yaşayış evi tikməyə icazə verən dövlət qurumları - iddiaçının və onunla birlikdə həmin ərazidə olan digər mülkiyyətçilərin özlərinə məxsus fərdi yaşayış evlərini nizamnamə kapitalı 200 manat olan MTK-ya satıb-satmalarını əvvəlcədən müəyyən etmədən, mülkiyyətçilərə məxsus yaşayış evlərinin sərəncam qəbul edilməmişdən əvvəl qəzalı vəziyyətdə olub-olmamalarını əvvəlcədən araşdırmadan. MTKya həmin ərazidə qanunsuz olaraq yaşayış binası tikməsinə icazə vermişlər ki, bir daha qeyd edir ki, həmin sərəncamlar hazırki vəziyyətdə məhkəmə qaydasında mübahisələndirilir. Apelyasiya baxışı zamanı İddiaçı və vəkili X5 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apelyasiya baxışı zamanı üçüncü şəxs "xxxx" MTK-nın vəkili X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh və üçüncü şəxslər Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2-1(103)-768/2022 saylı qəraradadı ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli, 505 saylı və xx.xx.2015-ci il tarixli, 550 saylı sərəncamlarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və iddiaçının mövcud iddia tələbinin əsasları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir:
1. İddiaçı hazırki iddianın predmeti olan mübahisəli sərəncamın qanunsuz və əsassız olmasını, Bakı şəhər İcra Hakimiyyətinin, ümumiyyətlə ərazi icra hakimiyyətlərinin xx.xx.2001-ci ildən torpaq sahəsi ayırmaq səlahiyyətinin olmaması, eləcə də, mülkiyyətlərindəki fərdi yaşayış evlərinin dövlət ehtiyacları üçün sökülməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməməsi ilə əsaslandırır. - İddiçının iddia tələbinin bu əsasları ilə bağlı məhkəmə ilk öncə qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 505 saylı, xx.xx.2014-cü il tarixli “Mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Sərəncamına və 550 nömrəli, xx.xx.2015-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyətinin layihələnləndirmə ilə əlaqədar sərəncamını nəzərə alınaraq "xxxx" MTK-ya tikintiyə icazə verilməsi haqqında” sərəncamına əsasən, "xxxx" MTK-ya hər hansı bir torpaq sahəsi ayrılmamış, sərəncamların adlarından da, göründüyü kimi, yaşayış binalarının tikintisinin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. Bundan əlavə, həmin sərəncamlarda 0.14ha torpaq sahəsində və ona bitişik ərazidə icarə əsasında tikintisinin layihələndirilməsinə və tikintiyə icazə verilməsinə, həmin torpaq sahəsinin mülkiyyətçisinin (Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2014-cü il tarixli, ******* nömrəli çıxarış əsasında) razılığı alınmaqla icazə verilmişdir və həmin dövrdə və hazırda qüvvədə olan qanunvericiliyə əsasən həmin sərəncamları qəbul etmək Bakı şəhər İcra Hakimiyyətinin səlahiyyəti olmuşdur. Göstərilənlərdən əlavə, iddiaçı mülkiyyətlərində olan fərdi yaşayış evlərinin dövlət ehtiyacları üçün sökülməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hər hansı qərar qəbul edilməməsini bildirir ki, iddiaçının bu dəlilidə əsassızdır, belə ki, işin hallarından göründüyü kimi, mübahisəli sərəncamlarla "xxxx" MTK-ya yaşayış binalarının layihələndirilməsinə və tikintisinə icazə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsinin və vəsaitin qanunvericiliyə əsasən "xxxx" MTK tərəfindən təmin edilməsi əsası ilə verilmişdir. Sözügedən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin dövlət ehtiyacları üçün sökülməsi halı mövcud deyildir. Göründüyü kimi, göstərilən hallar iddiaçının yuxarıda qeyd edilən dəlillərinin əsassız olduğuna dəlalət edir.
2. İddiaçının iddia tələbinin digər bir əsası ondan ibarətdir ki, fərdi yaşayış evinin mülkiyyətçisi olaraq hüquqları pozulmuş, onun evinə bitişik, təxminən 1 metr aralı məsafədə tikinti işlərinin aparılmasına icazə verilərək, tikinti obyektinin tikintisi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmadan aparılır. - İddiaçının iddia tələbinin bu əsası ilə bağlı iş materiallarında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3082/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3753 nömrəli, 30 aprel 2021-ci il tarixli ekspertiza rəyi mövcuddur ki, məhkəmə həmin rəyi mötəbər sübut kimi qəbul edərək, qeyd etmişdir ki, həmin ekspertiza rəyindən də, göründüyü kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, "xxxx" MTK tərəfindən inşa olunması nəzərdə tutulan hündürmərtəbəli yaşayış binası ilə ünvan 5 evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafənin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğundur, həmçinin "xxxx" MTK tərəfindən aparılan hündürmərtəbəli yaşayış binasının tikintisini tikinti norma və qaydarlarına uyğun aparılır. Göründüyü kimi, iddiaçının iddia tələbinin bu əsası ilə bağlı dəlilləri də əsassızdır.
3. Məhkəmə, iddiaçının iddia tələbində göstərdiyi, "xxxx" MTK tərəfindən ona məxsus 450 kv.m, 3 mərtəbəli mansardlı evinin əvəzində ona yeni tikdikləri binadan 3 otaqlı mənzil verilməsi təklifinin onu qane etmədiyinə və birbaşa mülkiyyət hüquqlarını kobudcasına pozmasına səbəb olması ilə bağlı dəlilinə münasibətdə qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 505 saylı, xx.xx.2014-cü il tarixli “Mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Sərəncamının 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsinin və vəsait ödənilməsinin qanunvericiliyə uyğun olaraq təmin edilməsi "xxxx" Mənzil Tikinti Kooperativinə həvalə edildiyindən, iddiaçının həmin tələbi birbaşa "xxxx" MTK-ya qarşı irəli sürülməlidir. İş materiallarında olan sənədlərdən də görünür ki, hazırda iddiaçı ilə "xxxx" MTK arasında ümumi yurisdiksiyalı (rayon, şəhər məhkəməsində) məhkəmədə mülki məhkəmə mübahisəsi mövcuddur ki, iddiaçı həmin tələbini qeyd edilən mülki məhkəmə icraatında "xxxx" MTK-ya qarşı irəli sürə bilər. Göründüyü kimi, iddiaçının iddia tələbinin bu əsasıda əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 418 nömrəli, 11 sentyabr 2006-cı il tarixli, “Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin sökülüb yenidən tikilməsinə icazə verilməsi haqqında” sərəncamından görünür ki, Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin sahibi İddiaçı Rayon İcra Hakimiyyətinə müraciət edərək, ona məxsus şəxsi mülkün (xx.xx.2003-cü il tarixli, 147706 saylı və xx.xx.2005-ci il tarixli, 223440 qeydiyyat vəsiqələri) sökülüb, fərdi layihəyə uyğun olaraq yenidən tikintisinə icazə verilməsini xahiş etmişdir. Məsələyə Bakı şəhər İcra Hakimiyyətində baxılmış, İddiaçı məxsus fərdi evlərin sökülüb yenidən tikilməsinə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli, 18/03-8-5299 saylı qeydiyyat nömrəsi ilə razılaşdırılmış və inşa ediləcək yeni evlərin eskiz layihəsi müvafiq qaydada təsdiq edilmişdir. Göstərilənlərə istinad edilərək, İddiaçı özünə məxsus Mayakovski küçəsi 7/3 və 7/4 saylı evlərin söküb, Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun yenidən tikilməsinə icazə verilmişdir. İş materiallarında olan iddiaçının Bakı şəhər İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərinə sonuncu tərəfindən verilmiş cavab məktublarından görünür ki, iddiaçı cavabdehə müraciət edərək, "xxxx" MTK tərəfindən sözügedən ünvanda yaşayan sakinlərin köçürülməsi tam şəkildə təmin edilmədən aparılan söküntü və qazıntı işlərinin nəticəsində onun mənzil-məişət şəraiti üçün təhlükəli vəziyyətin yarandığını bildirmiş və bununla əlaqədar müvafiq tədbirlərin görülməsinə köməklik göstərilməsini xahiş etmişdir. İddiaçı müraciətləri baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyətinə göndərilmişdir. İş materiallarında olan məhkəmənin “Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 505 saylı, xx.xx.2015-ci il tarixli, 550 saylı və xx.xx.2019-cu il tarixli, 02 saylı sərəncamları və onların verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi barədə” sorğusuna cavab olaraq, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən xx.xx.2021-ci il tarixli, 7-1554/17 nömrəli məktubla təqdim edilən sənədlərin surətindən müəyyən edilir ki: - Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 130 saylı sahənin bir hissəsində yerləşən 0.14 ha torpaq sahəsinin mülkiyyətçisinin razılığı alınmaqla, "xxxx" MTK 26 nömrəli, 22 oktyabr 2014-cü il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyəti başçısına ərizə ilə müraciət edərək, xüsusi mülkiyyətdə olan həmin torpaq sahəsində və ona bitişik ərazidə bir mərtəbəli yaşayış evləri sakinlərinin razılığı əsasında köçürülməklə hündür mərtəbəli yaşayış binaları tikmək niyyətindədirlər. Bununla bağlı, həmin torpaq sahəsinin mülkiyyətçisinin razılığı alınmış və ərazidə birmərtəbəli evlərdə yaşayan sakinlərlə onların köçürülməsi barədə razılığa gəlinmişdir. Onların müraciətlərini, ərazidə yaşayan sakinlərin razılığını və torpaq sahəsinin mülkiyyətçisinin razılıq məktubunu nəzərə alaraq, göstərilən ünvanda hündür mərtəbəli yaşayış binalarının tikilməsi üçün "xxxx" MTK-ya müvafiq sərəncam verilməsi xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 505 saylı, xx.xx.2014-cü il tarixli “Mülkiyyətdə olan torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Sərəncamına əsasən, torpaq sahəsinin mülkiyyətçisinin xx.xx.2014-cü il tarixli, PHS-1897 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2014-cü il tarixli, 26 saylı müraciəti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışı nəzərə alınaraq, Nərimanov rayonu, 1929-cu məhəllə, İsmayıl Hidayətzadə küçəsi 130 saylı ünvanda mülkiyyətdə olan 0.14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilmişdir. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi qanunvericiliyə əsasən "xxxx" MTK-ya tapşırılmışdır. Sərəncamın 2.1-ci bəndinə əsasən ərazinin və obyektin şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanmasını təmin etmək və həmin sənədlərin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsində razılaşdırılması üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim etməsi "xxxx" MTK-ya tapşırılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamı ilə "xxxx" MTK-ya yaşayış binalarının tikintisi üçün ayrılmış torpaq sahəsinə dair 14/288 nömrəli, 2014-cü il tarixli ayrıc aktı verilmişdir. "xxxx" MTK tərəfindən Bakı şəhər İcra Hakimiyyətinə 60 nömrəli, 16 sentyabr 2015-ci il tarixli məktubla müraciət edilərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamına əsasən, ünvan 3 ünvanda layihələndirilən 18 (on səkkiz) mərtəbəli, 1 bloklu yaşayış binasının tikinti işlərinin başlanmasına icazə verilməsi barədə sərəncam verilməsi xahiş edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 550 nömrəli, xx.xx.2015-ci il tarixli “Bakı şəhər İcra Hakimiyyətinin layihələnləndirmə ilə əlaqədar sərəncamını nəzərə alınaraq "xxxx" MTK-ya tikintiyə icazə verilməsi haqqında” sərəncamına əsasən, "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2015-ci il tarixli, 60 saylı müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamı nəzərə alınaraq, ünvan 4 ünvanda 18 (on səkkiz) mərtəbəli, 1 bloklu yaşayış binasının tikintisi üçün "xxxx" MTK-ya icazə verilmişdir İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3082/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/3753 nömrəli, 30 aprel 2021-ci il tarixli ekspertiza rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatı İddiaçı məxsus ünvan 5 ünvanda yerləşən 4 saylı fərdi yaşayış evi və ünvan 6 ünvanda yerləşən torpaq sahəsində "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binası üzrə aparılmışdır. Tədqiqatın aparılması üçün həmin evə və yaşayış binasına tərəflərin iştirakı ilə baxış keçirilərək, ölçü işləri aparılmış və mülki iş materiallarının, o cümlədən mütəxəssis rəyinin məlumatlarından istifadə edilmişdir. Aparılmış ekspertiza tədqiqatının 4-cü sualı üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisi tərəfindən tərtib olunmuş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, "xxxx" MTK tərəfindən inşa olunması nəzərdə tutulan hündürmərtəbəli yaşayış binası ilə ünvan 5 evin 4 nömrəli fərdi yaşayış evi arasındakı məsafənin Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olduğu; 5-ci sualı üzrə: rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 505 saylı sərəncamına əsasən, ünvan 7 ünvanda mülkiyyətdə olan 0.14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) "xxxx" Mənzil Tikinti Kooperativinə çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verildiyini, eləcə də, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 550 saylı sərəncamına əsasən, həmin ünvanda "xxxx" Mənzil Tikinti Kooperativinə 18 mərtəbəli, bir bloklu yaşayış binalarının tikintisinə icazə verildiyini və torpaq sahəsinin ayrılmasına dair 14/288 saylı ayrıc aktının tərtib edildiyini, 132 nömərli tikintiyə icazə sənədinə əsasən, həmin obyektin layihəsinin "xxxx" MMC tərəfindən tərtib edildiyi, tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli, 02/852 saylı tikinti layihəsinə dair ekspertiza müəssisəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 28318 saylı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, ER-22/507 saylı, Fövqəladə Hallar Nazirliyi X6 Xidməti tərəfindən xx.xx.2019-cu il tarixli, YTNƏŞ-0605 nömrəli, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli, 184 saylı rəylər verildiyini, həmçinin mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən aparılan hündürmərtəbəli yaşayış binasının tikintisinin tikinti norma və qaydalarına uyğun aparıldığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 293/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia təmin edilərək, cavabdeh İddiaçı məxsus qəzalı vəziyyətdə olan ünvan 8 ünvanında yerləşən mənzildən əvəzi "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən bazar qiymətinə uyğun 265.000 (iki yüz altmış beş min) manat ödənilməsi şərti ilə köçürülməsi, cavabdeh İddiaçı "xxxx" Mənzil- Tikinti Kooperativinin apardığı tikintiyə törətdiyi maneələrin qadağan edilməsi, İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “tikintinin sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7188 nömrəli, 16 fevral 2022-ci il tarixli ekspertiza rəyindən müəyyən olunur ki, cavabdeh İddiaçı məxsus ilə ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 418 nömrəli Sərəncamına və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli 18/03-8/5299 saylı qeydiyyat nömrəsi ilə razılaşdırılmış eskiz layihəsinə uyğun inşa edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin "xxxx" MTK-nın sədrinə ünvanlanmış xx/xx-01394 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş ünvan 8 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında Rəydən görünür ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihe" Dövlət Baş Layihə-Konstruktor və X1 şöbəsinin aparıcı mühəndisi Emil Zeynalov, şöbənin mühəndisi X3 xx.xx.2022-ci İl tarixli 36/01482 nömrəli tapşırığı əsasında ünvan 8 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə təkrar vizual texniki baxış keçirilmişdir. Yaşayış evi 1924cü ildə birmərtəbəli inşa olunmuşdur. Evin planda ölçüləri 16.65 x 6.35 metrdir. İddiaçı xx.xx.2006-cı il tarixli R-9 saylı məktubu ilə Bakı Şəhər ünvan 11 ünvanında yerləşən 3 və 4 sayli mənzillərin əsasında onların sökülüb, yenidən tikilməsi barədə icazə istəmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı ildə 418 nömrəli sərəncamı ilə həmin mənzillərin sökülüb yerində fərdi layihəyə uyğun olaraq tikintisinə razılıq verilmişdir. Göstərilən ünvanda olan 3 saylı mənzil İddiaçı yaxın qohumuna məxsus olduğundan həmin mənzil ərazidə yaşayış binaları inşa edən "xxxx" MTK-ya satılmış, ev sahibi tərəfindən həmin mənzil sökülmüş və sökülən hissə də daxil olmaqla yerində yeni çoxmərtəbəli bina tikilmişdir, Bina 4 saylı mənzilin sağ yan tərəfində yerləşir. Yeni tikilən çoxmərtəbəli bina ilə 4 saylı ev arasında ara məsafəsi təxminən 4,70 metr təşkil edir. Təsdiq olunmuş layihəyə əsasən 4 saylı mənzil və girişə nəzərən mənzilin sol yan tərəfində yerləşən 3 saylı mənzillə birlikdə sökülərək yerində yenidən tikilməsi nəzərdə tutulduğu halda, bu şərtə əməl olunmamışdır. Sərəncam üzrə tam sökülməli olan 4 saylı mənzilin dam hissəsi sökülərək həmin mənzilin divarları və hasarın üzərində 2 mərtəbə və 1 mansardalı əlavə tikili inşa edilmişdir. Beləliklə, nəticədə 3 mərtəbəli və bir mansardalı yaşayış evi yaranmışdır. 4 saylı ev, onun arxa tərəfində əvvəldə sökülmüş digər evlə olan ortaq divar üzərində damaltı səviyyədə divardan 30 sm ölçüdə sökülmüş sahə tərəfə çıxmaqla dəmir-beton tir və qalınlığı 40 mm olan taxta üzərində inşa edilmişdir ki, bu da yolverilməzdir. 4 saylı evin arxa tərəfindəki qalınlığı 40 sm olan xarici divarda 2-ci mərtəbənin döşəməsi səviyyəsində divar qalınlığının 20 sm hissəsinin təxminən 2 m2 sahəsi qopub dağılmışdır. Yaşayış evinin arxa yükdaşıyan divarı birinci mərtəbənin dam örtüyü səviyyəsində qalınlığı təxminən 4 sm olan ağac tirin üstündə quraşdırılan beton kəmərin üzərində bir hissəsi mişarlanmış əhəngdaşından və qalan hissəsi boşluqlu kərpicdən tikinti norma və qaydaları pozulmaqla ikimərtəbə və mansarda mərtəbəsi inşa olunmuşdur. Bundan əlavə arxa və yan sağ yükdaşıyan divarın birləşmə hissələrində şaquli istiqamətli açılış eni 10-20 mm olan təhlükəli çatlar yaranmışdır. Bakı Şəhər icra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli 505 nömrəli sərəncamı ilə ünvan 12 ünvanda mülkiyyətdə olan 0,14 ha və ona bitişik torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün “Luxe Home“ Mənzil Tikinti Kooperativinə Bakı Şəhəri icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2014-cu il 505 nömrəli sərəncamı və 14/288 saylı xx.xx.2014-cü il tarixli ayrıc aktı əsasında icazə verilmişdir. İddiaçı məxsus olan ünvan 5 evin 4 saylı mənzil və onun yerləşdiyi (həyətyanı və tikintialtı) torpaq sahəsi də "xxxx" MTKya ayrılmış həmin torpaq sahəsinin bilavasitə hüdudları daxilində yerləşir. Bununla bağlı daha əvvəl Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2 (005)- 3082/2020 nömrəli Qərardadının icrası ilə bağlı 25 dekabr 2020-ci il tarixində mütəxəssis rəyi verilmişdir. Hal-hazırda "xxxx" MTK tərəfindən ərazidə abadlıq işləri aparılır. Texniki baxış nəticəsində müəyyən edilmişdir ki, yaşayış evi 2006-cı ildə təsdiq edilmiş layihəyə uyğun olmadan və tikinti norma qaydaları kobud şəkildə pozulmaqla üçmərtəbəli +mansardalı inşa olunmuşdur. Tikinti norma və qaydalarının pozulması hallarını nəzərə alaraq yaşayış evinin texniki vəziyyəti qəzalı hesab edilir və istismar üçün təhlükəlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı hazırda tikintiyə icazənin verilməsi barədə cavabdeh inzibati orqanın qəbul etdiyi sərəncamların ləğvinə dair qərarını mübahisələndirir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İş üzrə mübahisəli sərəncamların – inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, həmin aktlarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuş, inzibati orqan mübahisəli sərəncamların qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçıya məxsus yaşayış binası ilə "xxxx" MTK-nin inşa etdiyi ünvan 1 ünvanda yerləşən 18 mərtəbəli, 1 bloklu yaşayış binası arasındakı ara məsafələri ilə bağlı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulduğu təsdiq edilmədiyindən Bakı şəhər İcra Hakimiyyəti başçısının 24 oktyabr 2014-cü il tarixli, 505 saylı və xx.xx.2015-ci il tarixli, 550 saylı sərəncamlarının iddiaçının hüquq və qanuni maraqlarını pozan və mübahisələndirmək hüququ verən əlverişsiz inzibati akt hesab olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2180/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.